“Kommunal xidmətlərin qiyməti hələ artırılacaq” –İqtisadçıdan qaz və işığın bahalaşmasına reaksiya

29-11-2016, 01:14           

"Qazın və işığın qiymətinin artırılması gözlənilən idi".

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev az əvvəl Tarif Şurasının açıqladığı qiymət artımına münasibət bildirərkən, deyib.

Onun sözlərinə görə, bu barədə 2016-cı ilin büdcə sənədində qeydlər olub:

"Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq.

Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldlqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasını və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər. Ona görə də kommunal sektorda islahatlar aparılmalıdır və özəl sektorun cəlbinə diqqət artırılmalıdır. İlk olaraq qaz paylaması işi SOCAR-dan geri alınmalı, yeni paylayıcı şirkət yaradılmalıdır".

İqtisadçının sözlərinə görə, indi növbə nəqliyyat sektorunundur:

"Bu sektorda qiymət artlmı zaman məsələsidir. Görək hökumətin əhliyə "yeni il hədiyyəsi" nə vaxt olacaq?".

Xatırladaq ki, Tarif Şurasının bugünkü qərarına əsasən, ayda 125 kubdan (12,5 manatdan) artıq qaz işlədənlər 20 qəpik, eləcə də, ayda 250 kilovat.saatdan (17 manat 50 qəpikdən) çox işıq işlədənlər hər kilovata görə 11 qəpik ödəyəcəklər.

Bundan az sərfiyyatı olan abonentlər isə köhnə qiymətlərlə ödəniş edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.