"Dəb düşüb ki, ərə gedib bir uşaq dünyaya gətirsin, sonra boşanıb aliment alsın" - Deputat

14-06-2024, 07:34           
"Sosial vəziyyətin ağırlığı boşanmalara səbəb olur. Amma bir məsələni qeyd edim ki, İkinci Dünya müharibəsindən sonra insanlar kütləvi aclıq şəraitində idi. Niyə belə boşanmırdılar? Ağır vaxtlarda belə insanlar sadiq qalırdılar, boşanmırdılar. Hətta həyat yoldaşını itirən qadınlar dul qalırdılar, ərə getmirdilər".

TEREF xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, bu məsələni daha çox psixologiya ilə bağlayır:

"Sosializm sistemi dağılandan sonra kapitalizm hər şeyə icazə verdi. O cümlədən qeyri-rəsmi yaşamağa icazə yaradıldı. Xüsusilə, sosial şəbəkələr yaranandan sonra bunun kütləvi təbliğatını gördük. İnsanlar daha sərbəst olmağa başladılar. "Güclü qadınam, boşanacam tək yaşayacam" kimi fikirlər oldu. Dəb düşüb ki, ərə gedib bir uşaq dünyaya gətirsin və sonra boşanıb aliment alsın. Məhəbbət, sevgi, doğmalıq olmalıdır. İnsan ailə quranda o deməkdir ki, doğmandır. Bu hisslərin çoxu itdi. İndi baxırsan illərlə qeyri-rəsmi yaşayırlar. Bunu psixoloji amillə bağlayıram ki, insanlar çox sərbəstlik qazandılar. Baxırsan ki, asanlıqla ailələrini dağıdırlar. Çox vaxt görürsən ki, ailəlidir və bir başqası ilə qeyri-rəsmi yaşayır. Biabırçılıqdır. Bunu cəmiyyətdəki mənəvi deqradasiya ilə bağlayıram. Mənəvi deqradasiya hakim vəziyyət alıb. Ona görə də boşanmalar çoxdur. Boşanmaları 20 faiz sosial vəziyyətlə, 80 faiz isə insanların özünü daha sərbəst, azad, ailə məsuliyyətində uzaq olmaq istəmələri ilə əlaqələndirirəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.