Suriya türkməni: “Hələbdə adamlar cəhənnəm həyatı yaşayır”
21-12-2016, 00:14
Hələbdə neçə vaxtdır mühasirədə qalan əhali son günlər şəhərdən çıxarılmağa başlanıb. Dinc əhali köçünün Suriya ordusu tərəfindən atəşinə tutulduğu da deyilir. İstər daha öncə, istərsə bu günlərdə Hələbi tərk edənlər arasında türkmənlər də var.
Suriya Türkmən Məclisinin başqanı, doktor Emin Bozoğlan Hələbdə və türkmənlərin sıx yaşadığı Bayırbucak və Türkmən dağı ərazisindəki durumu AzadlıqRadiosu-na anladır:
– Neçə vaxt idi Hələbdə və şəhərin şərqində – müxaliflərin bölgəsində 50 minə yaxın sakin mühasirədəydi. Aylardır ki, bu bölgəyə hər hansı humanitar yardım, ərzaq, başqa bir dəstək çatdırılmırdı. İnsanlar can çəkişirdi. İndi əhali köçürülür. Ancaq Assad ordusu və xaricdən gətirilən döyüşçülər, zaman-zaman, dinc sakinlərə hücumlarını davam etdirirlər. Hətta köçü daşıyan avtobuslar yandırılıb, atəşə tutulub, 800 nəfərə yaxın adam əsir götürülüb. Bütün bunları törədənlər əməllərinə görə cavab vermədilər. Ümid edirik ki, burdakı insanlar tezliklə köçürüləcək, onların təhlükəsizlikləri təmin olunacaq. Axsamalar olsa da, bunun baş tutacağına inanıram.
– Köç hələ davam edir?
– Bəli, davam edir. Özəlliklə yaralıların, uşaqların, qadınların köçürülməsi davam edir. Ancaq bizi narahat edən budur ki, pusqu quran, özəlliklə xaricdən gələn silahlı qruplar, zaman-zaman, dinc sakinlərin köçürülməsinə əngəl olurlar.
– Əhali haraya köçürülür?
– Daha çox İdlib tərəfə köçürlər.
– Oralar təhlükəli deyil?
– İndi bütün Suriya ərazisində müxtəlif qruplaşmalar var. Ancaq dinc sakinlərin qorunması üçün bir qismi İdlibin təhlükəsiz yerlərinə köçürülür. Təbii ki, orda da fərqli qruplar, o cümlədən müxalif qruplar var. Ancaq Hələbdən köçürülənlər daha təhlükəsiz yerlərə aparılır. Bir qisim, özəlliklə yaralılar, yaşlılar, xəstələr Türkiyəyə gətirilir və müalicə olunur. Müalicədən sonra təhlükəsiz yerlərdə yerləşdirilirlər.
– Cənab Bozoğlan, Hələbin türkmən məhəllərindəki durum necədir? Köçürülmədən az əvvəl Assad rejimi və İrandan dəstək alan qrupların və PYD silahlılarının Hələbin şərqindəki türkmən məhəllələrinə girməsiylə bağlı xəbərlər yayılmışdı…
– Bu xəbərlər doğru idi. Bizim orada 7 türkmən məhəlləsi var. Həmin məhəllələrdə təxminən 108 min türkmən yaşayırdı. Onlar da mühasirədəydilər. Bir qismini rejim ordusu sıxışdırıb köçməyə məcbur etdi. Bir qismi də şimalda – Şeyx Maqsud bölgəsində PYD silahlıları türkmənlərin sıx yaşadığı məhəllələrə girib oraları öz nəzarətlərinə götürəndən sonra oraları tərk elədi.
– Hazırda humanitar dəhliz dinc sakinlərin Türkiyə sərhədinə keçmələrinə imkan verirmi?
– İndi orada ən qısa məsafədən – İdlib yoluyla köç imkanları təmin olunur. Köçürülənlər yaşıl avtobuslarla daşınırlar. Ancaq türkmənlərin hamısı hələ köçürülməyib. Biz hər gün oradakı adamlarla əlaqə saxlayırıq. Artıq söylənəcək söz qalmayıb, çünki Hələbdə adamlar cəhənnəm həyatı yaşayırlar. Bütün şəhər uçulub-dağılıb, sakinlər ən ağır əziyyətlərlə üz-üzə qalıblar. Güllənin hansı tərəfdən gələcəyini bilmirlər, dayanmadan başlarına bomba yağır. Bir tərəfdən aclıq, o biri tərəfdən də beyni yuyulmuş silahlıların, terrorçuların hücumu… Hər cür işgəncəyə, ağlagəlməz davranışlara məruz qalırlar. Elə şeylər var ki, heç danışılası deyil.
– Köçürülənədək Hələbdə nə qədər türkmən yaşayırdı və indiki durum necədir?
– Müharibədən əvvəl Hələbin içindəki türkmənlərin sayı 400 min civarındaydı. Bir də Hələbin şimalında, hazırda “Fərat Qalxanı” hərəkatı ilə müxalifətin, Azad Suriya Ordusunun nəzarətində olan bölgədə də 350 min türkmən yaşayırdı. Müharibədən sonra və indiki rəqəmləri söyləmək mümkün deyil. Çünki əhali ya ölkənin içinə, ya da xaricinə köçməyə məruz qalıb, sakinlər yerlərini dəyişiblər. İndi bu ərazidə “bu sayda türkmən var” demək çox çətindir.
– Emin bəy, Türkmən dağı, Bayırbucak və Suriyanın türkmənlər yaşayan digər bölgələrindəki durumdan nə məlumatınız var?
– Dəməşq ətrafında, Hamada, Humsda türkmənlərin sıx yaşadığı ərazilər var. Bayırbucakda, Latakyada təxminən 50 minə yaxın türkmən rejimin nəzarətində yaşayır. Türkmən dağı bölgəsində dinc əhali yoxdur, çünki hökumət qüvvələri bu ərazini Rusiya hərbi təyyarələrinə bombaladıb, raket atəşinə məruz qoyub. Ona görə oradakı türkmənlər də Türkiyəyə köçmək məcburiyyətində qaldılar. Öz el-obalarından, torpaqlarından çıxdılar, sürüldülər. Hazırda həmin bölgədə 5 kəndimiz var. O kəndlər orda yaşayan əhalinin nəzarətindədir. Kəndli gənclər öz torpaqlarını hələ də müdafiə edirlər. Ancaq Türkmən dağında indi dinc əhali yoxdur.
– Sizcə, Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi Suriya ilə danışıqlara necə təsir göstərə bilər?
– Ankarada Rusiya səfirinin öldürülməsi təxribatdır. Qətli törədənin kimliyi bəllidir, ancaq detallar yəqin daha sonra açıqlanacaq. Məqsəd – Türkiyə-Rusiya münasibətlərini baltalamaqdır. Dolayısıyla, bu, Suriyadakı sülhə mənfi təsiri göstərə bilər. Bunun Suriyadakı daxili müharibənin sürməsinə, sülhün gecikməsinə səbəb olmaq üçün törənən bir təxribat olduğunu düşünürəm. İnşallah, əksi olar və bu olay Suriyadakı sülhü sürətləndirər. Bu, çox iyrənc bir hadisədir. Suriyada sülhün təmin olunmasında Türkiyənin fəal rol almasını istəyirik. Bu hadisə də Türkiyəni daha ağır duruma salmaq üçün həyata keçirildi. İnşallah, Türkiyə belə ağır duruma düşməz. İstəyimiz Rusiya-Türkiyə münasibətlərinin yaxşı olması və bu münasibətlərin Suriyada sülhün təminatına töhfə verməsidir.
– Bundan sonrakı durumla bağlı hansı gözləntiləriniz var?
– Bu müharibə bu qədər davam etməməliydi. Bu müharibə Suriya xalqının öz iradəsini aşıb. Super dövlətlərin – ABŞ-ın, Avropa Birliyi ölkələrinin, Rusiyanın iradəsi ilə və siyasi müzakirələrin nəticəsi olaraq, müharibə dayandırılmalı, atəşkəs təmin olunmalı, sülh danışıqlarına başlanılmalıdır. Suriyadakı durum istər hökumət, istərsə müxalifət qüvvələrinin, ya da başqa terror qruplarının nəzarətindən çıxıb və daha çox Rusiya ilə ABŞ-ın nəzarətinə keçib. Suriya türkmənləri əvvəldən müxalifətin yanındadır. Biz türkmənlər olaraq, Suriyanın ərazi bütövlüyünü, Suriya xalqının birlik və bərabərlik içində, demokratik bir ortamda yaşamasını istəyirik. Bundan əvvəlki müzakirələrdə iştirak etmişik, bundan sonra da iştirak edəcəyik. Ancaq indi müzakirələrin bir rolu yoxdur. Bütün müzakirələrdə sülh danışıqlarını əngəlləyən də Suriya rejiminin özüdür.
(azadliq.org)