Hakan Fidan Vaşinqtona bunu deməyə gedib – ABŞ Yaxın Şərqdən çıxır?
27-03-2025, 12:16

Globalinfo.az beynəlxalq gündəmlə bağlı türkiyəli politoloq Hüsaməddin İnaçdan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– Bir neçə gün bundan öncə Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığında ABŞ-dan “F-35”lərin istehlakı ilə bağlı müsbət siqnal gəldi. Hüsaməddin bəy, ABŞ-Türkiyə və ABŞ-Rusiya yaxınlaşması regional və qlobal anlamda ayrı-ayrılıqda nə vəd edir və bu münasibətlər nə qədər etibarlıdır?
– ABŞ və Rusiya arasında ehtimal olunan yaxınlaşma hər zaman Türkiyənin əleyhinə olmuşdur. Çünki bu iki super imperialist güc Türkiyə üzərindən hərəkət edir. Türkiyə birinin doldurduğu boşluğu digəri ilə kompensasiya edərək bölgədə varlığını davam etdirməkdədir. Xüsusilə Rusiyanın Ukrayna savaşından Trampın dəstəyi ilə güclənərək çıxması istər Suriyada, istər Liviyada, istərsə də Azərbaycan-Ermənistan müharibəsindən sonra yaranan reallıqda Türkiyənin əleyhinə nəticələr verəcək. Çünki Rusiya bu cəbhələrdə qarşı tərəfdə duran ölkələrdən biridir. Rusiyanın bu baxımdan güclənməsi Qara dənizin təhlükəsizliyi üçün də təhdid yarada bilər. Şərqi Aralıq dənizində hidrokarbon mənbələri uğrunda mübarizədə də Türkiyənin önünə keçə bilər.
Bu mənada hazırda Türkiyə İngiltərə, Çin və Avropa İttifaqı xəttinə yaxın bir siyasi xətt tutmaqla yanaşı, ABŞ ilə də ciddi qarşılıqlı münasibətlər qurmuşdur. ABŞ da Suriyadakı hərbçilərini çıxarmaq istəyir. Amma bundan öncə İsraillə Türkiyənin maraqlarının Suriya üzərindən uzlaşdığı bir sistem yaratmağa çalışır. Bunun nə qədər mümkün olacağı isə mübahisəlidir. Ötən gündən etibarən hörmətli xarici işlər naziri Hakan Fidan əslində Suriyanın və ya Yaxın Şərqin yenidən dizayn edilməsi cəhdlərində Türkiyənin tezislərini anlatmaq üçün ABŞ-da səfərdədir. Bu mənada ortaq nəticəyə gəlinərsə ABŞ artıq Yaxın Şərqdən çıxacaq və Asiya-Sakit Okean regionunun içinə doğru yönlənmiş olacaq – gerçək düşməni Çinə qarşı diqqətini cəmləmək imkanı qazanacaq.
– Seçki öncəsi kampaniyada Tramp barışı təmin edəcəyini bəyan etmişdi. Amma indi ABŞ yenidən Yəmənə hücum edib. Bəzi analitiklər Yəmənin ABŞ üçün bataqlığa çevriləcəyini deyir, çünki böyük güclərə qarşı savaşmaqla dayanıqlılıq qazanıblar. Husilərə qarşı müharibə aparan ABŞ özünün, ya İsrailin maraqlarından çıxış edir? Bundan əlavə, İsrailin Livana hücumları nə ilə nəticələnə bilər?
– Trampın sülhpərvər yanaşma sərgiləməsinə baxmayaraq, Yəmənə yenidən hücum etdiyini görürük. Bura mənim fikrimcə də ABŞ üçün bataqlığa çevriləcək. Yəməndə husilər dedikdə fikrimizə İran gəlir. İsrail İrana birbaşa hücum edilməsini və nüvə təsisatlarının vurulmasını istəyir. Və hazırda ABŞ ilə İsrail arasında İran məsələsində çox ciddi fikir ayrılığı var. ABŞ ciddi şəkildə təzyiq göstərmək və sanksiya tətbiq etməklə İranın nüvə silahı istehsalından vaz keçməsini təmin etməyə və “Hizbullah”, Bədir Tuqay kimi qruplarla əlaqələrini kəsməyə çalışır. Digər tərəfdən, İsrail İranın mütləq vurulması gərəkdiyinə inanır. Təəssüf ki, yay aylarında İranın ciddi mənada hücuma məruz qalacağı görülməkdədir.
Husilər də bilirsiniz ki, İranın bir proksi gücü kimi hərəkət edir. ABŞ-ın öz maraqlarından savayı, İsrailin maraqları üçün Yəmənə zərbə endirdiyini deyə bilərik. Yaxın Şərqdə ABŞ-ın müxtəlif maraqları və müttəfiqləri var. Yəmənə hücum etməklə bu müttəfiqləri də əslində itirmək riski ilə üzləşib. Son günlər ABŞ mediasında xüsusilə Misirin müttəfiqliyi bitirmək həddinə çatdığı və İsrailə ciddi dəstək verən ABŞ-ın Misiri itirmək riski yüksək olduğu bildirilib.
Təəssüf ki, bu gün İsrail istər Suriyada, istərsə də Liviya və Yəməndə, həmçinin digər bölgələrdə aqressiv davranmağa davam edir. Məsələn, Suriyada Palmira və ya Tadmur adlı bölgədə Türkiyəyə hərbi baza verilə bilər. Bu mənada İsrail tamamən Türkiyə ilə qarşı- qarşıya qalmaqdan qorxan bir siyasi xətt yürüdür. İsraillə bağlı belə bir patoloji vəziyyət var ki, bölgədəki heç bir ölkə, Türkiyə də daxil olmaqla, heç bir halda İsraildən daha güclü olmamalıdır. Xüsusilə, hərbi hava qüvvələri baxımdan bölgədəki üstün ölkə İsrail olmalıdır. Bu mənada, İsrail hər cür müdaxiləni özü üçün təhdid olaraq görür. Xüsusilə Türkiyənin Suriyada hərbi baza qurması İsrail üçün ən böyük təhlükəsizlik problemi kimi başa düşülür. Məsələn, dünən İsrailin “Ovalla” adlı saytında Türkiyənin yaxın zamanda İsrailə qarşı müharibəyə başlayacağı ehtimalının olduğu bildirilir.
– Rusiya və Ukrayna enerji infrastrukturu obyektlərinə zərbələrdən imtina edilməsinə razılaşıb. ABŞ rəsmi dairələri müharibənin sonlandırılmasının bir addımlığında olduqları təəssüratını yaratmağa çalışsalar da Ukrayna, Rusiya və ABŞ-ın fərqli siyasi baxışları onu göstərir ki, sülh sazişi istiqamətində proses uzanacaq. Tramp seçki öncəsi vəd etdiyi sülhü təmin edə biləcəkmi?
– Ukraynada vəziyyət sülhə yaxın deyil. Çünki Ukrayna və Rusiyanın yanaşmaları fərqlidir. Ukrayna lideri Zelenski Krım daxil olmaqla, Rusiyanın ilhaq etdiyi torpaqlardan tamamən çıxması və son rus əsgərinin Ukrayna sərhədlərini tərk etməsi ilə sülhün bərqərar ola biləcəyi fikrini müdafiə edir. Rusiya isə işğal etdiyi torpaqların heç birindən geri addım atmayacağını və savaş təzminatı ödəməyəcəyini söyləyir. Bunu Ukrayna regional və qlobal baxımdan bir təhdid olaraq görür. Çünki Rusiya bu torpaqları alarsa daha da irəliləyəcək, yəni bütövlükdə Ukraynanı ələ keçirməyə çalışacaq, Polşaya və Avropanın içlərinə doğru genişlənəcək. Tramp administrasiyası isə mənfəətcil formada seçkilərdə verdiyi sözü yerinə yetirmək üçün xüsusilə Ukraynaya ciddi şəkildə təzyiq göstərir. Ancaq bunu edərkən də Ukraynanı bölüşdürülməli olan bir ov kimi görür. Əvvəlcə nadir minerallarını, indi də nüvə təsisatlarını ABŞ almaq istəyir. Bu prizmadan baxdığımızda savaşda ciddi şəkildə itirən tərəfin Ukrayna olduğu görülür. Digər tərəfdən, Tramp Putin atəşkəsə razı olmazsa, iqtisadi sanksiyalar tətbiq edəcəyini söylədi. Putin də Kurska hərbi geyimdə gələrək əslində, “mən Zelenski deyiləm” mənasında cavab vermiş oldu.
Son zamanlar ABŞ-ın Ukraynaya daha çox dəstək verməyə başladığını və Rusiyanı hər hansı üsulla yormaya çalışdığını görürük. Xüsusilə, Zaporojya bölgəsində, Xarkovda Ukraynanın çox yaxşı müdafiə olunduğunu və eyni zamanda rus torpağı olan Belqorodu ələ keçirməyə çalışdığını görürük.
Burada Trampın, əslində, atəşkəs məsələsində Putindən istədiyi dəstəyi ala bilmədiyi görünür. Və nəhayət, dediyim kimi, hər üç tərəfin maraqları üst-üstə düşmədiyi üçün bu barış təəssüf ki, yaxında mümkün olmayacaq. Sadəcə nüvə təsisatları və enerji obyektlərinə zərbə endirməmək məsələsində razılaşma əldə olunub. Onun xaricində təəssüf ki, yekun müqavilənin bağlanması üçün heç bir addım atılmayıb.
Gülnar Səlimova
Globalinfo.az