“Bunun adı əxlaqsızlıqdır” - Fazil Mustafa + Müsahibə
31-08-2016, 12:31
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın “Qafqazinfo”ya müsahibəsi:
-Tez-tez siyasi ictimai qalmaqallarla gündəmə gələn siyasətçisiniz. Buna səbəb nədir? Bu sizi yormur?
- Gündəmə gələn deyil, gündəm yaratmağa çalışan bir anlayışla cəmiyyət həyatına yönəlik görüşlər ortaya qoymağa çalışıram. Yəni mənim öz gündəmim, mövzum var, konkret suallarla müraciət olunan zamanda da fikirlərimi və mülahizələrimi paylaşıram. Buna o adamlar qalmaqal deyirlər ki, onların arzuladığı və ya gözlədiyi monotonluğa bu görüşlər uyğun gəlmir, onların standartlarını, statik bilgi və duyğularını alt-üst edir. Halbuki, istənilən hadisə və ya əşyanın təbiəti ilə bağlı doğru mühakiməsi olan insanlar üçün burada qalmaqaldan əsər-əlamət yoxdur. Azərbaycanda düşüncə dinamizmi çox zəif olan bir cəmiyyət var, belə cəmiyyətlərdə bütün obrazlar və təzahürlər yekunlaşmış, ştamplanmış, möhürlənmiş vəziyyətdə olur. İnsanların təsəvvürlərində tarixə möhür vurulub, qəhrəmanlarımız bəlli, düşmənlərimiz bəlli, elmi kəşflərimiz yekunlaşıb, iqtidar uğrunda mübarizə bitib, müxalifət statusuna tam yiyələnmə baş verib, İmana yekun vurulub, hər kəs öz bildiyinə və inandığına doğru din adına möhürünü basıb.
Ədəbiyyat, sənət, mədəniyyət keçmiş avtoritetlərin qəbir daşlarının inhisarında. Deyəsən, dinamizm əsasən oğru dünyasında qalıb, burada da vaxtı çatanda avtoritetləri öldürüb yenilərini ortaya çıxardıqlarına görə dəyişiklik müşahidə edilir. Ümumilikdə isə, xalqımızın az-çox dinamzmini qoruyan amil təəccüblü də olsa, Qarabağ dərdidir. Təsəvvür edin ki, Qarabağın işğal altında olmasından yaranan doğma ocağa qayıdış duyğusu olmasaydı, bundan daha ümidsiz və anormal vəziyyətdə olardıq. Qarabağ acımız olduğu qədər bizim cəmiyyətin müqavimət duyğusunu qoruyan, gələcəyini hədəfsizlikdən xilas edən bəlkə də azsaylı amillərdən biridir. Belə bir durumda siyasətçinin, yaxud da bir ziyalının borcu cəmiyyətin durğunluğuna dalaraq vaxt keçirmək olmamalıdır, doğruların və reallıqların aydınladılması üçün çalışmaqdır. Səbəbi məhz bu amildə axtarmaq lazımdır.
Yorulmaq və küsməklə bir yerə varmaq olmaz. Fikirlərimiz varsa, ona qarşı müqavimət də olacaq, hər üslubda mübarizəyə hazır olmaqdan başqa çarəmiz yoxdur. Siyasətçi cəmiyyətin bu günü və gələcəyi üçün məsuliyyət daşıyan insandır. Ona görə də yazıram, danışıram, mübahisə edirəm, savaşıram. Bu halda bəzən qalmaqalsız da ötüşmək olmur.
“Başlayırlar "şəriət əldən getdi" deyə hay-küy salmağa”
- Deyirlər ki, Fazil Mustafa əksər yazılanlara, haqqında deyilənlərə adekvat reaksiya verir. Bununla da məsələ böyüyür. Əlavə ittihamlar ortaya çıxır. Tənqidə də dözümü yoxdur... Ümumiyyətlə, bir siyasətçi haqqında deyilənlərə nə qədər dözümlü olmalıdır?
- Əksər yazılanlara cavab vermək bir az şişirdilmiş olardı, həm də buna heç fiziki imkanım da çatmazdı. Ancaq böhtan və təhqir xarakterli yanaşmalarla qarşılaşanda öz şəxsiyyətimi və haqqımı qorumaq üçün bütün məqbul metodlardan istifadə edirəm. Tənqiddir, yazılarıma əks münasibətdir, mədəni üslubda iradlardır, qətiyyən bunlarla bağlı problem yaşamıram, kifayət qədər səbrliyəm. Bizdə orta məktəbdən xatırladığım bir müəllim metodu vardı. Müəllim, məsuliyyətli və etdiyi səhvdən utanan uşağa "heç səndən gözləməzdim" deməklə kifayətlənirdi. Məsuliyyətsiz, ancaq valideynindən çəkinən uşağa "sabah atana de, məktəbə gəlsin" deyərdi və atasının qorxusu ilə uşağı tərbiyələndirməyə üstünlük verərdi. Tam xuliqanlaşmış və sırtılmış uşağın isə qulağını burmaqdan və ya sifətinə yüngül şapalaq ilişdirməkdən başqa çarə görmürdü. Bizim də sosial şəbəkələrdə, mediada bəzi insanlarla təmaslarımızda təqribən buna bənzər metodlarla hərəkət etmək zərurəti yaranır. Yəni, metod seçimi konkret obyektə görə müəyyənləşir.
- Xətai ilə bağlı fikirləriniz yenə gündəmdədir. Bu məsələ ilə bağlı mövzuya necə son qoymaq lazımdır?
- Xətai ilə bağlı gündəmimdə mövzu yoxdur. Tarix şüuru, tarixə baxış metodologiyası, tarixdən əxz olunacaq dəyərlər və bunlar üzərində doğru mühakimə məsələləri ilə bağlı görüşlərimiz var. Son kitablarımdan biri də bu mövzuya həsr olunub: "Azərbaycanda türk kimliyi və saxta tarix problemi".
Məqlələrimizdə, statuslarımızda, kitablarımızda bu fikirlərimizi əsaslandırmağa çalışırıq. Televiziya çıxışlarımızda bu görüşləri zaman-zaman gündəmə gətiririk. Yəqin ki, bu kimi mövzulara son qoymaq da mümkün deyil. Adamların əzbərlədiyi mətnlər var, o əzbəri pozan kimi başlayırlar "şəriət əldən getdi" deyə hay-küy salmağa. Bu günün problemlərini çözməkdə aciz qalan xalqlar istinad nöqtəsini uzaq tarixdə, həm də yanlış yerlərdə axtarmağa başlayırlar. Oradan qəhrəmanlar tapırlar, cəngavərlər quraşdırırlar, bir-iki psevdopatriot tarixçinin və zooloji milliyətçinin uydurmaları ilə bunu milli mifə çevirərək insanların düşüncələrini buxovlayırlar.
“Səfəvilik bizim xəstəlik tariximizdir”
Bir Azərbaycan insanı kimi, mənim öncəlik verdiyim dəyərlərin başında milli kimlik və iman dəyərləri gəlir. Xürrəmilik də, Səfəvilik də bizim bu dəyərlərin antitezisidir. Məsələn, Səfəvilərlə bağlı yazarkən hamının əzbərlədiyi bir-iki cümlə var, əsaslandırma da bunun üzərindən aparılır. "Azərbaycan dilini dövlət dili elan etdi". Bəyəm Şah İsmayıla qədər erməni diliydi dövlətin dili? Bayandırlı mədəniyyəti, Dədə Qorqud mədəniyyəti bu arealda hakim idi və buradakı dövlətlərin dili məgər özbəöz türk dili deyildi? Digər bir tezis: "Şah İsmayıl Azərbaycan dövləti yaratdı" Adam deyir ki, mən Şiə dövləti yaratmışam,mill kimliyinə baxmadan başqa İslam inancında olanların boynunu vururam, bunlar deyir ki, yox, türk dövləti yaradıb. Adam ya türk öldürüb, ya müsəlman öldürüb, xristianlarla da həmişə dost olub. Buyurun, Səfəvilərin yaratdığı dövlətin prototipi müasir İran İslam respublikasıdır, indi hansı varisliyi bizə təqdim edirsiniz? Məgər Xomeyni də eyni mahiyyətdə dövlət qurmayıb?
Bizim Azərbaycan dövlətini böyük Məhəmmədəmin Rəsulzadə və əqidə dostları antisəfəvi tezislər üzərində qurmaqla, irançılığa qarşı, həm də modern milli dövlət mahiyyətində yaratmışlar. Yəni bu gün səfəvilərin gətirdiyi təzahürləri canlandırmağa başlasan, Azərbaycan insanı bir-birinin inancına görə qırıb bitirməlidir, türk arelının parçalanmasına xidmət etməlidir, ölkəni modern qafalı insanlar yerinə Şeyx Nəsrullah obrazında səfəvi mollaları, xürafatçılar yönəltməlidir. Bizim ən böyük dəyərimiz Azərbaycan dövlətidir və bunun qurucusu kimi məhz Rəsulzadənin görüşlərinə, düşüncə sisteminə yaradıcı yanaşmaqla, onları təkmilləşdirməklə tərəqqiyə qovuşa bilərik. Bizim tariximiz ümumi türk tarixidir, səfəvilik də bizim tariximizdir, ancaq qəhrəmanlıq deyil, xəstəlik tariximizdir. Biz bunları söyləyirik, yoxsa hansısa tarixi şəxsiyyət, o cümlədən Şah İsmayıl barədə hörmətsizlik etmirik ki? Onlar hamısı öz dövrlərinin adamlarıdır, dövrün, şəraitin tələbinə görə hərəkət ediblər. Bizim vəzifəmiz, tarixdən əxz etdiyimiz faydalı dəyərləri yaşatmaqdır, xəstəlikləri deyil. Kimsə mənim mülahizələrimi yanlış hesab edə bilər, bunu mədəni üslubda edəndə, hansısa problem nədən yaşanmalıdır?
Hətta dəyərli ziyalımız Sabir Rüstəmxanlı ilə son polemikamızı "mədəni polemika nümunəsi" kimi paylaşmışdım. Yəni ən barışmaz görüşləri müzakirə edərkən etik qaydaları pozmamaq hər kəsin prinsipi olmalıdır.
“Hansısa şeyxin yalançı cihad çağırışı ilə ABŞ-da oturan təriqət liderinin yönləndirməsi eyni təhlükə mənbəyi deyilmi?..”
- İrana xidmət edən qruplar tərəfindən tez-tez sosial şəbəkədə təzyiqə məruz qaldığınızı qeyd edirsiniz. Sizdən nə istəyirlər?
- Biz bir gerçəyi əvvəl-axır millət olaraq qəbul etməliyik. Gülüstan və Türkmənçay müqavilələri bizim taleyimizdə bir dönüm nöqtəsidir. Ağır və məşəqqətli Rusiya işğalı nəticəsində xalqımızın müəyyən bir hissəsi gerici bir İran-Səfəvi mühitindən ayrılaraq yeni bir mədəniyyət arealına daxil olma şansını qazanmışdır. Rusiya müstəmləkəçiliyi bizə ağır zərbələr vursa da, qaranlıq bir İran dünyasından yeni bir dünyaya çıxmağımıza istəmədən belə vasitə olmuşdur. Məhz rus və Avropa məktəblərində yetişmiş aydınlarımız sayəsində müstəqil və modern dövlət qurma imkanı qazanmışıq.
İndi baxın görək xalqımızın digər, həm də çoxluqda qalan hissəsi haradadır və nə gündədir? İranda çoxluğu təşkil edirlər, ancaq yoxluq durumundadırlar. İndi-indi türkcə imla yazmalarına icazə verildiyinə görə biz də sevinirik. İranlı kimliyinin içində, hətta öz dövlətlərinin soydaşlarına düşmən olan erməniləri dəstəkləmə siyasətinə qarşı cınqırını da çıxara bilmirlər. Dili bir, canı bir eyni topluluğun keçib gəldiyi tarixi yolu müqayisə edəndə müstəqil, modern dövlətin hansı dəyəri olduğunu daha dərindən anlamaq mümkündür. Bu baxımdan da Azərbaycanda olan irançı zehniyyətdən böyük müstəqilliyimiz üçün təhlükə görmək çətindir. Bunu söyləyəndə dərhal şiəliyə qarşı olduğumuzu yalandan gündəmdə fırlayırlar. Halbuki, kimsənin inanc dəyərlərinə qarışmaq bizim tərəfimizdən ədəbsizlik sayılır. Mənim tədqiq etdiyim, dərk etdiyim İslam barədə fikirlərimdə hansısa məzhəbə, hansısa təriqət və ya camaat görüşlərinə uyğun gəlməyən məqamlar varsa, öz doğru bildiklərimi söyləməkdən geri dura bilmərəm ki...
Mən deyirəm ki, İslamda nikah müqəddəsdir, müvəqqəti nikah deyilən siğə yoxdur, bunun adı əxlaqsızlıqdır, deyirlər bizə ilişirsən. İndi hansısa molla bunu kitabdan-kitaba salıb İslam adına sırıyıbsa, buna mənfi münasibətimizi bildirməkdən çəkinməliyik? Sadəcə deyirəm ki, ənənəvi Azərbaycan şiəliyi bizim kültür mirasımızdır, atalarımızın, analarımızın səmimi inanc sistemidir, müsəlmanlığımızın bir ifadəsidir. Burada siğə yoxdur, başqa ölkənin vətəndaşı olan qondarma din adamının təqlidçiliyi yoxdur. Bu halda İran şiəliyinə bulaşmış Azərbaycan vətəndaşılarının əksəriyyəti Azərbaycan dövləti üçün təhlükə mənbəyi ola bilər. Adam İranda oturan bir müctehidi təqlid edir, ondan nə əmr gəldi icra etməyə özünü məsul sayır və onun üçün Anayasa, öz təqlid etdiyi müctehidin fətvalarından ibarətdir. Halbuki bizim ata-babalarımız hansısa müctehid tanımayıblar, sadəcə səmimi şəkildə öz inanclarını yaşadıblar, dini öyrənib təbliğ ediblər. Hansısa şeyxin yalançı cihad çağırışı ilə Suriyaya, İraqa gedən radikal sələfilər, ABŞ-da oturan təriqət liderinin yönləndirməsi ilə Türkiyədə Qərbin çevriliş planının icraçısı olan gülənçilər qədər bunlar da təhlükə mənbəyi deyilmi?
Mən sırf dövlətimizin və millətimizin təhlükəsizlik maraqlarından çıxış edirəm, bunlar da məsələni dərhal başqa yerə yozmağa çalışırlar. Biz İranla da, Rusiya ilə də normal münasibətlərin tərəfdarıyıq, ancaq ölkəmizin varlığı və təhlükəsizliyi üçün təhlükə haradan gəlirsə, ona qarşı dirəniş göstərmək bizlərin vətəndaşlıq borcudur.
“Vicdansızlar və ləyaqətsizlər üçün böhtan atmağa həmişə bir yol tapılır”
- Bu günlərdə nurçularla bağlı məsələ həm Türkiyənin, həm də Azərbaycanın gündəmindədir. Sizin adınızı yenidən bu hərəkatla bağlıyırlar. Bununla bağlı nə deyə bilərsiniz?
- Ölkədə elə bir vicdanlı və ləyaqətli adam tanımıram ki, mənim adımı bu hərəkatla bağlasın. Vicdansızlar və ləyaqətsizlər üçün böhtan atmağa həmişə bir yol tapılır. Türkiyədə baş verən çevriliş cəhdindən sonra nurçuluq, gülənçilik xüsusi təhlükə mənbəyi kimi analoji olaraq bizdə də gündəmdə yer almağa başladı. Türkiyədə termin olaraq fətullahçı və ya gülənçi ifadələri istifadə olunur, bizdə isə ümumi nurçuluq adı ilə təhlükədən bəhs edilir. Bu ondan qaynaqlanır ki, artıq çoxdandır ki, Türkiyədə gülənçilərlə nurçular arasında sərhədlər çəkilib və əksər hallarda bir-birinə tərs düşən cərəyanlar kimi təqdim olunurlar. Ona görə də Türkiyə hökuməti nurçuluqla deyil, gülənçiliklə mübarizə apardığını qabardır və buna təhlükə mənbəyi kimi baxır.
Azərbaycanda araşdırmaçı qəzetçilik zəif inkişaf etdiyinə görə, hər kəs mahiyyətinə varmadan ağızdan-ağıza eşitdiyi terminləri istifadə edirlər. Bizimlə bağlı məsələyə gəldikdə isə, burada sırf süni və məqsədli kompozisiyadan söhbət gedə bilər. İlk mənbə, İranla bağlıdır. Bu ölkədən idarə olunan saytlarda və profillərdə məni özlərinə əks gələn bütün dini cərəyanlara, masonlara, xüsusilə də nurçuluğa aid edirlər. İkinci mənbə, Azərbaycanda bizim görüşlərə qarşı olan insanların sifarişlə yaratmaq istədiyi süni bir obrazdır. Üçüncüsü isə, cahilliklə bağlı məsələdir ki, mənim hansı istiqamətdən olursa olsun, Türk məktəblərinin varlığını qorumaq üçün səsləndirdiyim mövqedən dərhal nəticəyə varırlar ki, adamın nə marağı var ki, bu məktəbləri müdafiə edir.
Adama deyərlər ki, siz cəsarətlə, açıq mətnlə sözünü deyən bir fətullahçı, nurçu görmüsünüzmü? Mətbuata açıq, cəmiyyətə açıq, hətta tarixlə, dinlə, günümüzlə bağlı streotiplərə qarşı düşündüklərini çəkinmədən dilə gətirən bir şəxs necə ola bilər ki, sakral, qapalı bir camaat sistemi çərçivəsinə sığışdırılsın? Mənim qısa və açıq tezisim budur: istisnasız olaraq türk məktəblərinin varlığı bizim ölkə üçün lazımdır, rəhmətlik Turan Yazqanın da, keçmiş Çağ öyrətimin də, Diyanət Vaqfının da məktəblərinin keyfiyyətli təhsilinə hələ ki, ehtiyacımız var. Bu həm də strateji bir məsələdir. Bunlar yığışdırılarsa, yerini Kreml və ya Qum saatı ilə işləyən məktəb şəbəkəsi tutacaq, bu da milli maraqlarımıza uyğun deyil.
İndi anlaşılırmı niyə bu adlar bizim üçün icad olunur? Bütün elmi araşdırmalarında məzhəbçiliyə, camaatçılığa, təriqətçiliyə qarşı sərt mövqe nümayiş etdirən bir şəxsi hansısa camaatın qəlibinə salmaq mümkünmü? Maraqlıdır, son günlər əlləri boş qaldığından mənim Türk məktəblərini müdafiə edən "Nursuzluq təhlükəsi" adlı yazımı paylaşanlar mətni oxumadan fakt tapdıqlarına sevinirdilər. Halbuki həmin yazıda 17-25 dekabrda gülənçi prokurorların keçirdiyi məşhur "rüşvət" əməliyyatının Ərdoğana qarşı Qərb ölkələrin kəşfiyyatının təmizləmə əməliyyatı olduğunu əsaslandırmışam. Və bu əməliyyatı keçirənlərin həmin kəşfiyyatın əlində alət olduqlarını geniş şəkildə izah etmişəm. Deməli, əməliyyatı gülənçilər keçirir, mən də gülənçiləri ittiham edib, Ərdoğanın mövqeyini müdafiə edirəm, indi bunu sensasiya kimi tirajlayan nadanlar, budurmu tapdığınız nurçuluğa dair faktlar...
“Təriqətim də yox, məzhəbim də yox, camaatım da yox...”
Yaxud da hələ orta məktəbdə oxuyan bir savadsız şagird atasının hədiyyə etdiyi saytda sifarişli yazını fakt kimi yerləşdirəndə elə bir iz buraxır ki, sonradan onu düzəltmək də mümkün olmur. Diqqət edin, adama sifarişli, başlıqsız mətn verirlər, bütün mətn boyu Fazil Qəzənfəroğlunun nurçuluğundan bəhs edilir, başlığı isə sayt rəhbəri qoyduğundan instinktiv olaraq "Gülənin imamı Fazil Mustafa ondan imtina edir? Fakt" kimi gedir. Bir mənbədən idarə olunan saytlar da eyni səhvi fərqinə varmadan təkrar edirlər. Siz jurnalistsiniz, mətndə gedən adı başlığa da olduğu kimi çıxarmalısınız, uyğunluq söhbət var, indi anlaşıldımı xoruzun quyruğu haradan görünür? Yazı verilir, başlığı isə özün qoyursan, o zaman mətndəki Fazil Qəzənfəroğlunu unudub, instiktiv olaraq başlıqda Fazil Mustafadan yazırsan.
Təriqətlər və məzhəblər mövzusunda elmi çalışmalarımla bağlı geniş tədqiqatlar apardığıma görə dini problemlərlə bağlı məsələlərə daha çox aydınlıq gətirməli oluram. Eləcə də siyasi mövzularla yanaşı, az-çox bildiyim ədəbiyyatla, sənətlə, idmanla bağlı mövzularda da müraciətləri cavablandırıram. Bir hüquqçu kimi qanunları da pis bilmirəm, yazılmamış qaydaları da. Nə keçmişimdə, nə indimdə, nə siyasi, nə də şəxsi həyatımda rahatsız olacağım heç bir məqam yoxdur. Təriqətim də yox, məzhəbim də yox, camaatım da yox. Sadəcə dinim var, adı da İslamdır. Sadəcə millətim var, adı da Türkdür. İslamdan da, Türkdən də öncə ədalətli insana dəyər verirəm. Bu ədalətli insanın müsəlman və ya türk olmasının mənim üçün gerçəkdən heç bir əhəmiyyəti yoxdur. Yəni yapon da, rus da, alman da ola bilər.
- Azərbaycanda da bu qruplaşmanın dövlətin bütün qurumlarına sızdığı bildirilir. Sizcə vəziyyət necədir?
- Azərbaycanda dövlət qurumlarına hər kateqoriyadan olan insanlar sıza bilər, bunun üçün dövlətin təhlükəsizlik qurumları var, zamanında araşdırıb qarşısını almaq gücündədirlər. Ona görə də Türkiyədəki siyasi hakimiyyət uğrunda mübarizənin yaratdığı təhlükənin simptomlarını burada axtarmaq o qədər də ciddi iş deyil. Bizdə dövlət qurumlarına dürüst insanlarla yanaşı rüşvətxorlar da, narkomanlar da, Qərbin, qonşu ölkələrin kəşfiyyat orqanlarına bağlı insanlar da sıza bilər, yüz-iki yüz nəfər də bu camaata mənsub insanlar sızsın, nə olasıdır ki... Bunların hakimiyyət uğrunda mübarizə məkanı Türkiyədir, Somalidə, Sudanda, Qırğızıstanda, Azərbaycanda beş-on camaatçı hansı hakimiyyət uğrunda mübarizə aparacaqlar? Bu məsələdə sadəcə qardaş Türkiyənin həssaslığını nəzərə almağımız vacibdir, ancaq özümüz üçün daha ciddi təhlükələrin haradan gələ biləcəyini doğru oxumalıyıq.
- Müxalifətdən də bu qruplaşmanın tərkibinə daxil edilənlər oldu. AXCP sədri Əli Kərimlinin Fətullah Gülənlə əlaqələrinin olduğu deyilir. Sizin fikriniz nədir?
- Bu qruplaşmaya Azərbaycanda kimlərin daxil olması barədə hansısa məlumata sahib deyiləm. Bu cür əlaqələrin olması mümkündür, söhbət məsələnin kriminal və ya ictimai təhlükə törədən istiqamətindən gedir, o halda hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən məsələlərin ciddi araşdırılmasına və tədbirlər görülməsinə ehtiyac var.
“İşsizliyin baş alıb getdiyi bir mühitdə iş yeri aça biləcək hər bir vətəndaşa dəyər vermək lazımdır”
- Hazırda bahalaşma tendensiyası yaşanır. Növbəti devalvasiyanın baş vermə ehtimalının olduğu bildirilir. Əhali bununla bağlı narahatdır. Məsələ necə tənzimlənməlidir?
- Müşahidələrim onu göstərir ki, növbəti devalvasiya qaçınılmazdı və bu da əhalinin sosial vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq. Məsələnin tənzimlənməsinin tək yolu gerçək bazar iqtisadiyyatına keçilməsindədir. Azərbaycan insanının təşəbbüskarlığına dövlət güvənməlidir, iş adamlarının qarşısında bütün maneələr qaldırılmalıdır, iqtisadiyyatda əksmərkəzləşmə sürətlənməlidir, ancaq bu halda böhranlı vəziyyətdən çıxmaq mümkündür. İşsizliyin baş alıb getdiyi bir mühitdə iş yeri aça biləcək hər bir vətəndaşa dəyər vermək lazımdır. Xüsusilə də istehsalın stimullaşdırılması vacib şərtdir. Bank sisteminə güvənin bərpa olunması istiqamətində effektli addımlar atılmalıdır. Baxın, illərdir maraqlı qruplar tərəfindən tətbiqi əngəllənən məcburi tibbi sığortanın olmaması ucbatından aztəminatlı vətəndaşlarımız keyfiyyətli müalicə almadan ömürlərini bağışlayırlar. Əsas doğru niyyətdir, bu olarsa, demək ki, həlli mümkünsüz problem qalmaz.
- Ölkədə referenduma hazırlığın səviyyəsi barədə nə deyə bilərsiniz?
- Referenduma texniki hazırlıqla bağlı elə bir tədirginlik hiss olunmur. Müvafiq qurumlar səsvermə prosedurlarının keçirilməsi üçün lazımi işlərin görülməsi ilə məşğuldurlar. Hər halda normal qaydada hazırlıq işlərinin aparıldığını söyləmək olar. Ancaq siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının aktivliyi arzu olunan səviyyədə deyil. Bəlkə bundan sonrakı günlərdə bu aktivlik özünü daha çox göstərəcək, hər bir halda referenduma təqdim olunan məsələlər barədə ciddi dikussiyaların aparılması faydalı olardı.