“Elnur Aslanovun Prezidentə qarşı çıxa biləcəyinə inanmıram” — YAP komissiya sədrindən ŞOK AÇIQLAMALAR

2-09-2016, 11:07           

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, partiyanın Partiyadaxili İnkişaf və İntizam Komissiyasının sədri, məşhur “91-lər”dən olan Kərim Kərimov Milli Şuranın sentyabrın 11-ə təyin etdiyi mitinqə münasibət bildirib.

K.Kərimov Ölkə.Az-a müsahibəsində deyib ki, Azərbaycan cəmiyyətində Milli Şuranın aksiyasın heç bir maraq yoxdur.

Onun sözlərinə görə, Azərbaycan əhalisi ölkədəki sabitliyi qoruyub saxlamaqda maraqlıdır:

“Mən bilmirəm ki, Milli Şura daha nə istəyir? Bütün regionda münaqişələr alovlanır, amma Azərbaycanda sabitlik hökm sürür, əhali rahat və təhlükəsiz şəraitdə firavan yaşayır. Bu göz qabağındadır və biz referendumla bağlı əhali ilə keçirdiyimiz görüşlərdə də bunun bir daha şahidi oluruq. Fikir verin, Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində o cür hadisələr baş verdi və sairə, amma həmin məmurlar sabitliyi poza bilmədilər.

Bundan başqa, Türkiyədə görün nələr baş verdi. Ölkə az qala dağılmaq təhlükəsi ilə üzləşmişdi. Ancaq Azərbaycanda xalqla dövlət arasında yaxşı dialoq mühiti mövcuddur, hər yerdə sabitlik hökm sürür. Azərbaycanda sabitliyin qorunmasına ciddi nəzarət olunur. Şübhəsiz ki, bu sabitliyin qorunub saxlanılmasına hakim Yeni Azərbaycan Partiyası da öz töhfəsini verir. Heç kəsə zarafat görünməsin, YAP-ın 700 min nəfər üzvü var və bu insanlar ölkədəki sabitliyin qorunmasında fəal təşəbbüs göstərir. Biz ölkədəki sabitliyi ən müqəddəs borcumuz kimi qoruyub saxlayacağıq. Buna heç kəsin qəti şübhəsi olmasın”.

K.Kərimov sentyabrın 26-da keçiriləcək referenduma da münasibət bildirib:

“Bu il sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsində (referendum) 29 məsələyə dəyişiklik edilməsi təklif olunur. Bunun 23-ü birbaşa mövcud maddələrdə dəyişiklik, 6-sı isə yeni maddələrdir. Referendumdan sonra Azərbaycanda torpaq mülkiyyətlərinə ciddi nəzarət olunacaq. Misal üçün, torpaqlardan daha səmərəli və ədalətli istifadə olunması üçün xalqın təlabatını ödəmək məqsədilə Konstitusiyaya əlavə və dəyişiklik edilməsi təklif olunur. Müxalifətə demək lazımdır ki, indi burada nə pis iş var? Məgər bu dəyişiklik xalqın maraqlarına uyğun deyil? Bu gün elə rayonlarımız var ki, orada hektarlarla torpaq boş qalıb. Baxırsan ki, həmin torpağın sahibləri var və vaxtilə onlarla hektarlarla torpağa yiyələnib. İndi də həmin torpağa atasının malı kimi baxır və onu becərmir. Becərilməyən torpaq isə tədricən əkinə yararsız olur. Yəni, bütün sahələr üzrə bu cür dəyişikliklər nəzərdə tutulur ki, bu da ilk növbədə əhali üçün faydalıdır. Digər yeni maddələr də dünya dövlətlərinin təcrübəsində mövcuddur. Bunlar vitse-prezidentlik və sairə ilə bağlıdır. Bütün bunlar prezidentin səlahiyyətində olan məsələdir. Ölkə prezidenti də əlindən gələni edir ki, ölkədə sabitlik, inkişaf qorunub saxlanılsın. Bu gün Azərbaycan dövlət öz sabitliyi ilə çox dövlətlərə nümunə ola bilər. Özü də Azərbaycan müsəlman dövləti olaraq sabitddir. Baxın, görün Türkiyənin başına nə oyun açdılar. Bir adam ABŞ-da oturub Türkiyəni parçalamaq istəyirdi”.

YAP-da Fətullah Gülənə bağlı şəxslərin olması barədə yayılan məlumatlara da toxunan K.Kərimov bu cür xəbərlərin doğru olmadığını söyləyib:

“Mən YAP-da nurçu olan bir nəfəri belə tanımıram. İnanmıram ki, YAP-da belə adam olsun. Digər tərəfdən isə nurçuluq haqqında tez-tez mətbuatda yazılar yazılır. Baxırsan ki, nurçuların ideyasında zorakılıq, hakimiyyətə qarşı çıxmaq çağırışları və sairə yoxdur, ancaq arxasında nəyin gizləndiyini dəqiq deyə bilmirsən. Yəqin ki, bunlar nurçuluğun üzdə olan görüntüsüdür və böyük gizlin planları var. Bunlarla məşğul olan xüsusi qurumlar mövcuddur. Biz bunu dəqiq bilə bilmərik”.

K.Kərimov adı Gülənçilikdə hallanan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun YAP-ın üzvü olduğunu söyləsə də, ancaq onun dövlətə qarşı olduğuna inanmadığını bildirib:
“Elnur Aslanov YAP-ın üzvü olub. Ancaq mən onun prezidentimizin və hökumətimizin əleyhinə iş aparmasına inanmıram. Düşünmürəm ki, Elnur Aslanov Azərbaycan Prezidentinə və hökumətinə qarşı çıxa bilərdi. Bütün bunlar bir qədər qarışıq məsələlərdir. Siyasi aləmdə də bəzi dairələr bundan özü üçün istifadə etməyə çalışır. Əminəm ki, bütün bunlarla müvafiq orqanlar məşğul olur, araşdırır və kimin təqsiri varsa, onun barəsəində lazımı addım atılacaq.

İndi tez-tez deyirlər ki, filankəs nurçudur və sairə. Mən ümumiyyətlə, bu cür məsələlərə qarışmaq istəmirəm. Bu cür məsələlərlə bağlı dəqiq məlumatlar hüquq-mühafizə orqanlarında var. Yəqin ki, onlar araşdırma aparıb müvafiq addımları atacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.