Vəkil: Şəhidə verilən vəsait mənimsənilib

22-11-2016, 00:25           
Vəkil: Şəhidə verilən vəsait mənimsənilib
“Şəhid ailəsinə verilən təqaüdü DSMF-nin Bərdə filialının müdiri ilə “Kapital Bank”ın Bərdə filialının hansısa işçisi əlbir olaraq hər ay alıblar”
“Bərdə rayon Dövlət Sosial Müdafiə Fondunun əvvəlki rəhbəri illər ərzində şəhid ailəsinə düşən təqaüdü mənimsəyib. Yeni müdir gələndə müəyyən miqdar vəsaitin mənimsədiyini görüb və şəhid anasını məhkəməyə verərək, 2008-2014-cü illərdə aldığı təqaüdü dövlət büdcəsinə qaytarmasını tələb edib. Halbuki şəhid ailəsinə verilən təqaüd 2008-ci ildən kəsilib”, – deyir, vəkil Xaqani Məmmədov.
Xaqani Məmmədov Bərdə rayonu, Mustafaağalı kəndinin sakini Əsli Muradovanın nümayəndəsidir. Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb və həmin ilin dekabrında şəhid olub. Vəkil deyir ki, bundan 12 il sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı şəhid Mübariz Muradovun ailəsinə şəhid ailəsi adı verib:
“Bununla bağlı ailəyə 174 nömrəli şəhadətnamə də təqdim edilib. Ailə, 2007-ci ili bütövlükdə şəhid ailəsi təqaüdünü alıb. 2008-ci ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu xanıma məktubla müraciət edib ki, oğlunun sənədlərinin içində bir arayış çatmır. Bərdə Rayon Hərbi Komissarlığından bununla bağlı arayış alıb, onlara təqdim etməsi istənilib. Yoxsa, təqaüdün kəsiləcəyi deyilib”.
Vəkil bildirir ki, müvəkkili dəfələrlə Bərdə Rayon Hərbi Komissarlığına getsə də, sənədi ala bilməyib. Amma işin içində Mübariz Muradovun xidmət etdiyi hərbi hissə rəhbərliyinin onun hansı şəraitdə şəhid olmasını təsdiq edən sənədi olub:
“Buna baxmayaraq, təqaüd 2008- ci il yanvarın 1-dən dayandırıldı. Bundan sonra Əsli Muradova aidiyyatı qurumlara, prezidentə müraciət edib. Ancaq problemi həll edə bilməyib. Sonra hesab edib ki, yəqin DSMF qanunla hərəkət edib, həqiqətən də onlara təqaüd düşmür. İşin başını buraxıb, daha heç yerə müraciət etməyib”.
Xaqani Məmmədov deyir ki, bu yaxınlarda məlum olub ki, Əsli Muradovaya verilən təqaüd dayandırılmayıb. İllərdir həmin təqaüd kimlərsə tərəfindən alınıb.
Əsli Muradova bugünlərdə DSMF-nin Bərdə rayon şöbəsinin onu məhkəməyə verməsi ilə bağlı məktub alıb:
“Guya o, 2008-ci ilin yanvarından 2014-cü ilin sentyabrınadək qanunsuz 9825 manat şəhid ailəsinə verilən təqaüdü alıb. Şikayətə əsasən, Əsli Muradova 9825 manatı geri, dövlət büdcəsinə qaytarmalı imiş. Bərdə Rayon Məhkəməsində işə hakim Əhməd Sarıyev baxdı. DSMF-nin şəhid ailəsinə qarşı qaldırdığı iddia rədd edildi. Ekspertiza keçirildi və aydın oldu ki, Əsli Muradova pulu almayıb”.
Vəkil bildirir ki, həmin illər ərzində şəhid ailəsinə verilən təqaüdü DSMF-nin Bərdə filialının müdiri ilə “Kapital Bank”ın Bərdə filialının hansısa işçisi əlbir olaraq hər ay alıblar:
“Görün nə qədər dəhşətlidir. DSMF və “Kapital Bank”ın Bərdə filialında şəhid ailəsinə qarşı belə biabırçılıq törədiblər. Pulunu yedikləri bəs deyil, hələ bir məhkəməyə verib, almadıqları pulu tələb ediblər”.
X.Məmmədov deyir ki, hazırda sənədlər araşdırılması üçün Baş Prokurorluğun yanında Korrupsiya Baş İdarəsinə göndərilib. Vəkil bildirir ki, Əsli Muradovaya pulu almamaq yox, oğlunu vətənin uğrunda şəhid verməsinə baxmayaraq, ona şər atılması təsir edir:
“Ona təsir edən bu amansızlıqdır”.
“Kapital Bank”ın baş ofisindən məsələyə münasibət bildirəcək şəxs tapılmayıb. Bankın Bərdə rayon filialından da suallar cavablandırılmayıb.
Meydan TV Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi ilə əlaqə saxlayıb. Fonddan bu barədə məlumat vermək hüquqlarının olmadığını bildiriblər:
“Müdir burada yoxdur. Biz bu barədə məlumat verə bilmərik”.
Bir müddət öncə Əsli Muradovanın təqaüdü ala bilməməsi ilə bağlı şikayətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev aznews.az-a açıqlama verərək Bərdə rayonu Mustafaağalı kənd sakini Mübariz Muradovun şəhid olmadığını, xəstəlikdən öldüyünü bildirmişdi. Nazirlik rəsmisi qeyd etmişdi ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda M.Muradovun Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi yazılıb: “Buna görə də ailəyə verilən təqaüd dayandırılıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.