“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı”

Bu gün, 11:59           
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı”
Ukraynada yaşayan azərbaycanlı jurnalist, “Birlik” Odessa Azərbaycanlıları Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu AYNA-ya müsahibəsində yaşadığı ölkədə yaşanan müharibə, dövlətin və cəmiyyətin işğalçıya qarşı dirəniş imkanları və gözləntilərdən danışıb. Beləliklə:

- Müharibənin üçüncü ilinin tamamına doğru gedir Ukrayna. Hələ nə sülh var, nə sülhə ümid. Ya da ikinci hissəni sual şəklində qoyaq: sülhə nə qədər ümid var?

- Bəli, təəssüf ki, savaşin üçüncü ilinin tamamına 3 aydan bir az çox qalır. Sülh deyəndə yəqin ki, atəşin dayanmasını nəzərdə tutursunuz. Çünki bu qədər itkilərdən sonra bu iki qonşu, eyni din və yaxın dil daşıyıcısı olan iki dövlət və xalq arasında əvvəlki sülh şəraiti, qarşılıqlı münasibətlər uzun illər bərpa oluna bilməz. Atəşin dayanmasına isə hər gün ümid var. Bu mövzuda əsas məsuliyyət də absurd iddialarla Ukrayna torpağına soxulan Rusiya rejiminin üzərinə düşür. Onlar indi də davam etdirdikləri anormal şərtlərindən əl çəkməli və qoşunlarını ən azı son 3 ildə tutduqları Ukrayna torpaqlarından çıxarmalıdırlar ki, hər hansı atəşkəs razılaşmasından söhbət açıla bilsin. Ya da savaşan tərəflərin ən azı birində qəfildən ciddi hakimiyyət dəyişikliyi baş verməlidir ki, bu da indiki reallıqda mümkün görünmür.

- Kiyevdə və Qərbdə qorxu vardı ki, Tramp gəlsə, Ukraynaya dəstəyi kəsəcək, onu məcburi danışıqlar masasına əyləşdirəcək, Rusiyanın maraqlarının təmin olunması şərtilə müharibəni dayandıracaq. Tramp gəldi... Və?

- Amerika tək Trampdan ibarət deyil və ya o sistemi bir nəfər idarə etmir. İstənilən siyasətçi də seçki öncəsi ya daxili auditoriyaya hesablanan, ya da xarici siyasətdə dəyişiklikləri nəzərdə tutan açıqlama və ya vədlər verə bilər. Donald Tramp birbaşa yardımların dayanacağı və yardımların ancaq kredit formasında “Lend-Liz” proqramı çərçivəsində olacağını vurğulayıb. Bu da az məna kəsb etmir Ukraynaya dəstək fonunda. Digər tərəfdən kimsə Ukrayna dövlətini və xalqını hansısa addıma məcbur edə bilməz. Dünya bu 3 ildə həm hakimiyyətin əzmini, həm xalqın iradəsini seyr etdi. Rusiya o güc və templə yolunu Avropaya salsaydı, bəlkə də, indi bir çox Avropa dövlətləri Tatarıstan statusuna girmişdi. Digər tərəfdən hamıya aydın oldu ki, nə qədər Ukraynanın yanında dursalar da, Çin kimi daha ciddi rəqibin fonunda tam çökmüş, parçalanmış Rusiya Amerikanın və ya Avropa dövlətlərinin planlarına aid deyil.

- Rusların dayanmaq fikri yoxdur, əksinə kiçik də olsa, yeni ərazilər ələ keçirirlər. Rusları dayanmamağa təhrik edən bir despotik hakimiyyət var və işğalçı tərəfdə hər şey despotun iki dodağının arasındakı sözdən asılıdır. Bəs, ukraynalılar? Onların döyüş əzmi, ruh halları necədir? Özlərinə "nə vaxtadək" sualını verirlərmi?

- Ukrayna xalqının müəyyən qismi təbii ki, itkilərdən, iqtisadi sıxıntılardan bezmiş durumdadır. Amma milliyətçi kəsim və böyük bir hissə isə müxtəlif çətinliklərə rəğmən, torpaq itkisi ilə müşayiət olunacaq güzəştlərə və ya təkrar Rusiyanın boyunduruğuna girməyə razı deyil.

- Rusiyaya qarşı sanksiyalar təsiredicidir, amma Moskvanı çökdürəcək qədər təminedici deyil. Ukraynanın iqtisadi durumu necədir: ölkə nə sayəsində ayaqda durur, yalnız xarici yardımlar, yoxsa...?

- Ukrayna böyük sənaye və aqrar ölkəsidir. Xarici yardımların rolu təbii ki, danılmazdır, amma xalq və biznes adamları da mövcud şərtlərdə əzmlə çalışırlar. Hətta uzun müddət elektrik enerjisi olmadığı vaxtlarda belə, generatorlar işlədərək bir gün də sərt qış günlərində xidmət sektoru işini dayandırmadı.

- Müharibənin əvvəllərində, gedişatında cəmiyyətin böyük əksəriyyətində münasibət birmənalı idi - günahkar Kremldir. Bu gün də eyni yanaşma qalır? Daxildə və xaricdə başqa günahkarlar meydana çıxmayıb ki?

- Günah təbii ki, isğalçıdadır. Bu günlərdə bir efirdə də eyni tezisi səsləndirdim. Hətta öncədən və ya bu sıxıcı mərhələdə belə, məsələn, hakimiyyəti günahkar çıxarmaq istəyənlərin arqumentləri acizdir. Çünki Kreml savaşı tək döyüş meydanında aparmır. Yüzlərlə kilometr kənarda Kiyev, Odessa, Xarkov kimi böyük şəhərləri bombalayır, mülki infrastrukturu dağıdır, körpələri, qocaları, qadınları öldürür. Suallarınıza cavab verdiyim dəqiqələrdə Odessada həyəcan siqnalı var. Yenə dronlarla, raketlərlə hücum olunur, partlayışlar eşidilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.