Türkiyənin məşhur generalından sensasion açıqlamalar:“Ən doğru yol Bəşər Əsədlə normal əlaqələrə keçməkdir”
5-09-2016, 10:02
Turkiyə Silahlı Quvvələri sabiq Baş Qərargah rəisi İlker Basbuğ hər zaman oz prinsipiallığı ilə secilən generallardan olub. Fərqli mövqeyi, Atatürkcü düşüncəsilə ən ağır zamanlarda belə, fikrini deməkdən, yol göstərməkdən çəkinməyib. Zaman–zaman AKP hakimiyyətiylə kəllə-kəlləyə gəlib. Siyasi mövqeyinə görə hətta həbsə də atılıb. Bütün münaqisəli durumların mərkəzində dayanmasına baxmayaraq, zaman çox vaxt onu haqlı cıxarıb.
Baş Qərargah rəisi kimi hakimiyyət–ordu münasibətlərinin formalasmasında önəmli rol oynayan İlker paşa qardaş ölkənin son dönəm tarixində yasananların ən yaxşı bilicilərindən hesab olunur.
Paşanın Türkiyənin "Hurriyet" qəzetinə verdiyi bu musahibə də bir çox gizlinləri su üzünə cıxarır. Müsahibədə üstüötrülü olsa da, Türkiyənin sabiq prezidenti Abdullah Gülün və İlker Başbuğdan sonra Baş Qarargah rəisi vəzifəsinə yüksəlmiş Necdet Özelin bostanına da daş atılır, onlar sanki FETÖ-çülükdə ittiham edilirlər…
Müsahibəni kiçik ixtisarlarla Strateq.az oxucularına təqdim edirik:
– 15 iyulun üzərindən keçən zaman ərzində beyninizi hələ də qurcalayan suallar varmı?
– Cavabını tapa bilmədiyim əsas sual budur: 15 iyul olayı qərarı dünən verilib ertəsi gün icra ediləcək bir hadisə deyil. Bir təşkilatlanma prosesi olub və bunu hər kəs bilirdi. Çevriliş ola biləcəyi barədə yazılırdı. 8 – 8.5 aylıq bir hazırlıq prosesindən söhbət gedir. Kəşfiyyat orqanlarımız bu fəaliyyəti necə təsbit edə bilməyib? Yalnız MİT deyil, polis və jandarma kəşfiyyatı da həmçinin…
– Əslində mütləq xəbərdar olmaları lazım idi, deyirsiniz?
– Xəbərdar olmamaları qeyri-təbii haldır. MİT PKK-nın içində agent saxlayır. FETÖ-nün içinə necə girə bilməyib? Açıqlamaya əsasən, son anda bir zabit MİT-ə gəlib və bu şəkildə ilk kəşfiyyat məlumatı əldə edilib. Bunu hələ də başa düşə bilmirəm.
– Ağlınızdakı digər sual işarəsi nədən ibarətdir?
– Hərbi lisey, hərb məktəbi, akademiya… 10 ilin üzərində bir təhsildən söhbət gedir. Biz bu insanların düşüncələrini necə dəyişdirə bilməmişik? Çevrilişçilər içərisində generallar belə var. Xüsusi Qüvvələrdəki hadisəni xatırlayaq…
– Semih Terzini nəzərdə tutursunuz?
– Bəli. Hər bir general müdhiş bir təhsil-tədris prosesindən keçir. İllərlə "rəhbərimiz Mustafa Kamal Atatürkdür" deyir. Atatürkün göstərdiyi yol isə ağıl və elmdir. Amma bu insanlar elə bir adama (Fəthullah Gülən nəzərdə tutulur – H. O.) ölümünə bağlanır ki, ana qayəsi dini dövlət qurmaqdır! Deməli, bu insanların düşüncələrini dəyişdirməkdə uğursuz olmuşuq. Məni ən çox narahat edən də budur. Atatürkün ordusunda general olacaqsınız, amma onun ideallarının 180 dərəcə əksinə hərəkət edəcək, türk millətinə atəş açacaq nöqtəyə gələcəksiniz. Bu, inanılmaz bir şeydir! İnsanın ürəyini yandırır.
– Həbs olunanların hamısı FETÖ-çüdürmü, sizcə?
– Əsas struktur FETÖ-çülərdən təşəkkül tapmışdı. Bunda heç bir şübhə yoxdur.
–Əmrlərin Güləndən gəldiyinə dair dəlillər ortaya çıxacaqmı, sizcə?
– Dəlillərin ortaya çıxacağını təxmin edirəm. Amma “həbsə atılanların hamısı FETÖ üzvüdür” söyləmək mümkün deyil. Böyük bir qisminin bəlkə də FETÖ-ylə heç bir əlaqəsi yoxdur. 15 iyul gecəsi bir az tərəddüdlü hərəkət edənlər də, camaatın içində olmayan, amma müdaxiləyə isti baxan bir qrup da var. Sonuncular nə olduğunu anlamadan özlərini hadisənin ortasına atan, hətta aldadılanlardır.
– Ordu rəhbərliyinin o günkü reaksiyası və ifadələri tənqid olundu, hər kəsi qane etmədi.
– Ordu rəhbərliyinin əksəriyyəti demokratiyanın yanında dayandı. Çevriliş cəhdinə qarşı mövqe ortaya qoydu. Bunun haqqını verməyimiz lazımdır. Amma 15 İyul gecəsini daha yaxşı idarə edə bilərlərdimi? Bəli, edə bilərdilər.
– Məsələn, nə edə bilərdilər?
– Detallara girməyək. Mütləq onlar da alınması lazım olan tədbirləri düşünürlər.
basbug
– Əmr qulluqçularının, yavərlərin belə FETÖ-çü olduqları illər boyu aydın deyildimi? Siz 2006-cı ildə Quru Qüvvələri komandiri olarkən, xüsusi işlər müdirinizi işdən uzaqlaşdırmışdınız. Onun fəaliyyətində nəyi sezmişdiniz?
– Bəli, Şener Topuçu deyirsiniz. İstanbuldakı bir yığıncaqla əlaqədar məlumatları kompüter üzərindən göndərdiyini öyrənmişdim. Gizli toplantının sənədləri kompüter üzərindən Ankaraya niyə göndərilməlidir? Onu həmin vəzifədə ikinci il saxlamadım. Qəti hökm verəcək vəziyyətdə deyiləm, amma ortada bir gerçək var, həmin adam hazırda general-mayor və məhbusdur.
– Həbs olunanlar arasında sizi çaşdıran şəxslər varmı?
– Var, əlbəttə. Məsələn, İkinci Ordu komandiri Adəm Hüdudinin adı da çevrilişçilər arasındadır. Ümidvaram ki, bir çoxları mənimlə eyni düşüncəni daşıyır. Bəlkə də Hüdudinin günahsızlığı ortaya çıxar.
– Çevrilişçilər ictimaiyyətin yeni tanıdığı adamlardır, amma orduda sizlər bu insanlarla bir ömür keçirmiş. Hardasa, 30-40 il…
– Məsələ də elə bundadır. Hesab edirəm ki, Baş Qərargahın MİT-dən tamamilə qopması çox kritik qərar idi. Bununla da ordunun zabitlər üzərindəki nəzarəti sıradan çıxarıldı. Biz yalnız iş saatlarında bir-birimizi görmək, nəzarətdə saxlamaq durumunda qaldıq. Bu da yetərsiz idi. Çünki iş neçədə başlayır? 9-da. Axşam 5-ə, 6-ya qədər. Qərargah və hərbi hissələrdə bir yerdə oluruq. Oralarda əks-kəşfiyyat deyə təşkilat var. Problem budur ki, iş saatı bitdimi, hər kəs çantasını alıb, hərbi hissədən ayrılır. Bu nöqtədə bizim səlahiyyətimiz də tükənir. TSQ-nin öz zabitlərini hər an nəzarət altında tuta biləcək təşkilata ehtiyacı var. Amerika, alman ordusunda bu struktur var – "fərdi istintaq". Harada? Kazarma və qərargah xaricindəki həyatda. Bunu kimsə anlamır.
– Vəziyyətin bu hala düşməsində AK Partiyanın və prezidentinin siyasi məsuliyyəti varmı? MİT-in bir çox məlumatları bildiyini, amma sizinlə bölüşmədiyini deyirsiniz o dövrlər üçün. Niyə sizi məlumatlandırmırdılar?
– Türk Silahlı Qüvvələrinə sızmalar 1970-ci illərdən başlayır. 1992-ci ilə qədər yad ünsürlərə qarşı təsirli bir mübarizə verirdi TSQ. Çünki MİT-dən məlumat axını vardı. Amma 1992-ci ildən sonra MİT mülkiləşdi və məlumat axını da kəsildi. Mənim Baş Qərargahda olduğum 2002-2010 arası bizə MİT-dən tək bir adamla əlaqədar Camaatla bağlı məlumat gəlmədi.
– Niyə, görəsən?
– Çünki AK Partiyanın 2002-ci ildə iqtidara gəldiyi zaman öz kadrları yox idi. Kadrların bir qismi ülküçü-milliyyətçi, bir qismi sosial-demokrat və liberal idi. Siyasi iradə onlarla əməkdaşlıq etmək istəmədi. Camaatın isə müdhiş bir gücü vardı, onlara söykənərək hakimiyyət quruldu. 2002-2007-ci illər arası AK Partiya ilə camaatın sıx əməkdaşlıq dövrü idi. TSQ ilə də birbaşa qarşıdurma yox idi. Burada bir məqam var: Tayyip Ərdoğanın camaatla isti münasibəti yox idi, onlardan həmişə uzaq dayanırdı. Bununla belə, əməkdaşlıq da edirdi. 2007-2011-ci illər isə tam ittifaq dövrü idi. Yəni TSQ-ya qarşı icra edilən sui-qəsdlərə dəstək verilirdi.
– Bu ittifaqın hədəfi nə idi? Hakimiyyətlə camaatı nə birləşdirirdi?
– Tam müştərəklik, tam ittifaq, sui-qəsdlərə tam dəstək verilirdi, burda da heç bir şübhə yoxdur. "Nə istədilər, vermədik" fəlsəfəsi hakim idi bu əməkdaşlığa. Mən bu müddətdə vəzifədə idim. Elə bir dövr idi ki, nəyi necə edəcəksiniz, bilinmirdi. Bu dövrdə istər AK Partiyanın, istər hörmətli prezident Ərdoğanın siyasi məsuliyyəti var, bunu açıq deyirəm. Zatən, özü də üzr istədi. "Səhv etdik, aldadıldım" dedi.
– Niyə və necə bitdi bu ittifaq?
– 2011-ci il seçkiləri, dərsxana hadisəsi, 3 iyul Fənərbaxça hadisəsi, mənim həbs olunmağım … Ardınca da MİT rəhbərinin istintaqa çağırılması hörmətli Ərdoğan üçün bir siqnal idi. "Növbə bizə gəlir" deyə düşündü. O nöqtədən sonra "döyüş dövrü" başladı. Hörmətli Ərdoğan təkbaşına döyüşdü, yanında çox adam olduğunu zənn etmirəm.
– Yanındakılar qarşı tərəfəmi yaxın idilər?
– Eyni şeyi mən yaşadım. Ən böyük sui-qəsdlərlə qarşı-qarşıya qaldığımız dövrdə Ərdoğana dedim ki, "Bu təhdid bu gün bizə, sabah sizə qarşı yönələcək". Cavabı bu oldu: "Komutanım, sən bunları çox böyüdürsən". Mənə belə dedi. 2012-2016-ci illər arası hörmətli Ərdoğan camaat təhdidiylə əlaqədar aləmə car çəkərkən, ətrafındakılar üzünə söyləməmiş ola bilər, amma yəqin ki, arxasınca "bu işi çox böyüdür" deyiblər. Mümkündürmü?
– Ola bilər.
– Aman Allahım, 15 iyuldan sonra bütün Türkiyə oyandı! "Çox böyüdürlər, belə də təhdid olar?" deyənlər bu gün camaatın ən böyük əleyhdarıdırlar. Onlara da dedim: barı, bundan sonra danışmayın. Susun, barı, ayıbdır. Kimin necə baxdığını, kimin necə dəstək verdiyini Türk milləti bilir. Birdən-birə 15 iyul axşamı səhv yolda olduğunuzu anladınız? Barı, 16 İyuldan sonra danışmayın, öz guşənizə çəkilib səssiz dayanın! Susmaq da əsilzadəlikdir.
basbug2
– 2010-cu il hadisələrin istiqamətinin dəyişildiyi zamandır. Hökumət Həsən Iğsızın Baş qərargah rəisi olmasına maneə törədir, Necdət Özelin önü açılırdı. Sonrakı illərdə rütbələri və vəzifələri artan generalların çoxu bu gün FETÖ-cülükdən həbsdə…
– 2010-cu il Yüksək Hərbi Şura prosesində 102 zabitə "Balyoz" cinayət işiylə həbs qərarı verildi. Bu, rəsmən YHŞ-in manipulyasiyası idi. Camaat tərəfindən həyata keçirildi. Aralarından üç adam generallığa və admirallığa yüksəldi. Bir də Həsən Iğsızın qüvvət komandiri olması lazımdır. Çox çirkin, tam Şura toplantısı əsnasında qəzetlərdə "Həsən Iğsız internet çevrilişindən istintaqa çağırıldı" xəbərləri çıxdı. Türkiyə bunları unutdu, unutmasın. Siyasi iradə "General Həsən Iğsızın qüvvət komandiri olmasını istəmirəm" deyə bilər, buna hörmətlə yanaşarıq. Amma səbəb nədir? Səbəb indi tam dəqiqliyiylə ortaya çıxdı: Fəthullah Gülən camaatı istəməyibmiş.
– Siz o zaman da görürdünüz bunu?
– Təbii ki, camaat bu işin içində olduğunu görürdüm. Həsən Iğsız Baş qərargah rəisi ola bilmirdisə, mövcud hərbi qaydalara görə, onun ardınca Atilla İşık bu posta gəlməli idi. O da səhərisi gün istefa etdi. Sırada Necdət Özel vardı. Jandarma Ümumi Komandiriydi. Necdət Özelin Quru qüvvələri komandirliyinə gəlməsi lazımdı. Amma Necdet Özel o il bu posta gələrdisə və İşıq Koşaner də üç il ərzində Baş Qərargah rəisi olardısa, qüvvət komandiri iki il davam etdiyi üçün Necdet Özelin həmin vəzifəyə yüksəliş yolu bağlanacaqdı. Siyasi iradə Necdət Özelin jandarmada davam etməsini istədi. Bunu ilk dəfə sizə deyirəm, bu müddət uzandıqda bizə məlumatlar gəlirdi. 30 avqustdan əvvəl məni təqaüdə göndərməyi düşünmüşdülər. Məndən sonra yerimə gələcək hərbçi isə İşıq Koşaner olacaqdı.
– Niyə təqaüdə göndərmək istəyirdilər sizi?
– İşıq Koşanerin hər istəyə "bəli" deyəcəyi düşünülübmüş. Prezident (Abdullah Gül) onu yanına çağırıbmış. Bunu mənə Koşaner söylədi. "Get" dedim, “prezident çağırmışsa, gedəcəyik, hərbi tərbiyəmiz belə tələb edir”. İşıq Koşaner də onun yanına getdi və "Mən Baş Qərargah rəisimizlə eyni fikirdəyəm" dedi…
– Buna görə imtina etdilər sizi vəzifədən uzaqlaşdırmaqdan?
– Sonra qulağımıza bir xəbər gəldi. "Başbuğ onsuz da gedir, Koşaner də təqaüdə ayrılır. Vəzifəyə təyin etmərik" deyirmişlər. Gördük ki, İşıq Koşaner paşanın Baş Qərargah rəisliyi da risk altına düşür, bu problemin daha çox uzanmasını uyğun hesab etmədik. İşıq Koşanerin Baş Qərargah rəisi olmasını hərbi nizamnaməyə uyğun görürdüm. Ən azından təqaüdə göndərilməsinə maneə olmaq üçün "Tamam, nizamnamədən kənara çıxaq, Necdət Özel qalsın" dedik.
– Amansız bir mübarizə aparırmış iki tərəf də …
– 2010-cu il Şura toplantısında istər o üç adamın yüksəlməməsi, istərsə də Quru qüvvələri Komandirliyi məsələsində dövrün prezidenti Abdullah Gülü daha israrlı gördüm.
– Səbəb nə ola bilər?
– Şərh edə bilmərəm. Amma ən azından onu mən daha israrlı görürdüm.
– Niyə Necdət Özeli bu qədər istədilər?
– Əslində planlaşdırmada Necdət Özelin Baş Qərargah rəisliyi ehtimalı var idi. Bunu söyləmək, obyektiv olmaq məcburiyyətindəyəm. Necdət Özeli mən Ege Ordu Komandirliyindən, İkinci Ordu Komandirliyinə gətirmişdim ki, bu da adi bir şey deyil. İkinci Ordu Komandanlığının əhəmiyyətini izah etməmə ehtiyac varmı? Terrorla bu ordu mübarizə aparır. Mənim bu qərarım özü üçün də sürpriz olmuşdu.
– Yaxşı komandir olduğu üçünmü bu qərara imza atmışdınız?
– O, vəzifə üçün uyğun idi. Mənim təyin etdiyim vəzifənin təhkimçiliyində briqada və korpus komandirliyi də var.
– Kitabınızda "həbsxanada olduğum müddət ərzində nə Baş Qərargah sədrinin (Necdət Özel) nə də yoldaşının bir səfər belə yoldaşımı və ailəmi axtarmaması düşündürücü olduğu qədər başa düşülməsi çətin hal idi" deyə yazmısınız. Bu sözünüzə görə incidimi sizdən?
– Bilmirəm, şərh etmək etmək istəmirəm. Bir az kədərli hadisə idi bu ilgisizlik. Onu qərargah minbaşılığından tanıyıram. İllərdir yaxşı-pis münasibətimiz olub. Baş Qərargah rəisliyi etmişik, nə olursa olsun … Bilmirəm, cavabı mən verəcək vəziyyətdə deyiləm. Təbii bir də üzərində dayandığımız mövzu budur: Mən və yoldaşlarım internet çevrilişində suçlandım. Bir az hadisədən başı çıxan insanın çox rahatlıqla ortada heç bir şey olmadığını anlaya biləcəyi iddiadır bu. Baş Qərargahda olan bir hadisədən söhbət gedir. Mənimlə bərabər ittiham edilib həbsə atılanların bəziləri Özelin yanında çalışmışdılar. Onda da tək söz demədi. Bu da bir az düşündürücüdür.
basbug3
– Ordu bu gün nə vəziyyətdədir?
– Çox ciddi bir zədə yaşadı. Çətinliklərə baxmayaraq, ürəyinə daş basır, vəzifəsini ən yaxşı şəkildə icra etməyə çalışır. Baxın, Cerablus əməliyyatına. Bu əməliyyat zədənin bir az azaldılmasında rol oynaya bilərmi? Əlbəttə, oynayar. Amma ordunun imkan qabiliyyətlərini aşan status-kvo mövcuddur.
– Nə kimi?
– Ciddi bir pilot zəifliyi var. Bir pilotu neçə ildə yetişdiririk! İçində olduğumuz coğrafiyada sabah nə olacaq, müəyyən deyil. İstanbuldan hərbi hissələri, Ankaradan zirehli texnikanı boşaltdılar. Amma Türkiyə fövqəladə bir vəziyyətdən keçir. PKK-nın böyük şəhərlərdə edə biləcəyi hərəkət riski yoxdurmu?
– Nə edə bilər PKK?
– Birinci Ordu komandiri olduğum zaman İstanbulda 17 yerdə eyni anda hərəkət var idi. Eyni hadisə baş verərsə, polis, jandarma kifayət etməyə bilər. İstanbula əslində TSQ-ın hamısını gətirsək belə, kifayət etməyə bilər. Nəhəng yerdir İstanbul. Amma ən pis ssenariləri düşünərək, minimum qüvvəni saxlamaq məcburiyyətindəsiniz. Qarşıdurmaya girsək, bəzi yerlərin idarəsini əldə saxlamaya bilərik.
– Belə bir şey ola bilər?
– İdarəçilər ən pis ssenariləri düşünmək məcburiyyətindədir. Çevrilişləri təşkilatlar yox, insanlar edər. Təşkilatları yıxmamalıyıq. Akıncılar bazasını bağlayırsınız. Hava qüvvələri üçün haradansa Ankaraya gəlmək neçə dəqiqə çəkər? Akıncılar bazasında milyardlıq obyektlər var, o da ayrı məsələ. Sabah kim istifadə edəcək, necə istifadə edəcək, bilmirəm. Amma bu bazaları boşaldaraq ordunun yaşadığı zədəni yüngülləşdirirsiniz, yoxsa böyüdürsünüz? 30 avqustda Atatürk Mövzeleyində şəkillərini görürük, insanı narahat edir.
– Necə izlədiniz tanksız, təyyarəsiz 30 avqust paradını?
– Əsgərlər nəzarət postlarından keçirilərək, Movzeleyə daxil olurmuş… Təhlükəsizlik, təbii ki, olmalıdır, amma bu, göstərə-göstərə edilməməlidir. Silahlı Qüvvə rəhbərlərinin tutularkən təzyiqlərə məruz qalması və bu da azmış kimi, çəkilmiş görüntülərinin yayımlanması da doğru deyil. FETÖ-nün etdiyi çirkin işlər səviyyəsində zərbə vurur orduya. O gecə Baş Qərargah binasında qışqırıb-bağıran mülki vətəndaşla var idi. Ora Marşal Fevzi Çakmağın qərargahıdır, tarixi və müqəddəs yerdir. Bu özbaşınalığa görə kimsə hesab soruşmur!
– Sanki hökumətin orduya güvən problemi var kimi. Baş Qərargah rəisi olmaq üçün ordu komandiri olma şərti ortadan qalxır.
– Qanunda onsuz da belə bir zərurət yox idi. Necip Torumtay ordu komandiri idimi? Necdət Özel Jandarma komandiri idi. Çox qısa müddətə Quru Qüvvələri Komandirliyinə gətirildi. Sonra Baş Qərargah rəisi təyin olundu.
– Niyə o zaman bu dəyişiklik böyük islahat kimi təqdim edilir? Bununla sanki bütün general və admirallara deyirlər ki, mən hər hansı birinizi istəsəm, seçə bilərəm.
basbug4
– Orasını sən deyirsən. Əlbəttə, son söz siyasi iradənin… Amma niyə ordunun nizamına toxunurlar? Deyirik ki, ortada haqlı səbəb yoxdursa, ənənəni pozmayın!
– Bu istəyiniz ordunun ayaqda qalması üçündürmü?
– Bəli. “Hərbi diktaturanı ləğv edirik” deyərək, əsgər üzərində vətəndaş qəyyumluğu qurulur? Yüksək Hərbi Şuranın yeni strukturu da bunu göstərir. Bundan sonra bu qurum dörd hərbi, səkkiz mülki şəxsdən ibarər olacaq.
– “Vətəndaş qəyyumluğu” deyilən bir şey varmı?
– Qəyyumluq özünü idarə edə bilməyən bir təşkilata nəzarətçi təyin etmək deməkdir. “Əsgər özünü idarə edə bilmir” deyərək, YHŞ-in tərkibini dəyişdirilir, 4/8 nisbətində ordunun idarəsi mülki şəxslərə verilir, Milli Müdafiə Universiteti qurulur. Bunları mülki idarəçilikdən asılılıq vəziyyətinə gətirilmək kimi qiymətləndirirəm.
– “Fərat qalxanı” ağıllı əməliyyat idimi?
– Lazımlı, hətta gecikmiş bir əməliyyatdır. Suriya dörd hissəyə bölünmüş vəziyyətdədir: Əsədin hakim olduğu bölgə, İŞİD bölgəsi, Azad Suriya Ordusu və Suriya Demokratik Gücləri bölgəsi. Ki, ana ünsürü PYD … PYD-yə kim rəhbərlik edir, bilirsinizmi?
– Kim?
– Bahoz Erdalın rəhbərlik etdiyi görünür. Bir neçə il əvvəl PKK-nın silahlı gücü HPG-ni idarə edən adam idi. Kimsə başını quma soxmasın… Amma ABŞ üçün ilk hədəf PYD deyil, İŞİD, sonra isə əl-Nusradır.
– PYD ilə onlara qarşı ittifaq içində…
– PYD-nin gücü 40 min ətrafında. Amma iki milyon nəfərlik sahəyə nəzarət edir. Amerikanın hava dəstəyi ilə… Amerika dünyəvi bir dövlət rəhbərliyinin qurulmasını və islamdan istifadə edən terror təşkilatlarının təmizlənməsini istəyir.
– Rusiya isə Suriyada ABŞ-la biləkmi güləşdirir?
– Rusiya da "birinci hədəfim İŞİD-dir" deyir. Ən yaxın müttəfiqi isə Əsəddir. Limanı, hava bazası kimi Aralıq dənizidəki mövqeyini qorumaq istəyir. Bir də çeçen təhdidi var. Ciddi sayda çeçen silahlısının orada təsirsiz hala gətirməyi hədəfləyir. Rusiya ilə Amerika ümumi xətlərdə birlikdə hərəkət edir əslində, qarşıdurma ehtimalı görmürəm.
– Türkiyə bu beynəlxalq münasibətlərdə harada dayanır?
– Kilis, Karkamış bombalanır. Sərhəd təhlükəsizliyimiz hazırda yoxdur. Mühacir problemi və kürd dəhlizi problemi var. 17 avqust 2013-cü il tarixində Abdullah Öcalan "Suriyada bizimkilər baş aktyor olacaq. Muxtar bölgələr qurmalıyıq" dedi. 3-4 ay sonra Cəzirədə, sonra Afrində avtonom bölgə elan edildi. Buna səs çıxarmadım. Qırılma nöqtəsi YPG-nin (PYD-nin hərbi qanadı) Kobanini İŞİD-den geri alması oldu. PYD "ilk dəfə nəzarətimizdə bir torpaq olacaq" deyə düşündü. İraqı öz torpağı olaraq görmürlər, çünki orada Bərzaniylə çəkişmələri var. Amma Suriyanın şimalı birbaşa PKK-nın nəzarəti altındadır.
– Bu, Türkiyə üçün təhdiddirmi?
– Onsuz da İraq sərhədində Bərzani ilə həmsərhədik. Suriyanın şimalı da müstəqil dövlətə çevrilsə, təhlükəsizlik problem yaşaya bilərik. Mən elə görürəm. Buradakı PKK-nın siyasi varlığı daha bərbad durumdur. Türkiyə bunu Tel Abyad alınınca gördü. “Bu dəhlizdə əməliyyat həyata keçirəcəyik” deyərkən, 21 iyulda Suruç, ertəsi gün Ceylanpınar terroru ilə çalxalandıq. Qorxaraq deyirəm: Suriyada siyasi çözüm konkretləşməmiş Türkiyədə terror hadisələrinin bitməsi çətindir.
– "Fərat Qalxanı" əməliyyatı hara qədər davam edər?
– Qısaca desək, Mareyə qədər gedə bilərik. Amma təhlükəsizliyimizi tam təmin edə bilmərik. Dərinlik üçün ya Menbiçə, ya əl-Baba enməliyik… Ora 20-30 kilometrlik bir məsafədədir. Əsəd rejimi üçün əhəmiyyətli olan Hələb. Rusiya buna göz yuma bilər. Danışılmış belə ola bilər Rusiyayla.
– Amerika nə deyər?
– Qarşıdurma istəməzsə, YPG-yə Fəratın şərqinə çəkilməsi üçün təzyiq edə bilər. YPG Fəratın şərqinə keçsə, o güvənli bölgə ASO-nun idarəsinə geçər – təbii TSQ-nın dəstəyi altında.
– Bu vəziyyətdə TSQ burada nə qədər qalar?
– ASO-nun buraları təkbaşına tutması çətindir. Orada çox qalmaq ehtimalı ola bilər. Hörmətli cənab prezident "Bölgədəki terroristləri təmizləmədən çıxmayacağıq" dedi. Terrorist anlayışı içində YPG də var.
– Bu, yaxşı bir şeydir, yoxsa bataqlığa girmək deməkdir?
– Bəlkə, ən doğru hərəkət bir an əvvəl Suriya rejimiylə normal əlaqələrə keçməkdir. Türkiyə Əsəd rejiminə "gəl, bu bölgənin məsuliyyətini öhdənə götür, mən də hüdudlarıma çəkilim" deyə bilər. Baş nazir (Binali Yıldırım) sanki bu hərəkət tərzinin işarəsini verir. Məncə, ağıllı olan da budur.
– Bölgədə kürdlərin gücü nə qədərdir?
– Cəzirə və Kobaninin 50%-ə yaxını kürddür. Hataya bitişik olan Afrində kürdlər çoxluqdadırlar, amma Cerablus, Menbiç, Elbabı da alsalar, kürd əhalisi nisbəti 30%-ə düşər. Demoqrafik olaraq haqq iddia edə biləcək mövqedə deyillər. Amma Şamda və Hələbdə bir milyon kürd var. Onları gətirib burada yerləşdirə bilərlər…
Tərcümə Strateq.az-a məxsusdur.