“Burnumuzu kəsdirdikdən sonra qabağa getdik” — Sevil-Sevinc bacıları ilə səs-küylü MÜSAHİBƏ

25-11-2016, 09:56           

Ölkə.Az saytının növbəti qonaqları teleaprıcı və eyni zamanda müğənni olan Sevil və Sevinc bacılarıdır.

Aranızda ən çox kimin sözü keçir?

Sevinc: Heç kimin. Bizə provakasiyalı suallar verməyin. (gülür) Amma baxır hansı mövzudur, nəyi həll etmək istəyirik, bunlar önəmlidir. Bir ağıl yaxşıdır, amma bizdə iki ağıl var deyə daha yaxşıdır, tez qabağa gedirik.

Sevil: Fiziki cəhətdən siam əkizləri olmasaq da ruhən siam əkizləyirik. Amma bizim bir yaralı yerimiz var- geyim. Hamı fikrləşir ki, yəqin birinin zövqündə olmayan, xoşuna gəlməyən bir şeyi digəri necə geyinir? Geyimlərimizi günlərə bölmüşük. Mən səhər oyananda deyirəm ki, bu gün mənim sıramdı. Arada günləri qarışdırıb dalaşırıq. Hərdən cığallıq da olur.

Şarmlı olmaq üçün müəyyən məbləği qurban vermək gərəkir. Çox xərcləyirsiniz?

Sevil: Yox, biz xərc çox çəkmirik. Geyimlərimizdən tutmuş, saç, makiyaj, ümumiyyətlə hər şeyimiz pulsuzdur, barter ilə işləyirik. Hər kəs istəyər ki, bizim üzərimizdə onun markası olsun və reklam edilsin. Arada lazımsız geyim geyinəndə də baxıram ki, şəhərdə müğənnidən tutmuş sadə insanlara kimi hamı bizim paltarımızdan geyinib. Fikrləşirlər ki, yəqin bu dəbdir deyə bacılar belə geyinib. Amma düşünmürlər ki, bəlkə bizim elə başımız ağrıyır, halsızıq deyə bu formada tezbazar geyinmişik.



Çox tez populyarlaşdınız. Bunu nəyə borclusunuz?

Sevinc: Sənətə burnumuz böyük şəkildə gəlmişdik. Burunlarımızı kəsdirəndən sonra qabağa getdik. (gülürlər) Biz tək olsaydıq, bəlkə də belə olmazdı. İki nəfərik deyə uğur qazanırıq. Məsələn, bir müğənni 10 dəfə efirə çıxır yadda qalmaq üçün, amma biz bunu 2 dəfədə edirik, bizim üstünlüyümüz budur. Biz Aygünün, Röyanın pilləsinə çatmaq üçün çalışırıq. Onlar zirvəyə qalxdıqca biz də onların arxası ilə hərəkət edirik ki, onları gözdən qoyub itirməyək.

Evlənib sənətdən getmək barədə düşünürsünüz? Yəni, əriniz desə ki, oxumursan, efirə çıxmırsan, oturursan evinin xanımı olursan.

Sevil: Niyə düşünmürəm? Onun qadası mənim ürəyimə. (gülür) Əgər imkanı olacaqsa, mən bilsəm ki, məni kiməsə möhtac etməyəcəksə, övladlarım olandan sonra onları yaxşı böyüməsinə şərait yaradacaqsa, niyə də yox? Bizə yaxşı baxa biləcəksə, sözsüz ki, mən bu sənətdən iki əlli getməyə hazıram. Amma görsəm ki, həmin adam təkbaşına bacarmır, çatdırmır, ona deyərəm ki, hər şey düzələnə kimi əl-ələ verib ailəni ayaqda tutaq. Sonra hər şey qaydasına düşdüsə sənətdən təməlli gedərəm. Gedib oturub evimdə dolmamı bişirib, uşaq saxlayaram.

Sizə eşq etirafları edib, elçi düşənlər olub?

Sevil: Bir dəfə işdən çıxıb evə gedirdim. Gördüm ki, bir şirin xala mənə yaxınlaşır. Düşündüm yəqin köməklə bağlı nəsə deyəcək. Yaxınlaşıb mənə dedi ki, mənim oğlumla bacımın oğlu sizə vurulublar. Biz sizə elçi düşmək istəyirik. Məni sevincdən ağlamaq tutdu.

Sevinc: Mən belə şeylərə ciddi baxmıram. Əvvəllər bir-birini görmədən evlənmək var idi, amma indi olmur axı. Bilmədən, görmədən ailə qurmaq olmur. İndi kişilər də etibarsızdır. Mənim bir rəfiqəm var idi, bir oğlanla 4-5 il sevgili oldular. Sevgililik müddətində oğlan başına pərvanə idi. Evləndikdən 5-10 gün sonra qıza deyib ki, bağışla, mən səni sevə bilmirəm. Ona görə də siz kişilərə də etibar yoxdur.

Son günlər başınızın üzərində “qara buludlar” var. Bəzi informasiya portallarında Çingiz Mustafayevə qarşı etik olmayan söz işlətdiyiniz xəbərləri yayıldı.

Sevinc: Bu mövzudan yaralıyam. Mən jurnalistlərə hörmətlə yanaşıram. Hamısına aid etmirəm indi deyəcəyim sözləri, amma lazımı şəxslər nəticə çıxarsa yaxşı olar. Onları da başa düşürəm, nəyisə yalandan etməlisən ki, reytinq olsun. Efirdə olduğum üçün sizləri yaxşı anlayıram. Amma mən heç bir insanın bu formada həyatını dağıtmaram, özümə sığışdırmaram. Orada mən dediyim sözü ancaq kar ayırd etməyə bilər. “Xəzər TV” çox böyük yerdir və yetəri qədər də təcrübəmiz var. Biz uşaq deyilik ki, danışığımızı bilməyək. Mən bu gün jurnalistlərin üzünə gülürəmsə, bu o demək deyil ki, nə istəsəniz yaza bilərsiniz. Təbii ki, yenə deyirəm bu dediklərim hər kəsə aid deyil. Bir sıra saytlar bunu yaymışdılar. Açıqlama verməyimizdən sonra həmin xəbərləri sildilər. Başa düşdülər ki, bunu saxlamağın heç bir mənası yoxdur. Mən düşünürəm ki, heç bir aparıcının, jurnalistin, media işçisinin başqasının həyatını məhv etməsinə haqqı yoxdur. Biz atasız qızlarıq. Biz gəncik, bizim ailəmiz var, bu gün işləməsək, ailəmizə baxan olmayacaq. Mənim nazir dayım yoxdur, qohumlarım vəzifəli deyil. Biz bu gün öz ailəmizi dolandırırıq, siz bizi işimizdən etsəydiniz, biz nə edəcəkdik?! Belə şeyləri yazmamışdan öncə düşünməlisiniz ki, bu insanlar da kiminsə tabeliyində işləyirlər. O kanal mənim şəxsi kanalım deyil. Bir dəfə səhv xəbər yayırlar bizə keçərlər, İkinci dəfə yenə səhv xəbərlər yayarlar göz yumular, amma artıq üçüncü dəfə olsa, bu səhv xəbər ola-ola deyəcəklər ki, çıxardın qızları. Belə şeyləri düşünmək lazımdır. Biz hər gün efirdəyik. Biz də aparıcısını, jurnalistini, müğənnisini “vura” bilərik, amma etmirik. Hörmət hörmətə bağlıdır. Siz reytinq xatrinə necə 2 insanın həyatını məhv edə bilərsiniz axı?!

Sevil: Bizim də ailəmiz var. Anamız hər gün bizim verilişimizə baxır, saytlarda xəbərləri, edilən şərhləri oxuyur. 500 şərh gəlsə də, anam hamısını oxuyacaq. Fikrləşirlər ki, bunlar müğənnidirsə, küçədə qalmış və yiyəsizdirlər. Amma elə deyil, bizim ailəmiz var. Evə getdiyimdə görürəm ki, anam stres içindədir. Səbəbini soruşdum, dedi ki, xəbərləri oxuyub. Çox pis oldum. Anam xəstədir, ona əsəbləşmək olmaz. Mənə kanaldan zəng gələndə, saytlarda belə bir xəbər yayıldığını deyəndə, düşündüm yəqin montajdır. Çox həyəcan keçirdim. Artıq düşünürdüm ki, sabah ailəmi necə dolandıracam, harada iş tapacam. Nəyinsə xatirinə bu cür etmək olmaz. Heç videonu açıb baxmırlar, amma rəylərdə bizi, nəslimizi söyürlər. Şou-biznesdə dostlarımız çox azdır. Çingizin konsertinə gedəndə çox kompleks yaşadım. Az qala başıma paket geyinib gəzmək istəyirdim ki, məni heç kim görməsin.



Bu xəbərlərdən sonra Çingizin reaksiyası necə oldu?

Sevinc: Mən Çingizə zəng elədim. Düşünürdüm ki, bu söz-söhbətə inanmaz. Ancaq gördüm mənimlə sərt danışır. Çingizə dedim ki, artıq sən inanmısan onlara, amma mən videonu yükləsəm, açıqlama versəm, onda nə reaksiya verəcəksən? Videonu yükləməmi istədi və mən bu videonu yükləməyə hazırlaşırdım ki, Çingiz bu dəfə özü mənə zəng elədi və bu söz-söhbətə inandığı ümün üzr istədi, biz də barışdıq.

MTRŞ bir sıra şou verilişlərinə xəbərdarlıq edir, hətta bağlayır. Sizin də verilişiniz şou xarakterlidir. Bu sizi qorxutmur ki?

Sevinc: Başımızı aşağı salıb işimizi görürük. Qismət nə vaxta kimidirsə, ona kimi davam edəcəyik. Hər şey yerli yerində olanda zatən heç bir töhmət olmaz. Əslində canlı efir çox çətindir. Səhvsiz insan da yoxdur. Canlı efirdə səhv etməkdən heç kim sığortalanmayıb. Jurnalistlər üzərimizə düşməsə, bu qədər balaca söhbət şişib fil boyda olmaz.

Son zamanlar “Instagram”da paylaşımlarınızdan, efirdə və s. “Sevdiyim adam” mahnısı dilinizdən düşmür..

Sevinc: Hər bir gənc xanım bu mahnını yaşamaq istəyər. Bütün mahnıların mövzularını biz özümüz veririk. Sırf bu mahnını özümüz yaşamışıq deyə yox, aktual olduğu üçün sifariş verdik. Abu-havaya baxıb qərar veririk. Vasifə müraciət etdik, o da yazdı və uğurlu alındı.



Əkiz olmağın üstünlükləri və mənfi cəhətləri nələrdir?

Sevil: Üstünlüyü ondadır ki, balaca bir şey edəndə belə hamı səndən danışır. Sənə dost lazım olmur. Özümə inandığımdan artıq ona inanıram. Bacımı özümdən çox istəyirəm. Mən kefsiz olanda, hər şeydən bezəndə bacım mənə təsəlli verib deyir ki, bizi sevməyənlərin acığına dik durmalıyıq. Bu və digər formalarda enerji verir və mən özümə gəlirəm.

Sevinc: Mənfi cəhətlər isə kefi olmayanda məndə də olmur. Xəstələnəndə mənə də keçir. Bir də ki, biz ayrı qala bilmirik.

Aktrisa kimi özünüzü sınamaq istəyərdiniz? Yüksək qonarar məbləğində açıq-saçıq səhnələrə çəkilmək necə bəs?

Sevil: Komediya janrında olan kinolarda rol almaq istəyərəm. Açıq-saçıq səhnələrə isə çəkilmərik. Heç biz açıq geyinmirik. Elə müğənnilər var ki, çıxır deyir “partladacam”. Rejissor deyir soyunma, mən sənə yaxşı klip çəkəcəm, müğənni deyir yox soyunacam. Elə insanlara sadəcə gülürəm. Daha çox pul tutmaq üçün soyunurlar. Başa sala bilmirsən ki, soyunmasan da normal iş ortaya çıxarıb pul qazanmaq olar. Bizim də çətin anlarımız olub. Elə vaxtlarımız olub ki, avtobusa verməyə 20 qəpiyimiz olmayıb, efirə piyada getmişik. Yavaş-yavaş uğurlar əldə etmişik.

Kreditiniz var?

Sevinc: İki seçim arasında qalmışdıq. Ya ev kreditə götürəcəkdik, ya da maşın alacaqdıq. Düşündük ki, maşın ikinci planda qalsa yaxşıdır, ev götürdük. Onun kreditlərini ödəyirik. Tez zamanda maşın götürmək istəyirik.

Hərəniz başqa bir ölkəyə evlənib getsəniz bir-birinizdən ayrı yaşasanız nə edərsiniz?

Sevil: Mənə başqa bir ölkədən evlilik təklifi gəlsə, bunu tək qoyub gedə bilmərəm. (gülür) Məcburam kişini bura gətizdirim. Çətin olar bizim ayrılmağımız. Birlikdə daha güclüyük.

Söhbətləşdi: Niyam Şirinov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.