Ekspert: “Əhalinin gözündə qiymətlər baha görünür, əslində…”
15-06-2024, 08:45
Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 31 milyard 899,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur. Yəni son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,8 % artaraq 3 130,6 manata çatıb.
Qiymətlərin bahalaşdığı indiki dövrdə əhalinin nominal gəlirlərinin artımı onların günlük və aylıq ehtiyaclarını qarşılaya bilər?
Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov “Cebhe.info”-ya şərhində bildirib ki, bu il istehlak bazarında güclü bahalıq mühiti yoxdur:
“İlk növbədə qeyd edim ki, nominal gəlir ilə real gəlir arasında fərqlər var. Nominal gəlir pulun üzərindəki rəqəm işarələrin hesablanmasıdır. Yəni əhalinin nominal gəliri artanda onların rəqəmsal şəkildə pul gəlirlərinin artımı nəzərdə tutulur. Real gəlir isə gəlirlə alına biləcək əmtəə və xidmətlərin miqdarının ölçülməsidir.
Əhalinin nominal gəlirləri periodik olaraq hər il artmaqda davam edir. Bu artım yüksələn xətlə inkişaf edir. Amma istehlak bazarında qiymət indekslərini nəzərə alanda, əsas göstərici real alıcılıq qabliyyətidir. O ki qaldı bahalığın davam etməsinə, bununla bağlı səsləndirilən fikirlərlə razı deyiləm”.
Ekspert deyib ki, əslində bu ilin yanvarından başlayaraq, ölkədə bahalaşma tendesiyası səngiyib:
“Mart ayına nisbətən aprel və may aylarında inflyasiyanın səviyyəsi aşağı olub. Əvvəlki illə müqayisədə isə bu il qiymətlərdə artım yüksək deyil. Bəli, əhali bunu o qədər də hiss eləmir. Əvvəlki illərdə ölkədə inflyasiyanın səviyyəsi ikirəqəmli olduğu üçün əhalinin gözündə məhsulların qiymətləri baha kimi görünür”.
Yunis Abdullayev