Yazıçının müəmmalı ölümü; anası yanında olub - Həyat yoldaşı danışdı

31-03-2017, 12:44           
Yazıçının müəmmalı ölümü; anası yanında olub - Həyat yoldaşı danışdı
Xəbər verdiyimiz kimi, dünən yazıçı Rizvan Axundov özünü yaşadığı mənzildə asaraq intihar edib (ətraflı məlumat linkdə: Azərbaycanda daha bir yazar intihar etdi - FOTO/ VİDEO). Əvvəlcə onun maliyyə sıxıntılarına görə canına qıydığı deyilsə də, bu, sonradan ailə üzvləri tərəfindən təkzib olundu.

Bəs, 45 yaşlı ziyalını intihara sürükləyən nə olub?

Məsələ ilə bağlı yazıçının həyat yoldaşı Sayalı Axundova BakiPost.az-a müsahibə verib. Onun sözlərinə görə, hələ heç kim intiharın dəqiq səbəbini bilmir:

- Bu addımı niyə atdı, bilmirik. Hamımız şokdayıq, gözlənilməz hadisə oldu. Yazmısınız ki, borcu, krediti olub. Bu, yalan söhbətdir. Onun heç kimə borcu olmayıb. Bununla bağlı banklara sorğu da vermək olar. Rizvanın heç bir maddi çətinliyi olmayıb. Ümumiyyətlə onun heç bir ciddi problemi yox idi.

- Bəs niyə intihar edib?

- Bu sualın cavabını bilsək, biz də az da olsa özümüzə təskinlik verərdik. Rizvanın çox mehriban ailəsi var. O gözəl ata, gözəl həyat yoldaşı, gözəl oğul olub. Rizvanın necə ailə başçısı olduğunu kimdən istəsəniz soruşun. Onun ölümünə heç kim inana bilmir. Hələ də onun ölümünə inana bilmirik. Rizvanın intihar etdiyini eşidən hər kəs zəng edib bunun bir zarafat olub olmadığını soruşur. Biz də bilmirik. Prokurorluqdan da gəlmişdilər. Eyni sözləri onlara da dedik.

- Heç bir ehtimalınız yoxdur?

- Görünür, psixoloji məsələ olub. Başqa variant ağlıma gəlmir.

- Onun belə bir problemi, xəstəliyi var idi?

- Xeyr, qətiyyən. Sadəcə onun bu aralar psixoloji vəziyyəti gərgin olub. Onun da maddi durumla heç bir əlaqəsi yoxdur.

- Hadisə sizin yaşadığınız mənzildə baş verib?

- Bəli, o, yaşadığımız evdə özün asıb.

- Hadisə zamanı siz evdə yox idiniz?

- Xeyr. Evdə deyildik. Dayımgilə getmişdik...

- Hadisə nə zaman baş verib? Evdə tək olub?

- Srağagün səhərə yaxın özünü asıb. Rizvan evdə tək olmayıb. Anası da yanında olub.

- Anasının yanında özünü asıb?

- Rizvanın xəstə anası var. Həmin vaxt anası o biri otaqda yatıbmış Səhər saatlarında intihar etdiyi üçün anasının bundan xəbəri olmayıb.

- Bəlkə kimləsə problemləri olub? Və yaxud evdə hər hansı bir söz-söhbət olmayıb ki?

- Qətiyyən heç nə olmayıb. Bu hadisədən dərhal sonra prokurorluqdan da gələn olub. Polislər də gəlmişdi. Onlara da məlumat vermişik. Elə olsaydı ən azından polislərə bu haqda məlumat verərdik.

- Rizvan hardasa işləyirdi, yoxsa işsiz idi?

- Xırda da olsa, işi var idi. Dərman firmasında işləyirdi.

- Nə vaxtdan bu öz sahəsinə aid olmayan işdə çalışırdı?

- İki-üç il olar.

- Yəni, işləyirdi və heç bir maddi problem yox idi…?

- Həmişə normal dolanmışıq. Hər ailədə müəyyən problemlər olur, amma ümumi götürdükdə ciddi heç bir çətinliyimiz olmayıb. O, bəzən kimlərəsə əl də tutub lazım olanda. Onun facebook səhifəsinə daxil olun, baxın. Ancaq dostlarıdır. Birindən maraqlanın, soruşun. Onlar sizə bu haqda tam məlumat verəcək. İndiki zamanda hər hansısa bir məlumatı əldə etmək elə də çətin deyil.

- Rizvan nə vaxtdan başlamışdı yazıb-pozmağa?

- Axır 3 il olar ki, bu işlərlə daha çox məşğul olurdu…

- Onun "Youtube”da yerləşdirdiyi şeirlərdən görünür ki, müxalif düşüncəli adamdır, tənqidi notları çoxdur…

- Xeyr. Rizvan şeirlərində daha çox vətənpərvərlik mövzularına üstünlük verirdi. Onun atası ağdamlı olub. Yoldaşımın yazdığı şeirlər də əsasən bununla bağlı idi. Çox darıxırdı, torpaqların qaytarılmasını istəyirdi. Bizə də sadəcə bununla təskinlik verirlər ki, poeziya ilə məşğul olan adamların özünün ayrıca dünyası olur. Biz də onun intiharını yalnız bununla əlaqələndiririk. Başqa heç nəylə.

- İndiyə qədər intiharla bağlı sizə nəsə demişdi? Ümumiyyətlə bədbin adam idimi?

- Xeyr. Bu mövzuda heç bir söhbətimiz olmayıb. Hər zaman danışıb, gülə-gülə deyirdi ki, beş günlük dünyadır. Hamımız ölüb gedəcəyik. Mən demirəm ki, bizim ailədə hər şey ideal olub. Xeyr. Bizim də ailəmizdə söz söhbətlər olub. Ancaq bunlar hər kəsin ailəsində baş verir. Bizi incidən bu mövzuda olmayan söz-söhbətlərin getməsidir. Onun böyük oğlu var. Niyə görə o, bu söz-söhbətləri eşidib üzülməlidir? Deyir mənim atamın heç kimə borcu olmayıb axı.

- Bəlkə hadisə zamanı yoldaşınız içkili olub?

- Rizvan içkini ancaq bayramdan bayrama içirdi. Deyim ki, bütün günü içki içirdi, xeyr. Digər kişilər necə, o da elə. Rizvan ağıllı, tərbiyəli biri idi. O, universiteti qırmızı diplomla bitirmişdi. Hər kəs ondan məsləhət alırdı. Sizə bir söz deyim. Bütün günü insanlara məsləhət verən Dəyanət Rzayev niyə intihar etdi?

- Rizvanın yaxınlıq etdiyi yazıçılar kimlər idi?

- O dostlarını evə gətirməyib heç bir zaman. Onlar haqqında da məlumat verməyib. Amma yazıçı dostları var idi. Yazıçılar Birliyinə tez-tez gedib gəlirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.