Səlim Abbasov: ''Müğənnilər düz edir, təhqir edənləri çağırtdırıb, başa salırlar''
19-08-2016, 19:35
Əməkdar artist: “Evlənməyim üçün anam qız şəkilləri göstərir”
Əməkdar artist Səlim Abbasovla klip təqdimatlarının birində bir araya gəldik. Musavat.com saytının suallarına cavab verməyə razı olan əməkdar artist ilə söhbətə yeni yaradıcılıq işlərindən başladıq:
- Sizi tez-tez təqdimat mərasimlərində görürük. Özünüz nə zaman yeni iş təqdim edəcəksiniz?
- Bu yaxınlarda “Sürət” adlı kompozisiyam və klipim işıq üzü gördü. Klipdə süjet xətti yox idi. Düşündüm ki, növbəti klipim üçün təmtəraqlı mərasim keçirərəm. İndiyə kimi iki klipim olub. Birinci dəfə “Kurtlar vadisi”nin musiqisinə klip çəkmişdik. Ikinci klip “Sürət"ə çəkildi. Klipimin ikisi də maraqlıdır. “Kurtlar vadisi” düşündürür, “Sürət” pozitiv enerji ötürür.
- Payızda, adətən, müğənnilər ard-arda konsert proqramı ilə çıxış edir. İllərdir ki, səhnədəsiniz, niyə solo konsert vermirsiniz?
- Artıq gecdir, yay bitir. Payız üçün isə hazır deyiləm. Mən elə-belə konsert vermək istəmirəm. İstəyirəm ki, keyfiyyətli iş olsun, baxanlar əsl konsertin necə olduğunu görsünlər. Maraqlı ideyalar fikirləşmişəm. İndidən açıqlamıram ki, fikirlərimi oğurlayarlar. Allah mənə də maraqlı konsert qismət etsin.
- Siz yeni oxumağa başlayanda çoxları sizi tənqid edirdi. Hazırda da tənqidlər varmı?
- Tənqid etsinlər də. Meşə çaqqalsız olmaz. İdeal sənətkar yoxdur. Elə adamlar var ki, dünya şöhrətli Zeynəb Xanlarovanın ifasını bəyənmədiyini deyir. Bu o demək deyil ki, Zeynəb xanım pis ifaçıdır. Zövqlər müxtəlif ola bilər və ya hamının zövqü yoxdur. “Youtube” kanalına baxanda dəhşətə gəlirəm. Ara mahnı oxuyan müğənnilərin ifalarının, kliplərinin baxış sayı milyonu keçib. Ara müğənniləri var ki, biz onları bəyənmirik. Amma sosial şəbəkələrdə onlara təriflər yağdırırlar. Mənim oxumağımı və skripka çalmağımı kimsə bəyənə də, bəyənməyə də bilər. Bu normal haldır. Mən başımı aşağı salıb işimi görürəm. Dostum Vüqar Bəxtiyarla Türkiyəyə, Almaniyaya, İsrailə toya gedirik. Ideal insan yoxdur. Ona görə də tənqidlərə normal yanaşıram.
- Tənqid demişkən, Nadir Qafarzadə onu sosial şəbəkələrdə tənqid və təhqir edənləri təhqir edib. Bu da birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub...
- Mən Nadiri qınamıram, bəzən adamı dəli edirlər. Müğənnidən xoşun gəlmir, səhifəsinə girmə, təhqir yazma. Müğənni nə etsin, onu tənqid edib, ana-bacısını söyənləri öpüb-qucaqlasın? Heç bir sənətçi boş yerə kimisə təhqir etməz. Bir sənətçi dostumuz mənimlə fotosunu paylaşır, altda şərh yazırlar ki, Səlim özündən razıdır, onu bəyənmirik. Bəyənmirsənsə, ürəyində saxla. Burda məcburiyyət yoxdur. Bizi bəyənməyənlər elə adamları bəyənirlər ki, şoka düşürəm. Bəzən isə bizlə sosial şəbəkədə mübahisə edən biri canlı görəndə öpüşüb-görüşür. Keçən dəfə bir nəfər “İnstagram”da mənə tənqidlər yazdı. Direktdə xeyli yazışdıq, sonra bloka atdım. Keçən dəfə “Qarabağ”ın oyununda mənə bir oğlan yaxınlaşdı. Hündür, idmançı idi. Qolumdan tutdu, qolumu çəkdim. Güldü, dedi ki, həmin mənimlə mübahisə edən şəxsdir. Sadəcə, məni əsəbləşdirmək istəyib. Bu cür hallar olur, bloka atıram. Heç kimə kimisə alçaltmağa ixtiyar verilməyib. Müğənnilər düz edib, bəzən onları çağırtdırıb, başa salırlar. Xanım müğənni onu təhqir edən “kişi” ilə özü danışmayacaq. Təbii ki, yiyəsini, qardaşını, qohumunu görüşə gətirəcək. Onu təhqir edənin cavabını verəcək.
- Bu yay istirahət etməyən sənətçilərdən də biri siz oldunuz.
- Yunanıstanda yaşayan skripkaçı dostum var, hər dəfə məni dəvət etsə də, gedə bilmirəm. Gələn həftə qismət olsa, Qubaya, ya da Şəmkir-Qazax zonasına gedəcəyəm.
- Belə başa düşdüm ki, ölkə xaricinə çıxmaq fikriniz yoxdur.
- Yalan danışa bilmərəm, bu il toylar zəif oldu. Qazandığım 5-10 manatı xaricdə xərcləyə bilmərəm. İşlərimi yarımçıq qoyub istirahətə gedə bilmərəm. Azərbaycandan çıxmaq üçün minimum 2 min dollar lazımdır. Xəsislik etmirəm, amma studiyada yarımçıq qalan mahnılar var, klip çəkilişlərinə başlamalıyam. Keçən il bir neçə telekanal var idi ki, proqrama görə bizi rayonlara aparırdı. Mənim üçün də bəhanə olurdu, gəzirdim. Indi tənbəllik edirəm. Ötən il bu günlərdə Hollandiyada kef edirdim. Ondan öncə Koreyada oldum. Bu il bir Türkiyə, bir də Küveytdə oldum. Əvvəl 7-8 ölkə gəzirdim, bu il iki ölkədə oldum. Bu il mənə istirahət yoxdur.
- Bir az da şəxsi həyatınızdan danışaq. 40 yaşınıza az qalıb. İki il öncə müsahibəniz zamanı demişdiniz ki, tezliklə evlənəcəksiniz.
- Sevdiyim xanım yoxdur. Ona görə evlənmək planı qurmuram. Nə zaman bəyəndiyim xanım olar, evlənərəm. Evlənmək üçün evlənə bilmərəm. İstəyirəm ki, mənim sənətimi başa düşsün. Anlayışlı, mehriban olsun. Ailə oyuncaq deyil. Evlənəcəyim xanım mənə yaraşmalıdır. Onunla məclislərə, açılışlara gedəcəyəm, ona görə də bir-birimizi tamamlamalıyıq. Hələ də anam evlənməyim üçün mənə qız şəkilləri göstərir. Amma razı olmuram. Özüm tanımadan ailə qura bilmərəm. Bəzən baxırsan ki, sakit və mədəni xanımdır. Evlənirsən, tam dəyişir, davakar, anlayışsız birinə çevrilir. Ya da elə olur ki, pis xasiyyətini gizlədir. Bu cür hadisələr başıma gəlməsin deyə hələ gözləyirəm.