Umud Şükri: Qənaət kampaniyaları İranın enerji böhranına uzunmüddətli çözüm olmaz
Dünən, 14:43
Son həftələr İran Azərbaycanı daxil olmaqla, İranın əksər vilayətlərində qaz çatışmazlığı, şiddətli soyuqlar və havanın çirklənməsi səbəbindən məktəblər, idarələr və banklar bağlanır.
Prezident Pezeşkian “bütün ölkəni yanacaqla təmin etmək üçün vətəndaşları evlərinin istiliyini iki dərəcə aşağı” salmağa çağırıb.
Beynəlxalq əlaqələr və enerji təhlükəsizliyi üzrə ekspert Umud Şükri Amerikanın Səsi ilə söhbətində İranda istehlakda qənaət kampaniyalarının enerji böhranına uzunmüddətli çözüm olmayacağını vurğulayıb.
“İlk dəfə olaraq 2011-də İran açıq şəkildə təbii qaz idxalatçısı durumuna düşdü. Əhmədinejad Türkmənistandan təbii qaz idxal edərək balansı təmin etməyə çalışmışdı. Əhmədinejaddan sonra da Ruhani, sonra Rəisi və indi də Pezeşkian dönəmində hələ ki, Amerikanın sanksiyaları davam etdiyi üçün İranın gözlədiyi sərmayə gəlmədi və bugünkü duruma gəldi çatdı”, Umud Şükri bildirib.
Ekspert enerjidə istehsal gücünün istehlakla bərabər artmadığı təqdirdə İranda enerji böhranının genişlənməkdə davam edəcəyini deyib. O, istehsalda yaxın gələcəkdə artımın mümkün olmayacağını ifadə edib:
“İranda həm təbii qaz, həm dizel yanacağı, həm benzin, həm də elektrik sahəsində problem var. Yəni, istehsal və məsrəf arasındakı fərq günbəgün çoxalır. Yəni, istehsal bəlli səviyyədə qalır, amma içəridəki tələb həm sənayedə, həm də evlərdə illik 5 ilə 7 faiz artır. Amma istehsal gücü onunla bərabər artmadığı üçün bu fərq getdikcə çoxalır”.
Şükri son həftələr yanacaq istehlakına qənaət məqsədilə həyata keçirilən tədbirlərin uzunmüddətli bir çözüm olmayacağını önə çəkib.
Onun sözlərinə görə, “indi Məsud Pezeşkianın istədiyi ki, evin istisini iki dərəcə aşağı tutmaqla, ya məktəblər, universitetləri və idarələri bağlamaqla bu enerji böhranını hələlik qısamüddətdə bəlkə idarə edə bilərlər. Amma İranla Qətər arasındakı Cənubi Pars qaz yatağı istehsal ömrünün yarısını aşıb və çox yüksək səviyyəli teknologiya olmasa, istehsal gücü hər il 10 faizə qədər düşəcək. İranın 70 faiz təbii qazının buradan gəldiyinə görə gələcək illərdə enerji böhranı daha da genişlənəcək”.
Umud Şükri əlavə edib ki, “İranda 46 il əvvəlki inqilabdan sonra İslam Cümhuriyyətinin enerji məsələsinə geostrateji baxışı olmadı. Dünyanın ikinci doğal qaz qaynaqlarına sahib olan İranın enerji böhranı ilə üzləşməsi heç bir məntiqə uyğun deyil. Amma sistemin geostrateji baxışı olmadığı üçün problemlər bir-bir üstünə yığıldı və gəldi Pezeşkianın qucağına düşdü”.