Pakistanın Azərbaycandakı sabiq səfirinin köməkçisi Vüsal Hümbətzadə ilə - MÜSAHİBƏ
18-10-2024, 15:18
- Pakistan Azərbaycanın xarici siyasətində hansı yerə malikdir?
Pakistan İslam Respublikası bizim ölkəmiz üçün çox önəmli ölkələrdən biridir. 2002-ci ildə Heydər Əliyev məni Pakistana səfir təyin edəndə ilk sözü bu olmuşdu: “Diqqət et, Pakistan bizim üçün çox önəmlidir”. Çünki 1993-cü ildə erməni işğalı nəticəsində bizim torpaqlarımızın müəyyən hissəsinin işğal olunması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında müzakirələr zamanı ilk və həlledici olan 822 saylı qətnamənin layihəsinin təşəbbüskarı Pakistan idi. O zaman Pakistan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idi və həm də BMT-TŞ-yə sədrlik edirdi. Həmin qətnamə layihəsini məhz Pakistan hazırlamışdı. Pakistan digər qətnamələrin qəbulunda da Azərbaycana dəstək olur. Pakistan Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkədir. Daha bir cəhət var, bu da çox xarakterikdir. Pakistan Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünə görə Ermənistanın müstəqilliyini tanımayıb və bu ölkə ilə diplomatik əlaqələr qurmayıb. 2004-cü ildə prezident İlham Əliyev mənə daha konkret tapşırıq verdi – Pakistanla münasibətlər ən yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalı, Pakistandan Azərbaycanın aldığı siyasi dəstək, eləcə də Azərbaycanın Pakistana verdiyi siyasi dəstək, Pakistanın milli maraqlarına aid olan bütün məsələlərdə qarşılıqlı şəkildə davam etdirilməlidir. Bunu etməkdə çox da çətinliyimiz olmadı, çünki prezidentimiz xarici siyasəti özü müəyyən etməklə yanaşı, onun həyata keçməsində də aparıcı rol oynayır. Pakistanda səfirlik inşa etməyimizin siyasi mənası da var. Bilirsiniz ki, son vaxtlar Pakistanda, Əfqanıstanda, o bölgədə təhlükəsizliklə əlaqədar ciddi problemlər yaşanır, həmin bölgələrin xalqlarına qarşı terrorizm, ekstremizm zəminində qanlı hadisələr törədilir, qarşıdurmalar olur. NATO qüvvələri Əfqanıstanda antiterror əməliyyatlarını davam etdirir, belə bir şəraitdə həmin ölkələrdə silahlı qüvvələr tərəfindən sıxışdırılan radikallar, ekstremistlər, terrorçular, “Əl-Qaida” ilə əlaqəsi olan təşkilatlar təbii ki, qisas tədbirləri həyata keçirirlər. Diplomatik missiyalarda partlayışlar, qətllər, insanların girov götürülməsi kimi hallar dəfələrlə baş verib. Ona görə də Pakistan kimi həssas bölgədə ölkənin özünə məxsus səfirlik kompleksinin olması, onun lazımi şəkildə texniki təchizatı, təhlükəsizlik sisteminin qurulması, bütün əməkdaşların yaşaması üçün binanın inşa edilməsi, iş yeri ilə yaşayış yerinin bir birinə yaxınlığı ilk növbədə təhlükəsizlik baxımından çox önəmli bir məsələdir.
Pakistanla əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıbmı?
- Bizim Pakistanla münasibətlərimiz strateji tərəfdaşlıqdan da irəlidədir. Bu münasibətlərimizi Türkiyə ilə münasibətlərimizə bənzədərdim. Strateji tərəfdaşlıqdan o yana insanların bir birinə qarşılıqlı məhəbbəti, sevgisi, yaxınlığı var, mədəniyyət ortaqlığı var, tarixdən gələn ənənələr var. Pakistanın yerləşdiyi ərazi 7-8 yüz il sırf türk əsilli sülalələr tərəfindən idarə olunub. Oranın insanları bilirlər ki, Azərbaycan o qədər də yad ölkə deyil, “baycan” sözu urdu dilində “qardaş can” deməkdir.
Pakistanla iqtisadi əlaqələrimiz nə yerdədir?
- İqtisadi əlaqələr təəssüf Ki, ürək açaq deyil. Bu da obyektiv səbəblərlə əlaqədardır. Son illər ərzində xüsusilə Pakistanda və Əfqanıstanda məlum proseslər nəticəsində müəyyən problemlər yaranıb. Bu mənada bizim iş adamlarının, xüsusilə də özəl sektorun orada iş qurmaq istəyi o qədər də yüksək deyil. Bu, tək bizə aid deyil, bu, bütün dünyanın bölgəyə marağı olan iş adamlarına aiddir. Ölkədə iş həyatı zəifləyib, hökumət investisiyaları cəlb etmək üçün tədbirlər görür. Amma elə sahələr var ki, bizim əməkdaşlığımız çox yaxşı inkişaf edir və gələcək əməkdaşlıq üçün perspektiv var. Buna misal olaraq müdafiə sənayesi sahəsini göstərmək olar. Daxili işlər, xüsusi xidmət orqanları arasında birgə təlim kurslarının keçirilməsi, bu sahədə əməkdaşlıq çox uğurla davam edir. İslamabad Texnologiya Universitetində 3 professorumuz dərs deyir. Bu gün Pakistanda təhsil alan tələbəmiz yoxdur, əksinə Pakistanda Azərbaycanda təhsil almaq üçün böyük maraq yaranıb, bu ölkənin vətəndaşları XİN Diplomatik Akademiyası, Xəzər Universiteti, Bakı Dövlət Universitetində təhsil alırlar.
Azərbaycanda pakistanlı mühacirlərin sayı az deyil, səfirlik bu prosesə nəzarət edirmi?
- Pakistanlı mühacirlərin sayı mənə məlum deyil. Mənə yalnız səfirlikdən viza alaraq Azərbaycana gedən şəxslərin sayı məlumdur, amma üçüncü dövlətlərdən də viza alıb ölkəmizə gedən Pakistan vətəndaşları var. Amma burada bir reallıq var ki, ölkəmiz inkişaf etdikcə, burada yaşamaq rahat və təhlükəsiz olduqca, burada cürbəcür iş imkanları, biznes fəaliyyəti mühiti yaxşılaşdıqca, inkişaf etməkdə olan ölkələrin hər birindən mütləq axın olacaq. Bu normal, təbii prosesdir. Amma digər tərəfdən bu proses nizamlanmalıdır. Dövlət Miqrasiya Xidməti bununla bağlı iş aparır. Ölkəyə daxil olan bütün vətəndaşların vahid şəbəkədə yerləşən sistemi olmalıdır, bu sistemdə daimi müşahidə nəticəsində elə etmək olar ki, miqrasiya qaydalarını heç kim pozmasın. Mənə elə gəlir ki, Azərbaycanda pakistanlı mühacirlərin sayı bir neçə yüz nəfər ola bilər.
Müsahibəni aldı: jurnalist Şəfa Mehmanqızı
TEREF