Deputat Qüdrət Həsənquliyev:"Elə olar, heç kimin tanımadığı bir adam vitse-prezident gətirilə bilər"
18-09-2016, 22:34
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında referendum, Dağlıq Qarabağ və gündəmin digər ən aktual mövzuları ilə bağlı sualları cavablandırıb.
Qüdrət Həsənquliyevin olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin digər hissələrini də cüzi ixtisarla Strateq.az oxucularına təqdim edirik:
– Referendum faktoruna diqqət həm də onunla ifadə olunur ki, o, Azərbaycan Konstitusiyasına yeni təsisatlar gətirir, yeni idarəetmə rıçaqları yaradır. Siz hüquqşünassınız. Vitse–prezidentlik institutlarının yaradılması və prezidentlik müddətinin 7 ilə qaldırılması Azərbaycana lazım idimi? Konstitusiyaya məlum dəyişikliklər referendumda həyata keçiriləndən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konstitusion tələb yaranırmı?
– Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin birinci vitse-prezident və vitse-prezident təyin etməsi məcburidir. Prezident bunu eləməlidir. Lakin konstitusiya dəyişikliyindən sonra prezident dərhal 7 illik səlahiyyət müddəti əldə etmir. Ona görə ki, prezident 2013-cü ildə Azərbaycan xalqı tərəfindən beş illiyə mandat alıb. Bu mandatın müddəti 2018-ci il prezident seçkilərinə qədərdir. Növbəti prezident seçkilərindən sonra prezidentlik müddəti 7 il olacaq. Lakin referendumdan sonra prezidentin səlahiyyəti olacaq ki, növbədənkənar prezident seçkisi təyin eləsin. Prezident bu səlahiyyətdən istifadə edə də bilər, etməyə də.
– Məlumat və təhlilləriniz necədir, növbədənkənar prezident seçkiləri keçiriləcəkmi? Hazırkı şərtlər buna uyğunmu?
– Məlumatım yoxdur. İntuisiya və proseslərin təhlilinə əsasən fikirlər bildirmək mümkündür. Mənim qiymətləndirməmə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür, nəinki 2018-ci ili gözləmək. Hesab edirəm ki, həm Azərbaycandakı, həm də beynəlxalq baxımdan şərait buna imkan verir. Şərtlər uyğundur.
– Növbədənkənar parlament seçkilərinin də keçirilməsi ehtimalı varmı?
– Buna gediləcəyini düşünmürəm. Parlamenti buraxmaq üçün gərək hüquqi əsaslar da olsun. İndiki parlamentdə çoxluq birmənalı şəkildə iqtidarın tərəfindədir. Ona görə də hansı bir əsas olacaq ki, parlamenti buraxmaq üçün? Parlament prezidentin hansısa təyinatına iki dəfə ard-arda yox deyəcəksə, Nazirlər Kabinetinin hesabatını parlament qəbul etməyəcəksə, bu halda parlament buraxıla bilər. Belə bir şeyin olması isə inandırıcı görünmür.
– Parlamentin bir üzvü kimi növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyərsinizmi?
– Əlbəttə. Hətta mən istərdim ki, parlament üzvlərinin sayı artırılsın. 125 deputat Azərbaycan üçün azdır. Cənubi Qafqazda yeganə ölkəyik parlamentimizdə fraksiya yoxdur. İstərdim ki, Azərbaycan parlamentində də fraksiya olsun, parlamentimiz dünyada daha yaxşı görünsün.
– Amma hakimiyyət parlamentin rolunu azaldır…
– Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini parlament iki dəfə təsdiq eləmirsə, prezident parlamenti buraxa bilər. Nazirlər Kabinetinin hesabatını parlament qəbul eləmirsə, prezident parlamenti buraxa bilər. O halda bu məsələləri parlamentə çıxarmağın, göndərməyin nə mənası var? Yaxşı olar ki, heç parlamentdə təsdiq olmadan prezident özü birbaşa təyin və təsdiq eləsin. Əgər bir deputat kimi bilirəmsə ki, mən buna yox desəm prezident parlamenti buraxacaq və mən də deputat mandatımı itirəcəyəm, yenidən seçkiyə qatılmalı olacağam, əlbəttə, “yox” deməyəcəm. Elə məsələlər var ki, ona yenidən baxılmalıdır. Təəssüf ki, Referendum Aktı Milli Məclisdə müzakirəyə çıxarılmadı və birbaşa səsverməyə göndərildi. Müzakirəyə çıxarılsaydı, təkliflərimizi verəcəkdik.
– Qərb niyə referendum məsələsinə qarşı kəskin mövqe ortaya qoymadı? Azərbaycanda özlərinə demokratlar deyən düşərgə çox məyusdur ki, demokratiya paytaxtları bu məsələyə qarşı çıxmadılar. Səbəb nədir?
– Qərbin özündə də müəyyən qüvvələr var ki, onlar Azərbaycanın hansı mürəkkəb coğrafiyada yerləşdiyini başa düşürlər. Düşünürlər ki, Azərbaycan üçün önəmli olan demokratik dəyərlərin genişləndirilməsindən daha çox bu ölkədə sabitliyi qoruyub saxlamaqdır. Amma Qərbdə elə qüvvələr də var ki, istəyirlər Azərbaycanı daim tənqid etmək üçün əllərində əsasları olsun. Düşünürlər ki, konstitusiya dəyişiklikləri də həmin əsaslardan biri ola bilər. İkincisi, müəyyən qüvvələr var, onlar düşünürlər ki, prezident institutu daha çox gücləndikcə prezidentə daha çox təzyiq etmək imkanları yaranacaq.
– Siz vitse-prezidentin kim olması ilə bağlı adlar çəkənlərdən ilk şəxssiniz. Bu da intuisiyadan doğurdu, yoxsa məlumata əsaslanırdı?
– Heç bir məlumata əsaslanmırdı. Biz peşəkar siyasətlə uzun illərdir məşğul olan adamlarıq. Baxırıq, prezidentin komandası uzun illərdir gözümüzün önündədir. Kimlər prezidentə daha çox sadiqdirlər, kimlər bacarıqlıdırlar, kimlərin təcrübəsi var, hamısını görürük. Mən də adlar çəkəndə prezidentə sadiqlik, işgüzarlıq və təcrübə prinsipini əsas götürmüşdüm. O zaman söyləmişdim ki, bu adamların içərisindən kiminsə birinci vitse-prezident təyin olunması ehtimalı böyükdür. Amma orada da vurğulamışdım ki, hər şey prezidentin iradəsindən asılıdır, elə ola bilər ki, bizim, heç kimin tanımadığı bir adam vitse-prezident gətirilə bilər. Amma düşünürəm ki, vitse-prezidentlik institutu o qədər əhəmiyyətlidir ki, proseslərin içində olmayan, təcrübəsiz, böyük siyasətdə olmayan adamın həmin posta gətirilməsi az ağlabatandır. Amma siyasətdə hər şey mümkündür.
– Yeni prezident seçkiləri olacaqsa, namizədliyinizi verəcəksiniz?
– Vəziyyətdən asılı olaraq qərar verəcəyəm. İndidən dəqiq nəsə söyləmək tezdir. Bizim partiyanın mövqeyi həmişə belə olub ki, hər zaman seçkilərə qatılmaq lazımdır. Seçkilərə qatılmaq partiyanın ideyalarını ictimaiyyətə çatdırmaq üçün əlavə bir imkandır. Hətta seçkilərdə qalib gəlmək şansın azdırsa da, seçki prosesindən kənarda qalmaq yanlışdır. Siyasi partiya, siyasətçi siyasi proseslərin içində olmalıdır. Ən güclü rəqibin olsa da, seçkilərə qatılmalısan.
– İddialar var ki, referendumdan sonra prezident idarəetmə strukturlarını yeniləyib, gücləndirib açılımlara, islahatlara gedəcək. Bunun tam əksini də iddia edənlər var, deyirlər ki, referendumdan sonra iqtidar daha da sərtləşəcək, repressiyalar başlayacaq, monarxiya yaranacaq. Sizin düşüncəniz nədir?
– Müəyyən tələblərlə çıxış eləyəndə, gərək xalqının inkişaf səviyyəsini nəzərə alasan. BMT hər il araşdırmalar aparıb hər bir ölkənin sosial inkişaf indeksini müəyyənləşdirir. Azərbaycan, səhv etmirəmsə, 74-76-cı yerləri tutur. Sosial inkişaf həmin ölkənin təhsilini, səhiyyəsini, mədəniyyətini, iqtisadiyyatını nəzərdə tutur. Əlbəttə, bizim xalqın bu gün potensialı Qərb standartlarına cavab verən ölkə qurmağa yetərli olmasa da, o səviyyədən də aşağı deyil ki, burada krallıq qurmaq mümkün olsun.
Ona görə də bu monarxiya, krallıq söhbəti boş söhbətdir. Açılıma, islahatlara gəlincə, radikal islahatların aparılmasının tərəfdarıyam. Parlamentdə çıxışlarımda dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanın neft gəlirlərindən asılılığını azaltmaq lazımdır, ölkədə ciddi islahatlar həyata keçirilməlidir, özəlləşdirilmə həyata keçirilməlidir. Məsələn, səhiyyə obyektləri, universitetlərin əksəriyyəti özəlləşdirməyə çıxarılmalıdır, icbari tibbi sığortaya keçilməlidir. İqtisadi azadlıqlar genişləndirilməlidir. Bax, indi korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Amma bu gün gedib bir rayonda antisanitariya mənbəyi olan, mazutlu-gölməçəli bir yeri götürmək və abadlaşdırıb nə isə tikmək istəsən həmin yeri pulsuz almaq mümkün olmayacaq. Pul verməkdən başqa da, gərək oranın icra başçısına kimlərsə beş dəfə xahiş etsin ki, razılaş. Mən bütün icra başçılarını qaralamaq istəmirəm, amma demək istəyirəm ki, bu cür problemlər hələ də var. Mənzillərin tikilməsi üçün sərəncam vermək hüququ Bakı Şəhər İcra Hakimiyyətindən alındı rayon icra hakimiyyətlərinə verildi. Rüşvətin BŞİH, yoxsa rayon icra hakimiyyəti tərəfindən alınmasının nə fərqi var? Heç nə. Problem yenə də qalır.
Ona görə də deyirəm ki, köklü radikal islahat addımları atılmalıdır. Tədricən də siyasi islahatlar aparılmalıdır. Əminəm ki, Qarabağ problemi ilə bağlı sülh sazişi imzalanandan sonra Azərbaycanın parlamentli respublika modelinə keçməkdən başqa yolu qalmayacaq. Gürcüstan artıq bu modelə keçib. Ermənistanda da artıq parlamentli respublika modelinə keçilir. 2017-ci ilin yazında parlament seçkilərində qalib gələn partiya hökuməti formalaşdıracaq. Bu isə indi də olmasa, gələcəkdə Ermənistanın da demokratikləşməsinə yol açacaq. Əminəm ki, Qarabağ problemi həll olunandan sonra Azərbaycanda siyasi islahatların sonu kimi parlamentli respublika modelinə keçəcəyik. Biz 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin hüquqi varisiyik. O zaman da öndərlərimiz Xalq Cümhuriyyətini parlamentli respublika kimi qurmuşdular.
– Qarabağ probleminin həlli ilə bağlı sazişə, sizcə, nə qədər qalıb? Qarabağla bağlı hazırkı vəziyyət nə yerdədir?
– Bu ilin 2 aprel savaşından sonra Ermənistan sarsıdıcı zərbə alıb. 2 apreldən sonra Ermənistandakı əhalinin bir hissəsi soyuq başla düşünməyə başlayıb. Onların havadarları da düşünməyə başlayıb ki, Qarabağ probleminin dondurulmuş saxlanılması artıq mümkün deyil, bu, böyük bir müharibəyə yol aça bilər. Əvvəllər Qərbin və Rusiyanın yanaşması belə idi ki, bu konfliktin qalması onların hər iki ölkəyə təsir imkanlarını əlində saxlamağa şərait yaradır.
Amma indi görəndə ki, Azərbaycan əvvəlki status-kvo ilə barışmır, deməli, Ermənistanı güzəştlərə vadar eləməlidirlər ki, problem sülh yolu ilə həll olunsun. Rusiya da istəyir ki, yaranmış vəziyyətdə təşəbbüsü öz əlinə alsın. Bu da Qərbi qıcıqlandırır. Qərb istəyir ki, bu konflikt Ermənistanın xeyrinə həll olunsun. Ona görə ki, birincisi, xristian həmrəyliyi faktoru var, ikincisi, ABŞ-da və Fransa da çox güclü erməni lobbisi var. Bu lobbi həmin ölkələrdə istənilən hakimiyyət üçün ciddi problemlər yarada bilir.
Qərb istəyirdi ki, Qarabağ məsələsini Rusiyanın əli ilə Ermənistanın xeyrinə həll eləsin. Rusiya da bunu başa düşdüyü üçün buna getmir. Konflikt qaldıqca onsuz da Rusiya hər iki ölkəyə təsir edir. Moskva bilir ki, Ermənistanın xeyrinə sülh sazişi imzalatsa, Azərbaycanı tamamilə itirəcək, Azərbaycan tamamilə Qərbə yönələcək. Beləliklə, Qərb iki istəyinə çatır – Qarabağ Ermənistana verilir, Azərbaycan Rusiyadan tamamilə üz döndərir, şimal qonşusu ilə düşmən olur və Qərbə sığınmaqdan başqa yolu qalmır.
Rusiya da bunu bildiyi üçün Qarabağı de-yure Ermənistana alıb vermir. Vəziyyət bu şəkildə qalırdı. 2 apreldən sonra Azərbaycan bu reallığı dəyişib və onlar Azərbaycan faktoru ilə hesablaşmaq zorundadırlar. Azərbaycan Ermənistana və həmsədr ölkələrə təzyiqi bir az da artırmalıdır. Ermənistana açıq mesaj verilməlidir ki, müharibə istəmirsinizsə, problem beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır. Ona görə də, ola bilsin ki, növbəti “2 aprel” baş versin. Burda da bizim Rusiya ilə münasibətləri necə qurmağımızdan çox şey asılı olacaq…
– Ortada Azərbaycan xalqına elan olunmayan, gizli tutulan bir saziş layihəsi varmı?
– Əslində ortada hansısa həll variantının olduğu barədə indiyədək heç bir rəsmi açıqlama olmayıb. Ümumi şəkildə mərhələli həll variantından söhbət gedir. Mərhələli həll variantı söhbəti rəsmiləşsə belə, sazişdə əksini tapan müddəalara son dərəcə diqqətlə yanaşılmalıdır. Çünki saziş sənədində elə müddəalar əksini tapa bilər ki, bu, Ermənistanın istədiyi olar. Məsələn, sazişə qeyri-müəyyən maddələr salınmaqla Azərbaycanın zərərinə bir durum yarada bilərlər. Tutaq ki, sazişdə 5 rayondan erməni qoşunlarının çıxması, sülhməramlıların yerləşməsi əksini tapır və qeyd edilir ki, sonra Kəlbəcər və Laçının məsələsinə baxılır və Dağlıq Qarabağın statusu müəyyənləşir.
Bu mərhələli həll variantıdır. Diqqət etdikdə bəlli olur ki, sazişdə məhz bu cür müddəanın olması əslində o deməkdir ki, Kəlbəcər və Laçının nə zaman azad edilməsi, azad edilmiş 5 rayona, Dağlıq Qarabağa məcburi köçkünlərin nə zaman köçürüləcəyi öz əksini tapmır. Belə çıxır ki, Ermənistan beş rayondan qoşunlarını çıxarmaqla istədiyinə nail olur, Türkiyə ilə sərhədləri açılır, Azərbaycan blokadanı götürür, biz nə vaxtsa digər rayonlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başlamaq istəyəndə qarşımızda sülhməramlı qoşunlar adı altında hansısa ölkələrin qoşununu görürük.
Odur ki, imzalanacaq müqavilədə müddəaların nə cür qoyulacağı xüsusi əhəmiyyət kəsb edir. Yəni bu mərhələli həll variantı Azərbaycanın xeyrinə də ola bilər, zərərinə də. Orada konkret müddətlər əksini tapmayacaqsa, zərərimizə ola bilər. Müddətin müqavilədə göstərilməməsi ermənilərin məsələni bundan sonra da on illərlə uzatmasına şərait yarada bilər.
– Başqa bir mövzuya keçək. Qardaş Türkiyədə iqtidar ortaqları savaşdılar və bu, Azərbaycana da sıçradı. Mən xatırlayıram, 2010-2011-ci illərdə biz nurçu şəbəkə ilə bağlı yazılar yazanda Azərbaycanda azsaylı siyasətçilərdən idiniz ki, bizi dəstəkləyirdiniz. İndi bu baş verənlərə baxışınız necədir?
– Bizim Konstitusiya ilə din dövlətdən ayrıdır. Avropada, məsələn, bir Xristian Demokrat Partiyasının yaranması normal qarşılanır. Ona görə ki, orada dini ekstremizm ehtimalı yoxdur. Amma Azərbaycanda dini adla hansısa bir partiyanın yaranmasını mən dövlətin, cəmiyyətin dünyəviliyinə təhlükə kimi görürəm. Açıq demək lazımdır, mentalitet faktoru və sosial inkişaf indeksi fərqlidir. Avropa o mərhələni artıq çoxdan keçib. Azərbaycan isə hələ keçməyib. Odur ki, Azərbaycanda din dövlətdən ayrı olmalıdır. Din xadimi gəlib dövlət başçısı olursa, onun qəbul elədiyi bir uğursuz qərar, dindarların çoxluq təşkil elədiyi parlamentin çoxluq təşkil elədiyi bir uğursuz qanun həm də dinin gözdən düşməsinə gətirib çıxardır, insanlar artıq dindən üz döndərirlər. Bu isə ziyanlıdır. Ona görə də mən əvvəldən Gülən camaatının siyasətə, dövlət işinə qarışmasına mənfi yanaşmışam. Mən bir dəfə parlamentin iclasında Gülən hərəkatının çap etdiyi bir kitabı qaldırıb bəyan etmişdim ki, görün burada nə yazılıb? Yazılmışdı ki, yalnız beyni biliklərlə, qəlbi nurçuluq ideyaları ilə dolan insanlar ədalətli cəmiyyət qura bilərlər. Xatırlayırsınızsa, Gülüstan sarayında tədbirlərin birində çıxışı zamanı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da Gülən camaatının davranışlarına çox ciddi etiraz etmişdi. Əli Həsənov haqlı idi.
Çünki bəlli idi ki, onlar hökumət strukturları ilə, iqtidarla isti münasibətlər qururlar. Bəzi hakimiyyət nümayəndələrinin də Gülən camaatı ilə yaxın münasibətləri var idi. Mən Gülən camaatı ilə yaxın olmuş, onlarla hansısa zamanlarda görüşmüş hər kəsin ucdantutma cəzalandırmağın, qınamağın da əleyhinəyəm. Gülən camaatı Türkiyədə hakimiyyət ortağı idi. Onlarla Türkiyə iqtidarı olaraq yaxın olmuş, görüşmüş Azərbaycan məmurlarının qınanması, hədəfə alınması, məncə, düzgün olmazdı. Azərbaycanlılar çox çevik xalqdır. İnsanlar görürdülər ki, Gülən camaatı Türkiyədə iqtidardır onunla yaxınlaşmağa can atırdılar. Azərbaycanlıların çoxu həqiqi, qəlbən nurçu yox, nurçu işləyənlər idi. O adamlar hədəf olmalıdır, qınanmalıdır ki, onların Gülən şəbəkəsinin hərbi qiyamında hər hansı şəkildə iştirakı, dəstəkçi olduğu sübuta yetirilib.
– Türkiyədəki 15 iyul hərbi çevrilişə cəhd hadisəsindən sonra Azərbaycanda Gülən Hərəkatı ilə bağlı cinayət işi açılıb. Həbs olunanlar da var. Bu həbslərə münasibətiniz necədir?
– Əgər sübut olunsa ki, həmin həbs olunan şəxslərin o hadisələrlə əlaqəsi, Hərəkatın məkrli planlarında iştirakı, əlaqəsi var, o halda əlbəttə, onlar məsuliyyət daşımalıdırlar. Amma sübut olunmadığı halda, onların həbs olunmasına nə konstitusiya, nə də digər qanunlar yol vermir.
– Hazırda ölkə gündəminin əsas məsələlərindən də biri də Beynəlxalq Bank işi ilə bağlı həbs olunanların məhkəmə prosesidir. Məhkəmədə açıqlananlar vahim şeylərdir. Məlum olur ki, bir bank rəhbəri dövlətin pulunu qohum-əqrəbasının, sürücüsünün adına kredit adı ilə köçürmüş, sonra da pulları banka qaytarmamış. Bu adamlara hansı cəza verilməlidir ki, dövlətin və cəmiyyətin ürəyi soyusun? İkincisi, o pulların geri qaytarılma mexanizmləri varmı?
– Sivil ölkələrdə olduğu kimi ittiham tərəfi-prokurorluq müdafiə tərəfi ilə – həbs olunanlarla ciddi müzakirə aparmalıdır. Qanunvericiliyə görə, istintaqla səmimi əməkdaşlıq eləyən, vurulan zərəri ödəyən şəxslərə daha yüngül cəzanı nəzərdə tutur. Dövlətə vurulmuş ziyan ödəniləcəyi təqdirdə onlara daha yüngül cəza təyin oluna bilər. Tamamilə məsuliyyətdən azad olunmaqdan isə söhbət gedə bilməz. Əgər dövlətə vurulmuş ziyan ödəniləməyəcəksə, həmin vəsaitlər geriyə qaytarılmayacaqsa, Cahangir Hacıyevin və digərlərinin istintaqa bəlli olan əmlakları müsadirə olunacaq. İstintaqa bəlli olmayan əmlakları sözsüz ki, müsadirə eləmək mümkün olmayacaq. O halda qanunun ən sərtliyi ilə həmin şəxslər cəzalandırılacaq…
– Deməli, o cəzalar xalqın pulunu geri qaytarmayacaq. O adamlar beş-altı il yatıb çıxacaqlar və dövlətdən taladıqları və gizlətdikləri milyonların hesabına yaxşı yaşayacaqlar?
– Beş-altı il yox. Söhbət ən azı 15 il həbsdə yatmaqdan gedə bilər. Yaşlı və səhhətində problemlər olan insan, düşünmürəm ki, həyatını həbsxanada başa vurmağa razılaşsın. Ona görə də ağıllı davranıb xalqın pulunu geriyə qaytarmaq lazımdır. Əgər o adam “oğurladıqlarım qalsın arvad-uşağıma, özüm həbsxanada həyatımı başa vurum” yanaşması ilə davranıb bu yolu seçsə, həbsxanada da həyatını başa vurmalı olacaq. Üçüncü yol yoxdur.
– Dövlətin milyonlarla manatını oğurlamış məmurlar-indi üzə çıxanları hələlik bunlardır, bir də min manat kredit götürən və devalvasiyaya görə həyatı qaralmış sadə vətəndaşlar… Bir millət vəkili olaraq, parlamentdə həmin həyatı qaralmış sadə vətəndaşların kredit borcları ilə bağlı bir əfv verilməsi təşəbbüsü ilə çıxış edə bilməzsiniz? Çünki insanlar bankdan aldıqları ana məbləği ödəyib qurtarıblar, devalvasiyadan sonra üzərinə gələn faizlər o qədər çoxdur ki, onu ödəyib qurtara bilmirlər.
– Dünyanın hər yerində insanlar, sahibkarlar kreditlə işləyirlər. Azərbaycanda kredit borcu olmayan çox az adam var. Şəxsən mənim qohumlarım da banklardan kredit götürüblər. Bacım oğlu kreditlə aldığı avtomobilin indi az qala iki qat qiymətini ödəyib, ancaq hələ də bitirə bilmir. Artıq nə öz maaşı, nə də valideynlərinin maaşı ödəmələrə bəs eləmir. Sözüm ondadır ki, kreditlərin ödənilməsi məsələsi baxımından vəziyyət doğrudan da dözülməzdir. O biri tərəfdən də onu da bilmək lazımdır ki, bu kreditlər tamamilə amnistiyaya düşsə onsuz da hazırda tənəzzül dövrünü yaşayan bank sektoru tamamilə çökəcək. Banklar da çökəcəyi halda ölkədə iqtisadiyyatı modernləşdirmək az qala mümkünsüz vəziyyətə gəlib çıxacaq.
– Çıxış yolu heç yoxmu?
– Təvazökarlıqdan uzaq olsa da deməliyəm. Mən parlamentdə dəfələrlə məsələ qaldırmışam, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova parlamentdə bildirmişəm ki, neft pulları real sektorun inkişafına yönəldilməlidir. Məsələn, banklara pul buraxılmadı ki, banklar ucuz kredit verə bilsin. Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda deyilirdi ki, Azərbaycanın xaricdə saxladığı vəsaitlərinin illik gəliri 0,89 faizdir, yəni hətta 1 faiz də deyil. Azərbaycanda isə sahibkarlar banklardan 16-35 faizdən aşağı kredit götürə bilmirdilər ki, istehsal müəssisələri, gəlir gətirən vergi ödəyicisi olacaq obyektlər açsınlar. Mərkəzi Bank insanlara bu imkanı vaxtında yaratmadı.
2008-ci ildə neftin qiyməti düşdü və o zamanlar da dünyada bir böhran yaşandı. O dövrdə prezident Azərbaycan banklarının dəstəklənməsi üçün hökumətə tapşırıq verdi ki, Dövlət Neft Fondundan yetərli vəsait ayrılsın. Amma sonra yenə də prezidenti inandırdılar ki, buna ehtiyac yoxdur. Mən hər iclasda Elman Rüstəmova sual verəndə o dedi ki, Azərbaycan iqtisadiyyatının o pulu həzm etmək imkanı yoxdur. Rəqəmlər də açıqlanmırdı. Ona görə də insanlarda fikir yaranırdı ki, xaricdəki 34 milyardın Azərbaycana gətirilməyindən söhbət gedir. Halbuki, söhbət 3-4 milyardın gətirilməsindən və bankların vasitəsilə sahibkarlara verilməsindən gedirdi. Elman Rüstəmov isə bunu eləmədi.
Beynəlxalq Bank məsələsi də göstərdi ki, doğrudan da maliyyə resursları üzərində hökumətin ciddi nəzarəti olmayıb. Olsaydı, bank rəhbərinin sürücüsünə, mühafizəçisinə 19 milyon kredit vermək olardı? Əlbəttə ki, olmazdı. Mərkəzi Bank, müvafiq qurumlar maliyyə resurslarına yetərli nəzarət eləməyiblər. İndi Azərbaycanın valyutası niyə əriyir? Ancaq manatın kursunu mümkün qədər sabit saxlamaq üçün. Lakin yenə də gec deyil. Xaricdəki valyutamızdan 3-4 milyard təcili ölkəyə gətirilməli, banklara çox aşağı faizlərlə verilməlidir ki, banklar da real sektorun inkişafına gətirəcək layihələrə aşağı faizlərlə versin. Bundan əlavə də Azərbaycan mütləq əlavə borclanmaya getməlidir. Xarici banklardan 10-15 milyard civarında pul alınmalıdır.
– Vermirlər axı.
– Çalışmaq lazımdır ki, almaq mümkün olsun. Azərbaycana kənardan maliyyə dəstəyi lazımdır. Yunanıstanın əhalisi təqribən Azərbaycanın əhalisi qədərdir. Amma orada böhran yaşananda Avropa Birliyi 300 milyard avroya qədər kömək elədi. Azərbaycan da 3-4 milyard öz pulunu gətirsə, 10-15 milyard xarici borclanmaya getsə, bir çox dövlət müəssisələri özəlləşdirilsə, vəziyyətdən çıxmaq olar. “Azərişıq”, “Azərsu”, “Azəriqaz” mütləq özəlləşdirilməlidir. Kommunal xidmət sahələri özəlləşdirilməlidir. Dövlətin idarəetmə xərcləri minimuma endirilməlidir. Belə olduğu halda biz vəziyyətdən az çətinliklərlə, az itkilərlə çıxa bilərik.
– Qarşıdakı müddətdə yeni kəskin devalvasiya gözlənilir?
– Kəskin devalvasiyanı, əlbəttə, heç kim istəməzdi. Amma düşünürəm ki, tədrici devalvasiya getməlidir. Ona görə ki, ölkəyə gələn valyuta ilə çıxan valyuta arasında artıq mənfi disbalans yaranıb. Ona görə də başqa yolu yoxdur. Xalqa yanlış ümidlər vermək yox, xalqa açıq danışmaq lazımdır ki, “kəmərləri sıxmaq” lazım gələcək. Kəmərlər sıxılmalıdır və söylədiyim kimi, iş yerlərinin açılması üçün də əlverişli mühit yaradılmalıdır. Elə mexanizmlər işlənib hazırlanmalıdır ki, sahibkarlıq üçün bütün şərait yaransın. Belə mexanizmlər qurulsa, əlverişli mühit yaradılsa, mən əminəm ki, kifayət qədər bacarıqlı olan Azərbaycan xalqı hər bir problemin öhdəsindən gələ biləcək. Bu xalq zəhmətkeş xalqdır, ona şərait yaradılsa vəziyyətdən çıxacağıq.