“MTN-dən öz istəyimlə getdim, çünki...” - Polkovnik Nağıyev

13-02-2017, 10:44           

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyevin “Qafqazinfo”ya müsahibəsi:

- Azərbaycanda son aylarda terrorçu qruplaşmalara qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatların sayı artıb. Ən azından mediadan belə görünür. Bunun səbəbi nədir – potensial terrorçular aktivləşib, yoxsa dövlət önləyici tədbirlər görür?

- Fikir verdinizsə, son əməliyyatlar əsasən radikal dini quruplara qarşı keçirildi. Dini radikalizm ABŞ-dakı “11 sentyabr” hadisəsindən sonra təhlükəsizliyə təhdid kimi qəbul olunan xətlərdən biridir. Azərbaycanda son vaxtlar aparılan əməliyyatlar əsasən “İŞİD”ə və digər radikal təşkilatlara biət etmiş qruplara qarşıdır. Əvvəl “İŞİD”in dəsti-xətti başqa cür idi, insanlar İraqa, Suriyaya dəvət edirdilər və orada İslam dövlətinin müdafiəsi adı altında vuruşmağa məcbur edirdilər. İndi isə “İŞİD” terroru yerlərdə keçirməyə çağırış edir. Deyirlər ki, biz sizə tapşırıq verək, yaşadığınız yerdə terror törədin. Suriya Azərbaycandan elə də uzaq deyil. Bundan başqa Dağıstanda dini radikalizmə biət edən o qədər qruplaşmalar var ki... Məhz bu baxımdan Azərbaycanda da həmin qurumlarla əlaqəli olan qruplar var və dini radikallardan təmizlənmə işləri aparılır. Bu adamlar həqiqətən də fəaliyyətə keçə bilərlər və bunun baş verməməsi üçün bu əməliyyatlar aparılır.

“Terrorçu məhv edilməlidir. Bu, onun yaşamasından üstündür”

- Bu əməliyyatların əksəriyyətinin nəticəsində həmin şəxslər silahlı müqavimət göstərib və ya üzərində bomba olub, məhv edilib. Bu faktın özü təhlükənin həddinin göstəricisi ola bilərmi?

- Bəli. Terrorla mübarizədə Avropada terroristə qarşı humanizm göstərməyin, yəni onu həbs edib cəzalandırıb sonra azadlığa buraxmağın effektiv olmadığı qərarı verildi. Terrorçu məhv edilməlidir. Bu, onun yaşamasından üstündür.

- Azərbaycan vətəndaşı üçün qarnına bomba bağlamış terrorist nə deməkdir? Artıq narahat olmaq lazımdırmı?

- Heç bir dövlət terrordan sığorta olunmayıb. Azərbaycanda da həmin məsələ təkrar oluna bilər. Buna görə də məlumat alındıqda qabaqlayıcı tədbir görülür və həmin şəxs məhv edilir. Mən başa düşürəm nəyi demək istəyirsiniz. Kimsə kəmərinə bomba bağlayıb özünü partladırsa, bu, metroda da ola bilər, avtobusda da, başqa yerdə də. Artıq qonşu ölkələrdə bu tenensiya var və bunun qarşısı alınır. Azərbaycanda bu hadisə baş verməməsi üçün onlar məhv edilir.

- Bu işdə başqa dövlətlərin kəşfiyyat xidmətlərinin rolu gözə dəyirmi?

- Mən düşünmürəm ki, hər hansı bir dövlət Azərbaycana qarşı islami radikal qruplardan istifadə etsin. Çünki Azərbaycanda heç bir vaxt dini qarşıdurma olmayıb, əgər orada xarici xüsusi xidmət orqanlarının bunda marağı olmayıbsa. Ola bilsin hansısa dini qurumu maliyyələşdirməyə çalışsınlar. Amma Azərbaycan Suriya ilə müqayisədə kiçik ölkədir. Burada o istək baş tutmaz. Həm də bizdə maarifçi dindarlar daha çoxdur. Artıq əvvəllər Suriyada, İraqda, Səudiyyə Ərəbistanda təhsil alanların Azərbaycanda fəaliyyətləri qadağan olunub.

- Bəs “Naradaran hadisələri” sırf dini zəmində baş vermişdi yoxsa yalnız dövlətlə bağlı idi? Çünki onlar dövlət quruluşunu dəyişməyə cəhd maddəsi ilə ittiham edildi.

- Orada tək dini məsələlər deyildi. Naradaran çox maraqlı ərazi idi və bir sıra qonşu ölkələrin də o kənddə marağı var idi. Orada radikal çağırışlar var idi. Azərbaycanda islami dövlətin qurulması istiqamətində müvafiq addımlar atılması, inancları bölmək, sünni-şiə məsələsini qabartmaq da var idi. Bunlar da birmənalı şəkildə milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

“Universitetlərdə, məscidlərdə dindarlara nəzarət etmək lazımdır”

- Azərbaycanlıların Suriyaya axını dövründə mediada bu fikir daim önə çəkilirdi ki, bu adamlar oradan terrorçu kimi qayıdacaqlar və ölkə üçün təhlükə olacaqlar, bu problemdən çıxış yolu dini maarifləndirmədir. Bunun üçün QMİ və Dini Komitə tərəfindən bəzi addımlar atıldı. Lakin maarifləndirmə bugünkü prosesə təsir etmir, sadəcə uzaq perspektiv üçün uğurlu ola bilər. Bu gün terrorçu kimi məhv edilənlər də “İŞİD”də döyüşüb qayıdanlardır. Bəs indi Azərbaycan nələr etməlidir?

- Maarifləndirmə işləri onların başa düşəcəyi formada aparılmalıdır. Burada əsas təbəqə gənclərdir. “İŞİD”in emissarları sosial şəbəkələrdən çox ustalıqla istifadə etdilər. Əvvəlcə təklif edirdilər ki, əgər İslamı olduğu kimi yaşamaq istəyirsənsə, bura gəl. Ora çatdıqdan sonra isə əllərinə silah verib deyiridlər ki, bu dövləti qorumalısan. Azərbaycandan gedib Suriyada döyüşlərdə iştirak edən uşaqların demək olar ki, hamısı məhv oldu. Ən qorxulusu odur ki, onların ailələri, övladları orada qaldı. Çünki onlar professional deyildilər. “İŞİD”də Avropadan gəlmiş və yüksək təlim keçmiş döyüşçülər iştirak edirdilər. Azərbaycanda Cinayət Məcəlləsində dəyişiklik edib cəzalar ağırlaşdırıldıqdan sonra Suriyaya axın azaldı. Sosial şəbəkələrdə isə onların cəlb edilməsi prosesi davam edir. Oradan gələnlərin də öz fəaliyyətlərini həyata keçirmək cəhdlərinin qarşısı alındıqda bu proses sonlanacaq. Sosial şəbəkələrdə, universitetlərdə, məscidlərdə buradakı dindarlara nəzarət etmək lazımdır.

- “İŞİD”çilərin məhkəmələrində biz iştirak etdik və onların əksəriyyətinin işlətdiyi ifadə bu oldu ki, internetdə video çağırış görüb getdim. Terrora qarşı ənənəvi mübarizə üsullarından başqa, internet, sosial şəbəkələr üzərindən də işlər aparılırmı, hansı tədbirlər görülür?

- Necə ola bilər ki, insan bir videoya baxan kimi durub Suriyaya getsin? Bu, birdəfəyə olmur, mərhələ-mərhələ həyata keçirilir. Bir dəfə xoş gün keçirdiklərini göstərirlər, bir dəfə döyüşdə ölsən cənnətə gedəcəyini deyirlər. Bu mərhələnin baş tutmaması üçün xüsusi-xidmət orqanları maarifçilərlə birgə işləməlidirlər. Onlar “Facebook”dakı şübhəli şəxslərə nəzarət etməlidirlər.

- Həmin zaman media da terroristlərin çağırışlarını mənfi çalar altında təqdim edirdi, bilərək ya bilməyərəkdən onların təbliğatını aparırdı. Amma mediaya “bu videoları yaymayın” deyən də olmadı.

- Son vaxtlar mediada belə bir tendensiya yaranmışdı ki, reytinq artırmaq üçün heç bir senzuradan keçirmədən nə gəldi yayırdılar. Bu, uzun müddət davam etdi. Son vaxtlar bu işdə yumşalma görünür. Çünki onu yayan media quruma qarşı da sanksiya tətbiq oluna bilər.

- Sosial şəbəkələrdə, terrorist qruplaşmalara yaxın saytlarda terroristlər tez-tez Azərbaycan dövlətini, vəzifəli şəxsləri təhdid edən video çıxışlar yayırlar. Bunlara qarşı hər hansı tədbir görülür yoxsa sadəcə blef kimi qiymətləndirilir?

- Həqiqətən də nəsə həyata keçirə bilən və keçirmək istəyən şəxslər özlərini o formada reklam etməzlər. Bu, gülüncdür, yanına iki avtomat qoyub, toplu-tüfəngli kişilərə nədən danışır.

- Bəs bunu həyata keçirmək istəyən şəxslər o adama dedizdirə bilərdimi?

- Təbii. Azərbaycanda hər hansı müsbət hadisə baş verəndə belə videolar ortaya çıxır. Bunu, başqa dövlətin xüsusi xidmət orqanları etməsə də, onun marağında olan qurumlar edə bilər.

“Lapşin Rusiyada, İsraildə və ya Ukraynada saxlanılsaydı, Azərbaycana təhvil verməyəcəkdi”

- Dediyiniz müsbət hadisə Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsidir. Bu, ölkəmizin hüquqi haqqı idi. Amma məsələnin siyasi tərəfləri də var. O, Rusiya, İsrail və Ukrayna dövlətin vətəndaşlıq pasportunu daşıyır. Bu proses yaxın münasibətlərdə olduğumuz ölkələr ilə dilomatik əlaqələrimizə hər hansı təsiri ola bilərmi?

- Ekstradisiya məsələsi beynəlxalq hüquqda ən çətin prosesdir. Lapşin Rusiyada, İsraildə və ya Ukraynada saxlanılsaydı, Azərbaycana təhvil verməyəcəkdi. Çünki ölkələrin konstitusiyasında belə bir maddə var ki, mənim vətəndaşım cinayət törədibsə, onu təhvil vermirəm. Cinayətin törədildiyi ölkə sənədləri göndərir, vətəndaşı olduğu dövlət həmin şəxsə özü cəza verir. Belarusiya isə onu verməyə bilməzdi. Beynəlxalq qanunları pozmuş şəxsə cinayət işi açmışıqsa, İnterpol onu axtarışa qəbul edibsə, burada hər hansı hüququn pozulmasından söhbət gedə bilməz.

- Bir müddət əvvəl Rusiya təyyarəsi Türkiyənin hava sərhəddini pozduğu üçün vuruldu. Burada da hər şey hüquqi çərçivədə qaydasında idi. Amma bu iki ölkə arasında ciddi iqtisadi və diplomatik gərginlik yaşandı. Bu baxımdan Azərbaycanla da oxşar hadisə baş verə bilərmi?

- Ermənilərin öz xüsusi məqsədləri üçün istifadə etdikləri şəxs heç kimə lazım deyil. Lapşin Rusiyanın, İsrailin, Ukraynanın nəyinə lazımdır ki?! Türkiyədə anti-terror əməliyyatı keçirilən bir ərazidə böyük bir təyyarə vurulmuşdu və həmin hadisəni törədən şəxs Türkiyə vətəndaşı idi deyə ekstradisiya da olunmadı. Lapşin sadəcə siyasi şou düzəltmək üçün Ermənistana lazım idi.



“Lapşin ermənilərdən başqa heç kimə lazım deyil”

- Erməni lobbisi güclü olduğu ərazidə yerləşən, yəni Avropa və ABŞ-dakı beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq edə bilərmi? Necə ki, Ramil Səfərov məsələsində bunu etdilər.

- Ramil Səfərov məsələsində bir erməni vətəndaşı öldürülmüşdü, onların əllərində istifadə etmək üçün nəsə var idi. Lapşin məsələsində isə bütün Avropada insan haqları ilə məşğul olan təşkilatların hamısı əvvəldən susdular. Çünki Lapşin ermənilərdən başqa heç kimə lazım deyil. Bu, Azərbaycanın böyük bir diplomatik qələbəsidir. Lobbi artıq özü başa düşür ki, bu işə nə qədər pullar xərcləsə də, uğursuz olacaq. BMT-nin Azərbaycanın suverenliyi ilə bağlı qərarını qəbul edən hər bir şəxs Lapşin məsələsini qaldıra bilməz.

- Bizim Xarici İşlər Nazirliyimizin Qarabağa qanunsuz səfər edən şəxslərlə bağlı böyük bir siyahısı var. Lapşin olayı ora səyahət etmək istəyən digər siyasətçilər, sənət adamları, jurnalistlər üçün yaxşı mənada presedent ola biləcəkmi? Çəkindirici addım kimi qiymətləndiriləcəkmi?

- Bu gün artıq “Artsax”a turist səyahətləri bitdi. Qarabağ ərazisindən öz məqsədləri üçün istifadə edən qurumlar var. Almaniyada jurnalistlər dəfələrlə pasportlarında ad-soyadlarını dəyişib Dağlıq Qarabağa səyahət ediblər. Müğənni ilə hansısa konkret məqsəd üçün ora gedənləri bir tutmaq lazım deyil.

“MTN-də illərlə ikili adla yaşayan əməliyyatçılar var”

- Həbsdə olan MTN generalı Akif Çovdarov istintaqa ifadəsində agentlərin kimliyini ən yüksək səviyyəli şəxslərə açıqlayacağını demişdi. Bəzi şəxslər isə agentura şəbəkəsinin DTX-ya təhvil verilmədiyini iddia edirdilər. Belə olan halda, indi DTX üçün işləmək xeyli çətin deyilmi?

- Bu gün Dövlət Təhlükəsizliyi Xidmətində bu proseslərdən sonra yenidən işə başlamaq, doğrudan da çətindir. Artıq məhkəmələri gedən şəxslərin MTN-də gedən forma və metodlar haqda bəyanatları, kiminsə adının açıqlanması sırf özünümüdafiə üçün atılan addımlardır. Əsl əməliyyatçılar üçün belə bir məfhum var ki, əgər sən öz intim məsələlərini açıqlaya bilərsənsə, onda agentura şəbəkəsi haqda nəsə danışa bilərsən. Əsl əməliyyatçılar bu haqda danışmırlar, susurlar. Müəyyən bir müddət siyasi məsələlərlə bağlı agent məsələsi insanlara elə çatdırılıb ki, onlar bunun adı gələndə qorxu hissi keçirirlər. Mən də deyirəm, 3 yaşlı qıza təcavüz etmiş şəxs haqda məlumat verən adam pis adamdır? Yaxud hər birimizin yaxını uçan təyyarəyə bomba qoyulması haqda məlumatı verən agent pisdir? Agent heç də pis bir şey deyil. MTN-də işləyə-işləyə 2 dəfə ifarkt keçirən, gecəsi-gündüzü olmayan, ailəsinə diqqət ayıra bilməyən, illərlə ikili adla yaşayan əməliyyatçılar var. Bunların hamısını kiməsə bağlamaq düzgün deyil. Hər şey yavaş-yavaş relesə düşəcək.

- Həbs olunanlardan başqa 500-dən çox əməkdaş xidmətdən xaric edildi.

- Kimsə dözmədi, kimsə o birini razı salmadı, kiminsə kimlərləsə əlaqələri var idi. Ən qorxulusu bilirsiniz nədir, belə xaotik durumda xarici xüsusi xidmət orqanları öz agentlərini, daha doğrusu öz istədikləri adamları oralara yerləşdirə bilirdi. Bu gün DTX-nın qarşısında böyük funksiyalar qoyulub, həm təmizləmə işləri aparmalıdır, həm də o çalxalanmadan sonra işləməlidir.

- Yəni, MTN ləğv olunanda başqa ölkələr öz adamlarını DTX-ya yerləşdirə bildi?

- Hər şey ola bilər.

- Demək olarmı ki, DTX artıq tam formalaşıb və vaxtilə yerlə bir olan MTN nüfuzunu bərpa edib?

- Hələ yox, formalaşma davam edir. Ən əsas məsələ kadr potensialı ilə oranı düzəltməkdir. Bir əməliyyatçının yetidirilməsi ağır və uzun bir prosesdir.

“Məhkəmələr bitdikdən sonra Eldar Mahmudovla bağlı qərar veriləcək”

- MTN sabiq şefi Eldar Mahmudovun həbs edilməməsi hələ də müzakirə mövzusudur. Bu siyasi qərardır yoxsa, istintaq lazımi sübutları toplaya bilməyib?

- Eldar Mahmudovun böyük bir qurumn rəhbəri, nazir olub. Əgər bu gün məhkəmə prosesləri gedirsə, hələ sonlanmayıbsa, eyni zamanda bu proseslərdə onun barəsində hər hansı qərar qəbul edilməyibsə, onun niyə həbs olunmaması müzakirə mövzusu olmamalıdır. Məhkəmələr bitdikdən sonra nazir və ya müavinlər haqda hər hansı qərar qəbul edildikdən sonra digər məsələlər haqda danışmaq olar.

- Yəni, generalların məhkəməsi bitdikdən sonra Eldar Mahmudovla bağlı qərar verilə bilər?

- Bəli. Bu proses başa çatandan sonra qərar verilə bilər.

- MTN-də xidmətdə olduğunuz dövrdə Eldar Mahmudovla hər hansı ünsiyyətiniz olmuşdumu?

- Yəqin ki, o bir əməliyyat işçisi kimi məni tanıyıb, mən də nazirim kimi onu tanımışam. Amma ünsiyyətimiz olmayıb.

- Fevralın 11-də qətlə yetirilən müdafiə nazirinin müavini, general Rail Rzayevi qətlinin 8 ili tamam oldu. R.Rzayevin qətldən öncə 1 həftə izlənilməsi, iddialara görə sabiq nazir Eldar Mahmudovun mənzilinin yerləşdiyi binanın qarşısında öldürülməsi qətlin bu günə kimi üstünün açılmamasının səbəbi ola bilərmi?

- Düşünürəm ki, yox. Bu işlə MTN-nin Anti-Terror Mərkəzi məşğul olurdu. Eyni zamanda hüquq-mühafizə orqanlarının birgə yaratdığı komissiya araşdırma aparırdı. Bu əməliyyatdan çox az adamın məlumatı var idi. Mənim isə ümumiyyətlə xəbərim olmayıb.

“MTN vəzifəlilərinin məhkəmələrində Elmar Hüseynovun qətlinin açılması üçün işartıları üzə çıxarır”

- Rafiq Tağının, Elmar Hüseynovun qətllərinin üstünün açılmaması hüquq-mühafizə orqanlarına inamsızlıq yarada bilərmi yoxsa, bunun altında başqa mətləblər var?

- Təbii ki, hüquq-mühafizə orqanları əlindən gələni etməlidir ki, Azərbaycan xalqının ödədiyi vergi ilə ona verilən məvacibləri niyə aldığını başa düşsün. Cinayətlərin üstünün açılması üçün də hər şey edilməlidir. Rafiq Tağıyev və Elmar Hüseynovun qətli ilə bağlı çox böyük məsələlər yayılıb. Son vaxtlar MTN-nin vəzifəli şəxslərinin sensasion məhkəmə proseslərində də Elmar Hüseynovun qətlinin açılması ilə bağlı müəyyən işartılar üzə çıxır. Bəzi dairələr müəyyən iddialar səsləndirirlər. Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq nəticəsində bu məsələyə gec-tez yadınlıq gələcək.

- Siz 2011-ci ilə kimi MTN-də işləmisiz. Şöbə rəisi vəzifəsinə kimi qalxan polkovnik rütbəli şəxssiniz. Yəni, sıradan bir işçi deyildiniz. İndi, istintaq zamanı üzə çıxan cinayətlərə etiraz olaraqmı oradan uzaqlaşdınız?

- Xeyr. Mən MTN-dən öz istəyimlə, heç bir narazılıq olmadan yaş həddinə görə getmişəm. Mən ömrümün 25 ilini bu işə sərf etməyimlə, Azərbaycan gerbini sinəmdə daşımağımla fəxr edirəm.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.