Kimlər Azərbaycanda türkiyəli iş adamının başına belə oyunu açdılar?

16-09-2016, 18:11           
Kimlər Azərbaycanda türkiyəli iş adamının başına belə oyunu açdılar?
Azərbaycanda başına müsibət gətirilən türk iş adamı Mövlanə Əli Mərcan Yenicag.az-a danışdı

10 il öncə Azərbaycana dəvət edilərək, başına min bir oyun gətirilən tanınmış iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul Böyük Şəhər Bələdiyyə başqanı olduğu dönəm Bələdiyyə Məclisi üzvü olan, “Mərcansoy” Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mövlanə Əli Mərcanın başına Azərbaycanda gətirilən müsibətlər barədə məlumat vermişdik. Bu gün həbsdə olan İlham Qasımov və ortağı Sahib İbrahimovun şəriki olan, ancaq bir neçə nəfərə satılan evlərin sakinləri kimi zərərçəkən olan Mərcan ailəsi öz haqqını ala bilmir. Öz haqqını ala bilmədiyi kimi, Bakıda başlarına gəlməyən müsibət qalmayıb. Həm ölkəyə investisiya qoyub, həm bir qəpiyin sahibi olmadıqları kimi oyun içində oyunla rastlaşıblar. Bütün bunları Mövlanə Əli Mərcanla müsahibədən öyrənirik. Bütün bunlara rəğmən Azərbaycana qəlbən bağlı olan iş adamı problemin Prezident İlham Əliyevə çatdırılacağı təqdirdə həll olanacağına inanır. Mövlanə Əli Mərcanla Türkiyədəki son yaşananlara iş adamı olaraq münasibətini bildirməklə başlayan söhbət Azərbaycanda başına gətirilən müsibətlərə qədər uzandı…

– Mövlanə bəy, öncəliklə, “Mercansoy” Şirkətlər Qrupunu tanımaq istəyirik…

– 1957-ci ildən İstanbulda fəaliyyət göstəririk, dayanıqlı tikinti malları satışı üzrə çalışırıq. Bu istiqamətdə topdan mal satışı ilə işə başladıq. “Mercansoy” hazırda Türkiyədə tanınan bir şirkətdir. Hazırda da fəaliyyətimiz elektronika və məişət malları üzərində davam edir. “Grundik” firmasının Türkiyə distürbütörüyük. Bir çox önəmli markanın Türkiyədə satışını həyata keçiririk. Hazırda da yeni bir fabrika açmaq üzərində çalışırıq. Bu fabrikdə neft artıqlarını təkrar emal edərək yenidən iqtisadiyyata qaytarmağı düşünürük. Belə də ekoloji tarazlığı da bərpa edirik, artıq məhsullar ətraf mühitə atılmır. Son qramına qədər artıq məhsulu realizə edirik.

– Türkiyədə ticarətlə məşğul olmaq çətindir?

– Türkiyədə 2002-ci ildən üzü bəri son iki ilə qədər ticarətlə məşğul olmaq üçün gözəl şərait vardı. Həmin dövrdə planlar qurub, onun bəhrəsini görə bilirdin. Amma ondan öncəki illərdə bunu görə bilmirdik. 2002-ci ilə qədər 2 il qazandığını bir anda itirə bilirdin. Amma 2002-ci ildən 2014-cü ilə qədər həqiqətən də stabil və rahat bir dövr oldu və hər kəs onun bəhrəsini görə bildi. Lakin son dövrlər Türkiyə üzərində oynanılan oyunlardan dolayı ticari anlamda bir sıxıntı yarandı. İndi hər kəs gözləmə mövqeyindədir. Türkiyə beynəlxalq basqılar, dünyadakı iqtisadi sıxıntılarla üz-üzədir. Bununla belə əminəm ki, Türkiyə bu çətinliklərin öhdəsindən gələ biləcək durumdadır. Çünki Türkiyədə hökumətlə xalq birlikdədir. Belə olmasaydı 15 iyul hadisələrindən sonra 1 dolları 10 min lirəyə belə ala bilməzdiniz. Bu səbəbdən də Türkiyənin gələcəyini müsbət görürük. Biz Türkiyə olaraq, çox çətin anlardan keçdik, cümhuriyyətimizi belə o çətin şərtlərlə qurduq. İmkan verməyəcəyik ki, düşmənin üzü gülsün.

Sabiq siyasətçi və hazırda iş adamı olaraq Türkiyə ilə əlaqəli gəlinən nöqtəni necə dəyərləndirərdiniz? Çevriliş etmək istədilər, ondan əvvəl Gəzi olayı, 17 dekabr olayları oldu. Davamlı olaraq Türkiyəyə qarşı oynanılan oyunun səbəbini nədə görürsünüz?

– Bəli, Türkiyənin üzərinə gəlinməsi Gəzi olayları ilə bağladı. Bəzi xarici güclər Türkiyə üzərində gözü var. Hamı anlayır ki, Türkiyə olmadan heç bir ölkə Orta Şərqdə rahat hərəkət edə bilməz. Amma cənab Ərdoğan heç kimdən asılı olmayaraq doğru yolla getdiyi, həqiqəti söyləyən birisi olduğu üçün Amerika və Avropanın işinə əngəl olur. Ona görə də Türkiyədə baş verən bütün bu olaylarda məqsəd Ərdoğanı yıxmağa hesablanmış addımlar idi. Ərdoğan dik duruşu ilə bu qüvvələrin qarşısında durduğundan onların maraqlarına cavab vermir. Yoxsa, Türkiyədə nə PKK, nə də heç kim təkbaşına heç nə edə bilməz. Türkiyədə hər kəs baş verən olayların arxasında xarici güclərin dayandığını gözəl bilir.

– Pul qorxaqdır, deyirlər. Yəni, bir yerdə sabitliyi pozacaq bir şey varsa, iş adamları ora yatırım qoymaqdan qaçırlar. Sizcə, Türkiyə iş adamları bu sınaqlardan necə çıxdı?

– Biz öncəliklə hökumətə inanmaq zorundayıq. Türkiyənin başına hər zaman hər şey gələ bilər. İş adamı olaraq bunları qəbul etmək zorundayıq. Xaricdən hər zaman ortalığın qarışdırıla biləcəyi, ortalığa bir şey atılacağı bəllidir. Amma indi olduğu kimi iradəli, sağlam hökumət olduğu zaman, Türkiyəni tanıyan iş adamları öncə buna önəm verirlər. Onlar Türkiyənin başına daş, top yağsa da, bu hökumətin möhkəm və sağlam olduğuna əmin olduqları üçün sərmayələrini yatırmaqdan heç də geri çəklmədilər. O üzdən hər kəs yoluna davam edir. Amma onu da qeyd edim ki, Gezi olaylarından bu yana yaşanan hadisələr daha öncəki illərdə olsaydı Türkiyə ağır duruma düşə bilərdi. Amma indi sağlam hökumət var və bu da iş adamları üçün yetərlidir. Dünyada isə iqtisadi böhran yaşanır. İndi Türkiyənin başına gələnlərin yarısı Fransa və Almaniyanın başına gəlsəydi, onlar çökərdilər. Biz isə bütün olanlara rəğmən ayaq üstəyik. Ticarət adamı, sənayeçisi, xalqı, hökumətilə birləşmiş vəziyyətdə Türkiyəni heç kim yıxa bilməz. Fetoş qrupunun da bu şəkildə meydana çıxması Türkiyə üçün bir müsibət kimi görünsə də, mənə görə bir şansdır. Bundan sonra onların nəfəs almaq, yaşamaq şansı yoxdur. Onları artıq nə AKP, nə CHP, nə də MHP qəbul etmir.

– Yəni əvvəllər bir gözləmə mövqeyi vardı, artıq bu anlayış aradan qalxıb?

– İndi hər şey su üzünə çıxdı və millət rahatlandı. Bu Türkiyə üçün də bir şans, Allahın lütfidür. Artıq bundan sonra burada FETÖ deyilən örgüt fəaliyyət göstərə bilməyəcək. İnşallah hamısı cəzasına çatacaq və Türkiyə daha gözəl günlərə çıxacaq.

– Amma adamların ciddi bir iqtisadi ayağı var. Bütün dünya üzərində qurulmuş təşkilatları var. Azərbaycanda azı 2-3 ədəd təşkilatları var. Bu şəbəkə dağılmadan necə çıxacaq?

– Bu adam dünya imamı olacaq deyə ortaya çıxdı. Onun hədəfi yəni tək Türkiyə deyil, bütün dünyadır. Amma Türkiyə bunları yaxından yaşadı, içində hiss etdi. Dünya ağılını başına toplarsa, bu adamdan uzaq duracaq. İndi Türkiyədə iş həyatından elə isimlər göz altına alınıb ki, hökumət və xalq qərarlıdırsa, bunlar təmizlənəcək. Lakin digər ölkələrin də oyanması lazımdır. Amma bu zaman aparacaq. Zatən bir qərarlılıq önəmlidir. O da Türkiyədə olduğu üçün bu hökumət də fəaliyyətinə davam edəcək. Artıq xalq da oyanıb, belələrini kimsə yanında saxlamayacaq.

– Mövlanə bəy, sizin bir Azərbaycan macəranız da var. Bakıya gəlib, milyonlar qoyduqdan sonra yaşadığınız olaylardan azacıq da olsa xəbərdarıq. Nə baş verdi? Niyə birdən birə Azərbaycana sərmayə qoymaq fikrinə gəldiniz?

– Azərbaycanı ilk kəs 2007-ci ildə gördüm. Bir dostumuz Azərbaycanda bir tikinti işləri həyata keçirmək istədiklərini söylədi. Gedib məsələni yerində incələdik. Həqiqətən, o zaman Azərbaycanın çox inkişaf edəcəyini bir iş adamı gözü ilə gördük və bu inkişafda bizim də payımız olsun istədik. Biz də inşaat işlərilə bağlı burada ilk addımımızı atmaq istədik. Bakıya gedəndə İlham Qasımov və Sahib İbrahimovla ortaq olacağımızı öyrəndik. O dövrdə Ak Partiyanın rəhbərliyində təmsil olunan bir qohumumuz vasitəsi ilə yeni ortaqlarımızla bağlı məlumat əldə etmək və bu işə girib-girməmək məsələsində məsləhət almaq istədik. O zaman Bakıda səfərdə olan və dövlət rəhbərliyi ilə görüşən qohumum dedi ki, “Görüşdüyüm ən üst məqam bildirdi ki, bunlar bizim Nazimin qardaşlarıdır və əgər sizinkilərə qarşı yalnışları olarsa, mənə deyərsiniz, həll edilər”. Biz də bu sözlərdən sonra qərarımızı verdik. Deməli, 2009-cu ilin mart ayında inşaat işləri bitəcəkdi, bizdən tələb olunan isə sadəcə bu inşaatın bitməsi üçün lazım olan pulu qoymaq idi. İnşaatı isə onlar həyata keçirəcəkdilər. Bərabər səviyyədə ortaq olduq. Bir müddətdən sonra onlar zərər olacaq deyərək bizim payı 36, sonra da 30 faizə endirdilər. Bütün bunlara rəğmən inşaatın vaxtında bitməsi üçün təklifləri qəbul etdik. Amma onlar bizdən və vətəndaşlardan aldıqları pullarla Ukraynada başqa işləri həyata keçirdilər, özəl həyatlarına sərf etdilər. Bunları ancaq işə başlayandan 4 il sonra anladıq. O zamana qədər onların nə etmək istədiklərini anlamağa çalışırdıq və açığı doğru-düzgün məlumat belə ala bilmirdik.

– İş adamının başına Azərbaycanda hansı oyunlar gətirildi?

– Nazir qardaşı və ortağı Mərcan ailəsini necə aldatdı?

– Hansı nazir türk iş adamına dəstək olmaq istədi, ancaq…

– Kim bir milyon yarım rüşvət alaraq, iş adamını Sahib İbrahimov-İlham Qasımov ikilisinə satdı?

– Türk iş adamının milyonlarını Dubay və Ukraynaya kimlər apardı?

Bu və digər suallara müsahibənin ikinci hissəsində cavab tapacaqsınız!

Bizi izləyin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.