Cahandar ağa Moskvanın sifarişi ilə öldürüldü
15-12-2016, 10:27
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
Axar.az professor Minəxanım Nuriyeva-Təkləlinin müxtəlif sənətkarlarla bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:
Mollaya alınmış gül
Rejissor Məmməd Əlili (Əlizadə) “Piron qardaşları” film-studiyasının 1916-cı ildə Bakıda İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırdığı “Neft və milyonlar səltənətində” kinosunda Cəlilin mollaxana illəri hissəsində çəkilib. Bu, belə olmuşdu: heyət məktəbə daxil olduqda bir şagirdin öz bağlarından mollaya gətirdiyi gülü yeniyetmə Məmməd qapıb tez Şəfiqə rolunu oynayacaq aktrisa K.M.Piontkovskayaya təqdim edir. Onun bu fərasəti hər kəsi güldürür və Məmmədin tale yolunu müəyyən edir. Lakin qonaqlar getdikdən sonra öz hədiyyəsini tapmayan mollaya uşaqlar “molla, sənin gülünü Məmməd götürdü, verdi matışqaya” dedikdə, təəccübündən əli üzündə qalan molla tez hərəkətə keçir və Məmmədin ayaqlarını falaqqaya saldırır.
Gedin özünüzü güllələyin...
“Dəli Kür”də Cahandar ağanın ölüm səhnəsi çox təhrif olunub: Romanda Cahandar ağa Qarayazıda torpaqları əlindən çıxdığına görə ruslarla davada ölür, filmdə isə qaçırdığı arvada görə qisasçılıq məqsədi ilə güllələnir. Demək olar ki, bu təhriflə film öz dəyərini itirib. Bunu Moskva istəyirdi: azərbaycanlını öldürən rus olmamalı idi... Rus səhnədə işğalçı kimi görünməməli idi. Bəs, Cahandar ağa necə ölməli idi? Bu zaman Moskvadan şaşırdıcı cavab gəlir: gedin, özünüzü güllələyin, amma orada ruslarla savaş olmamalıdır.
Onun barmaqları mənim olaydı...
Məşhur tarzən Sadıqcan əvvəl xanəndəliklə məşğul olmuşdu. Gənc Sadığın müəllimi Xarrat Qulu idi. Deyilənə görə, 18 yaşında ikən Sadığın səsi batır. Lakin o, ruhdan düşmür: əvvəlcə tütək və ney çalmağı öyrənir, sonra isə kamança çalır. Bir qədər keçdikdən sonra Sadıqda tar çalmaq həvəsi oyanır. O, kamançanı buraxıb tar çalmağı öyrənir. Məşhur müğənni Bülbülün yazdığına görə, Mirzə Sadığın tar müəllimi şuşalı tarzən Əli Əsgər olub. İri əlləri, uzun və güclü barmaqları olan Sadıq qısa müddətdə fitri istedad və qabiliyyəti nəticəsində nəinki bu sənətə yiyələnir, hətta məharətli tar çalması ilə öz müəllimini geridə qoyur. Sadıq tar çalanda ustadı Əli Əsgər həsədlə deyərmiş: “Kaş mənim var-dövlətim Sadığın, onun barmaqları isə mənim olaydı”.
Şeyda bülbüllər ...
Əsl məskəni Şuşa və Xankəndi olan müəllimim Azər Hüseynov Qarabağın musiqi həyatından maraqlı vaqeələr söyləyərdi. Babası, tarzən Məşədi Zeynal Sadıqcanın yetirməsi olub. Onun dilə gətirdiyi xatirələrin işığında aydın olurdu ki, Sadıqcanın Şuşada Xoca Mircanlı məhəlləsindəki mülkünün bağçasında həmişə şeyda bülbüllər, qaratoyuqlar cəh-cəh vurardı. Onları həvəslə dinləyən Mirzə Sadıq quşların ecazkar ləhcələrini tarda təkrar etməkdən yorulmurdu, nəticədə məclisləri ələ alıb, huşunu başdan edən muğam parçaları, möcüzə təsniflər meydana çıxmışdı.
Sipahi “Dağlarda duman gözəldir”i oxuyarkən...
İbrahim Topçubaşov dövrünün məşhur həkimi olub. O, öd kisəsi məməciyinin xərçənginin yeni cərrahi müalicə üsulunu nümayiş etdirmək və açıq, silsilə cərrahi əməliyyatlar keçirmək üçün İtaliya, Yaponiya, Türkiyəyə səfərə çıxıb və hər üç ölkədə Cərrahlar Cəmiyyətinin fəxri üzvü seçilib. Bu gözəl ürək sahibi Türkiyədə oxuduğu iyirmi dörd mühazirənin qonorarını kasıblara məxsus cərrahiyyə klinikasının hesabına köçürüb.
Doktor İbrahim həm də gözəl bəstəkar idi: mahnıları ona həkimlikdən az şöhrət gətirmədi. Deyirlər, Ankarada konsertdə Nəsrin Sipahi onun bəstələdiyi “Dağlarda duman gözəldir” mahnısını ifa edirmiş. İbrahim bəy fasilədə ona yaxınlaşıb və xanımdan bu şərqinin bəstəkarının kim olduğunu soruşub. Lakin müğənni Nəsrin Sipahi bəstəkarın adını bilməyib. Bilməsə də, bu gözəl türkünü gözəl oxuyub.