“Müğənni alçaq insandırsa, niyə bizi toya çağırırsız?” - Roza

30-08-2016, 17:50           

Müğənni Roza Zərgərlinin “Qafqazinfo”ya müsahibəsi

- Bir neçə gündür ki, sosial şəbəkələrdə sizin instaqram səhifənizdə söyüş yazan izləyiciyə cavabınız müzakirə olunur.

- Heç kəsin fiziki şəxsi təhqir etməyə haqqı yoxdur. Nə bizim, nə də adi insanların. Biz adi insanlardan peşəmiz ilə seçilirik. Sadəcə olaraq son zamanlar qeyri-peşəkar jurnalistlər xalqın rəğbətini qazanan müğənniləri gözdən salmağa çalışırlar. Onlara səslənirəm ki, siz müğənnilərlə düşmənsiz? Siz kimsiz? Biz bir arenada çalışırıq. Siz bizdən yazıb məşhurlaşırsız, biz də eynən sizin yazılarınızla cəmiyyətdə populyarlaşırıq. Bir bədənin iki qoluyuq. Siz niyə müğənniləri rüsvay edirsiz? Son zamanlar yazı başlıqlarından heç xoşum gəlmir. Yazırlar ki, filankəsin sinə dekoltesi göz qamaşdırdı. Yeri gələndə elə jurnalistlər var ki, müğənnidən betər açıq-saçıq geyinirlər. Biz səhnə insanıyıq.

Dəbə uyğun geyiniriksə, bir az sinəsi açıq, qısa da ola bilər. Makijaysız harasa çıxanda belə deyirlər ki, nə gündəsən? Bəyəm qadın 24 saat makiyajda olmalıdır? Düzdü, məni makiyajsız tərifləyirlər. Söhbət ondan getmir. Həmkarlarım makiyajsız çıxır, üzündə çillər var. Nə etsin? Gedib dərisini dəyişdirsin? Oxucu mədəniyyəti də bizdə yoxdu, analiz qabiliyyəti zəifdi. Bunu kitabım çıxandan sonra daha yaxşı dərk etdim. Sadəcə, başlığı oxuyurlar. Məsələn, filankəs salona bu qədər xərclədi. Yazını oxumamış şərh bildirirlər. Məni bir oxucu olaraq belə xəbərlər maraqlandırmır. Sənəti maraqlıdır, şəxsi həyatı da maraqlı ola bilər. Yaşı, övladının sayı, övladlarının toyu və.s maraqlı ola bilər. İnsan haqda bilməzdən, qanmazdan yazmazlar.





O insanlar kimi mənim də ailəm var. Sıravi insanlar bizim kimi tanınmış deyil, ona görə də onların şəkillərinin altından ağızlarına gələni yazmırlar. Sənətçi hər zaman maraq dairəsindədir. Mən 16 illik dostumla şəkil paylaşa bilmərəm? Mənim sənətimdə o şəxsin böyük əməyi olub. Bunun altından niyə söyüş yazılmalıdır? Hamı dost, qardaşının fotosunu paylaşır, gic-gic şeylər yazır, yemək şəkli çəkib yayımlayırlar. Məni süfrə arxasında çəkilən şəkil paylaşdığımı görmüsüz?

Bu mənim psixologiyamdır. Kasıbı var, acı var. Niyə belə şey edim? Biri yazır ki, istirahətdəsən, kef edirsən. İl boyu vəhşi kimi işləyirəm, kənara pul atıram. İl sonu 5 gün dincəlməyə haqqım yoxdu? Necə ki, mən olduğum oteldə azərbaycanlılar çox idi. Onlar da istirahət etməsin? Absurd bir şeydir. Belə şeyləri də yazıb ortaya çıxarırlar. Kimlərinsə sifarişi ilə yazanlar da var. Kimdənsə rüşvət alır, və yaxud hədiyyə götürüb yazı yazır. Belə jurnalistin adı nə olur?

- Reket?

- Bəli, onlara rəsmi sürətdə açıqlama gedəcək. Bizim hüquqşunas tərəfindən lazımı addımlar atılır. Bundan sonra bəzi saytlar mənim haqqımda yazı yaza bilməyəcək. Yaxşı və ya pis, fərqi yoxdur. O qədər yazıblar, biz isə fikir verməmişik. Amma artıq onların mənim haqqımda yazmağa haqları yoxdur. Belə hal baş verərsə, qanun çərçivəsində məsələni həll edəcəyik.

- Əslində, sosial şəbəkədə sizə o qədər də tənqidi şərhlər yazılmır...

- Mənə şərh yazan şəxsin dostluğunda 3 nəfər izləyicisi var, şəkli belə yoxdu. Bilirik ki, saxta profildir. Yaxşı və pis yazan insanların lövhəsinə girirsən, məlumat almağa çalışısan. Bəlkə də, jurnalistlərin özü profil açır yazır, sonra biz cavab verən kimi yazı hazırlayıb sayta buraxırlar. Saxta profilləri söyməyə haqqım var. Tərbiyəsizlik edən insana tərbiyəsizlik edərək qarşılıq verə bilərəm. Tərbiyəsiz sözlər yazanlar kimliyi məlum olmayanlardır. Və yaxud kiminsə dostu, tanışıdır. O təhqir edirsə, mən niyə susum?

- Sosial şəbəkədə müğənniləri tənqid edənlərin, hətta söyüş yazanların sayında artım var. Bunun səbəbi nədir?

- Bizim gözəl peşəmiz var. İnsana sevgi gətiririk. Müğənni alçaq insandırsa, niyə xoş gününüzə bizi çağırırsız? Mən də xoş günüm də müğənni çağıracam. Belə şərhlər onların tərbiyəsindən asılıdır. Məni tanımayan insana pis rəy belə yazmaram, sözüm olsa mesaj ataram, məsləhət verərəm. Tərbiyə görən insan belə edər. Mənə də inboksuma yazardılar ki, “sizə bunu yaraşdırmadım.

Şərh bölməsimdə yazmadım ki, pis görünər”. Kütlənin fikrini formalaşdırmaq, pis yola çəkmək olmaz. Onsuz da gündəm pisdir, hamı bir-birini qırır, dünyada müharibələr və.s Saytlarda belə xəbərləri yazır, insanları yönləndirirlər. İnsanlar da elə bilir ki, müğənniləri söymək lazımdı.



- Sözügedən şərh və cavabınızdan sonra sizi ittiham edənlər də oldu, tərəfinizi tutanlar da. Sizcə, hansı daha çox idi?

- Hamı yazdı ki, yaxşı etmisən. İzləyicilərim məni sevənlərdir. Artıq nəsə yazanlar isə bir-iki nəfərdir, səhvən kütləyə daxil olmaq istəyənlərdir. Ancaq məni izləyənlər mənfi rəy yazanların cavabını verir. Mənə nalayiq söz deyilib, ona təmkinlə cavab verilib. Bir insan da yazıb ki, məntiqsiz sözə çox gözəl cavab verilib. Daha sonra həmin şəxs məni “tərbiyəsiz” adlandırıb. Bayaqdan söyən elə bil bu deyil. Yəni, sən yazdığına hamı cavab verə bilər, ancaq növbəti şərhinə isə hər kəs gülə bilər.

Rozanı qorumaq lazım deyil, düzgünlüyün tərəfdarı olmaq lazımdır. Saytlar kütləni düzgün idarə etməlidir. Mənim oğluma bir nəfər təhqiredici söz yazmışdı, dərhal cavabını verdim. Niyə mənim oğlumu söyməlidirlər? Daha sonra qızımın son zəngi idi, hər kəs qısa ətək geyinmişdi. Ancaq biz əvvəldən belə görmüşük ki, ağ köynək, dizdən aşağı ətək geyinilməlidir. Qızım isə uzun ətək geyinmişdi. Onunla çəkilən fotomu paylaşdım, şərh yazdılar ki, müğənni qızıdı, amma abırlı geyinib.

Digər qızları isə tənqid etməyə başladılar. Mən də şərh yazdım ki, övladımın xoş gününü sizinlə paylaşmışam, şagirdləri təbrik etmişəm. Kiminsə övladı haqqında artıq nəsə yazmayın. Həmin şagirdlər girib şərhləri oxuya bilər, niyə məyus olsunlar? Qızımla oğluma çimərlikdə çəkilən foto paylaşmağa icazə vermirəm. Çünki, başqası açıq-saçıq klip çəkdirir, onlara söz deyən olmayacaq. Ancaq mənim övladlarıma söz atacaqlar. Niyə pis fikir formalaşsın?

- Sosial şəbəkələrdən daha çox nə məqsədlə istifadə edirsiz?

- Dünyada baş verən qlobal məsələr barədə məlumat almaq, yerli hadisələrdən xəbərdar olmaq və.s Ancaq mən mesaj qutuma daxil ola bilmirəm. Paylaşıma şərh yazanlara təşəkkürümü bildirirəm, məktub qutusu dağılır. Telefonla girirəmsə, enerjisi bitir. “Salam, necəsən?”, “Səni sevirəm”, “Nömrən neçədi? Votsap sənindi?”, “Filankəs sənin paxıllığını çəkir” və.s Əməlli-başlı qeybətxanadır. Şərh qalmaqalı olmamışdan əvvəl Batumidə istirahətdə idim. Günə cəmi bir şəkil paylaşmağa başladım. Əvvəl isə bunun əksinə idi. İnsan bezir, müzakirə etmək daha maraqlıdı. Çox vaxt müxtəlif mövzularda sosial şəbəkədə müzakirə aparıram.

- Bu yaxınlarda kitabınız çapdan çıxdı. Yəqin ki, Azərbaycan oxucusunun kitaba marağının az olduğunu bilirdiz. Kitab satışından nə qədər gəlir əldə etdiz?

- Biz bilirdik ki, Azərbaycan reallığında kitab satışından az qazanc əldə olunur. Səmimi deyəcəm, 1000 (min) tiraj kitab çapdan çıxıb, təqdimatdan sonra isə 200 kitab satılıb. Heç 200-ə də çatmır. Onların içində də 50 kitab hədiyyə verilib. Bu günə kimi 150 kitab satılıb. Kitabı alanlar çox yaxşı rəylər söyləyiblər. İnstaqramda rəylərdə də bunu görürəm. Hamı deyir ki, kitab yazmağa davam et. 2017-nin sonunda isə yeni bir kitab yazmaq barədə düşünürəm.



- Kitabda şəxsi həyatınız barədə maraqlı məqamlara rast gəlmək olur. Kitab yazanda səmimi idiz? Gizli saxladığınız və kitabda yazmadığınız nəsə qaldı?

- Yox, bəzi şeyləri etika naminə gizlətməyə məcbur oldum. Böyük qlobal bir şey yox idi. Yazmağa, danışmağa dəyməz. Hər şey aydın şəkildə yazılmışdı. Hətta, kitab çıxandan sonra bəzi dostlarım məndən incidi. Dedilər ki, sənətdə bizə kömək etmisən, amma kitabda niyə yazmısan ki, sənin qədrini bilmirik? Səni axı çox istəyirik? Nə hiss etmişəmsə, onu yazmışam. Şou-biznes haqqında çox şey yaza bilərdim. Lakin, mənim onlarla özümü reklam edəcəyimi düşünəcəkdilər. Konsert, kino çəkilişlərində çox məqamlar olub. Elə starların adını çəkə bilərəm ki, mən onları səhnəyə çıxarmışam. Amma həmin şəxslər məndən məşhurdurlar. Deyə bilərlər ki, adımdan istifadə edir, reklam qazanır.

- İlk sevginizdən də yazmısız...

-Bəli, yazmışam ki, illər sonra o insanı gördüm, tanıdım, amma sevmədiyimi anladım. Kitabım sevgi-məhəbbətdən bəhs etmir. Sadəcə olaraq gənc qızlara bir örnəkdir. 14 yaşımdan 35 yaşa kimi bir insanı ideallaşdırıb sevmişəm. Ailə qurmuşam, amma xəyallarımda sevmişəm. O insanı gördükdən sonra başa düşmüşəm ki, yanlışdı. Sən demə, sevməmişəm.

Özüm üçün obraz yaratmışam, həmin obrazını sevmişəm. İllər boyu filmlərə baxıb ideallaşdırdığım biri sevmişəm. Onu görəndə ürəyim titrəmədi. Baxmayaraq ki, o insanın ailəsi mənə görə dağılıb. Yəni, TV-də baxıb, sevib deyə ailə dağılıb, xanımı deyib ki, hələ də onu sevirsən. Qoy elə mən onu qəlbimdə yaratdığım insan obrazında sevim.

- Siz qeyd edirsiz ki, əslində həmin şəxsi sevmədiyinizi bildirdiz. Bu, bir az özünüzü həyat yoldaşınızdan sığortalamaq kimi çıxmayıb?

- Yox, artıq həyat yoldaşım barədə açıqlama vermək istəmirəm.



- Şou-biznes üzvləri gündəmə gəlmək üçün müxtəlif üsullara əl atırlar. Kimisi qalmaqalla, kimisi iş görməklə...

-İndikilər söyüş söyməklə gündəmə gəlirlər (gülür). Mənim qalmaqallarım çox az olub, demək olar ki, yoxdur. Mətbuatda da çox az işıqlandırılıb. O gün 10 il qabaq bir foto yayıldı. Film çəkilişinə gedən zaman çəkilmişdi. Bir az kökəlmişəm. İllər məni çox dəyişməyib. Bir-iki müğənni daha sonra köhnə şəkillərini paylaşmağa başladı. İstədilər ki, mənim kimi gündəmə gəldi. Mənim belə bir problemim yoxdu, iş və layihələr çoxdu. Bizdə durğunluq yoxdur ki, qalmaqal barədə düşünüm.

- Siz də karifeylərlə bağlı verilişin aparıcısı olmusuz. İki böyük sənətkarın qalmaqalına (Flora Kərimova- Zeynəb Xanlarova) münasibətiniz necədir?

- Qalmaqal deyil, xəbəri yazan məqaləni gərək çıxarmayardı. İki böyük statusa malik sənətkarlardır. Hərəsi öz oxu tərzinə görə fərqlənən korifeylərdir. Yəni, əfsanəvi xanımlardır. Bunu şişirtmək düzgün deyil. Heç kəsin belə statuslu müğənnilər barədə rəy bildirməyə haqqı yoxdu. Arif babayev, Canəli Əkbərov kimi sənətkarlar məsələyə münasibət bildirə bilərlər. Amma gənclərin fikir bildirməyi düzgün deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.