Sülh prosesində vacib gediş: İlk müjdə Amerikada verildi... - NƏ BAŞ VERİR?

12-07-2024, 12:38           
Sülh prosesində vacib gediş: İlk müjdə Amerikada verildi... - NƏ BAŞ VERİR?
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün sülh prosesinə təsirini necə qiymətləndirirsiniz? Prosesdə yaranmış bəlli durğunluq fonunda bu kimi təmasların effektivliyi haqqında nə demək olar?

- Sülhün bütün prinsipləri demək olar ki, razılaşdırılıb. Buna termin olaraq çərçivə prinsipi deyilir. Razılaşdırılmamış qalan məsələlər də var. Bu ilk növbədə Ermənistan Konstitusiyası və müstəqillik aktında Azərbaycana və Türkiyə əleyhinə olan müddəalardır. Türkiyə bu müddəalara görə, Ermənistana vaxt verirmiş kimi görünür. Hazırda onlar arasında danışıqlar davam edir. Burada söhbət iki ölkə sərhədlərinin açılması və digər məsələlərin həllində gedir. Azərbaycan isə heç bir məsələdə güzəştə getmək fikrində deyil. Hətta erməni tərəfi yazılı öhdəlik götürsə də, konstitusiya və digər normativ hüquqi aktlarında olan əsaasız iddialar aradan qaldırıldıqdan sonra bizim tərəfimizdən sülh müqaviləsinə imza atıla biləcəyi bəyan edilir. ABŞ isə hazırda tərəflərin sülhə yaxın olduğu qənaətindədir. Dünyaya bunu az qala bir müjdə kimi yayırlar.

- Dövlətlərası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində irəliləyişin əldə edildiyi deyildikdə hansı prinsiplər nəzərdə tutulur?

- Sözsüz ki, tərəflər bir-biri ilə kommunikasiyaları açmaq, sərhədlərin delimitasiya və demarkasiyasını başa çatdırmaq istəyir. Dövlətlərarası münasibətlərdə multikulturalizm elementlərini inkişaf etdirmək niyyətləri var. Təbii ki, bu zamanla həll olunacaq bir prosesdir. Sadalanan məsələlər həll olunsa bu xeyli uğurlu nəticələrin əldə olunmasına gətirib çıxara bilər. Beləliklə, dövlətlərarası münasibətlərin fundamenti formalaşar. Həmçinin bu vaxta qədər Zəngəzur dəhlizinin açılması istiqamətində də konkret addım atılar.

- Azərbaycanın başlıca şərti konstitusiya dəyişikliyidir. Ermənistanın mövcud hüquqi aktlarına dəyişiklik edilmədən sülhün irəli aparılması nə dərəcədə real görünür?

- Azərbaycan konstitusiyasında Ermənistan əleyhinə bir cümlə də yoxdur. Ölkənin rəsmi sənədlərində Ermənistanı tənqid edəcək fikirlər belə səslənmir. Bunun əksinə olaraq Ermənistan tərəfi bu məsələdə hər zaman ön planda olub İndi də bu riyakarlıq davam edir. Sözsüz ki, ermənilərin ayağının altına daş qoyanlar var. Fransa, ABŞ kimi ölkələr ermənilərə vədlər verdikcə onlar daha da ruhlanır. Əsassız tələblərində daha israrlı olmağa çalışırlar.

- Nikol Paşinyanın Azərbaycanla müəyyənləşmiş sərhəd xəttinə gəlməsi, burada çəkilən sərhəd dirəklərinin önündə dayanmaqla nəyə eyham vururdu?

- Əslində Paşinyan Azərbaycana və dünyaya nəyisə nümayiş etdirməyə çalışırdı. O belə demək istəyir: “Biz sərhədlərin delimitasiyasında hər şeyə hazırıq”. Əslində o bu məsələdə də özlərinin guya “tolerant” olduğunu göstərmək istəyir. Sadəcə olaraq ermənilər bir şeyi edib onu 10 dəfə artıq təbliğ edir. Xaricdə də çoxlu sayda erməni təbliğatçıları var. Dünyaya səpələnmiş emənilər də bu məsələdə onlara kömək edir. Məhz Paşinyanın sərhəddə gəlib tikanlı məftillər önündə durması da dünyaya nələrisə çatdırmaq niyyəti ilə bağlıdır. Demək istəyirlər ki, bax görürsünüz ki, tikanlı məftillər arxasında yaşamağa məcburuq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.