Azərbaycan "NKVD"-də ermənilər olmasaydı, xalqımıza qarşı repressiyalar törədilməzdi?.. –Tarixçi alim cavablandırır...

Bu gün, 11:34           
Azərbaycan "NKVD"-də ermənilər olmasaydı, xalqımıza qarşı repressiyalar törədilməzdi?.. –Tarixçi alim cavablandırır...
“Məsələ ondadır ki, Moskvadakılar Azərbaycandakı repressiyalarda əsas etibarilə ermənilərdən istifadə etməklə azərbaycanlıların qəlbindəki o kin və nifrəti, o qəzəb dalğasını bolşeviklərə, kommunist partiyasına, sovet rəhbərliyinə deyil, ermənilərə qarşı yönləndirirdi...”

“Siz 1930-cu illərdə Azərbaycanda aparılmış repressiya prosesini xeyli dərəcədə araşdırmısız bu haqda “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” və "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər” adlı iki kitab yazmısız... Adama elə gəlir ki, sanki hansısa qüvvələr həmin repressiyalarda da daha çox erməni amilini qabardır və dolayısıyla bu olayların əsas təşkilatçısı və ilhamvericisi olan Rusiya-Sovet impriyası, Stalin rejimi və onun əlaltısı Mir Cəfər Bağırovun ölkəmizdə qurduğu rejimin günahları yenə də kölgədə qalır. Cəmiyyətə elə təlqin edilir ki, guya Azərbaycan “NKVD”-sindəki Markaryanlar, Sumbatovlar, Qriqoryanlar və s. olmasaydı, həmin repressiyalar törədilməz, Cavidlər, Cavadlar, Müşfiqlər haqsız, günahsız yerə məhv edilməzdi. Və sovet dövrünün sonlarından xüsusən onu da hələ qabardırdılar ki, guya məhkəmədə Bağırov deyib ki, xalqıma qarşı bu qədər qəddar olmağımın əsas səbəbi məni ermənilərin aldatması olub. Bu fikrə necə baxırsız?”

Moderator.az bu sualı tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizə ünvanlayıb. Tarixçi alim suala belə cavab verib:

“Tamamilə doğru bir baxışdır. Biz, bir sıra tarixçilər də öz araşdırmalarımızda o aspektə yer vermişik ki, əslində AXC-nin süqutundan başlanan repressiyaların birbaşa təşkilatçısı və idarəedicisi sovet rəhbərliyi idi. Məsələ ondadır ki, Moskvadakılar Azərbaycandakı repressiyalarda əsas etibarilə ermənilərdən istifadə etməklə azərbaycanlıların qəlbindəki o kin və nifrəti, o qəzəb dalğasını bolşeviklərə, kommunist partiyasına, sovet rəhbərliyinə deyil, ermənilərə qarşı yönləndirirdi. Guya xalqımıza qarşı bu siyasəti birbaşa ermənilər yürüdürdü? Xeyr, bu azğın və amansız siyasətin icra mexanizmi yerlərə bilavasitə Moskvadan, Sovet İttifaqı bolşevik-kommunist partiyası, dövlət rəhbərliyi tərəfindən hazırlanıb göndərilirdi. Azərbaycanda isə repressiyaların icrası xüsusən 1936-1937-ci illərdə “NKVD”-yə yenicə işə cəlb edilmiş orta təhsilli və ən dəhşətlisi yalnız ibtidai təhsili olan rus və erməni milliyyətindən olan müstəntiq və digər kiçik vəzifəli əməkdaşlar tərəfindən həyata keçirilmiş və günahı da əsasən onların üzərinə yıxmışlar. Bu da çox incə şəkildə düşünülmüş həyata keçirilmiş bir siyasət idi...”

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.