Fikrət Fərəməzoğluna işgəncə verilməsi etiraz doğurdu-MÖVQE
20-09-2016, 00:28
Arif Əliyev: “Bu cür davranışa yol verənlər daha böyük ağır məsuliyyətlə cəzalandırılmalıdrlar”
Müzəffər Baxış: “Prokurorluq orqanlarının borcudur ki, araşdırma aparıb, ona işgəncə verən şəxlərin kimliyini müəyyən etsin”
Oqtay Gülalıyev: “Məmurlar və onların himayədarları jurnalistdən ifşaedici yazıların qisasını alırlar”
Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan tanınmış jurnalist, JAM.AZ saytının baş redaktoru Fikrət Fərəməzoğlu təcridxanada amansız işgəncələrə məruz qalıb. Bu barədə Savash.org-a baş redaktorun həyat yoldaşı Faiqə İbişbəyli məlumat verib. O, həyat yoldaşının sağlıq durumu ilə bağlı tükürpərdən və qandonduran faktlar açıqlayıb: ” Neçə gün idi ki, Fikrətlə görüşmək istəyirdim. Amma Fikrət qoymurdu. Deyirdi gəlmə mənim yanıma. Amma mən dünən xəbər vermədən gedib onunla görüşdüm. Gördüm ki, 2 dişi sınıb. Əvvəl fikirləşdim ki, təcridxanada ediblər. Dedi ki, burada etməyiblər. Sonra o qədər yalvardım ki, niyə belə olub. Dedi ki, 34 gün başından, çənəsindən yumruq dəyən adam belə olmalıdır da. Dedim ki, bəs bədənin niyə səpib, ləkələr nədir? Bildirdi ki, 12 gün məni su üzünə həsrət qoydular. O istidə əllərimi belə yumağa qoymurdular. 12 gün qandalı da qolumdan açmadılar və arxadan başıma təpik-yumruqla vurdular. Gecələr belə qandalı açmırdılar. Qandalı açandan sonra bir həftə barmaqlarım işləmədi. İz qalmamaq üçün sifətimə yox, başıma vururdular, travma almışam. Orada dişlərimi o qədər qıcıtmışam indi ovulub tökülürlər. Nadzorlar və yanındakı məhbuslar mənə dedilər ki, bacı, o gecələr yatanda çığırır, dişlərini qıcıdır. Onun səsindən yata bilmirik. Fikrətə Bandotdeldə ağır fiziki işgəncələr veriblər.Mən Penitensiar Xidmətin rəisindən xahiş edirəm ki, Fikrəti təcili xəstəxanaya köçürsünlər. Vəkilimiz də həftənin birinci iş günü başından aldığı zədələr və işgəncələrlə bağlı məhkəməyə şikayət ərizəsi verəcək”.
Bu qəddar rəftara münasibət bildirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev cumhuriyyət. az-a söyləyib ki, jurnalistə qarşı bu cür vəhşi davranış sadəcə biabırçılıqdı: ” Düzdü, bizim təcridxanalarda jurnalist və ya qeyri jurnalist olmalarından asılı olmayaraq insnalara işgəncələrin verilməsi məsələləri dəfələrlə gündəmə gəlib. Hər hansı bir qanundan kənar hərəkət olubsa, cinayətdə şübhəli bilinən şəxslər buna cavab verməlidirlər. Çünki bunu dövlətin adından həyata keçirdirlər. Bu cür davranışa yol verənlər daha böyük ağır məsuliyyətlə cəzalandırılmalıdrlar”.
Tanınmış hüquqşunas Müzəffər Baxış da qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə məhbusla qəddar davranış və insan ləyaqətinin alçaldılması yol verilməzdir: “Belə işgəncələri qanunvericilik qəti qadağa edir. Belə əməllərə yol verən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293.1 və .2 maddələri ilə tətbiq etdikləri işgəncələrin dərəcəsindən asılı olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. F. Fərəməzoğluna ciddi işgəncələrin verilməsinə aid konkret faktlar varsa, o, hüquq mühafizə orqanlarına müraciət etməlidir. Xüsusilə də prokurorluq orqanlarının borcudur ki, araşdırma aparıb, ona işgəncə verən şəxlərin kimliyini müəyyən etsin. Və onları cinayət məsuliyyətinə cəlb etsinlər. Amma inanmıram ki, prokurorluq orqanları bu faktı araşdırıb, jurnalistin vəziyyəti ilə bağlı dərindən araşdırma aparsın. Və ona işgəncə verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etsinlər. Çünki dəfələrlə belə hallar olub. İşgəncələrlə bağlı dəfələrlə şikayətlər, müraciətlər olub, amma prokurorluq orqanları heç bir tədbir görməyib. Azərbaycanda hüquq mühafizə sistemi iflic vəziyyətdədir. İnsanlara amansız işgəncələrin verilməsi və insan şəxsiyyətini alçaldanların cinayət məsuliyyətinə cəlb olunmasına dair ciddi problemlər mövcuddur. Bu da, bir daha göstərir ki, Azərbaycan xalqı bu haqda düşünməlidir. Özünün hüquq və azadlıqlarının təmin edilməsinə çalışmalıdır ki, insanlara və insanlığa qarşı zorakılıq edənlər cəzasız qalmasın. Hamısı məsuliyyətə cəlb olunsunlar. Amma bir daha deyirəm ki, indiki halda adıçəkilən jurnalistlə bağlı araşdırmanın aparılacağına və ona ağır işgəncə verənlərin cinayət məsuliyyətinə cəlb ediləcəyinə inanmıram”.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin də məsələ ilə bağlı münasibəti sərt olub: “Fikrət Fərəməzoğlu Bakıda əxlaqsızlıq yuvalarını himayə edən məmurları ifşa etdiyinə və digər tənqidi yazılarına görə həbs olunub. İndi həmin məmurlar və onların himayədarları jurnalistdən ifşaedici yazıların qisasını alırlar. Fikrət bəyin həyat yoldaşının, vəkilinin və yaxınlarının bildirdiyinə görə ona “banditizm”- də işgəncə verilir və həyatı təhlükə altındadır. Mən müstəqil media nümayəndələrini, hüquq müdafiəçilərini, beynəlxalq təşkilatları Fikrət Fərəməzoğluna qarşı həssas və diqqətli olmağa çağırıram. Ona qarşı irəli sürülən ittihamlar nə qədər şübhəli və absurd olsa da bu ittihamlar qanun çərçivəsində, ədalətlə və insan ləyaqətini alçaltmadan araşdırılmalıdır”. O. Gülalıyev Ombudsman Aparatını, Beynəlxalq Qırımızı Xaç Komitəsini və digər aidiyyatı qurumları jurnalistə baş çəkməyə çağırıb: “F.Fərəməzoğlunun məruz qaldığı işgəncələrə və onun haqqında yayılan narahatedici məlumatlarla bağlı Ombudsman Aparatını, Beynəlxalq Qırımızı Xaç Komitəsini və digər aidiyyatı qurumları ona baş çəkməyə çağırıram”.