“Təkcə bu qanun yox, eşitdiyimə görə, çox şey yavaş-yavaş dəyişəcək” - Novella Cəfəroğlu
16-10-2024, 10:32
Bu gündən başlayaraq Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılır. Bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb. Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov bildirib ki, maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur: "DYP olaraq yükdaşıma fəaliyyətini həyata keçirən və bu istiqamətdə çalışan həm fiziki şəxslər, eyni zamanda hüquqi şəxslərdən tələbimiz ondan ibarətdir ki, yükdaşıma fəaliyyətlərini qeyd olunan şərtlər daxilində həyata keçirsinlər". Qeyd edək ki, kilosu beş tondan artıq olan yük maşınları ancaq qadağan edilmiş saatlar xaricində şəhərə daxil ola biləcəklər. Qadağa nişanlarının quraşdırılmasında məqsəd şəhərdaxili yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.
D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, əslən Naxçıvandan olan hüquq müdafiəçisi Novella Cəfəroğlu qeyd etdi ki, Naxçıvan qayda-qanunlara əməl edilən şəhərdir:
- Naxçıvan azadlığı yeni hiss etməyə başlayıb. Təkcə bu qanun yox, eşitdiyimə görə, çox şey yavaş-yavaş dəyişəcək. Düzdür, bundan əvvəl də Naxçıvanda bəzi qadağalar tətbiq olunurdu. Həm də bu qadağalar əhalinin xeyrinə idi. Məsələn, yas mərasimlərində yemək süfrəsi açılmağa icazə verilmirdi. Ehsan vermək qadağan idi. Ancaq çay, qənd, limon qoyurdular. Ola bilsin, bu, kiminsə xoşuna gəlmirdi, amma insanların çoxu bundan razı idi. Ehsan vermək yas evini nə qədər xərcə salır. Elə etmək lazımdır ki, adətlər hamı üçün eyni olsun. İnsanlar adətlərdən əziyyət çəkməsin. Yük maşınları ilə bağlı qadağalar tətbiq edilirsə, bu da şəhərin xeyrinədir. Ağır yük maşınları yollarda hərəkət etdikcə asfalt çökür. Müəyyən müddətdən sonra yollar yararsız hala düşür. Əhalinin gediş-gəlişinin çox olduğu, günün iş saatlarında ağırtonnajlı maşınların yollarda hərəkəti sıxlıq yaradır, tıxaca səbəb olurlar. Yol da xarab olur, sıxlıq da yaranır. Beton yola tökülür. Qum daşıyırlar, o da yola tökülür. Piyadalar əziyyət çəkir. Yük maşınları elə vaxtda yola çıxmalıdır ki, o biri avtomobillərə mane olmasınlar. Bakıda isə doğrudan da küçələrdəki avtomobil basqısı, tıxaclar insanlara çox əziyyət verir. Bu, insanların psixikasına mənfi təsir edir. Mənim yaxşıdır ki, maşınım yoxdur. Amma avtomobili olan dostlarımın, qohumlarımın hamısı hər gün 2-3 saat tıxacda qalırlar. Bakıda da yollarda qayda-qanuna riayət edilsə, qayda pozuntuları ilə bağlı sərt qanunlar tətbiq edilsə, əhalini bu stresdən qurtara bilərlər.
SHERG.az