“Onlar heç prezidentə də tabe olmamalıdır” - “Günəşli”də ard-arda faciələr.../NƏ BAŞ VERİR?

21-11-2016, 19:29           

"Günəşli” neft yatağında son vaxtlar bədbəxt hadisələrin ardı-arası kəsilmir. 2015-ci il dekabrın 4-də yatağın 10-cu platformasında baş verən yanğından sonra, demək olar ki, qısa fasilələrlə yatağın müxtəlif özüllərində olay olur, kimlərəsə xəsarət dəyir.

Bu gün də 7 saylı dərin dəniz özülündə kran aşıb, 1 nəfər həyatını itirib.

Yataqda hadisələrin tez-tez baş verməsi isə, şübhələrə yol açır.

Məsələ ilə bağlı BakiPost.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, faciələrin qarşısını almaq üçün köklü dəyişikliklər etmək lazımdır: "Dövlət Neft Şirkətinin platformalarında bu cür bədbəxt hadisələr kifayət qədər çox baş verir. Bunu təsadüf kimi qiymətləndirmək olmaz. Ötən il, ondan öncəki illərdə də belə hadisələr olub. Şirkətin özü də bunu gizlətmir. Öz saytlarında bunu qeyd edirlər. Ona görə də artıq bu sahədə ciddi dönüş yaratmağın vaxtıdır. Bu təhlükəsizlik məsələsi problemə çevrilir. Bu səbəbdən bunu hər hansı sərəncam, fərman və ya aktla həyata keçirmək olmaz. Burda artıq köklü dəyişikliklər, yəni islahatlar aparmaq lazımdır”.

İlham Şaban qeyd edib ki, texniki təhlükəsizliyə cavabdeh olan şəxslər yerlərdə idarə rəislərinə, hər hansı bir menecerə tabe olmamalıdır:

"Həmin şəxslər heç prezidentə belə tabe olmamalıdır. Qlobal şirkətlərdə bu, belədir. Onlar, ümumiyyətlə şirkətin prezidentinə deyil, müşahidə şurasına tabe olurlar. Bir nəfərdən ibarət olmayan şurada ona tamam başqa cür münasibət var. Məsələn, BP-nin prezidenti avtomobilinə oturan kimi təhlükəsizlik kəmərini bağlamasa, onun sürücüsü yerindən tərpənməyə bilər. Buna görə isə şirkətin prezidenti onu işdən qova bilməz. Çünki təlimata və təhlükəsizlik məsələlərinə görə prezidentə tabe deyil. O, sırf Müşahidə Şurasına aid olan təhlükəsizlik üzrə menecerə tabedir. Dövlət Neft Şirkətində də bu sistemi tətbiq etmək lazımdır. Orda da o cür adamların olmaması üçün islahatlar aparılmalıdır ki, hansısa sex rəisi və ya direktor gəlib kaskası olmasa belə planı yerinə yetirmək üçün işçini aparsın. Hər bir şeyin qaydası, qanunu olmalıdır. Normal yeməyi, sağlamlığı, geyimi, kompensasiyası olmasa neftçi işi görməməlidir. Texniki təhlükəsizlik qaydaları bunu belə tələb edir”.

Mütəxəssis düşünür ki, faciələrə səbəb bütün işin bir quruma tapşırılmasıdır: "Hazırda hər şeyi şirkətin üstünə qoyurlar. Ölkədə bir qurum yoxdur ki, əlindən iş gəlsin. Bu şirkətin üstünə xeyli yük qoyurlar ki, nəfəsini belə dərə bilmir. Onun üçün bu cür hadisələr baş verir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.