Əməkdar artist deputatdan prezidentə şikayət etdi - "Evimdə kişi yoxdur, hər işin ardınca özüm düşürəm"

28-03-2017, 12:36           
Əməkdar artist deputatdan prezidentə şikayət etdi - "Evimdə kişi yoxdur, hər işin ardınca özüm düşürəm"
Kult.az əməkdar artist Firuzə İbadova ilə müsahibəni təqdim edir:

- Firuzə xanım, ölkənin tanınan sənət adamısınız. Tanınmaq necədir, haradasa sizə mane olmur ki?

- Baxır insanın hansı mənsəbə qulluq etməsinə. Mənə isə əsla, çünki öz sənətimə uyğun etik normada davranmışam, yetərincə tamaşaçı sevgisi qazanmışam.

- Kifayət qədər ciddi imiciniz var. Şou aləmində isə çox vaxt bunun əksini, ciddilikdən uzaq olanları görürük. Bəzən həmin qeyri-ciddi müğənnilərlə eyni səhnəni, ekranı bölüşürsünüz, bunun sizə hər hansı narahatlığı olmur ki?

- Əlbəttə, bunların mənim üçün bir az narahatlığı olur, elə kənardan da bunu deyənlər tapılır. Amma nə edəsən, kimə nə deyəsən? Bir də fikirləşirəm ki, onlar da Allah bəndəsidir... Qabil gözəl deyib: “Kiçilirik biz, səhv düşəndə yerimiz…” O qədər başımızı dəyərsiz işlərlə qatırıq ki, hərdən belə də olur.

- Düz deyirsiniz... Firuzə xanım, sənətin yolları çox dolaşıqdır, deyirlər. Kənardan baxan isə sənət adamına həsəd aparır, onların rahat dərdsiz, qəmsiz yaşamasını düşünür. Amma bu, belə deyil, bilirik. Sizcə, müğənninin çətinliyi nədədir? Konkret, siz hansı çətinliklərlə qarşılaşmısınız?

- Təmiz sənətlə yaşamaq nə qədər çətin imiş, bircə bilsəydilər. Mənim həyat anlayışımda çətin budur. Əsas üzü ağ olasan, utanmayasan, kim bilir ki, acsan, yoxsa tox… Əlbəttə, biləndə ki, sənə layiq olduğunu vermirlər, bu, adama çox təsir edir. Mən nə edə bilərəm, öz yerimdə çox sakit qalıram. Bilirsiniz, indi tam fərqlidir, bizim dövrün müğənniləri əsl sənət fədailəri idi..

- Bizim dövrün müğənniləri dediniz. Demək istəyirsiniz ki, indiki dövrə aid deyilsiniz?

- Həm bəli, həm də xeyr. İfa tərzi ilə, indinin qanunlarıyla razılaşa bilmirəm. Kimin dayağı varsa, onun sənəti olmasa da, hər şeyi var…

- Bu günün qanunları nəyi diktə edir? Əvvəllərlə müqayisədə fərq yəni o qədər böyükdür ki? Axı deyirlər ki, əvvəllər qapalı, gizlin olanlar indi açıq-aşkar edilir.

- Amma bizim dövrün əsas işi sənətini nümayiş etdirmək idi. Deyirsiniz ki, o vaxt qapalı olanlar, indi aşkar edilir. Bütün dövrlərdə, əsrlərdə hər cür insanlar olub. Bu insanın əqidəsindən asılı olan işlərdir. Mənim bunları müzakirə etməyə ixtiyarım yoxdur, hər kəs özünə cavabdeh olmalı, özünü tanıtmalıdır. Məni düşündürən yalnız sənətdir. Mən ona görə sizinlə bölüşdüm ki, kim nəyi necə bacarır o yolla zəhmətə qatlaşır, özünə bir yol açır.

- Etiraf edək ki, tanınmışlara bəzən qarayaxmalar, şər-şəbədə qoşmalar da olur. Siz özünüz haqda belə söz-söhbətə şahid olmamısınız ki?

- Xeyr. Haqqımda həmişə müsbət tərəfdən danışılıb və bu, məni sevindirib. Bilirsiniz, mən sadəcə müğənniyəm, gözəllik, səs, istedad Allaha məxsusdur, onun bizə verdiyi töhfədir.

- Firuzə xanım, niyə sizin kimi xarakter sahibləri belə şeyləri görməzliyə vurur?

- Ehh, sizə qurban olum, hansını deyim? Ölkənin yararsız deputatını, müğənnisini deyim? Guya dedik, nə olacaq, nə dəyişəcək? Yenə də sakitcə bir az pul qazanıram, övladlarımı saxlayıram… Mənim dediklərimdən nə asılıdır ki… Bu işləri kim icra edirsə, kim səlahiyyət sahibidirsə, o deməlidir, o məşğul olmalıdır. Böyük sənətkarlarımız var, başda millət vəkili Zeynəb Xanlarova olmaqla. Mən sadəcə müğənniyəm..

- Deyin, gənclik, yeniyetməlik çağlarınızda nə arzulaşmışdınız, nə oldu? Çata bildiniz həmin arzulara?

- Gənclik illərimdə ancaq sənətimi sevdim, elə idi də…Uğursuz sevgi yaşayıb ailə qurdum. Bir övlad oldu. İndiyə qədər də təkəm. Ancaq sənət və övlad sevgisi məni yaşadır. Arzularım isə çox olub, həyata keçməyib.

Rəşid Behbudov kimi sənətkarın teatırında çalışdım, dünyanın neçə ölkəsində oldum, amma heç nə arzuladığım kimi deyil. Mən tamamilə yaddan çıxmışam. Axı insanın zəhmətinə mütləq qiymət verilməlidir. Sağ olsunlar, yenə də əməkdar artist adı verdilər. Mən onu deyim ki, heç dəbdəbəli evim də yoxdur. Bir bağ üçün torpaq sahəm var idi, o da getdi deputat Astan Şahverdiyevin arvadı Solmaz Şahverdiyevaya.

- Niyə axı belə oldu? İddianıza görə bağ sahənizi mənimsədilər, illərlə məhkəmə çəkişməsi də olub. Solmaz Şahverdiyeva deputat arvadıdır, yoxsa hansısa bir işin qulpundan da yapışır?

- Heç yerdə işləmir, deputat arvadıdır, havayı çörək yeyir. Bu haqda mətbuatda da yazılıb. Kürəkəni bağ sahəmi alırdı. 16 sot torpağım vardı. Tək uşaq böyüdürəm, pula ehtiyacım vardı, bağın 4,5 sotunu almaq istədi. İnandım. Məbləğin 8 min manatını verdi. Notariusda alqı-satqı etdik. Qayınanasının adına keçirtdik. Onlara inandım, məni aldatdılar. Onlara halallıq vermirəm. Allaha tapşırmışam onları. İnanıram ki, səsimə səs verən tapılar. Evimdə kişi yoxdur, hər işin ardınca özüm düşürəm. Onlardan haqqımı tələb etsəm də, ala bilmədim. Məhkəməyə verdim. Xəzər Rayon Məhkəməsi və Apelyasiya da onların xeyrinə qərar çıxartdı.

- Hamısını mənimsədilər?

- Hə. Mən cəmi 4,5 sot torpaq satacaqdım ki, evimi girovdan çıxarım. Bunlar pulumu vermədilər, evin girovunu ödəyə bilmədim, ev də əlimdən çıxdı. Ümidim Prezidentə və onun xanımı I vitse-prezidentimizədir. Axır onlara dərdimi deyən tapılar… Mən yenə də Azərbaycanı dünyada təmsil edən müğənniyəm. Dəyərsizlərə, sənəti olmayanlara milyonlar bağışlayırlar, mənimkini isə zorla əlimdən alırlar.

- Ağrılı mövzudur. Gərək belə olmayaydı. Mövzunu dəyişmək istəyirəm, bayaq uğursuz, nakam sevgidən danışdınız. Niyə aldandınız? Yaxud sirr deyilsə, deyin, nakam sevgi dediyiniz olayın arxasında xəyanət durmurdu ki?

- Mənim sevgim çox uğursuz, zavallı və yetim sevgi oldu. İlk sevgimi unutmaq üçün gözüyumulu ailə həyatına qərar verdim və bu da yarıda qaldı.

- Həyata keçməyən arzularınızdan danışdınız, bəlkə, ürəklə girişməmisiniz? Yoxsa bu arzuların gerçək olması üçün hər hansı bir arxa, hami lazım idi?

- Mən təbiətən sakit, lakin çox güclü adamam. Yıxılsam, tez ayağa qalxa bilirəm. Mənə abırım və xanımlıq ismətim güc gəlir həmişə və deyir, Firuzə bu, olmaz… Bu baxımda da arzuların gerçək olmaması təəccüblü deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.