General-polkovnik: "Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın"

26-06-2024, 10:24           
General-polkovnik: "Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın"
"Antiterror əməliyyatının başlaması üçün artıq şərait yaranmışdı, onlar bütün təxribatlara əl atırdılar".
Bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.

"Siz bilirsiniz ki, onlar ərazini minalayırdılar. Hətta biz minaları beynəlxalq qurumlara təqdim etdik. Bu minalar müharibədən sonra istehsal olunublar. Bununla yanaşı, mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan hərbçilər Ermənistan silahlı qüvvələrinin bir hissəsi idilər. Eyni zamanda, təbii ki, onlar yerli əhalidən də istifadə edirdilər. Bunu mətbuatdan da bilirik, onlar özləri də gizlətmirlər. Bir daha vurğulayım ki, antiterror əməliyyatı bir gündən də az davam etdi. Biz saat 13:00-da başladıq, hissə və birləşmələr çox nizamlı şəkildə hərəkət etdilər və Ermənistan birləşmələrinin bütün təminat yollarını dərhal bağladıq, kütləvi zərbələrlə onların bütün hava hücumundan müdafiə, idarəetmə sistemlərini sıradan çıxardıq. Hərbi hissələrin manevr qabiliyyətinin qarşısını aldıq və saat 22:00-da Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyi mənə müraciət etdi ki, Ermənistanın Azərbaycan ərazisində yerləşən silahlı birləşmələri təslim olmaq istəyirlər".

Z.Həsənov bildirib ki, onların birləşmələrinin 99 faizi artıq doqquz saatdan sonra mühasirəyə düşmüşdü:

"Biz bunu görürdük. Ancaq bəzi qurumlar var idi. Ona görə də biz etiraz etdik, dedik ki, əməliyyat davam edir. Onların hamısını tam şəkildə zərərsizləşdirdik və mühasirəyə götürdük. Səhər saat doqquz idi, biz Müdafiə Nazirliyinin üzərinə düşən vəzifələri artıq yerinə yetirmişdik. Təkrar müraciət olanda dedik ki, siyasi rəhbərliyə müraciət etsinlər. Onlar müraciət etdilər, Azərbaycanın şərtlərini qəbul etdilər. Mən Ali Baş Komandana məruzə etdim və saat 10-da artıq biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmişdik. Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın, saat 12-dən atəşkəs elan olunacaq. Yəni, möhtərəm cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, xüsusi xidmət orqanları, Sərhəd Qoşunları hamısı birgə qarşılıqlı əlaqədə bu əməliyyatı qısa müddətdə çox peşəkar səviyyədə həyata keçirdilər. Demək istəyirəm ki, biz sonra əməliyyatı dərindən təhlil etdik. Məsələn, cənab Prezident tapşırdı ki, əməliyyatın hər mərhələsini təhlil edin. Necə ki, biz müharibə vaxtı təhlil edirdik, nəticə çıxarırdıq, nöqsanları aradan qaldırırdıq, indi də təhlil edirdik. Məsələn, kütləvi atəş zərbəsi endirirdik, indi torpaqlar azaddır, həmin yerləri bir-bir gəzirdik. Deyim ki, zərbələrin 99 faizindən çoxu hədəfi yüksək dəqiqliklə, nöqtəsinə kimi vurmuşdu. Yəni, biz gördük ki, əgər Vətən müharibəsi vaxtı zərbələrin təqribən 80 faizi dəqiq vurulmuşdusa, artıq bu əməliyyatda onların daha yüksək dəqiqliyinə nail olduq. İndi daha asandır, ərazilər azaddır, gedirsən, baxırsan. Manevr və digər məsələlər düzgün planlaşdırılmışdı, düzgün və vaxtında həyata keçirilmişdi. Yəni, bunlar hamısı bizə bir daha deməyə imkan verir ki, əməliyyat yüksək səviyyədə təşkil olunmuşdu və Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi", - deyə nazir əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.