Qurban Qurbanov: "Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq"
Dünən, 09:30
"Qələbəni unudub cavab oyununa daha ciddi hazırlaşacağıq".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" komandasına qarşı keçirilən oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Ağdam təmsilçisinin çalışdırıcısı 3:0 hesablı qələbənin sevindirici olduğunu vurğulasa da, bunun arxasınca arxayınlaşmanın yolverilməz olduğunu bildirib:
"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Vacib və əhəmiyyətli qələbə qazandıq. Rəqib bizə istənilən an təzyiq göstərə bilərdi. 3:0 hesablı nəticə onların zəif olduğunu göstərmir. Bu hesabı unudub, Bakıdakı cavab oyununa ciddi hazırlaşmalıyıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə təşəkkür edirəm. "Şelburn" klubuna növbəti matçlarda uğurlar arzulayıram".
Qeyd edək ki, İrlandiyada keçirilən görüşdə "Qarabağ" "Şelburn" üzərində 3:0 hesabı ilə qalib gəlib.