Hulusi Kılıç: "Qərb və ABŞ humanitar yardım adı altında öldürücü silahlar göndərir"
12-09-2024, 10:50
Dünən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə Ermənistan arasında İrəvana ayrılan yardımın 250 milyon dollara qədər artırılmasını nəzərdə tutan müqavilə bağlanıb. Müqaviləni təşkilatın Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Paşinyanın müavini Mqer Qriqoryan imzalayıb. Ayrılan vəsaitin təbii fəlakət riskinin idarə olunması, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, regional əməkdaşlıq, demokratiyaya dəstək və s. istiqamətlərdə istifadə olunması nəzərdə tutulur.
ABŞ-nin bu addımının səbəb və məqsədləri haqqında Oxu.Az-a danışan İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə təmsilçisi, Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Vaşinqtonu ikibaşlı siyasət aparmamağa çağırıb:
"ABŞ-yə Cənubi Qafqazdan uzaq durmağı tövsiyə edirəm. Biz bunu həm ABŞ-dən, həm də digər Qərb dövlətlərindən gözləyirik. Çünki münasibətlər bərabərhüquqlu əsasda qurulmalıdır. Lakin bunlar bütün vasitələrlə yalnız öz mənfəətləri barədə düşünürlər. Vaşinqton əgər həqiqətən sülh istəyirsə, Cənubi Qafqazda balansı gözləməlidir. ABŞ USAID üzərindən müxtəlif bəhanələrlə Ermənistana yardımın 250 milyon dollara qədər artırılması qərarını verdi, müqavilə imzalandı. Ayrılacaq vəsaitin demokratik inkişaf, təbii fəlakət riskinin idarə olunması, kibertəhlükəsizlik və s. sahələrə sərf olunacağı bildirilir. Əlbəttə ki, biz heç bir halda buna inanmırıq, əsl məqsədin nədən ibarət olduğunu çox yaxşı anlayırıq. ABŞ, həmçinin bir sıra Qərb ölkələrinin insanlara humanitar yardım adı altında onları öldürəcək silahları göndərdiyini bilirik".
Diplomat heç bir yardımla geosiyasi reallığı dəyişməyin mümkün olmadığını bildirib:
"Biz Qərbin demokratik inkişafa dəstək bəhanələri ilə harasa xoşbəxtlik apardığını görmədik. İndi Ermənistana bu pərdə altında edilən müxtəlif "yardım"lar da onlara xoşbəxtlik gətirməyəcək. Hazırda müxtəlif çətinliklərlə müşayiət olunsa da, Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir, irəliləyişlər var. Belə həssas mərhələdə bütün ölkələr və siyasətçilər prosesə mənfi təsir göstərməsin deyə atdıqları addımlara diqqət yetirməlidirlər. Əks halda bu, bölgədə güc balansını Ermənistanın xeyrinə dəyişdirmək cəhdinə çevrilir. ABŞ-nin də məqsədinin bu olduğunu bilirik. Ancaq Ermənistanın başını sığallayaraq müharibəyə sürükləyənlər bununla mövcud geosiyasi reallığı dəyişə biləcəklərinə ümid etməsinlər. Çünki Azərbaycan tək deyil, Türkiyə hər zaman onun yanındadır. Paşinyan hökuməti isə xam xəyala qapılmamalı, kənardan təhriklərə uyub özü üçün fəlakətlə nəticələnəcək addımı atmamalı, ona verilən tarixi fürsəti yaxşı dəyərləndirməlidir".
Söhrab İsmayıl