Üzeyir Cəfərov: “Keçmiş hərbçi dostlarımın xeyli hissəsi güclü biznes imkanları olanlardır..."

28-11-2016, 09:29           
Üzeyir Cəfərov: “Keçmiş hərbçi dostlarımın xeyli hissəsi güclü biznes imkanları olanlardır..."

Əslində onunla geniş söhbəti bir neçə həftə idi ki, reallaşdırmaq, keçdiyi hərbi-siyasi jurnalistika və döyüş yolundan danışmaq istəyirdik. Doğrusu, bunu həmkəndlisi və qohumu olan parlamentin komitə sədri Hadı Rəcəblinin onun barəsində dedikləri zəruri etmişdi.

“Üzeyir Cəfərov mənim gördüyüm işlərin 10 faizini görsün, sonra danışsın” deyən deputatın sözlərindən belə aydın oldu ki, nəinki sadə vətəndaşlar, hətta parlament üzvləri arasında da Vətən üçün xidmətləri olan bəzi tanınmışlar haqda ətraflı məlumat yoxdur. Beləliklə, həmsöhbətimiz ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovdur.

- Üzeyir bəy, deputat Hadı Rəcəbli bir müddət öncə sərt təpki ilə qarşılanan fikirlərinə aydınlıq gətirmək üçün Qarabağ qaziləri ilə görüşdü, danışdı və məsələyə nöqtə qoyuldu. Bizə açıqlamasında sizinlə də görüşə problem görmədiyini demişdi.Onunla təmasınız oldumu? Hazırda münasibətləriniz nə yerdədir?

- Milli Məclisin 20 ildən artıq müddətdə deputatlarından biri olan komitə sədri Hadı Rəcəbli ilə aramızda mətbuat vasitəsilə gedən polemikanın mən əsla şəxsi maraqlar baxımından deyil, məhz ictimai maraq doğurduğu üçün qiymətləndirilməsinin tərəfdarı olmuşam və bu gün də fikrimdə qalıram. Dolayısı ilə, millət vəkili də həm müharibə veteranları, həm də elektron media vasitəsilə Vətənimizin ən şərəfli və ləyaqətli insanlarından saydığım Qarabağ müharibəsi iştirakçıları, əlilləri və şəhid ailələri ilə bağlı ona irad kimi ünvanladığım fikirlərimi özü də etiraf etdi və bunu bir qədər özünəməxsus şəkildə izah etməyə çalışdı.

Təəssüf ki, sosial və yazılı mediada olan müzakirələr zamanı bu məsələni başqa yerə yozmağa çalışanlar da oldu və belə bir gərginlik yaşandı. Mən isə əsla ağsaqqal kimi, həmkəndlim olaraq, eyni zamanda anamla qohum olmasını nəzərə alaraq, Hadı Rəcəbliyə qarşı hər hansı hörmətsizliyi heç vaxt özümə rəva bilmərəm.

Normal müzakirə və tənqidlər ancaq ümumi işin xeyrinə olmalıdır. Yəqin ki, bizim Hadı müəllimlə ayaqüstü də olsa, təmasımız dekabrın 5-də xarici ölkələrin Azərbaycandakı səfirliklərindən birində tədbir zamanı baş tuta bilər. Şəxsən mən görüş və müzakirələr üçün hər hansı bir maneə görmürəm.

- Siz Azərbaycanın ilk hərbi jurnalistlərindənsiniz...

- Təvazökarlıqdan uzaq da olsa, bir faktı qeyd etməyi lazım bilirəm ki, mən Azərbaycanın ilk peşəkar zabit hərbi-siyasi jurnalistiyəm. Özü də Ukraynanın Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyasi jurnalistika fakültəsini keçmiş SSRİ zamanında bitirən ilk azərbaycanlı olmuşam. Keçmiş SSRİ Silahlı Qüvvələrinin müxtəlif hərbi dairə və qarnizonlarında hərbi jurnalist kimi fəaliyyət göstərmişəm. Müxbirlikdən tutmuş, Zaqafqaziya Hərbi Dairəsinin gündəlik mətbu orqanı olan, Gürcüstanda, Azərbaycanda və Ermənistanda 10 mindən artıq tirajla yayımlanan “Leninskoye Znamya” qəzetinin Azərbaycan üzrə müxbir məntəqəsinin rəisi olmuşam.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) ilk mətbu orqanı olan “Xalq Ordusu”, indiki “Azərbaycan Ordusu” qəzetinin ilk baş redaktoru olmuşam. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə Əlaqə və Məlumatın yayılması bölməsinin rəisi olmuşam. SSRİ və Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm. Bunları ona görə geniş sadalayıram ki, bəzi özünü “hərbi jurnalist” kimi gözə soxan yoldaşlar bir qədər peşəkarların olduğunu unutmasınlar, nədənsə danışanda diqqətli olsunlar. Bəli, bu ixtisas üzrə peşəkarlarımızın sayı o qədər də çox deyil. Cəmi 10 nəfər sırf yüksək təhsil almış peşəkar hərbi jurnalistlərimiz olub. Bu gün onlardan yalnız 2 nəfəri MN-də, biri isə başqa sahə üzrə Dövlət Sərhəd Xidmətində xidmət keçir. Mən özümü şanslı və xoşbəxt sayıram. Taleyim hər zaman üzümə gülüb...

- Maraqlıdır, hazırda bu xidmətlərinizin qarşılığında nə qədər məvacib alırsınız?
Ümumiyyətlə, ehtiyatda olan polkovnik-leytenant necə dolanır? Bildiyimə görə işsizsiniz...

- Bütövlükdə 29 illik hərbi xidmətin müqabilində 76 faiz müavinət alıram. Yeri gəlmişkən, Qarabağ müharibəsinin iştirakçısı və veteranı kimi 2012-ci ilin may ayına kimi dövlətdən aldığımız 11 manat müavinətimiz bu günə kimi qeyri-qanuni dayandırılıb. 2004-cü ildən bəzi qəzet və saytlarda müvəqqəti olsa da, dostlarımıza bərabər ordu mövzusunda yazılar, ictimai fəaliyyətlə məşğul olsam da, demək olar ki, sırf hərbi təqaüdlə dolanan şəxs olmuşam. Heç bir nə irili, nə də xırda biznesim, yaxud gəlirlərim olmayıb və yoxdur. Sırf hərbi sahədə çətinliyi olan cəbhə yoldaşlarımın, müharibə iştirakçılarının, şəhid ailələrinin hüquqi müstəvidə hər hansı ehtiyacları olduğu təqdirdə onlara məhkəmə çəkişmələrində, digər dövlət və hökumət strukturlarında bacardığım köməyi göstərirəm.

- Tələbə yoldaşlarınız arasında tanınmış simalar, vəzifə sahibləri də var. Onlarla əlaqələriniz qalırmı?

“Qarabağ müharibəsinin iştirakçısı və veteranı kimi 2012-ci ilin mayınadək dövlətdən aldığımız 11 manat müavinət indiyədək qeyri-qanuni dayandırılıb”


- Mütəmadi olaraq sosial şəbəkə vasitəsilə bir vaxtlar Ukraynada bərabər təhsil aldığımız yoldaşlarımızla keçmiş xatirələrimizi bölüşürük. Monqolustanın 2009-cu ildən bu günə kimi prezidenti olan hörmətli Saxiaqiyn Elbeqdorj tələbə yoldaşımdır. 4 il Lvovda hərbi siyasi jurnalistikadan dərs almışıq. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin 3 köməkçisi mənim tələbə yoldaşlarım olub. Hal-hazırda da Ukrayna Ali Radasında Oleq Kaçkan, həmçinin digər dövlət strukturlarında Dmitriy Şkurko, Viktor Fris, həmçinin Rusiya Federasiyasında regional nazirlərdən bir neçəsi tələbə yoldaşlarımdır.

- Bəs, sizi ölkələrinə dəvət edən olubmu? Yəqin işsiz olduğunuzu bilirlər...

- Keçmiş hərbçi dostlarımın xeyli hissəsi güclü biznes imkanları olan yoldaşlardır. Onlar məni dəfələrlə öz ölkələrinə işə dəvət etsələr də, getməmişəm. Həm də mən Vətənə və doğmalarıma, əzizlərimə bağlı insanam. 12 il müddətində öz ölkəmizdə çox yerdən iş təklifi gəlsə də, təəssüflər olsun ki, indiyədək bu, yalnız quru söz olub.

- Siz 1993-cü ilin dekabrında başlayan və 1994-cü ilin yanvarında uğurla başa çatan Horadiz əməliyyatında da şəxsən iştirak etmisiniz. Deyəsən, həmin əməliyyatdan sonra keçmiş prezident Heydər Əliyevlə cəbhədə görüşünüz və təmasınız da olmuşdu...

- Bəli. Silahlı Qüvvələrimizin 1994-cü ildə tarixə çox uğurlu Horadiz əməliyyatı kimi düşən, erməniləri darmadağın edən Füzuli döyüş briqadasının şəxsi heyət üzrə briqada komandirinin müavini olmuşam. Mərhum eks-prezident Heydər Əliyevlə şəxsən döyüş bölgəsində ordu quruculuğu ilə bağlı mühüm məsələlər barəsində çox ciddi müzakirələr etmiş şəxslərdən biriyəm. Bu gün Prezident Administrasiyasının arxivində saxlanılan çox qiymətli videokadrlarda həmin unudulmaz görüşün tarixi anları durur. Həm sabiq müdafiə naziri general-leytenant Məmmədrəfi Məmmədovun və onun yaxın ətrafının bəzi qanunsuzluqları haqqında Ali Baş Komandana hamının gözü qarşısında məruzə etməyimə, həmçinin digər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin özünün və bəzi generalların yanlış kadr siyasətindəki nöqsanlarla bağlı tənqidi münasibətlərim mənə çox baha başa gəlib. Heç bir əsas olmadan mənə qarşı qondarma cinayət işləri açdırmağa nail olan şəxslər sonda özləri özlərini çox çətin duruma salmış oldular. 2004-cü ilin aprel ayından ehtiyatdayam.

- Xidmətdə olanda isə hətta həyatınıza risk edib Qarabağa və Ermənistana da getmişdiniz...

- Bəli. 2001-ci ildə mühüm dövlət tapşırığı ilə ATƏT-in xətti ilə Ermənistana və işğal altında olan Şuşamıza, Xankəndinə, Laçına səfər edib, son dərəcə vacib hərbi-siyasi əhəmiyyət kəsb edən bəzi məlumatlara jurnalist gözü ilə aydınlıq gətirmişəm.

- Bu da bizə məlumdur ki, özünüz hərbi xidmətdə kifayət qədər əziyyətlər çəksəniz də, oğlunuzun sizin yolunuzu davam etdirməsinə qarşı çıxmamısız. Belədirmi?

- Çox sağ olun bu suala görə. Bu məsələnin önəmi ondan ibarətdir ki, bəzi ağzıgöyçəklər, şəxsi maraqlarını dövlətin maraqlarından öndə tutmağa öyrəşmiş şəxslər - aralarında bəzi sabiq generallarımız da var idi, məni “vurmaq”, “susdurmaq” üçün bu faktdan istifadə etməyə çox çalışdılar. Oğlumun guya həqiqi hərbi xidmətdən yayındığını hətta mətbuatdan elan etməyə belə utanmadılar. Lakin biz ata-bala bunlara əhəmiyyət vermədik. Oğlum ölkənin ali təhsil ocaqlarından birini bitirdikdən sonra dərhal əsgəri borcunu yerinə yetirməyə yollandı. Başda şərəfli döyüş generallarımız olan Milli Qəhrəman Rövşən Əkbərov, Xəqani Cəbrayılov, həmçinin dəyərli komandirlər Allahverdi Hacıyev, İbrahim İbrahimov, həmçinin digər hörmətli zabit və gizirlərimiz olmaqla övladlarımıza hər cürə şərait yaratdılar ki, onlar əsgəri borclarını layiqincə yerinə yetirsinlər. Əsgəri xidmətini başa vuran oğlum bu gün Vətən qarşısında öz kişilik borcunu artıq gənc zabit kimi yerinə yetirir.

“Torpaqları düşmən tapdağı altında olan ölkənin təbliğat maşını sutkanın 24 saatını var gücü ilə çalışmalıdır”


- Üzeyir bəy, müharibə vəziyyətində olan ölkədə hərbi ekspertlərin sayının azlığı sizi narahat edirmi? Sizcə, niyə bu sahə cəlbedici sayılmır? Yəqin ki, razılaşırsınız, hərbi ekspertlər həm də düşmənlə informasiya müharibəsində mühüm rola malikdirlər

- Əlbəttə ki, məni çox narahat edir ki, bizim sayı-hesabı kifayət qədər olan yüksək rütbəli zabit və generallarımız nədənsə aktual mövzularla bağlı nə gündəlik dövri mətbuatda, nə də elektron KİV-də o qədər də aktiv deyillər. Son vaxtlar, döyüş yolu keçmiş general-leytenant Yaşar Aydəmirov, mənim unudulmaz döyüş komandirim, Horadiz əməliyyatının memarlarından və icraedicilərindən biri olan, iki “Azərbaycan Bayrağı” ordenli polkovnik Şair Ramaldanov və daha bir iki dostlarımız mətbuatla əməkdaşlığa başlayıblar. Çox istərdim ki, sayı bir neçə yüzü keçən sayt və digər gündəlik nəşr olunan onlayn mətbu orqanlarda bizim təcrübəli general və admirallarımız, polkovnik və digər rütbəli mütəxəssislərimiz müntəzəm çıxışlar etsinlər. Müharibə təkcə silahlarla aparılmır. İnformasiya savaşında da biz öz işimizi çox çevik qurmalıyıq. Baxın, torpaqlarımızı öz havadarları vasitəsilə işğal edən düşmənlərimiz az qala “məmə yeyəndən pəpə deyənə kimi” hamı maksimum informasiya mübarizəsində haqlı olduğumuz halda, həyasızcasına bizi haqsız çıxartmağa çalışır.

- Ölkə telekanallarında hərbi verilişlərin səviyyəsi sizi qane edirmi? Sizə indiyədək hansısa telekanalda müəllif proqramı ilə çıxış etmək təklifi olubmu? Əgər olarsa, razılaşarsınızmı?

- Siz mənim ən yaralı yerlərimdən birinə toxundunuz. Bəzi radio və televiziya kanallarında çalışan dostlarım, tanışlarım incisə də, deyəcəyəm: onların ayda, ildə bir dəfə “hərbi vətənpərvərlik” adı ilə efirə verdikləri verilişlər çox bəsitdir və zamanın tələblərindən geri qalır. Müharibə vəziyyətində olan, torpaqları düşmən tapdağı altında olan dövlətin təbliğat maşını sutkanın 24 saatını var gücü ilə çalışmalıdır. Əfsuslar olsun ki, müharibə, vətənpərvərlik əvəzinə daha çox şou-biznes xarakterli verilişlərə üstünlük verilir.

Mən qətiyyən o tip verilişlərin və ya “ulduz xəstəliyi”nə tutulmuş müğənni və sənət adamlarının əleyhinə deyiləm. Sadəcə, onlar unutmamalıdırlar ki, biz yağı düşmənlə üz-üzəyik və hələ bizi torpaqlarımızın geri qaytarılması üçün ölüm-dirim savaşı gözləyir. Mənim ən böyük gözləntilərim Azərbaycan Dövlət Televiziyasından, ələlxüsus da İctimai Televiziyadandır. Çünki bu iki struktur həm bütün ölkə üzrə geniş yayımlanır, həm də onların izləyicilərinin sayı dəfələrlə çoxdur.

Özümə gəldikdə, əgər hər hansı dəvət gələrsə, böyük məmnuniyyətlə bu sahədə öz bacarığımızı sərf etməyə hazıram. Necə ki, ölkə başçısının fərman və sərəncamları, Nazirlər Kabinetinin, Milli Məclisin qəbul etdiyi qanun və qərarlarla bağlı mütəmadi telekanallarında ekspert qismində öz şərh və fikirlərimi bölüşürəm. Mən bir müddət özəl internet telekanallarda həftəlik hərbi-siyasi mənzərəni əks etdirən verilişləri aparmışam. Həmən verilişlər Youtube-də, həmçinin sosial medianın səhifələrində geniş tamaşaçı auditoriyası qazanıb...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.