Beyin damarlarını 11 dəqiqəyə açan azərbaycanlı: "Hər şey bir anın içində oldu" - FOTO
Bu gün, 10:38

"Mənim ilk əməliyyatım öz həmkarım üzərində olub və onun məsuliyyətini əməliyyat başlayana qədər öz barmaqlarımda, ürək döyüntülərimdə hiss etmişəm. 28 yaşında idim həmin vaxt. Gecə saat üç olardı, mənə zəng gəldi ki, insult xəstəsi var, təcili qərar vermək lazımdır, əməliyyat lazımdır, ya yox? Baxdım və təcili əməliyyat qərarı verdim. Həmin əməliyyatda tromb elə bir yerdə idi ki, gənc və ilk əməliyyatını edəcək bir həkim üçün onu oradan çıxarmaq mümkünsüz kimi görünürdü. Nəticə isə tam əksi oldu - xəstə xilas oldu və ondakı simptomların hər biri geri çəkildi. Xəstənin şansı həm də onda gətirmişdi ki, insult xəstəxanada baş vermişdi və biz çox zaman qazana bilmişdik.
Beynin içində olan damarlarda istifadə etdiyimiz materialların hərəkəti mənim gözümün qabağından getmir, onlar tromba doğru necə getdilər, biz trombu necə sorub oradan çıxardıq və bütün bu proseslər üç dəqiqənin içində baş verdi".
İqtisadiyyat.az xəbər verir ki, bunu müsahibəsində Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və Azərbaycan Texniki Universitetinin Biotibbi Mühəndislik İnstitutunun direktoru professor Nuran Abdullayev deyib.
- Nuran həkim, sizi Almaniyada insult xəstələrində beyin əməliyyatlarını icra edən ən gənc ilk üç həkimdən biri kimi tanıyırıq. Bəlkə, söhbətə buradan başlayaq?
- Bəli, mən Almaniyada 28 yaşından sərbəst olaraq beyində, daha çox beyin damarlarında əməliyyat icazəsi olan bir azərbaycanlıyam. Deyim sizə ki, bunu qazanmaq o qədər də asan olmayıb. Almanların özləri belə, bu mərhələyə çatmaq üçün çox çalışırlar. Hətta məndən 15 yaş böyük olanlar vardı ki, hələ də o əməliyyatları öyrənirdilər. Mən 28 yaşında beyin əməliyyatlarına başlayanda Almaniyada yüzdən bir az çox idi bu əməliyyatları edənlərin sayı. Yəni rəsmi icazəsi olub böyük mərkəzlərdə işləyənlərdən söhbət gedir - bəlkə də, xırda klinikalar olub ki, onlar da ediblər, amma rəsmi olaraq bunların heç biri qeydiyyata alınmayıb. Mən 28 yaşında bu işi başladım və zaman keçdikcə bəlli oldu ki, Almaniyada ən gənc beyin əməliyyatına icazəsi olan və həmin əməliyyatı icra edən həkim mən olmuşam.
- Siz 11 dəqiqəyə beyin əməliyyatı etmisiniz. Necə oldu ki, bu qədər az vaxtda bu əməliyyat reallaşdı?
- 11 dəqiqəlik əməliyyatdan danışanda belə deyə bilərəm ki, mənim heç unutmayacağım əməliyyatlardan idi. Düzdür, bu o demək deyil ki, 11 dəqiqə rekorddur və bundan o tərəfə olmayacaq və ya yoxdur. Bəlkə də, var, bəlkə də, başqası daha da tez edə bilər.
- Əməliyyatın icrası necə oldu?
- Belə oldu ki, mən əməliyyat qərarını yenə də gecə saatlarında vermişdim. Əməliyyatxanaya daxil olanda tibb bacılarından birinin ağlayaraq müəyyən işlər gördüyü diqqətimi çəkdi, digərləri də o qədər üzgün idilər ki, əməliyyata girən cərrah, əslində, belə bir əhvalı hiss etməli deyil, məncə. Ondan nə baş verdiyini soruşanda tibb bacısı bildirdi ki, xəstə ona çox yaxın olan bir insandır və o, ayaqda qalmaq üçün nələrdən keçib - bir oğlunu avtoqəzada, digər övladı və həyat yoldaşını isə xəstəlikdən itirib. Yəni təsəvvür edin ki, həyatda heç bir kəsi olmayan adamdır, amma həyata tutunub, yaşamaq istəyir. Beyində əməliyyat edəcək bir həkim üçün bunun nə demək olduğunu sözlə ifadə etmək çətindir. Hətta o an ağlımdan keçdi ki, yəqin, onun da sonu elə burada olacaq. Tibb bacısı bunları danışa-danışa ağladığı üçün qərar verdim ki, onu əməliyyat otağından çıxarsınlar. Mən hər bir şeyin çox tez baş verməsi üçün əlimdən gələn hər şeyi etdim. Hətta mən əməliyyat üçün bütün beynimi fokuslayanda bir də baxdım ki, xəstənin beyin damarlarındayam. Ümumilikdə, 11 dəqiqə ərzində artıq əməliyyatı yekunlaşdırmışdım. Yəni qasıq nahiyəsindən birbaşa beyindəki damarlara girdim və əməliyyatı icra etdim.
Əməliyyat uğurla bitdiyinə görə mən də əmin idim ki, hər şey yaxşıdır və xəstəni həyatda saxlamağı bacardım. Buna çox əmin idim hətta. Adətən, belə xəstələrin ayılmasını gözləyirlər, hətta buna da ehtiyac görmədim, səhər tezdən işdə olmalı idim deyə xəstəni ayıltmaq funksiyası, cavabdehliyi olan həkimlərə təhvil verib, evə getdim. Evə çatanda artıq həmin xəstənin videosunu çəkib mənə göndərmişdilər. Narkozdan ayılanda ona bildirmişdilər ki, necə bir əməliyyat keçirib və əməliyyatı kim edib, o da xahiş etmişdi ki, məni çəkin, ona göndərin - mən gələndə əlimi, ayağımı tərpədə və danışa bilmirdim, indi isə bunları bacarıram.
- Doktor, bu əməliyyat müddəti indiki halda rekord hesab olunur?
- Səmimi olsam, bu mövzularda çox ehtiyatlı davranan biriyəm, amma 11 dəqiqə ərzində bu əməliyyatı bitirən birini hələ ki tanımıram. Amma bu o demək deyil ki, bunu mən etmişəm, daha dünyada heç kim edə bilməz. Təbii ki, bu əməliyyatı daha tez də etmək olar. Yəni sistemli şəkildə, yaxşı təchiz olunmuş xəstəxanalarda ola bilər ki, 11 dəqiqədən də tez o əməliyyatı icra etmək mümkün olsun.
- Belə əməliyyat çoxdan həyata keçirilir?
- Xeyr. Bu əməliyyatın tarixi də o qədər uzun deyil. Təxminən 15 ilə yaxındır ki, effektiv şəkildə icra olunur. Ona görə də ən gənc yaşında onun öhdəsindən gələn mən oldum.
- Bəs Azərbaycanda necə, icra oluna bilir?
- Azərbaycanda bizim bildiyimiz şəkildə icra olunmur bu əməliyyat. Çünki 2016-cı ildən mənim Azərbaycana səfərlərim olub, bununla bağlı bir çox tədbirlər keçirmişəm ki, dəstək olum, bəzi şeyləri bizdə də öyrənsinlər. Amma hazırda bizim burada bildiyimiz şəkildə Azərbaycanda bu əməliyyat icra olunmur. Bəzi həkimlər var ki, bu əməliyyatı edə bilərlər, amma bizim burada etdiyimiz kimi icra olunmur orada.
- Əməliyyatın mahiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, beyin insultu olanda, hamının anlayacağı dildə desəm, adam bir tərəfini, yaxud bir ayağını və ya əlini tərpədə bilmir. Ən əsası - bu cür əməliyyatların saatı var idi ki, hansı saatlarda o icra olunmalıdır. Bu saat çərçivəsi hazırda daha da genişlənib. Almaniyada bu cür xəstələr çox qısa zamanda xəstəxanaya çatdırılırlar.
- Çox qısa zaman dediyiniz nə qədər vaxtı özündə ehtiva edir?
- Yəni təcili yardım həkimi gəlib ünvana çatdıqdan sonra xəstə 10-15 dəqiqə ərzində xəstəxanaya çatdırılır. Diaqnoz qoyulduqdan sonra ki bu, insult və beyin damarının tutulmasıdır, lazımi tədbirlər görülür.
İnsultun ən çox rast gəlinən səbəblərdən biri beynimizin içində olan damarlardır ki, onları tromb tutur və bu zaman qan işləmədiyinə görə hüceyrə ölümü baş verir. Bizim də məqsədimiz beyində tutulan həmin damarı açmaqdır. Əgər biz bu əməliyyatı çöldən etsək, yəni başın üstündən kəsməklə daxil olub etsək, onda kifayət qədər zaman itirmiş oluruq, ona görə bu əməliyyat belədir ki, qasıq nahiyəsindəki damardan girilir, beyindəki damarın içinə gedilir və xüsusi texnika var ki, onun vasitəsilə beyindən həmin tromb çıxarılır. Həmin trombu çıxarmaq üçün də lazım olan dünyada ən effektiv əməliyyat texnikasını biz, Köln Universitetindən olan komandamız elmə gətirmişik və bu gün bütün dünyada ondan istifadə olunur.
- Sizcə, bu əməliyyatın bu qədər tez və uğurlu olmasında əsas olan nə idi - texniki hazırlıq, təcrübə, yoxsa müasir texnologiyanın rolu?
- Xeyr, texnologiyanın rolu deyil. Təbii ki, mənim üçün vacib olan bütün uğurların ətrafında əziyyət və təcrübə dayanır hər zaman. Bu əməliyyatın da bu şəkildə keçməsinin arxasında, öz adıma deyirəm, uzun əziyyətlər, yuxusuz gecələr, böyük məqsədlər, əzm, xüsusi nizam-intizam və təcrübə dayanır. Deyim sizə ki, Almaniyanın son 50 illik tarixində belə bir şey olmamışdı, mən Almaniyada 33 yaşında ən gənc klinika rəhbəri təyin olunmuşam və bunu bir alman olaraq yox, bir azərbaycanlı olaraq qazanmışam. Mənim tibb sahəsində tərbiyə aldığım cəmiyyət mənə öyrədib ki, elmə əsaslanan həkim olmaq lazımdır, təkcə praktikaya əsaslanan yox.
- Nurlan həkim, neçə ildir Almaniyadasınız?
- 2012-ci ildə gəlmişəm Almaniyaya.
- Ali təhsilinizi Bakıda almısınız?
- Bəli. Ali təhsilimi Bakıda almışam və 2012-ci ildə Tibb Universitetindən diplomumu alıb birbaşa Almaniyaya gəlmişəm. Qeyd edim ki, mən həm də həmin zamanlar reytinqlərdə ilk yerləri tutan böyük universitet xəstəxanasında iş alan yeganə azərbaycanlıyam. O vaxt mən hələ universiteti bitirməmişdən həmin universitetin rəhbəri mənə iş yeri vermişdi və Almaniyaya da bu şəkildə gəlmişdim.
- Neçənci ildənsiniz?
- 1989-cu ildə Bakı şəhərində anadan olmuşam.
- Hansı məktəbi bitirmisiniz?
- Xarici dillər təmayüllü gimnaziyanı əlaçı kimi bitirib, Tibb Universitetinə daxil olmuşam və universiteti də qırmızı diplomla bitirmişəm.
- Maraqlıdır, ailənizdə sizdən başqa həkim var - valideynləriniz və ya qohumlarınız?
- Öz valideynlərim yox, amma böyük ailəmizə, nəslimizə, kökümüzə baxsaq, əmi, dayı, bibilərin, demək olar ki, 80%-i həkimdir. Mən də həmin ruhda böyümüşəm ki, həkim olacağam.
- Bəs valideynləriniz nə işlə məşğuldurlar?
- Anam evdar qadındır, atam da şəxsi bizneslə məşğuldur.
- Övladlarınız necə, onlar da həkim olmaq arzusundadırlar?
- İki oğlum var. Onların təhsillə bağlı istəklərinə hər zaman dəstək ola bilərəm, təbii ki, istəyərəm ki, tibb sahəsində olsunlar, amma bu sahəni seçməsələr belə, narahat olmaram.
- Həkim, bu sualı xaricdə olan həmvətənlərimizə vermədən keçə bilmirəm. Almaniyada qalmaq planlarınız həmişəlikdir, yoxsa nə zamansa vətənə dönəcəksiniz?
- Mən səmimi danışacağam sizinlə. Bu gün mənim kifayət qədər fəaliyyətim var ki, Azərbaycanda böyük işlər görməyə dəstək olum, amma onun zamanının gəlib-gəlməyəcəyi ilə bağlı indi nəsə deyə bilməyəcəyəm. Əgər o cəmiyyət bizə lazım olan kimi yetişərsə və yaxud onu yetişdirmək məsləhət olarsa, o zaman böyük məmnuniyyətlə gəlmək olar. Bu gün mənim Almaniya üçün kifayət qədər böyük vəzifəm var, böyük bir məsuliyyət və cavabdehlik daşıyıram. Hazırda altı yüz min əhalisi olan bir bölgənin radioloji, neyroradioloji xidmətini mən təşkil edirəm və bundan da ən önəmlisi - altı yüz min əhalisi olan bölgə üçün insult xəstələrində, eyni zamanda, beyində icra olunacaq əməliyyatları nə şəkildə qurmaq lazımdırsa, onu mən sıfırdan qurmuşam.
- Qəbulunuza Azərbaycandan gələnlər olurmu? Ümumiyyətlə, Azərbaycandan oraya müalicə üçün gəlmək asan məsələdirmi? Nəyi nəzərə almaq lazımdır?
- Bunu fəxrlə deyirəm ki, yanıma xeyli azərbaycanlı gəlib ki, onlara elmin ən son yeniliklərindən xəbərdar olmayan, yaxud elmin ən son yeniliklərini nəzərə almayanlar diaqnostik metodla səhv diaqnozlar qoyub, səhv müalicə ediblər. Xoşbəxtəm ki, mən kifayət qədər həmvətənimin də həyatını qurtarmışam, xeyli insanın ömrünün uzanmasına səbəb olmuşam.