Ziyarət zamanı ölməmək üçün nə etməli? – Həcdə olmuş həkimdən məsləhət
27-06-2024, 00:12
Bu il Həcc ziyarəti zamanı kütləvi ölüm halı qeydə alındı. 1500-ə yaxın zəvvar həyatını itirdi. Onların əksəriyyətinin istidən və günvurmadan, bir qisminin isə xəstəlikdən öldüyü deyilir.
İnsanları bir sual düşündürür: ziyarət zamanı ölməmək üçün nə etmək lazımdır?
Mövzunu Globalinfo.az-a şərh edən doktor Zaur Məmmədov deyib ki, ziyarətdə olan zəvvarlar mütləq sağlam olmalıdırlar.
O, azərbaycanlılar arasında heç bir ölüm hadisəsinin baş vermədiyini qeyd edib:
“Allaha şükür, zəvvarlarımız sağ salamatdırlar. Bəziləri artıq Azərbaycana qayıdıb, digərləri Allahın izni ilə qısa vaxtda qayıdacaqlar. Bilirsiniz, ölüm halları əsasən, Həcc ziyarətinə vizasız gələn şəxslər arasında qeydə alınır. Bunun səbəbi isə Günəş altında çoxlu hərəkət etmələridir. Ölüm halları daha çox günvurmadan baş verir. İsti havada bol su içmək lazımdır. Əlbəttə ki, hər şeydən öncə xəstəlikləri barədə məlumatlı olmalıdırlar, problem varsa, aradan qaldırılmalıdır”.
Dəfələrlə Həcc ziyarətində olan Z.Məmmədov insanlara müəyyən məsləhətlər verib:
“Burada iqlimi, yüksək temperaturu nəzərə almaq və mümkün qədər Günəşdən qorunmaq lazımdır. İnsanlar gərək kölgədə olsunlar. Sözsüz ki, bir problem yarandıqda tibbi xidmət göstərilməlidir”.