“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Dünən, 17:32

“Hava şəraiti ilə əlaqədar olaraq təzyiqim qalxmır. Təzyiqim də qalxmayanda, təngənəfəs oluram. Ona görə də televiziyalara çağıranda gedə bilmirəm, telefonla danışıb müsahibə verə bilirəm. Xahiş edirəm ki, məni görüntülü göstərməsinlər. Mən aparıcılardan, jurnalistlərdən çox razıyam. Hamısı məni yada salır”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. O daha sonra əlavə edib:
“Bir dəfə Nisə Qasımova haqqında danışdım, peşman oldum. Bir də görürsünüz ki, adamın öz doğma övladı onu yada salmır. Həyatın yazılmış qanunlarıdır. Yada salan da sağ olsun, yada salmayan da. Yada salmır da, mən nə edim? Onu gərək heç deməzdim. Sadəcə olaraq mənə sual ünvanlandı, mən də cavab verdim. Yada salınanda əlbəttə ki, mənə də xoş gələr. Mənə pul vermirlər, hədiyyə gətirmirlər. Heç bir müğənnidən bunları görməmişəm, görmək də istəmirəm. Mən onları öz balalarım sayıram. Sənət fədaisiyəm, evsiz-eşiksiz olmuşam, amma sənətsiz olmamışam. Bir neçə gün öncə Firuzə İbadovanın doğum günü idi. Onu efir vasitəsilə təbrik etdim. Onun üçün də çox zəhmət çəkmişəm. Hamısı fəxri adlara layiq görülüb. Bu mənim zəhmətimin bəhrəsidir. Firuzə xanım məni harada görür, az qalır ki, gəlib əllərimdən, ayağımdan öpsün. Deyir ki, can, qurban olum. Mən onların anaları olmuşam, rəfiqəlik etmişəm. Bu qədər söz-söhbətdən sonra Nisə Qasımova bir dəfə də mənə zəng etmədi. Müğənnilərin içərisində ən çox istədiyim, sevdiyim Nisə olub. Bunu mən deyəndə bir çoxları qısqanclıqla qəbul edirdilər. Onu həddindən artıq çox istəmişəm. Bir tikəmi ondan ayrı yeməmişəm. Ələkbər Tağıyevin yanına da onu mən aparmışam. Zeynəb Xanlarova da mənim qabağımda tələbə olub. O da heç yada salmır. Amma ondan incimirəm. Amma Nisədən inciyirəm. Gül-çiçəklə qapıma gəlsə onu qucaqlayıb öpərəm. Nisənin ixtiyarı yoxdur ki, mənə qarşı pis olsun. Nəinki o, heç kim. Nisəni dünyalar qədər istəyirdim. O bilir ki, mənim yaşım 90-nı keçib, xəstəyəm, vəziyyətim ağırlaşır. Bir dəfə də olsa mənə zəng etməli idi. Nə qədər ki, gözüm görür gəlsin. Onsuz da bilirəm ki, sabah ölsəm dəfnə gələcək. Yasa hamı gəlir. Bu həyatın qanunudur. Bəlkə də gəlməyəcək, amma sağ ikən gəlsin. Gözüm onu görsün, qucaqlayıb öpüm. Nisəyə can sağlığı arzu edirəm” deyə sənətkar bildirib.
Ceyran Haşımova Mədəniyyət Nazirliyinin onunla maraqlanmadığını bildirib:
“Mədəniyyət Nazirliyi mənimlə qətiyyən maraqlanmır. Mən dəfələrlə məktub yazmışam, sözümü demişəm, amma eşitməyiblər. İndi müğənniyə də “Şöhrət” ordeni verirlər. Müğənni gedib toylara, pul qazanıb cibinə qoyub. O nə edib ki? Mənim kimi nəsə yaratmayıb ki?! Axı mən zəhmət çəkmişəm. Dərs demişəm, “Lalə qızlar” ansamblı yaratmışam. İndi nə var ki, qastrol səfərlərinə getmək? Tövlədə, palto-paltarla yatırdıq. İndiki kimi otellər var idi ki? Mədəniyyət Nazirliyinə məktub yazmışam, deyirlər ki, baxılacaq. Bəlkə sabah öldüm? Nəyə baxılacaq? Bu orden mənim haqqımdır. Axı mən zəhmət çəkmişəm. Ana bir qızını saxlaya bilmir, mən o qədər qızları görün necə əziyyətlərlə yetişdirmişəm. Bu cür insanı unutmaq olar? Təəssüf ki, nazirlik məni unudub. İndiyə qədər aldığım fəxri adlar zəhmətimin, alın tərimin bəhrəsidir. Mən nə etməli idim ki, “Şöhrət” ordeni almalı idim? Çox stress yaşayıram. Bu orden mənim yaşama stimulum olmalıdır” deyə sənətkar bildirib.