`Twitter`də pay sahibi olan azərbaycanlı: -`Pulu düşünsəydim, uğur qazana bilməzdim`
19-12-2016, 17:00
“Twitter”in uğurlarında pay sahibi olan azərbaycanlı gənc Tural Bədirxanlı AzVision.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
Qeyd: Tural Bədirxanlı 1986-cı ildə Quba rayonunda dünyaya göz açıb. Quba Özəl Türk Liseynin məzunudur. 2002-ci ildə İndoneziyada keçirilən dünya fənn olimpiadasının fizika fənni üzrə qızıl medal mükafatçısıdır.
T.Bədirxanlı Türkiyədənin Boğaziçi universitetinin fizika fakültəsində təhsil alıb. O, daha sonra təhsilini ABŞ-da Massaçusets Texnologiya İnstitutunda (MİT) davam etdirib. İki ilə yaxın “Google” kimi nəhəng şirkətdə çalışıb. Bir müddət sonra 2 nəfərlə birlikdə “Namo Media” interaktiv reklam proqramını təsis edib. 2014-cü ilin 7 iyun tarixində isə dünyanın ən məşhur sosial şəbəkələrindən olan “Twitter” “Namo Media”nı satın alıb. T.Bədirxanlı hazırda “Twitter”in Nyu-Yorkdakı ofisində çalışır.
-Tural bəy “Twitter”də fəaliyyətiniz nədən ibarətdir?
-Hazırda “Twitter”də “Moments” komandasında çalışıram. Məqsədimiz yeni “Twitter” istifadəçilərinə hazırda dünyada baş verən hadisələr haqqında hekayələr (story) danışmaqdır. Adi “Twitter” istifadəçisi gərək maraqlı insanları izləsin (follow) ki, onların yazdıqları informasiyalardan xəbər tuta bilsin. “Twitter”ə yeni qoşulanlar bilmirlər ki, hansı insanları izləyib, məlumat əldə etsinlər. Bu zaman onlar bir az çətinliklə üzləşirlər.
“Story”- biz ona “Moments” deyirik. Bu, hazırda “Twitter”də paylaşılan “twitt”lərin kolleksiyasıdır. Bizim məqsədimiz bütün bu məlumatlar toplusunu yeni istifadəçilərə göstəməkdir. Məsələn, prezident seçkiləri zamanı hər kəs “Twitter”dən daha çox istifadə edir. Əgər siz həmin vaxt prezident seçkiləri ilə əlaqədar olan “Twitter –Moments”i izləsəniz, o zaman həmin seçkilərlə bağlı görmədiyiniz-bilmədiyiniz maraqlı adamların dəyərli “twitt”lərini görə biləcəksiniz. Hazırda dünyada texnologiya sahəsində “Artificial Intelligence” (Süni intellekt) böyük trendlərdən biridir. Biz bu texnologiyalardan istifadə edərək istifadəçilərin diqqətini cəlb edəcək xəbərləri, hekayələri seçib spesifik formada göstəririk.
Bu komandada rolum “Moments personalization” yönündə bütün işlərə başçılıq etməkdir. Spesifik olaraq “Artificial Intelligence” texnologiyalarından istifadə edərək istifadəçinin maraq dairəsi daxilində milyonlara “twitt” və minlərlə “moment”lərdən istifadə edərək onlara “Twitter”də hal-hazırda baş verənlər haqqında məlumat verməkdir.
-“Twitter”in ən böyük rəqibi hansı sosial şəbəkədir?
- Əsilində “Twitter” digər sosial şəbəkələrdən xeyli fəqlidir. Birincisi, “Twitter”in məqsədi xəbərdir(news platforması). “Twitter” özünü sosial şəbəkə kimi görmür və heç kəsə də nümayiş etdirmir. Əgər siz hazırda baş verənlər haqqında görmək, öyrənmək istəyirisinzsə, bu vaxt “Twitter”ə müraciət edirsiniz. “Twitter” başqa sosial şəbəkələrdən tamamilə fərqli formatda işləyir. Məhz bu səbəbdən “Twitter” xüsusi əhəmiyyətli rola sahibdir. “Twitter”lə əslində birbaşa rəqabət yoxdur.
-Gələcəkdə yeni sosial şəbəkə yaratmaq planınız varmı?
-Dünyada kifayət qədər sosiyal şəbəkə mövcuddur və yenisinə ehtiyac yoxdur. Amma şirkət qurmaq mümkündür. Hazırda işim “Twitter”dəki “moments” layihəsini genişləndirməkdir. Əvvəllər biz bu məhsulu yalnız xüsusi ölkələrə təqdim edirdik. İndi isə müasir texnologiyalardan istifadə edərək daha çox ölkələrə təqdim etmək istəyirik. Hazırda diqqətimi bu işin üzərinə cəmləşdirmişəm.
-Belə fikirlər var ki, “Twitter”ə maraq azalıb? Bu doğrudurmu?
-“Twitter” hər rüb istifadəçilərin sayı ilə bağlı rəqəmlər açıqlayır. Həmin rəqəmlərə baxsaq son üç- altı ayda istifadəçilərin sayının çoxaldığını görəcəksiniz. Yəni, demək istəyirəm ki, “Twitter”ə maraq azalmayıb, əksinə artıb. Bu böyümənin səbəbi “Twitter”in daha çox fokslu olmasıdır.
-Sizi “Twitter”də pay sahibi kimi təqdim edirlər.
-“Twitter” publik şirkətdir. Yəni istənilən insan “Twitter”in hissəsini satın alıb, pay sahibi ola bilər. Bu, elə də böyük bir şey deyil. Ümumiyyətlə “twitter”də çalışanların hamısı onun pay sahibidir. Buna görə də “Twitter”də pay sahibi olmaq qeyri-adi bir şey deyil.
-Deməli siz də “Twitter”in rəhbərlərindən hesab olunursunuz…
-Mən “Twitter”-in Executive (İcraçı) komandasında deyiləm. Həmin komanda daha çox San-Fransiskodadır. Cəmi 5-10 nəfərdən ibarətdir. Cek Dorsi şirkətə geri döndükdən sonra xeyli dəyişikliklər oldu. Bizim qurduğumuz “NamoMedia” şirkətinin investorlarından biri hazırda “Twitter” rəhbərliyində təmsil olunur. Həmin komandanın bəzi üzvləri ilə yaxın münasibətim var. Amma birbaşa olaraq mən “Twitter”in rəhbər komandasında təmsil olunmuram.
- Tural Bədirxanlının hədəfləri nədən ibarətdir?
- Fikrimcə, həm yaşadığımız vaxtda, həm də Silikon Vadisində texnologiyanın rolu getdikcə artır. Xüsusi olaraq Amerikada, Nyu-Yorkda Silikon Vadisində bu texnologiyalardan istifadə edərək insanların gündəlik problemlərini həll etmək üçün böyük imkanlar var. Məqsədim bu imkanlardan istifadə edərək problemlərin kiçik bir qismini həll etməkdir.
-Artıq bir neçə ildir ki, “Twitter”də fəaliyyət göstərirsiniz. Bu illər ərzində ən böyük uğurunuz nə olub?
- Bizim şirkət “Twitter” tərəfindən alındıqdan sonra bir il müddətində bizim texnologiyani inteqrasiya etməklə məşğul olduq və bu gün bizim məhsuldan on minlərlə şirkət istifədə edir. “Moments” layihəsindı çalışmağa başladıqdan sonra gördüyümüz işlərin nəticəsində istifadə faizini 40-50% artırmışıq. Bu yöndə işimiz daha da sürətlənir. Bununla yanaşı bir neçə uğurlu şirkətə “angel” investisiya etmişəm.
-Süni intellekt sahəsindəki fəaliyyətiniz barədə oxucularımıza ətraflı məlumat verməyinizi istərdik.
-Hazırda süni intellekt dünyada ən böyük trendlərdən biridir. Bütün sahələrdə süni intellekt bu və ya digər formada istifadə olunur.
Məsələn, “Google” axtarışları zamanı süni intellekdən istifadə olunur. Özü idarə olunan maşınlarda da süni intellektdən istifadə olunur. Süni intellektin çox geniş istifadə sahələri var. Bu, sosial şəbəkələrdə də tətbiq olunur. İstifadəçilərin maraqlarını başa düşür, nəzərə alır və onları maraqlandıran kontenti təqdim edir. “Facebook”da süni intellektdən istifadə olunur. Dostlarınızın şəkillərini paylaşdığınız zaman “tag” etmədiyiniz adamın adı sizə təqdim olunur. Bu zaman süni intellekt vasitəsi ilə üz cizgilərindən həmin insanın kim olduğu müəyyənləşir.
- “Facebook”dan sizə iş təklif gəlsə gedərsinzmi?
-Mənim əsas fikrim şirkət qurub dünyada mövcud vacib olan problemləri həll etməkdir. Ola bilər ki, bu müddət ərzində hansısa şirkətlərlə əməkdaşlıq edim. Bu, mümkündür. Ancaq məni problemlər və onların həlli yolları maraqlandırır.
-Problemlərin həllini deyəndə nəyi nəzərdə tutusunuz?
-Məsələn, onlarla və yüzlərlə kilometr sahəsi olan bir fermer öz sahəsində gündəlik nə olub keçir bilmək istəyir. Məsələn, bir tərəfdəki ağaclar qurumağa başlayıb və s. “Drone” texnologiyaları və sünni intellekt istifadə edərək sahəsinin hər bir küncündə nə baş verir haqqında məlumatı həmin anda birbaşa çatdırmaq mümkündür. Problem sahəsi çox genişdir və onların həllində çox böyük imkanlar var.
-Sizcə, “Facebook”un rəhbəri Mark Zukerberqin uğur sirri nədir?
-Mən “Facebook”dan 2004-cü ildən istifadə etməyə başlamışam. “Facebook” yarandığı zaman əslində nə olduğunu dəqiq bilmirdim. O vaxt “Facebook” sadəcə olaraq universitet, məktəb dostlarının profillərinə baxıb, onların hansı dərsləri keçdiyini görmək üçün platforma idi. Amma geniş kontekstdə yanaşsaq “Facebook” sosial medianın yaranmasında çox böyük rol oynadı.
“Facebook”un yaranması doğru zaman və doğru yerdə, həm də texnologiya və trendlərin inkişafı ilə üst-üstə düşdü. Bununla yanaşı Zukerberq məhsulunu düzgün formada ixrac edə bildi. Yəni məhsulun illik ivolyusununa baxsaq, demək olar ki, “Facebook” sosial medianı “define” elədi. Buna görə də çox uğur qazandı. “Facebook”un adı sosial media ilə sinonim oldu. “Facebook”a “social network” olaraq uzun müddət rəqib olmayacaq.
- Qubadan Amerikaya, Silikon Vadisinə necə getdiniz? Bu sualın cavabı oxucularımız üçün çox maraqlı olar...
-Qubada orta məktəbdə təhsil aldığım illərdə heç vaxt fikirləşmirdim ki, nə vaxtsa belə bir işlə məşğul olaram, yaxud Silikon Vadisində çalışaram. Amma mən həmişə getdiyim yönü hiss etmişəm. Hansı tərəfə yönəlməyin daha maraqlı ola biləcəyini özüm müəyyənləşdirə bilirəm. Qubadan sonra mən Türkiyəyə təhsil almağa getdim. Türkiyədə bəzi dostlarım Amerikada təhsil almaq üçün müracit edirdilər, universitetlərə qəbul olurdular. Fikirləşdim ki, mən də Amerikaya getsəm orada özümü inkişaf etdirib, gələcəkdə görəcəyim işlər üçün böyük imkanlar eldə edərəm. Və beləcə bu imkandan istifadə etdim. Amerikada Massaçusets Texnologiya İnstitutuna (MİT) qəbul oldum. Həm universitetdə oxuduğum müddətdə, həm də məzun olduqdan sonra Silikon Vadisinə getdiyim zaman fikirləşirdim ki, ətrafımdakı imkanlardan istifadə etməliyəm. Haradasa bir yerdə işləyib, sadəcə maaş alaraq sakit bir həyat sürmək istəmirdim. Mən həmin mühitin imkanlarından daha çox istifadə etmək etmək istəyirdim. Gördüm ki, Silikon Vadisində böyük imkanlar, nüfuzlu investorlar, təcrübəli şirkət rəhbərləri var. Fikirləşdim ki bu imkanlardan istifadə etməliyəm. Bu çox vacibdir. Hər bir insanın həyatında belə imkanlar olur. Bəzi insanlar risk götürmək istəmir, bəziləri isə daha çox risk edir.
-Elmi fəaliyyətlə məşğul olursunuzmu?
-Təkcə elm üçün belə bir fəaliyyətlə məşğul olmaq mənə maraqlı deyil. Məni daha çox cəlb edən həmin kəşflər, texnologiyaların real həyatda istifadəsi, onların bu gün insanların problemlərini həll etməsidir.
-Azərbaycanlı “twitter” istifadəçilərinin fəaliyytini necə dəyərləndirirsiniz?
-“Twitter”in istifadəçi bazası Azərbaycanda çox da böyük deyil. Amma “Twitter”in Azərbaycanda özünə məxsus istifadəçiləri var. Mənim də “follow” etdiyim çox maraqlı insanlar var. Onlar adi insanlar deyil. Maraqlı fikirləri olan insanlardır. Kiçik olsa da Azərbaycanda maraqlı istifadəçi bazası var.
-Ölkəmizdə İT sahəsinin inkişafı ilə bağlı hansı addımlar atılmalıdır?
-Bunun üçün biz bu sahədə böyük təcrübələri olan, uzun yol qət etmiş ölkələrlə inteqrasiya etməliyik. Əgər biz texnologiya sahəsini inkişaf etdirmək istəyiriksə, Silikon Vadisi ilə çox yaxından inteqrasiya etmək lazımdır. Məsələn, İsrailə baxsaq görərik orada milyard dollarlıq dəyəri olan şirkətlər yaradılır. Bu prosses hələ beş-on il öncədən start götürüb. Onlar Silikon Vadisindəki texnologiya şirkətlərinə çox yaxından inteqrasiya ediblər.
Məsələn, “Google”nin, “Microfsoft”un və digər şirkətlərin 2005-2006-ci ildən orada ofisləri fəaliyyət göstərir. Nəticədə həmin insanlar həm də gedib Silikon Vadisində çalışırlar, oradan çıxdıqdan sonra hər şeyi öyrənmiş olurlar. Bundan sonra özləri nəsə iş görməyə, yaratmağa başlayırlar. Beləliklə həmin sənaye inkişaf edir. Fikrimcə, biz də texnologiya sahəsini inkişaf etdirmək istəyiriksə, həmin ölkələrə yaxından inteqrasiya etməliyik.
-Gələcəkdə Azərbaycanda bu sahəni inkişaf etdirmək planınız varmı?
-Əgər biz indi Azərbaycanda sənayenin inkişafından danışırıqsa, gərək dünya bazarına xitab edək. Bu zaman fikirləşdiyimiz miqyas dünya bazarı səviyyəsində olsun. Bu yöndə addım atmaq lazımdır. Mən arada bir Azərbaycana gedib-gəlirəm. Azərbaycan bazarı üçün xüsusi olaraq nəsə etmək hazırda mənim üçün maraqlı deyil. Mən daha çox dünya miqyaslı problemlərdən bəhs edirəm. Azərbaycanda hansısa bir iş görmək istəyiriksə, bu miqyasda düşünmək lazımdır. Azərbaycanda olan bəzi dostlarım, tanışlarım dünya miqyaslı layihələr haqqında düşünürlər. Bəzən onlarla əlaqə saxlayıb, kömək etməyə çalışıram. Fikrimcə, sənayenin inkişafı böyük dünya bazarına açılmaqla mümkündür.
-Gənclərin perspektivlərini necə dəyərləndirirsiz?
Azərbaycanda çox ağıllı gənclər var. Amma tək ağıllı olmaq kifayət etmir. Bununla yanaşı gənclərin əllərində bir qədər imkanlar olmalıdır. Bunun nəticəsində onlar daha böyük miqyaslı işlər görə bilərlər. Risk etmək üçün istəkli olmalıdırlar. Bəzən bu heç də asan olmur. Silikon Vadisindəki şirkətlərin bəlkə də 95 faizi bağlanır. Bu şirkətlərin rəhbərləri də ağıllı insanlardır. Dünyanın fərqli yerlərindən gəlirlər. Burada müəyyən işlər görürlər. Bəlkə də investisiya götürürlər. Amma buna baxmayaraq, həmin şirkətlər batır. Azərbaycanda da ağıllı insanlara imkanlar yaradılsa, Silikon Vadisi, Amerika ilə daha çox inteqrasiya edilsə, bu zaman həmin şirkətlərin uğurlu olma ehtimalları yüksək olacaq. Məsələn, əvvəllər görmədiyiniz şirkətlər indi üzə çıxır. Kiçik ölkələrdən böyük şirkətlər çıxır. Azərbaycanda böyük şirkətlərin yaradılması mümkündür. Bunun üçün ulduzların bir xətt üzrə düzülməsi vacibdir.
-Azərbaycanlı gənclər Amerikada hansı çətinliklərlə üzləşir?
-Azərbaycandan bir gənc Amerikaya gəldiyi zaman ən çox çətinlik çəkdiyi məqamlardan biri buranın mədəniyyəti, insanların münasibətidir. Bunu öyrənmək, bilmək vacibdir. Əgər Amerikada biznes qurmaq istəyirsənsə, əvvəlcə bunları bilməli, inteqrasiya olunmalısan. Silikon Vadisində qaydalar çox qəddardır. Orada bir investorla danışan zaman bəlkə də həmin şəxs gün ərzində 50 idea üzərində çalışır. Bəzi investorların yanına gedib layihə barədə məlumat verirlər. Amma o, qətiyyən razı qalmır. Bəzi investorlar heç bir ideayanı bəyənmir. Göründüyü kimi burada uğur qazanmaq o qədər asan məsələ deyil.
-Siz Silikon Vadisində hansı çətinliklə üzləşmisiniz?
-Əlbəttə, çətinliklə üzləşmişəm. Çalışdığım “Google”dan ayrıldıqdan sonra on ay müddətində kiçik komandamızla birlikdə oldum. Həmin vaxtlar biz heç investisiya ala bilmədik. Hazırladığımız məhsullardan heç nə əldə etmədiyimiz vaxtlar da olub. Fikrimcə, hər bir insan belə məqamlara qarşılaşır.
-Uğur qazanmağınızda sizə kimlər dəstək oldu?
-Dostlarım həmişə mənə mənəvi dəstək olub. Ailəm də həmçinin hər zaman yanımda olub, dəstək göstəriblər. “Google”də çalışdığım illərdə özümə müəyyən məbləğdə resus toplamışdım ki, oradan çıxdıqdan sonra istədiyim işlə məğul olum.
-Doğulub boya-başa çatdığınız Qubanı necə xatırlayırsınız?
-Qubadan ayrılanda 16 yaşım vardı. O vaxta kimi Qubadan başqa heç bir yerdə yaşamamışdım. Qubadan İstanbula getdim. Oradan da Amerikaya. Quba ilə bağlı maraqlı uşaqlıq xatirələrim var. Həmin günləri xatırlayıram. Ailəm indi Bakıda yaşayır. Azərbaycana gələndə Qubaya istirahət etmək üçün gedirəm. Qohumlarımı ziyarət edirəm.
-İş təklifləri alarkən nələrə diqqət yetirirsiniz?
-Hazırda Amerikada mühəndislər üçün yaxşı imkanlar möcvuddur. Onlar ən çox maaş alan qrupa daxildirlər. Mühəndislik Amerikada çox populyardır. “Google”də çalışan 10 il təcrübəli mühəndis bir il ərzində 400 min dollar pul qazanır (40%-ni hökümətə vergi ödəyir). Əslində Silikon Vadisində həyat çox bahadır. Həmin məbləğ burada elə də yüksək hesab edilmir. Silikon Vadisində şirkət qurmuş ən pullu adamlar bir vaxtlar yüksək məbləğdə pullar qazanmaq üçün bu sahələrə girişməyiblər. Çünki kiçik şirkət qurulduğu zaman onun resursu olmur ki, işçilərinə yüksək məbləğdə maaş versin. Biz də əvvəllər şirkət qurduğumuz zaman öz işçilərimizə az məbləğdə maaş verirdik. Əsas pul deyil. İnsanları böyük miqyaslı ideaları motivə edir.
Məsələn, “whatsapp”ın 50 işçisi və cəmi 8-10 milyon vəsaiti var idi. Yeni başlayanda işçilərə böyük məbləğdə pul vermək mümkün deyildi. Daha sonra “whatsapp” satıldıqdan sonra demək olar ki, işçiləri də milyonlar qazanmağa başladılar.
-“Google”yə yenidən qayıtmaq istərdinizmi?
-“Google” Silikon Vadisində böyük nüfuza sahibdir. İki il orada çalışmışam. Silikon Vadisində bütün işlərdə “Google”nin bu və ya digər rolu olur. “Google”yə qayıtmağım bundan sonra görəcəyim işlərdən asılıdır. Yenidən əməkdaşlıq mümkündür.
-“Twitter”də sizdən başqa azərbaycanlı çalışırmı?
-Azərbaycan buradakı insanların çoxuna eqzotik yer kimi görünür. Onlar Azərbaycanla çox maraqlanırlar. Bura insanlar fərqli ölkələrdən gəldikləri üçün hər şeyə pozitiv yanaşırlar. Azərbaycan haqqında da çox pozitiv fikirdədilər. Bildiyim qədəri ilə məndən başqa “Twitter”də başqa azərbaycanlı çalışmır.
Hansısa bir iş görmək, hansısa bir rola sahib olmaq üçün birincisi insan maraqlı olduğu sahədə özünü inkişaf etdirməlidir, öyrənməli və böyüməlidir. Həmin sahə ilə uzun müddət məşğul olan adamlarla ünsiyyətdə olmalıdır. Bununla yanaşı imkanlardan istifadə etməyi, risk etməyi bacarmalıdır. Bəzən bu addımlar nəticə verməyə bilər. Çox vaxt da belə olur.
Gənclərimiz unutmamalıdırlar ki, ilk dəfə heç kim uğur qazana bilmir. Üzərlərində çalışsalar, həvəsdən düşməsələr gec də olsa uğur qazanmaq mümkündür.
-İş rejimin necədir?
-Texnoloji şirkətlərin əksəriyyətində işə gəlmək və yaxud getmək üçün dəqiq saat olmur. Daha çox gördüyün işin nəticəsi əsas götürülür. Adətən insanlar saat 9-12 arası işə gəlirlər. Axşam saat 6-8, bəzən də 9-da işdən çıxırlar. Burada heç kəs dəqiq vaxt təyin etməyib ki, bu vaxta da işə gəlməlisən.
-Sonda gənclərimizə hansı məsləhətləri vermək istərdiniz?
-Gənclik illərində insanlar bəzən özlərinə ciddi məsuliyyət hiss etmirlər. Gənclik iş qurmaq, şirkət yaratmaq, uğur qazanmaq üçün ən yaxşı vaxtdır. Ailə qurulduqdan sonra insanların düşüncələri də dəyişir.
Gənc vaxt risk etmək lazımdır. Səhv etməkdən də qorxmamalıdırlar. İngilis demişkən “bold” olmaq lazımdır. Gördüyünüz iş günün axırında alınsa da, alınmasa da sonradan bu böyük qazanc olacaq. İllər sonra dönüb geriyə baxanda yalnız gördüyünüz maraqlı işlər gözünün önünə gələcək.