"Aslan Aslanovu "razdevalkaya" salıb..." - “Şəmkirli Saşa”nın meydan verdiyi məşqçi

18-02-2017, 13:19           
"Aslan Aslanovu "razdevalkaya" salıb..." - “Şəmkirli Saşa”nın meydan verdiyi məşqçi
Uzun illər Azərbaycan futboluna töhvə vermiş AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Yeniçağ.az-ın qonağı oldu. Tanınmış futbol mütəxəssisi özünün futbolçu və məşqçi karyerası ilə yanaşı indiyədək heç kimə demədiyi bəzi gizlinlərdən, xüsusən də “Şəmkir” klubunun keçmiş rəhbəri, iş adamı Şahbaz Süleymanovla (Şəmkirli Saşa) olan münasibətindən danışdı.

– Ağasəlim müəllim, bildiyimizə görə dağlı balasısız…

– Elədir, Xızının Qarabulaq kəndindənəm. 1930-cu illərdə ailəmiz – rəhmətlik atam, anam Bakıya köçüb. Mən onda heç planda da deyildim (gülür) …

Sonra “plana” düşmüşəm və 1947-ci ildə doğulmuşam. Mütaliəni çox sevirdim. 8-ci sinifə qədər əlaçı olmuşam. Bir dənə “4” üm yox idi. Amma elə ki, bekar olurdum, tez qaçırdım həyətə… 50-ci illərin axırında demək olar ki, Azərbaycanın bütün bölgələrində küçə futbolu vardı. Deyərdim ki, küçə futbolu çox yaxşı oyunçular yetişdirib. Mən küçə futbolunu əsl akademiya hesab edirəm. Çünki orada yaş həddi yoxdur, özündən böyüklərlə də oynayırsan, kiçiklərlə də…

Bizim məhlədə də məndən yaxşı futbol oynayan yox idi. Bunu məktəbdə də bilirdilər və mənim turnirdəki oyunumu görmüşdülər. Və bir gün mənə peşəkar futbolda oynamaq təklifi olundu və… düşünmədən qəbul etdim. Bir müddət “Spartak”da oynadım, sonra “Neftçi”yə ştata gətirdilər. O vaxt bu ştata “60 rubl” deyirdilər.

– Sizi daha çox məşqçi kimi xatırlayırlar.

– Düzdür, bir futbolçu kimi fəaliyyətim az oldu. 1967-ci ilin axırları idi. Mən onda “Neftçi”də idim. Oyunların birində ayağım möhkəm əzildi. İynə vururdular sağalırdı, bir az oynayan kimi yenə ayağım şişirdi. Bir il sonra əməliyyat olundum. 21 yaşım vardı onda… Düz 1 ay yarım Moskvada qaldım. Amma yenə tam bərpa olunmadım, ayağım tez-tez ağrıyırdı. 1971-ci ilə qədər komanda məni birtəhər saxladı, getməyimə izin vermədi.
Axırda özüm rəhbərliyə yaxınlaşdım ki, məni buraxın, oynaya bilmirəm. O zaman ali təhsilimi başa vururdum. Aradabir matçlara çıxırdım, amma özüm də bilirdim ki, əvvəlki kimi deyiləm. Daha sonra futbolçu karyeramı bitirib, məşqçi fəaliyyətinə başladım.

– Müasir futbolla 1960-70-ci illərin futbolu arasında fərq çoxdur?

– İnanın ki, indi də yaxşı futbolçular var. Onları yetişdirmək lazımdır. Futbolçunu kəşf etmək lazımdır. Bunda da məşqçinin rolu böyükdür. Sadəcə, SSRİ futbolu başqa idi. O vaxt məşqçilər uşaq futbolunda oynayanlara çox ciddi nəzarət edirdilər. Məşqə gələn uşaqlardan hər gün gündəliklərini də tələb edirdik. Həftəlik qiymətləri arasında “2” və “3” olanda onları məşqə buraxmırdıq. Bu gün o sistem yoxdur.

Bundan əlavə o vaxt mən 120 rubl pul alırdım. 8 rublu vergiyə gedirdi, qalanı isə ailəmə xərclənirdi. Onu da bildirim ki, bu pula 3 nəfərlə dolanırdıq. Biz o zaman pul haqda yox, iş barədə fikirləşirdik. Əvvəllər demək olar ki, hər məhlədə futbol oynamaq üçün meydançalar vardı. İndi də bəzi yerlərdə var, ancaq ora daxil olmaq üçün gərək pul ödəyəsən.

– Sirr deyilsə, bir məşqçi kimi ən yüksək maaşınız nə qədər olub?

– Konkret maaşım yox idi. O vaxtlar müqaviləsiz işləyirdik. Yəni “kişi sözü” ilə anlaşırdıq. Klub rəhbərləri deyirdi “gəl mənim klubumu çalışdır, sənə 200 dollar verəcəm”. Nə verirdi verirdi. Elə olurdu, 1 ay 100 dollar alırdım, növbəti ay 200 dollar… Əlbəttə, komandanın qələbəsinə görə əlavə mükafatlarım da olurdu. Amma əlavə gəlirim olmayıb. Nəyim var ki? Nə obyektim var, nə mağazam…

– Bəs “kişi sözü”nün üstə durmayanlar olub?

– Çox olub… Amma mən atıq onlara o pulları halal eləmişəm. Bu barədə danışmağa dəyməz.

– Bir vaxtlar belə bir video yayılmışdı ki, siz “Xəzər Lənkəran”ın baş məşqçisi olarkən “Neftçi”yə qarşı oyunda kiməsə kəllə atırsız.

– O adam xüsusi olaraq oyuna göndərilmişdi. Lənkəran camaatı da çılğın azarkeşdir. Qəsdən meydançaya yaxınlaşırdı, tamaşaçılar da hay-küy salırdı, oyun dayanırdı. 3 dəfə tapşırdıq ki, meydançaya yaxınlaşma. Axırda məni də özümdən çıxartdı.

– Bu gün hansısa klubda məşqçi kimi çalışa biləcəyinizi düşünürsüz?

– Ağlım başımdadır, yaxşı gücüm də var, biliyim də… Amma 7-8 ildir ki, işləmirəm. Deyəsən, kimdirsə işləməyimi istəmir, maneə yaradır.Vallah, heç vecimə də deyil. Məni həyatım və futbol maraqlandırır.

– Övladlarınızdan futbolu seçən yoxdur?

– Bir oğlum vaxtı ilə futbol oynayırdı. Yaxşı da çıxış edirdi. Sonra söz-söhbət yaydılar ki, “atasının hesabına futboldadır”. Oğlum da o sözə görə imtina etdi, başqa sahəni seçdi. İnanın, heç vaxt sevməmişəm ki, mən çalışdığım yerdə hansısa bir qohumum, oğlum işləsin. Bu, mənə bir az ağır gəlir.

– “Şəmkir”də çalışdığınz vaxtdan danışaq. Bəs o kluba necə getdiz?

– 1999-cu ildə mən U-21 komandasında çalışırdım. Təlim-məşq toplanışına görə Buzovnada idik. Biri mənə dedi ki, “sizi Şahbaz Süleymanov adlı bir nəfər çağırır”. Düzü, onun haqqında eşitmişdim. Allah ona rəhmət etsin, sözün əsl mənasında “kişi adam” idi.

Onun maşınında oturduq, söhbət elədik. Mənə dedi ki, istəyirəm bizim “Şəmkir” klubunu sən çalışdırasan”. Mən də ondan 3-4 gün vaxt istədim. Soruşdu ki, “bəs maaş?” Dedim “mən pul barəsində söhbət etmirəm, nə olar, olar”. Federasiyadan razılıq aldım ki, klubda da işləyərəm, yığmada da… Şahbaz müəllimlə 3 gündən sonra görüşüb razılaşdıq. O zaman Şəmkirdə bütün stadion bərbad halda idi. Stadionun bərpasında Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun da böyük əməyi oldu. Deyərdim ki, həmin iki nəfər “Şəmkir” klubunun uğur qazanmasında böyük işlər gördü. Aslan Aslanov hər məşqimiz olan gün gələrdi. Bir dəfə onu saldım “razdevalkaya”, qorxdu. Dedi, bu otaq nə gündədir? Ona dedim ki, bura uçsa, “Ginnesin rekordlar kitabı”na düşə bilərsiz.
O söhbətdən sonra stadion da, otaqlar da təmir olundu. Düzdür, Aslan müəllimin köməyi dəydi, amma əsas işləri klubun rəhbəri Şahbaz Süleymanov öz vəsaiti hesabına etdi.

– Heç Şahbaz müəllimin əsəbiləşib, söydüyü vaxtlar olurdu?

– Biz öz meydanımızda oynayanda onun oturduğu yeri görürdük. Bir dəfə “Neftçi” ilə oynayırdıq. Matçın 20 dəqiqəsi getmişdi, əldən verdiyimiz epizodlar olmuşdu. Baxdım ki, əsəbiləşib. Sonradan oyunun gedişatı zamanı bəzi dəyişikliklər etdim. 10 dəqiqə keçmədi ki, Mahmud qol vurdu. Onda baxdım ki, Şahbaz müəllim gülür. O, heç kimin xətrinə dəyməzdi: ay söyüş söysün, ya da “razdevalkaya” gəlib, kimisə danlasın.. olmadı belə şeylər.
Nə lazım idisə, onun maşınında oturardıq, sözünü mənə deyərdi. Hansısa futbolçumuz onunla söhbət etmək istəyəndə, özünə deyirdim, o da yanına çağırırdı. Hamının problemini həll etməyə çalışırdı.

– Şahbaz Süleymanov sonuncu müsahibələrinin birində sizin haqqınızda ağızdolusu danışıb. Onu da deyib ki, Ağasəlim Mircavadovdan sonra mən stadiona bir daha ayaq basmadım.

– Bizdə qayda belə idi: əvvəldən kiminlə işləmisənsə, o adam çıxırsa sən də gedirsən. Şahbaz müəllim haqqında çox sözlər deyə bilərəm. Onun özü, ailəsi, qohumları futbolla yaşayırdı. Bizə hörmət qoyurdular.
Bir dəfə meşənin içində futbolçularla 10 km. yolu qaçırdıq. Qaçış bitəndən sonra avtobusa minməyə hazırlaşırdıq ki, bir nəfər bizə yaxınlaşdı. getməyə hazırlaşırdıq. Dedi ki, Şahbaz müəllim hamınızı təpənin o tərəfindəki yerə çağırır. Biz də getdik. Sən demə, orada yemək stolu açıb ki, uşaqlar yaxşı yeyib, doysunlar. Rəhmətlik misilsiz insan idi. Onun futbolçulara verdiyi dəyərə görə, klubu 2 il Azərbaycan çempionu oldu. Azərbaycanda ilk dəfə Çempionlar Liqasının birinci mərhələsini məhz “Şəmkir” klubu keçib. Bu, tarixi hadisədir. Məndən sonra isə ora Qəhrəman Əliyev gətirildi.

– Qəhrəman Əliyev sizin xəbəriniz olmadan kluba gətirilib?

– O, mənim tələbəm olub. Çalışdığım klublarda oynayıb. Bu gün də münasibətimiz əladır. Amma Qəhrəman Əliyev mən çıxdıqdan sonra kluba gətirilmişdi. Onu da Aslan Aslanov dəvət etdi

– Deyilənlərə görə, kimsə Şahbaz müəllimin işinə mane olurdu.

– Bu barədə dəqiq nəsə bilmirəm. Heç nə deyə bilmərəm.

– Rəhmətə gedənə qədər əlaqələriniz qalmışdı?

– Həmişə görüşürdük. Mən səhər onunla görüşdüm, o, axşam rəhmətə getdi. Bakıda dünyasını dəyişdi, Şəmkirdə dəfn etdilər. Çox unikal insan idi. Mən bu yaşıma qədər hələ onun kimi birisini görmədim.
Yeniçağ.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.