Gürcüstanda həbs edilən azərbaycanlı jurnalistin həyat yoldaşı: Əfqanı çox gərgin və narahat gördüm

23-08-2024, 15:04           
Gürcüstanda həbs edilən azərbaycanlı jurnalistin həyat yoldaşı:
Avqustun 21-də Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla ilk dəfə saxlanıldığı Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Sadıqova Amerikanın Səsinə bildirib ki, həyat yoldaşını çox gərgin və narahat görüb.

“Əfqan Tbilisidə daim təhid altında olan azyaşlı övladalrımızdan narahatdır. Onunla eyni kameraya öz adamlarını yerləşdiriblər. Sağlamlığında da problemlər yaranıb. Əfqanın əsəb sistemi pozulub, yuxusuzluqdan əziyyət çəkir. Müxtəlif dərmanlar qəbul etsə də gərginliyi keçmir”, Sevinc Sadıqova qeyd edib.

Sadıqova həmçinin həyat yoldaşına istinadən bidlirib ki, jurnalist ona qarşı olan cinayət işində adları keçən insanları tanımadığını bildirib.

“O dedi ki, cinayət işində ona qarşı adı keçən insanlaırn heç birini tanımır, onları görməyib və heç zaman telefonla belə ünsiyyətdə olmayıb. Sadəcə ona qarşı ittiham uydurulub. Əfqan hesab edir ki, ekstradisiya olunarsa onu Azərbaycanda ciddi təhlükə gözləyir. Ekstradisiyadan sonra hansı ittihamı istəsələr onu da uyduracaqlar. O saxlanılmasının tənqidi məqalələri ilə bağlı olduğunu bildirdi”, Sadıqova Amerikanın Səsinə deyib.

Azərbaycanlı jurnalist ötən il dekabrın 24-dən Gürcüstanda yaşayır. O, Gürcüstana müalicə üçün getdiyini və sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.

Jurnalist avqustun 3-də Gürcüstan polisi tərəfindən saxlanılıb.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi hakim Ketevan Caçvadzenin sədrliyi ilə Əfqan Sadıqov barəsində ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Məhkəmədə bildrilib ki, Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlər - “hədə-qorxu ilə tələb etmə, başqasının külli miqdarda əmlakını ələ keçirmə, dəfələrlə təhqiredici məlumat yaymaqla hədələmə” üzrə cinayət işi qaldırılıb.

Əfqan Sadıqovun həbsi Azərbaycan tərəfinin müraciəti əsasında həyata keçirilib.

Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları” hüquq müdafiə təşkilatının bu ölkədə ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayətini qəbuledilməz hesab edib.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.

Gürcüstanın Hüquqları" (Rights Georgia) hüquq-müdafiə təşkilatı Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun maraqlarını qoruduğunu elan edib. Bu təşkilat 2017-ci ildə Tbilisidə həbs edilən və Azərbaycan məhkəməsi tərəfindən 6 il azadlıqdan məhrum edilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının maraqlarını da Gürcüstanın Milli Məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində təmsil edib.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov 2020-ci ilin mayında da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O, həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.