“Müharibə daha kəskin xarakter alacaq” - “Bu, Putinin ən çox ehtiyat etdiyi faktordur”

7-07-2024, 12:14           
“Müharibə daha kəskin xarakter alacaq” -
“Rusiya-Ukrayna müharibəsinin davam edəcəyi şübhə doğurmur. Bundan sonra müharibənin daha kəskin xarakter alacağı daha inandırıcıdır, nəinki barışığın yaranması”.

“AzPolitika” xəbər verir ki, bunu təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl son günlər Moskvada, Kiyevdə və bəzi beynəlxalq çevrələrdə atəşkəs, sülh danışıqları ilə bağlı müzakirələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın canlı qüvvə sarıdan kritik durumda olduğunu səsləndirsə də, müasir müharibə yeni metodlarla aparılır: “İki ildən artıq davam edən müharibə getdikcə daha çox canlı qüvvələrin deyil, PUA-ların, raketlərin hücumu ilə seçilir. 2023-cü ildən başlayaraq Ukraynanın qarşı tərəfin ordusuna, o cümlədən Rusiyanın içərilərinə zərbələri, hücumları əsasən Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin uğurlu əməliyyatları ilə davam edir. Ümumiyyətlə, mütəxəssislər bu müharibədə Kəşfiyyat Baş İdarəsinin və onun rəhbəri gənc general Kirill Budanovun fəallığını xüsusi qeyd edirlər. Analitiklər müasir müharibədə Ukrayna kəşfiyyatının yeni metodlar tətbiq etdiyini, hətta kütləvi kommunikasiyalardan açıq şəkildə istifadəsini vurğulayırlar”.

Təhlükəsizlik eksperti vurğulayır ki, rəqibi demoralizasiya etmək məqsədilə kəşfiyyat idarəsi sosial şəbəkələrdə xüsusi təyinatlı dəstələrin fəaliyyətini işıqlandırır: “Məsələn, Rusiya hərbi donanmasının gəmilərinin məhv edilməsini “Group 13” xüsusi dəstəsi həyata keçirib, əməliyyatı videoya çəkərək paylaşıb və məxvi yolla ələ keçirilən rus hərbiçilərin təlaşını, müzakirələrini yayaraq düşmənə informasiya zərbəsi də vurub. Bu və ya digər əməliyyatlar kəşfiyyat rəhbəri Kiril Budanovu ukraynalılar arsında pərəstiş edilən şəxsiyyətə çevirib. Rusiyanın daxilində, hətta cəbhə bölgəsindən uzaq dərinliklərdə Ukrayna Kəşfiyyat Baş İdarəsinin hədəfləri vurmasının nəticəsidir ki, Vladimir Putin Budanovu bir nömrəli düşməni hesab edir. Ona görə ki, Rusiyanın daxilinə, hətta Moskva ətrafına PUA-ların zərbələri intensiv xarakter aldıqca Rusiya cəmiyyəti içərisində narazılıqların artması və perspektivdə kütləvi forma alması tamamilə mümkündür. Bu hal xüsusi xidmət orqanının keçmiş zabiti kimi Putinin ən çox ehtiyat etdiyi, çəkindiyi faktordur”.

İ.İsmayıl xatırladır ki, kəşfiyyatın sosial şəbəkələr vasitəsi ilə apardığı təbliğat nəticəsində Rusiya hərbiçiləri belə, könüllü olaraq “haqlı tərəfə” keçiblər.

“Putin Ukraynanın canlı qüvvəsinin tükəndiyini səsləndirsə də, bu müharibədə kəşfiyyat idarəsinin apardığı əməliyyatlar Rusiyaya daha çox itkilər verir və gələcəkdə daha da təkmilləşəcək. Odur ki, Ukraynanın tezliklə ağ bayraq qaldıracağını proqnoz edənlər yanılırlar. Rusiyanın təklif etdiyi variant atəşkəs deyil, kapitulyasiya aktıdır və Ukrayna da, Qərb də o ovqatda deyil”, - o, qeyd edib.

Rasim Əliyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.