Deputat övladı deputat olur: Qanun bu halı necə tənzimləyir? - Əsas şərt belədir
24-07-2024, 16:38
Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində sabiq və hazırkı deputatların özləri qatılmasalar də övladları, ailə üzvləri, yaxınlarının iştirak edəcəyi açıqlanıb. Hətta bəzi sabiq məmurlar, fəliyyətini davam etdirən icra başçıları da deputatlıq mandatı uğrunda siyasi mübarizəyə qatılıb. Qanunvericiliyin bu kimi halları necə tənzimlədiyi gündəmə gəlib.
Mövzu ilə bağlı Teleqraf.com-a danışan hüquqşünas Sahib Məmmədov bu məsələdə məhdudiyyətlərin olmadığını deyib.
O qeyd edib ki, qanunvercilikdə belə bir məhdudiyyət yoxdur:
“Bu, xarici ölkələrdə də geniş yayılmış bir təcrübədir. ABŞ senatında ailəvi təmsil olunan senatorlar var. Hətta prezidentlər ailəsi mövcuddur. Burada əsas amil ədalətli və azad seçki prosesinin olmasıdır. Qanunla kiminsə passiv seçici olmaq hüququ məhdudlaşıdırılmayıbsa, o seçkidə iştirak edə bilər”.
Hüquqşunas hesab edir ki, din xadimi və hansısa bir məhdudiyyətlərin olması faktlarını çıxmaq şərti ilə hər kəs seçkidə iştirak etməkdə sərbəstdir:
“Kiminsə qohumudur və s. Qanun bu hala qarşı məhdudiyyət qoymur. Ola bilsin ki, burada kiminsə maraq konflikti yaransın. Bu halda qərarların qəbulunda həmin şəxsin iştirakı məhdudlaşdırılır. Bu da daxili qaydalarla edilir”.
Sahib Məmmədova görə, Azərbaycanda birmandatlı seçki sistemidir:
“Ona görə də, Azərbaycanda millət vəkili deyil, deputat anlayışı əsas prinsipdir. Amma gələcəkdə bu kimi halların çoxalması fonunda ölkə konstitusiyasına uyğun hər hansı bir məhdudiyyətin önə çəkilməsi anlayışı mövcud deyil. Sadəcə olaraq icra hakimiyyəti strukturlarında belə məhdudiyyətlər var. Yaxın qohumların birlikdə, tabeçilik qaydasında işləməsinə məhdudiyyət qoyulur. Burada da yaxın qohumların dairəsi çox dardır. Yalnız ər-arvad, ata-ana, qardaş-bacı ilə məhdudlaşır. Amma seçkili orqanda belə bir məhdudiyyət yoxdur”.