Xaricdəki azərbaycanlıların çoxu əylənməkdən başqa heç bir işə yaramır - Sevinc Nəzərli
26-06-2024, 08:07
“Tumurcuq” Teatrı şəxsi büdcəm və bir-iki dostumun dəstəyi ilə yaranıb. Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın İsveçdəki səfirliyi və müxtəlif təşkilat rəhbərləri söz versələr də dəstək olmadılar”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Avropada ilk Azərbaycan teatrının qurucusu Sevinc Nəzərli verib.
S.Nəzərli qeyd edib ki, teatr olsa da büdcələri yoxdur:
“Azərbaycanlılar üçün milliyyətçilik romantizm, yəhudilər və ermənilər üçün ideologiyadır. Mən teatra həm də bir ideologiya kimi yanaşırdım. Amma tək bunu bacarmadım. Öncə çox məyus oldum, sonradan düşündüm ki, qoy bir az da xalq düşünsün, onlar məyus olsunlar. Mənim etdiyim hərəkət böyük fədakarlıq idi, bu qədər zamanı və pulu öz şəxsi işlərimə də ayıra bilərdim”.
S.Nəzərli hazırda başqa teatrda layihələr üzərində çalışdığını bildirib:
“Bizim Azərbaycan teatrının adını dəyişdirib başqa adla əvəz etdik və başqa teatrlarla əməkdaşlıq etməyi düşünürəm. Əlbəttə bu ayıb və üzücüdür. Bu kiçik zaman çərçivəsində gördüyümüz iş bir tarix olaraq qalacaq. Yəqin ki, gələcək nəsillər bu haqda oxuduqda və bildikdə utanacaqlar. Azərbaycandan xaricə köç etmiş insanları yalnız maddiyyat düşündürür. Öz övladları zatən assimilyasiya olurlar. 50 il sonra bu xalqın yarısı tam assimilyasiya olacaq. Düşünürəm ki, gənc nəsil üçün doğru yol çəkə, qürur duyası tarix yaza bilmədik və arxasını dayayacaq bir sütun, dirək - yəni diaspora qoyub getməyəcəyik. Azərbaycanlılarla ümumiyyətlə ünsiyyət qurmuram və heç bir tədbirlərdə iştirak etmirəm. Teatr tarixi, məqsədi və fəaliyyətinin durdurulması haqqında geniş açıqlama yazım var və bunu tarix olaraq yerləşdirmişəm. 50 il sonra yeni nəsil üçün maraqlı olacaq, avqustda yayımını düşünürəm. Nə inciməmişəm, nə də küsmüşəm, sadəcə utanıram. Bu xalqın xaricdə düşdüyü durumdan utanıram, özünü Türk sayan xalq bu duruma düşməməli idi. Milli kimlik baxımdan nəzərdə tuturam”.
S.Nəzərli qeyd edib ki, yaşından, başından, təhsilindən asılı olmayaraq xaricdəki azərbaycanlıların çoxu yemək və əylənməkdən başqa heç bir işə yaramır.