Xalq artistindən kasıb ailələrə şok dəstək - “Onlara 250 min pul paylayacam”
29-03-2017, 19:14
Xalq artisti Bilal Əliyev özünə qadağa qoyub.
Uzun müddətdir ki, 100-250 minə toya gedən sənətkar bundan sonra toylara getməməyə qərar verib. Bilal Əliyev bunun səbəbini AzNews.az-a danışdı.
-Yalandan deyə bilmərəm, ingilis dilini tam öyrənməmişəm. Amma əsas odur ki, bu dildə sərbəst danışıram. “İnstagramda” ingilis dilində olan ifam dinləyicilər tərəfindən maraqla qarşılanıb. Mən hələ o ifaya qulaq asmamışam. Dinləyəcəm, görüm necə alınıb. Mənim ondan da gözəl ingilis dilində ifa etdiyim mahnılarım var. Hansı ki, mən o mahnıları oxuyanda ingilislər özləri belə heyran qalıb. Hətta ingilislər məni ayaq üstə alqışladılar. İngilislər deyirdilər ki, “bunu hər vokalist oxuya bilməyib”. Belə mahnılar xorda ifa olunur. Mənim İngiltərədə müəllimlərim var, onlardan ingilis dili dərsi alıram. Xanım müəllimələrdən biri həm də müğənni idi. O, konsert zamanı qalxıb mənim qarşımda baş əydi, dedi ki, “İngiltərənin özündə bu bəstəni hər sənətkar ifa edə bilməyib.” Sonra mən Amerikalı müğənni Xyustondan manılarından birini mükəmməl şəkildə oxudum. Heyran qaldılar. Gərək sənətkar istedadlı olsun, hər çətinliyin altına girə bilsin. Azərbaycanda sənətkarlar olub ki, onlar ingilis dilində oxuya biliblər. Oturmuşam, söhbət əsnasında demişəm ki, filan mahnını necə ifa etmək olar? Baxmışam ki, tam məlumatı yoxdur. Amma mən özümü çətin vəziyyətdən çıxarıram.
-Hazırda getdiyiniz xarici ölkələrdə mahnıları hansı dildə ifa edirsiniz?
-Öz millətimin mahnılarını oxuyuram. Özü də əksər vaxtlarda Azərbaycan dilində mahnılara üstünlük verirəm. Bundan əlavə ancaq öz millətimin banketlərinə, toy şənliklərinə, ad günlərinə dəvət olunuram. Həmin məclislərdə farslar, ingilislər, almanlar və müxtəlif millətlərin nümayəndələri iştirak edib. Həmin vaxt mütləq onların dilində bir ifa oxuyuram.
-Bilal Əliyev bu gün də xarici ölkələrə toya gedir?
-Niyə də yox, düşəndə dəvət olunuram. Amma özümə söz vermişəm. Çalışacam ki, sözümə əməl edəm. Ümumiyyətlə, toylara getməyə son qoyacam. Bundan sonra istər Azərbaycan, istərsə də xarici ölkələrə toylara getməyəcəm.
-Yəqin ki, bu qərarınızın bir səbəb var?
-Yorulmuşam, nə qədər oxumaq olar. Çəkilmək istəyirəm. Artıq 60 yaşa yaxınlaşıram. Bir az da rahat yaşamaq lazımdır. Bundan sonra ancaq dövlət tədbirlərində oxuyacam. Hər hansı bir dövlət tədbiri olsa mən orada canla-başla oxumağa, xalqıma xidmət etməyə hazıram.
-Vaxt vardı siz Azərbaycanda ən bahalı toy müğənnisi kimi tanınırdınız. 100-250 minə toya getdiyinizi bildirmisiniz. Bu qədər puldan imtina etmək sizə çətinlik yaratmayacaq ki?
-Heç vaxt düşünməmişəm ki, Azərbaycanda ən bahalı toy müğənnisiyəm. Əksinə mən daima düşünmüşəm ki, Azərbaycanda ən ucuz toya gedən müğənni mənəm. Allah mənə elə bil qəlb verib ki... Kimsə gəlib qapımı döyüb ki, “bircə balam var, arzum onun toyunda sizin iştirakınızdır.” Ona necə yox deyə bilərəm? Onun hərəkətindən, davranışından hiss etmişəm ki, bu adam imkansızdır, buna baxmayaraq, gözəl mədəniyyət sahibidir. İnsanlıq böyük şeydir. Demişəm ki, get başının altına 5 dənə yastıq qoy, mən təmannasız gəlib sənin övladının toyunda oxuyacam. Hətta ansamblımın üzvlərinin haqqını özüm cibimdən ödəmişəm. İmkansız adamın toyunda havayı oxuyub getmişəm. Mən belə bir insan olmuşam. Başqaları kimi deməmişəm ki, yox ey, filan qədər verməsən getmərəm. Biz də insanıq, müsəlmanıq. Kasıbı başa düşməmək insanlığa yaraşmaz. Mənim 100-250 minə toya gedən vaxtlarım olub. Azərbaycanda heç kim 100 minə toya getməyib. Bundan xəbəri olanlar var və onlar işin içindədirlər. Həmin toyun vergisi də ödənilib. Hazırda isə Azərbaycanda vəziyyət göz önündədir. Bu səbəbdən də düşünmüşəm ki, xalqımızın nümayəndələrinin toyuna çox aşağı qiymətə getmək lazımdır. Bizi tanıdan xalqdır. Bizlər onların hesabına yaşayırıq. Az qiymətə toya getmək xalqın arasında olmaq deməkdir. Yüksək məbləğli toy qiyməti sənətçiləri xalqdan aralı sala bilər. Onsuz da toyların sayı əvvəlki kimi deyil. Demək olar ki, yox dərəcəsindədir. Amma xarici ölkələrdən hansısa biznesmen, iş adamı, tanınmış şəxs məni toyuna dəvət edərsə, sözsüz ki, onlara böyük məbləğdə toy qiyməti deyəcəm. Dediyim məbləği versə gedəcəm, verməsə getməyəcəm.
-Həmin məbləğ 250 mindən də yuxarı ola bilər?
-Bəli. Çünki onun pulu var, niyə də ondan dəyərimizi tələb etməyək? Mən bilirəm ki, o, şəxsin milyardı var. O, mənim də dediyim pulu verməlidir ki, ətrafımda olan kasıb adamlara əl tuta bilim. Mən o pulu tək yeyə bilmərəm, bir hissəsini paylayacam.
-Kasıb adamlar deyəndə kimləri nəzərdə tutursunuz?
-Ata, bacı, qardaş, onların övladları, qohumlar, yaxınlar, dostlar, yəni ev adamları.
-İki il öncə Azərbaycanda konset verəcəyinizi demişdiniz. Bu arzu qüvvəsindədir?
-Hələ dəqiq bir söz deyə bilmərəm. Bilirsiniz Azərbaycanda durumlar qəfildən dəyişdi, dollar qalxdı, manat zəiflədi. Heç vaxt xəyalıma gəlməzdi ki, dollar bu səviyyəyə çatacaq. Manat özünü itirdi. Vəziyyət pisdir. Konsert vermək üçün ilk növbədə icarəyə yer götürmək, səhnə dekorasiyaları qurmaq, insanları konsertə dəvət eləmək lazımdır. Bu gün insanlar çörək pulunu güclə qazanırlar. Mən elə insanları konsertə dəvət etsəm, o, utanacaq və gəlməyəcək. O, məni sevir, qulaq asmaq istəyir, amma o qədər problemləri var ki, konsertə gəlmək istəmir. Biletlər çox bahadır. Gərək Azərbaycanda konsert verən sənətçi bunu düşünsün. Həmin müğənni biletini 2-3 manata satmalıdır. Xarici ölkələrdən yüksək qonarara gətirilən müğənnilərlə yerli sənət adamları arasında fərq qalmayıb. 20-120 manata bilet satan müğənni xalqının vəziyyətini nəzərə almalıdır. Tamaşaçı məni sevdiyi üçün konsertə gələcək, əvəzində isə bir ay ac qalacaq. Mən buna razı ola bilmərəm. Elə ona görə də zallar boş qalır. Biletlərin yarıdan çoxu satılmır, paylanılır.