“Çovdarov içəridədir, bəs yeni Çovdarov kimdir?” - Müsahibə
28-11-2016, 12:41
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Qafqazinfo”ya müsahibəsi:
- İqtisadi cəhətdən çox ağır olan bir ili geridə qoyuruq. Bir neçə il əvvəl ekspertlər 2016- ci ilin əslində bu cür olacağını proqnoz edirdilər. Bəs bu il üçün gözlənilməyən hansı hadisələr baş verdi?
- 2016- ci ildə nə hökumət, nə müxalifət , nə də müstəqil ekspertlərin gözləmədiyi hadisələr baş verdi. Məsələn, heç kəs gözləmirdi ki, Maliyyə Nazirliyi sentyabrın 2-də açıqlama verib etiraf edəcək ki, 2009-2013-cü illər ərzində ölkənin bir nömrəli bankı olan Beynəlxalq Bank ölkədən 5 milyard dollar həcmində vəsait çıxarıb. Vəsaitin çıxarılması hələ dərd yarıdır. Sonra da qeyd edəcək ki, o vəsait gedər-gəlməzə gedib. Heç vaxt gözləməzdik dövlətin qurumu elə dövlətin bankında belə bir hadisənin baş verdiyini etiraf edəcək.
İkincisi, problemli kreditlərin kredit portfelində böyük həcmdə yer tutması ilə bağlıdır. Maliyyə Nazirliyi bu rəqəmin 2,7 milyard olduğunu açıqlamışdı. 2016- ci ilin birinci yarım illiyinin audit edilmiş hesabatına görə aqrokreditə verilmiş hissə 10 milyard manatdır. Bunun da böyük əksəriyyəti xarici valyutadadır. Hələ deyirlər ki, bankın sağlamlaşdırılma paketi 2017-ci ildə davam edəcək. Uzun müddət hökumət öz vətəndaşlarından bu hadisələri gizlətdi. Çox- çox əvvəl bildiyi məqamlara görə səy göstərdi ki, bunu vətəndaşlarına bildirməsin.
Üçüncüsü, düz bir il əvvəl Azərbaycan hökumətinin proqnozlaşdırdığı kimi 2016-cı ildə neftin azalması ötən illə müqayisədə heç də 944 min ton azalası olmadı və 2011-ci ildən sonra ilk dəfə “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın 9 ayda 233 min ton artımı da baş verdi.
Dördüncüsü, hökumət bütün ili qeyri-neft sektorunun inkişafından və postneft dövründən danışdı və sonda 2020-ci ilədək proqram açıqlananda məlum oldu ki, bu sahədə əli çatacağı yer Sovet zamanında olduğu kimi pambıqçılığın 20 dəfədən çox inkişaf etdirilməsidir, neft-qaz isə həm ixracatda, həm ölkənin investisiya cəlbedən sektorunda, həm innovativ texnologiyaların tətbiqində, həm də ölkənin xaricində Azərbaycan iqtisadiyyatının lokomativ rolunda çıxış edən sahə kimi qalacaqdır.
Nəhayət, beşinci gözlənilməz məsələ qaz və işıq oldu. İstehlakçılar yəqin yadlarından çıxartmışdılar ki, nə zaman Bakıda bu qədər uzun fasilələrlə elektrik enerjisi söndürülə bilərdi və ya paytaxt küçələri axşamlar zülmətə qərq olardı. Belə hadisə “Barmek” Bakıya gəlməzdən öncəki dövrə xas idi. Qaz məsələsini isə mən bir sürpriz kimi qarşıladım, çünki qaz qıtlığına elə bir statistik fakt yoxdur.
“Bu kəmərləri sıxmaqdan da betərdir, stress durumdur”
- Neftlə bağlı proqnozlar özünü necə doğrultdu?
- 2014- cü ildə neftin orta ixrac qiyməti 104 dollar idi. 2015-ci ildə 54,30 dollar oldu. 2016- ci ilin 10 ayının nəticələrinə görə isə 43,8 dollardır. Son iki ayı da nəzərə alsaq, bu göstərici 45 dolları ötməyəcək. 2014-cü ildə neft gəlirləri 16,2 milyard, 2015- ci ildə isə 7,2 milyarda qədər azaldı. 2016- ci ildə bu ilk dəfə 5 milyarddan az bir həddə düşəcək. Bu il yanvarın 20-də isə neftin qiyməti 27 dollara qədər yuvarlandı. Bu bir şok idi. Heç kəs vəziyyətin belə dramatik surətdə dəyişəcəyini gözləmirdi. Yadınızdadırsa, təkcə yanvar ayında hökumət 3 dəfə iclas keçirdi. Görünən bu idi ki, nəsə etmək istəyirlər.
Vəziyyəti ağırlaşdıran başqa bir məsələ isə il başlayan kimi əhalinin ikinci devalvasiyadan sonra panika içərisində olması idi. Bu da başa düşülən idi. Birdən birə bu qədər neqativ iqtisadi zərbələri əhalinin bütün təbəqələri eyni şəkildə qarşılaya bilməzdilər. Prezident 25 yanvar tarixində İqtisadi islahatlar üzrə özünə köməkçi götürməyi və islahatlarla bağlı xidmətin yaradılmasına qərar verdi. Ancaq islahatlar ağrılı və zaman tələb edən məsələdir. Ölkəyə isə valyuta gərəkdir, onunla iqtisadi problemləri həll etmək lazımdır. Neft necə deyərlər, çox şeyə dərmandır. Əgər hökumətin proqnoz etdiyi kimi cari ildə hasilat 1 milyon tona qədər azalsaydı, digər tərəfdən də neftin orta qiyməti ötən illə müqayisədə 20%-dək ucuzlaşsaydı (bu ilin 10 ayınını nəticələrinə görə, Azərbaycan neftinin orta ixrac qiyməti 43,08 dollar olub, ilin yekunlarına görə 45 dollar həddində olması proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 17,12% ucuzdur), onda Neft Fondunun gəlirləri katastrofik bir şəkildə aşağı düşərdi. Ona görə də SOCAR-ın “BP-Azərbaijan” şirkəti ilə keçirdiyi intensiv danışıqların nəticəsi olaraq “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın artırılması mexanizmləri razılaşdırıldı. Bunun üçün “BP-Azərbaijan” şirkətindən Azərbaycana verilən səmt qazının həcmlərinin azaldılması məsələdə başlıca rol oynamalı idi. Belə ki, Azərbaycan verilməli əlavə quyular qazılması ilə hasilat nəinki stabilləşdirilir, hətta artırılırdı. Bunun nəticəsində həm şirkətlərin, həm də dövlətə çatacaq mənfəət nefti artırdı. Neftin qiyməti isə istənilən halda dünya bazarlarında qazdan xeyli bahadır və bu baxımdan dövlətə sərf edir ki, çatmayan defisit qazı digər layihədən (“Şahdəniz-1”) artım hesabına əldə etsin. Bundan əlavə, cari il üçün Neft Fondundan 7 milyard 615 milyon vəsait dövlət büdcəsinə transfert olmalı idi. Ötən il isə 8,1 milyard transfert edilmişdi. Ancaq cari ilin 9 ayında 3,26 milyard manat transfert edilib. Görürsünüzmü, hökumət nə qədər qənaət rejiminə keçib.
- Buna kəmərləri sıxmaq deyirlər....
- Bu kəmərləri sıxmaqdan da betərdir, stress durumdur. Neft Fondu ümumi büdcənin gəlirləri hissəsində 50 faizdən yuxarı hissəni təşkil edir. 9 ay keçib, cəmi 3,26 milyard xərclənilib. Ancaq bu göstərici 7 milyard olmalı idi. Deməli, ilin sonuna doğru maksimum 4,5 milyard transfert ola bilər. Neft Fondundan az pul qəbul edirsənsə, bütün sferalarda da az pul xərcləyirsən. Bizdə hər ayın 10- da insanlar bankomatların qabağına düzülürlər. Bu təqaüdün əsas hissəsi yəni, 75 faizi büdcədən gəlir. Büdcəyə də əsas pul Neft Fondundan daxil olur. Bəs onda bu insanların pensiyası vaxtlı-vaxtında niyə verilmir? Təqaüdçülər həmin 10 günü nəyin hesabına yaşayırlar?
“Belə olan təqdirdə biz Qafqazda əməkhaqqısına görə sonuncu yeri tuturuq”
- Rəsmi statistikaya əsasən, ölkədə ikirəqəmli inflyasiyadır. Belə olan halda hökumət dövlət müəssisələrində çalışanların maaşlarınının 10 faiz həcmində artırılacağını bəyan edir...
- Bəli, bunu deyirlər, ancaq o 10 faiz əməkhaqqı necə artırılır? Məsələn, deyirlər ki müəllimlərin əməkhaqqısı artırılır. Ancaq müəllimlər hər il kvalifikasiya üzrə imtahan verirlər. Həmin imtahandan keçən 20 min müəllimin maaşı artırılır, yerdə qalanların yox. Bəs 170 min müəllimin maaşı niyə artırılmır? Onlar müəllim deyil? O cümlədən həkimlər, hərbçilər. Qənaət edirlər, ixtisar edirlər, bunun hesabına da 10 faiz müəyyən kateqoriyada olanların maaşı artırılır. Ucdan tutma heç kimin əməkhaqqısı ölkədə artırılmır. Əvvəl Dövlət Statistika Komitəsi hesabatlarında təqaüdləri dollarla göstərməyi xoşlayırdı. Ancaq indi nədənsə cari ildən belə bir şeyi hesabatlarında xoşlamırlar. Belə olan təqdirdə biz Qafqazda əməkhaqqısına görə sonuncu yeri tuturuq.
- 2016-ci ili sensasiyalı bir il kimi də göstəmək olar. Həbs edilən yüksək vəzifəli məmurların məhkəmə çıxışlarına qulaq asanda nə qədər dövlət vəsaitinin aşağıdan yuxarıya doğru mənimsənildiyini görürük...
- Mənim üçün də bir sirrdir ki, hakimiyyət bunları niyə açır. Birinci belə hadisə MTN-lə bağlı oldu. Məlum oldu ki, bu nazirliyin bir nömrəli vəzifəsi iş adamlarını soymaq olub. Sanki bir planka müəyyənləşdirilib ki, kimin nə qədər pulu ola bilər. Kimsə o səviyyəni keçdisə onlardan pul yığışdırılıb. Ən maraqlı fakt isə odur ki, hökumət indi niyə bunu açıqlayır? Sonra da regionların inkişaf proqramından danışırlar.
- Sizcə, bu cür ötür-ötür halları məcbur etmə nəticəsində yoxsa könüllü baş verib?
- Dövlət başçısı ölkədə yaxşı bir şeyin yaranmasının daim tərəfdarıdır. Ancaq məsələnin icra tərəfi var. Məsələn, bildirirdilər ki ölkədə peykin olması nə qədər xeyir gətirəcək. İndi o xeyir hardadır? Bu reklamı Əli Abbasov edirdi. Bu gün o peyklərlə bağlı bir cümlə belə yoxdur. Məlum oldu ki, peyklər ancaq rabitə peykləridir. Onun torpaqları çəkmək funksiyası da yoxdur. Pirallahıda yüksək texnologiyalar parkının qurulması rabitə nazirliyi qarşısında qoyulmuşdu və buna nə qədər pullar ayrılmışdı. İndi heç parkın bünövrəsi yoxdur. İndi analoq yayımın ləğv edilməsinə keçilir. Bunu vaxtında niyə etmirdilər? Sadəcə, məmurlar prezidentin inamından sui-istifadə edib külli miqdarda pul qazanmaq iddiasında oldular. Bu insanlar da indi kənarlaşdırılmağa başlanılır. Bu düşündüyümüzdən də mürəkkəb məsələdir və zaman tələb edir.
“Hökumət artıq 2010- cu illərdəki kimi eyforiyada deyil”
- İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edir ki, 2004-2015- ci illər ərzində regionların inkişafına 50,7 milyard manat vəsait xərclənib. Bu qədər vəsaitin bəhrəsini nədən ibarətdir?
- Bəhrəsi odur ki, indi, yəni 2016- ci ildə qeyd edirlər ki, regionlardan büdcəyə heç nə gəlmir. Büdcə vəsaitlərinin 90 faizindən yuxarısı Abşeron yarımadasının payına düşür. 25 milyard vəsaitin infrastruktur və nəqliyyat layihələrinə qoyulduğu açıqlanıb. Ümumilikdə Neft Fondundan 90 milyard vəsait xərclənib. Ancaq bunlar 10- 11 il yığımla məşğul olublar. Sonra da deyirlər ki, ən yüksək inkişafa bu illərdə nail olmuşuq. Xarici investorları ölkəyə dəvət edirlər. Nəinki investor, hətta Maqadanda olan azərbaycanlının başına at təpib ki, gəlib bura investisiya qoysun? Axı hansısa qarantiya yoxdur. Bunun hüquqi əsasları olmalıdır. Dövlətin bir qurumunu bundan qabaq Hacı Məmmədov çapıb talayırdı, indi də daha mütəşəkkil səviyyədə çapıb talayırlar.
İkinci məsələ, Çovdarov artıq içəridədir, bəs yeni Çovdarov işləyirmi? Bu saat yeni Çovdarov iş başındadırmı? Bu qədər insanı çapıb talayıblar. Bəs niyə Prezident Aparatının məktublar bölməsinə kimsə şikayət etməyib? Tutaq ki, aparatın məktublar bölməsinə həmin dəstə nəzarət edib. Onda məktublar şöbəsinin rəisi bu gün niyə işləyir? Bu ölkədə nəyisə dəyişmək lazımdırsa, cəmiyyət görməlidir ki, hər şey kökündən dəyişib. Hər şeyi qısa zamanda müsbətə doğru dəyişmək olar. Məsələn, vaxtilə deyirdilər ki, qazon qoymaq olmaz, insanlar onu məhv edəcək. İnsan psixologiyasını düzgün yönəltdikdə o qısa vaxtda xarüqələr etməyə qadirdir. Bu sadəcə bir bəhanədir ki, bizim millət qılınc millətdir, düzələn deyil. Millət ancaq rüşvət verməyə yer axtarır. Bu millətlə hər şeyi etmək mümkündür. Deyirlər ki, acından öləcəyik. Bizim hər şey etməyə də imkanımız var. 2016-ci il üçün 10 milyard dollarlıq büdcədir. Bununla evləri də təmir edirlər, yol da çəkirlər. Hökumət öz sosial məsuliyyətini dərk edir ki, nəsə etmək lazımdır. Güman edirəm ki, hökumət gələn il daha yaxşı işləyəcək. İnsanların təpkisi olsa, ikiqat yaxşı işləyəcək.
- Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov 2020- ci ildə ümumilikdə neft-qaz satışından gəlirlərin 100 milyard dollar olacağını açıqlayıb. Bu rəqəm nə dərəcədə reallığa yaxındır?
- Şahmar Mövsümov konservativ bir rəqəm deyib və düz edib. Çünki daha pozitiv rəqəmlər söylənilsə hökumətdəkilər yuxuya gedə bilər. Yadınızdadırmı, 4 il öncə Şahmar müəllim qeyd etmişdi ki, 2024-cü ilin sonuna kimi (Azəri-Çıraq-Günəşli layihəsi üzrə müqavilənin müddəti başa çatana qədər) 140 milyard gəlirlərimiz proqnoz edilir. Onda nazirlərdən kimsə 25 milyarlıq infrastrukturdan danışır, digər nazir 20 milyard dolların Yay Olimpiadasına xərclənməsinin Azərbaycan üçün faydası üzrə fikirlərini bölüşür. Bu baxımdan Neft Fonduna 2035-ci ilə qədər 100 milyard vəsaitin gəlməsi proqnozu (orta hesabla ildə 5 milyard dollar) tam realdır və hökumətdəkilər də artıq bilməlidirlər ki, nə bundan sonrakı neft puluna, nə də ki, “Şahdəniz-2” qazının gəlirinə ümidli olub meqa planlar qurmaq olmaz.
Hazırda hökumət 2020- ci ilə kimi proqnozlarını verib. Hökumət artıq 2010- cu illərdəki kimi eyforiyada deyil. Yaxın gələcəyə daha soyuq baxışlar var. Bəzi rəqəmlərdə göydən tutma rəqəmlər var bu da sırf sovet psixologiyası ilə bağlıdır. Məsələn, pambıqla bağlı 700 min ton pambığın yığılmasını proqnozlaşdırırlar. Hamı bilir ki cari ilin sentyabrın ortasından yağışlar mövsümü başlayır. Oktaybrda 21 gün fasiləsiz yağış yağıb. Milli Məclisə 2016- 2020-ci illər üçün paket layihə təqdim edib. Bu il üçün orda 114 min ton pambığın yığılması göstərilib. Həmin büdcə sənədinə dekabrın birinci ongünlüyündə baxılacaq. Bu gün ayın sonudur. Sovet dövründə hər həftə rayonlar üzrə nə qədər pambıq yığıldığının statistikası verilirdi. Bu cəmiyyətin hökumətə necə inamı ola bilər ki, indiyə kimi hansı rayonlar üzrə nə qədər pambıq yığıldığının statistikası verilməyib.
“Niyə Azərbaycan qızları pambıq yığmalıdır?”
Tutaq ki, pambığı yığımını üç dəfə artırmışıq, biz ondan nə qədər qazanc əldə edəcəyik? Azərbaycan pambığının lifləri digər ölkələrlə müqayisədə qısadır. Sən bunu nə qədər çoxaltmalısan ki ondan mahrıc alanda həmin ölkələrin səviyyəsinə çatasan. Fermer pambığın 1 kilosunu emal müəssisəsinə 50 qəpiyə satır. Bəs fermer onu yığana nə qədər verir? 25 qəpik də onun xərcidir. 1 ton onun yığan üçün 100 manata başa gəlir. 2 ton yığsan, 200 manat pul qazanacaqsan. 200 manatla nə edə bilərsən? O qədər insan 200 manata görə günün altında həyatını puç edəcək. Buna görə də mən pambığın qəti əleyhdarıyam. Pambıq yığan qadınların, qızların fizionomiyasını fikirləşirsiniz? Sovet dövründə heç rus qızları pambıq yığırdı? Niyə Azərbaycan qızları pambıq yığmalıdır? Başqa biznes sahəsi fikirləşin... Bütün dünyada pambıq qul əməyidir. Xalqımın yarım milyonu da kəndlərdə yaşayır və iki ay ərzində cəmi 200 manat pul qazanacaq.
- Günəşli faciəsinin ildönümü yaxınlaşır. Bununla bağlı yaradılmış komissiyanın işi sizi qane edirmi?
- Azərbaycan çox nadir ölkələrdən biridir ki, faciələrlə bağlı yaranmış istər təşkilati komissiyaların, istərsə də dövlət komissiyyalarının gördüyü işin nəticəsi açıqlanmır. “Discover” kanalında baş vermiş təyyarə qəzaları ilə bağlı filmlər göstərilir, ordada səbəblər açıqlanır. Azərbaycanda elə filmlərə baxıb ibrət dərsi götürmürlər. Komisisyanın gəldiyi rəylərdə gələcəkdə hansı proseslərə diqqət yetirməli olmalı olan məqamlar qeyd olunur. Axı hər il neft sənayesində insan təlafatı olur. Ötən həftə Şirvan elektrik stansiyasının mühəndisi həlak oldu. “Azərenerji” bununla bağlı açıqlama verdimi? Heç saytında da məlumat qoymurlar.
“Sən istəyirsən akademik ol, fərqi yoxdur, tutub basırlar içəri”
- Bizdə yeni tikilən binaların arxitekturası necədir? Məsələn, “Azinko”nun 50 mərtəbəlik biznes mərkəzini Ələddinin sehrli çırağına bənzətmişdiniz...
- Heç yerdə belə tikmirlər. Şəhərdə o qədər tikili var ki . “Dalğa plaza” ilə üzbəüz tikilən ağ rəngli bir tikili var. Bilinmir ki, bunu dövlət, yaxud özəl şirkət tikib. 5 ildir ki, bu tamamilə boşdur. Bu o zaman oğurluq pul hesabına tikilən bir şeydir. Əgər dövlət tikib istifadə etmirsə, bu sadəcə dövlətin öz kapitalına etinasız yanaşmasıdır. Vağzal ətrafında aparılan tikintilər 1 ildən çoxdur ki, dayanıb. Əgər bunu özəl şirkət tikirsə, bu şirkət hər bir addımını planlaşdırır. Əgər özəl şirkət 2015- ci ildən o tikililəri dayandırıbsa, bunu hansı biznes marağına görə dayandırıb? Belə olan halda ya satmalı, ya özünə şərik götürməlidir, ya da dövlətə müraciət etməlidir.
“Fairmont” layihəsi 2006- ci ildə gerçəkləşməyə başladı. 2010- cu ildə onun qırımızı lenti kəsildi. Ancaq siz baxın ki indiyə kimi cəmi bir dənə korpusu işləyir. 31 mərtəbədən ibarətdir . Aşağısı 500 milyon manat vəsait qoyulub. Özəl şirkət onun niyə iki korpusunu işlətmir? Bakıda bu cür özəl boş binalar çoxdur. Deməli, bunlar boş-boş qazanılmış pullardan əmələ gələn binalardır. Dövlət bu işin üstünə ciddi düşməlidir. Yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyəti daşınmaz əmlakdan əldə olunan gəlirin miqdarını açıqlasın.
- Rusiyada məlum olub ki, Prezident Administrasiyasında çalışanların əksəriyyəti alimdir. Putin buna təəccüb edib ki, görəsən, onlar “həqiqi alimdirlər”? Belədirsə, onlara imkan yaratmaq lazımdır ki, elmi fəaliyyətlə məşğul olsunlar. Azərbaycanda bununla bağlı vəziyyət necədir?
- Azərbaycanda qeyd edirlər ki, kim Milli Məclisin üzvü olur , onların 90 faizi elmi ad almağa başlayır. Təkcə orada deyil, Prezident Administrasiyasında, Nazirlər Kabinetində də vəziyyət belədir. Hətta televiziya işçiləri də son zamanlar elmi ad almağa başlayıblar. Bu sovetdən qalmış bir ənənədir. Buna görə əlavə maaş verilib -verilmədiyini bilmirəm. Ancaq ad almağa çox böyük istək var. Nə olursa olsun, ad olsun. Sovet dönəmində o adların imtiyazı var idi. Səni hansısa adın var idisə həbs edə bilməzdilər. İndi sən istəyirsən akademik ol, fərqi yoxdur, tutub basırlar içəri. Bu həm də əlavə xərcdir. Heç vaxt xarici şirkətədə elmlər doktoru adı görməzsən. Bu yalnız dərs deyən zaman lazım olur.