Ukrayna NATO-nun bugünki sammitindən nə gözləyə bilər? Turan-ın Dövlət Departamentinin yüksək vəzifəli məmuru ilə müsahibəsi
12-07-2024, 09:08
Dövlət Departamentinin nümayəndəsi, Avropa və Avrasiya məsələləri üzrə Büronun Avropa təhlükəsizliyi və siyasi məsələlər İdarəsinin direktoru Liam Uesli Turan-ın Vaşinqtondakı müxbiri Aleks Raufoğlu ilə müsahibəsində NATO-nun Ukraynanın müdafiəsi ilə bağlı planları haqqında danışıb.
Sual: NATO sammitinin başlamasından təxminən bir neçə saat əvvəl Rusiyanın Kiyev uşaq xəstəxanasına endirdiyi sonuncu raket zərbəsindən başlayaq. Ukraynanın malik olduğu, ilk növbədə bu cür hücumların qarşısını almağa xidmət etdiyini düşündüyümüz bütün Qərb silahlarına baxmayaraq, Rusiya ümumiyyətlə necə Kiyevə hücumu uğurla həyata keçirə bilir? Bu barədə nə düşünürsünüz?
Cavab: Uşaq xəstəxanasına hücum vəhşilikdir və biz ukraynalıların dərdinə şərikik.
Putin bunu etdi. O, NATO-nun nümayiş etdirdiyi birlik və gücdən qorxur. O, bu birliyi pozmaq istəyirdi, lakin müttəfiqlər burada – Vaşinqtonda nə vaxtsa gördüyümüz ən geniş müdafiə və çəkindirmə planlarından birini təsdiq edəcək.
Sabah həmçinin prezident Zelenski ilə görüş olacaq, burada Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək paketi açıqlanacaq. NATO təlim, təchizat və logistika üçün cavabdeh olacaq, həmçinin Ukrayna ordusunun bütün uzunmüddətli tələbatlarını təmin edəcək xüsusi komandanlıq yaradır. Bu, Ukraynaya uzunmüddətli silah tədarükünü təmin edəcək.
Müttəfiqlər Ukraynanın ölkənin müdafiəsi ilə bağlı məsələləri həll etməsi üçün ildə 40 milyard dollar ayırmaq öhdəliyi götürürlər. Biz Kiyevdə birbaşa Ukrayna hakimiyyəti ilə işləyəcək baş nümayəndə ofisi yaradırıq. Bundan başqa, NATO Ukrayna ilə birgə yenidən silahlanma qurumu yaradır. Nəhayət, dövlət katibi Blinken Ukraynanın artıq F-16 təyyarələrini və beş yeni HHM batareyasını əldə etdiyini açıqlayıb.
Sual: Ukraynalılar Rusiyanın silahları arasında NATO ölkələrindən çox sayda komponent olmasından gileylənir. Bunun qarşısının alınması üçün nə edilir?
Cavab: Rusiya silahları arasında olan yarımkeçiricilərin 90%-i Çindən tədarük olunur. Dəzgahların 70%-i Çindən tədarük olunur. Öz texnologiyalarını və döyüş sursatlarını təqdim edən Şimali Koreya və İran da var. Çinin və Şimali Koreyanın fəal dəstəyi olmasa, Rusiya müharibə apara bilməzdi.
Sual: Ukraynanın NATO-ya gələcək üzvlüyü haqqında nə demək olar?
Cavab: Biz çalışırıq ki, Ukraynanın Alyansa inteqrasiyası sürətli və dərin olsun. Üzvlük haqqında qərarı biz hamımız qəbul edirik və 32 suveren dövlətin hamısı razılaşmalıdır. Biz Buxarestdə bildiridik ki, Ukraynanın gələcəyi NATO-dadır. Sonradan Vilnyusda da bunu təkrar etdik. Ümid edirəm ki, bu il bəyanatda Ukraynanın bu istiqamətdə güclü hərəkəti və üzvlük yolunda müsbət irəliləyişi haqqında çox kəskin ifadələr olacaq.
Sual: ABŞ ukraynalıların Rusiya ərazisində Qərb silahlarından istifadə ilə bağlı hərəkətlərini niyə məhdudlaşdırır?
Cavab: Prezident Zelenski Xarkova hücum haqqında məlumat verdikdə biz tez bir zamanda elə etdik ki, ukraynalılar bu hücumun qarşısını almaq üçün zəruri olanları əldə etsin. Biz əmin olmaq istəyirik ki, Ukrayna öz maraqlarını qorumaq və Rusiyanın hücumlarının qarşısını almaq üçün hərəkət sərbəstliyinə və silahlara malikdir.
Sual: Amma, axı bu Putinin əl-qolunu açır, o, Ukraynanın müqavimət göstərmək imkanlarını məhdudlaşdırsanız, cəzadan yayına biləcəyini başa düşür.
Cavab: Mən yalnız onu deyə bilərəm ki, biz ərazilərinə qarşı təhdidləri aradan qaldırmaları üçün lazım olan elastikliyi təmin etmək məqsədilə ukraynalılarla işləyirik.