Türkiyəyə köçən aktrisamız: "Həyat yoldaşım məni "uğur mələyi" adlandırır"
18-08-2016, 00:41
Türkiyədə yaşayan aktrisa Roza İbadovanın Milli.Az-a müsahibəsi
- Roza xanım, bir dönəm var idi ki, televiziya, teatr, kino və serial fəaliyyətiniz çox geniş idi. Birdən-birə nə oldu ki, bütün bunlardan imtina etdiniz?
- Mən düz altı il Gənc Tamaşaçılar teatrında işləmişəm. Çox qızğın iş prosesim vardı, ona görə ki, teatrın travesti aktrisası idim. Mən işlədiyim dövrdə teatrda yaşıdlarım arasında travesti aktrisa yox idi. Həm də mənim görkəmim də, istedadım da mənə imkan verirdi ki, uşaq tamaşalarında çıxış edim. Bir gündə 3, 4, 5 tamaşa oynaya bilirdik. Çünki buna tələbat vardı. Teatrda gedən tamaşalardan izləyib məni "Qız yükü" serialına dəvət etdilər. Space TV-də "Mən böyümüşəm", İctimai TV-də "Hoqqabaz" kimi uşaq verilişlərinin aparıcısı oldum. Bəzi sponsor məsələlərinə görə verilişlərin yayımı dayandırıldı. Hazırlaşırdım ki, yeni bir layihə işləyim, amma sevgi-eşq məsələsi gündəmə gəldi (gülür).
- Olmaya ailə quracağınız şəxs həmkarınız idi?
- Xeyr, həmkarım deyildi. "Hoqqabaz" verilişinin aparıcısı olduğum müddətdə indiki həyat yoldaşım Cihan məni televizorda görüb, bəyənib. O, Türkiyə vətəndaşıdır, müqavilə ilə Azərbaycanda işləyir. Veriliş bitəndən sonra yanındakı dostlarına deyib ki, mən bu qızla tanış olub, evlənəcəyəm. Tanımaza- bilməzə mənə aşiq olub. Haqqımda internetdə araşdırandan sonra bilib ki, mən teatrda işləyirəm. Mən bir neçə dəfə tamaşadan çıxandan sonra gördüm ki, mənə gül buketləri, hədiyyələr gəlir. Sonra da Cihanın özünü gördüm. Facebook-da mənə hər tamaşadan sonra təşəkkür edirdi. Hər cümləsində də "Allah" sözü vardı. Demək ki, o, Allah tərəfindən mənə göndərilən xüsusi insan idi. Tanışlığımız da buradan başladı. Evlilik təklifi etdi, valideynləri də Bakıya gəldilər.
- Atanız Türkiyə vətəndaşı ilə ailə həyatı qurmağınıza etiraz etmədi?
- Düzdür, atam öncə etiraz etdi. Çünki qərib bir ölkəyə gəlin köçməyimə razı deyildi. Atamı razı salmaq çox çətin oldu. Cihan atamla görüşəndən sonra könlünü oxşaya bildi. Müəyyən bir zamandan sonra toyumuz oldu. Ona görə də iş məsələlərinə bir az ara verdim.
- Ailə həyatı qurarkən qarşınıza nəsə şərt qoymuşdu?
- Xeyr, heç bir şərt qoymamışdı. Ona görə də Cihanı sevdim. Mən ailəliyəm, amma o mənim üçün bu gün də heç bir məhdudiyyət qoymayıb. Çünki ata evində olanda da bilirdim ki, nələr etmək olar, nələr olmaz.
- Ola bilməsin ki, qısqanclığı olmasın...
- Vallah, indiyə kimi mənə hiss etdirməyib. O həmişə məni "Uğur mələyi" adlandırırdı. O özü əlimdən tutub tamaşalara gətirirdi. Mən hətta ona demişdim ki, mənim teatra olan sevgim böyükdür. Hansısa sevginin bu sevgini üstələyəcəyinə inanmıram. Amma zaman göstərdi ki, Cihanın sevgisi də güclü imiş (gülür).
- Teatrı tərk etdiniz. Çətin günləriniz də yəqin ki, bundan sonra başladı.
- İbadovlar ailəsindən ayrıldığım kimi, teatr ailəmdən də ayrıldım. Bu ayrılıq mənə çox çətin oldu. Teatrda da deyə bilmərəm ki, hər şey istədiyim kimi olurdu. Xeyr. Teatrın mənə tələbi var idi. Bir çox tamaşalarla tamaşaçımın rəğbətini qazanmağı az da olsa bacardım. Cənnət Səlimova, Vaqif Əsədov, Bəhram Osmanov və Nicat Kazımov kimi rejissorlarla çalışmaq mənə çox xoş idi.
- Bəs teatrı necə unutdunuz?
- İzmirə də köçərkən ilk işim həyat yoldaşımla teatra getmək oldu. Çünki teatr sevgisi məndə çox böyükdür.
- Niyə hələ də Türkiyədəki teatrlardan birində çalışmırsınız?
- İzmirdəki bir neçə teatr məni aktrisa kimi qəbul etdi. Hətta məşqlər də oldu. Sadəcə olaraq indi onlar məzuniyyətdədir, inşallah, yeni mövsümdən, yəqin ki, ilk iş fəaliyyətimə İzmir teatrından başlayacağam.
- Hal-hazırda Bakıdasız, amma həyat yoldaşınız Türkiyədədir. Qorxmursunuzmu ki, ayrılmağınız haqda şayiələr yayılar?
- Mənim toyumdan sonra atam ağır xəstəlik keçirdi. Bu olayı da yaxın dostlarımın sayəsində atlatdıq. Xüsusən də həyat yoldaşım mənə çox dəstək oldu. Hazırda Bakıya ailəmi görməyə gəlmişəm. Bir az darıxmışam. "Qürbət" sözünün altında böyük bir ağırlıq, böyük bir yük durur. O ki qaldı şayiələrə... Tanınmış insan haqqında onsuz da nəsə baş verməyəndə də şayiələr yayılır. İnşallah ki, bu cür şayiələr yayılmaz.
- Deyirsiz ki, İzmirə gedən kimi ilk işim teatra getmək olub. Bəs Bakıya gələrkən necə, teatra getdinizmi?
- Maraqlı kitab bir dəfə oxunur. Gənc Tamaşaçılar Teatrı da mənim həyatımın ən maraqlı hissəsi idi. Oxudum, yaşadım getdi və bitdi. Mən də teatrımı, hər dəfə olmasa da yada salıram. Münasib vaxt tapan kimi də gedəcəm.
- Teatrda intriqalarla üz-üzə qalmısınızmı?
- Desəm ki, intriqa olmayıb, yalan olar. Elə bir işimiz olub ki, kimlərsə iki aktrisanı qarşı-qarşıya qoymaq üçün öz marağına görə istifadə ediblər. Elə olub ki, o adamın istəyi alınıb. Teatr çətin bir yerdir. Amma yenidən dünyaya gəlsəydim, yenə də Gənc Tamaşaçılar Teatrında işləyərdim. Çünki orada çox dəyərli insanları tanımışam. Teatrın rəhbəri Mübariz Həmidov çox yaxşı insandır. Dərdin olanda asanlıqla qapısını döyüb demək olur. Ərizəmi yazıb çıxanda mənə dedi ki, nə vaxt qayıtsan, sənin yerin burada hazırdır.
- Ürəyinizdə hər hansı bir rol qalıbmı?
- Mən uşaqlıqdan Janna D`Ark rolunu arzulamışam. Əksər vaxt uşaq rolları oynasam da, get-gedə müəyyən tamaşalarda böyük rolları da oynamağa başlamışdım. Xüsusən də vətənpərvərlik mövzusunda oynadığım rollarım böyük sənətkarlar tərəfindən çox sevilib. Bu mövzuda artıq filmlərə də çəkilməyə başlamışam.
- Bildiyimə görə, bu günlərdə də vətənpərvərlik mövzusunda bir filmdə çəkilmisiz. İstərdim, o haqda danışaq.
- Bakıya gələr-gəlməz "Əsirlər" adlı filmə çəkildim. Filmin ssenarisi Orxan Muxtarlı və rejissoru isə Vahid Orucoğludur. Biz əvvəllər bu mövzuda tamaşalarda çox oynamışıq. Bir çox dostlarımızla birləşib bu filmi ərsəyə gətirdik. Film bacı və qardaşın əsirlikdə çəkdikləri zülmlərdən bəhs edir. Hal-hazırda biz onun anonslarını da hazır edirik. Orada mənim uşaqlığımı öz bacım qızı oynayıb. Bundan əvvəl çəkildiyim "Şanxay - Bakı" filmi də çox uğurlu olmuşdu. Bu filmin də uğur qazanacağına inanıram.
- Türk serial sektoruna daxil olmaq istəyərsinizmi?
- İnsan hər şeyi çətinliklə əldə edir. Bilirəm ki, sənət həyatımı Türkiyədə inkişaf etdirmək çox çətin olacaq. İstanbulda seriallara düşmək, teatrda çalışmaq çox çətindir. Amma İzmirdə nisbətən bu proses asandır. İnanıram ki, yaxşı olacaq.