Şeyxülislamın müavini: “Mən mənəvi rahatlığı dinə xidmətdə gördüm”
9-04-2017, 11:15
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlının “Report”a müsahibəsi.
– Qəmər xanım, nə zamandan Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışırsınız və fəaliyyətiniz əsasən hansı sahələri əhatə edir?
– Qafqaz Müsəlmanları İdarəsində 1991-ci ildən işləyirəm. 1990-cı ilin yanvar hadisələrinə qədər Mədəniyyət Nazirliyi sistemində işləyirdim. 20 Yanvar hadisəsi sovet ideologiyasına, ədalətinə olan inamı öldürmüş, daxilimdə bir boşluq yaranmışdı. İnsanın mənəvi rahatlıq tapması üçün nəyəsə sidq ürəklə xidmət etmək istədiyi dövrü olur. Mən bu rahatlığı dinə xidmətdə gördüm. Həmin vaxt QMİ-də “İslam” qəzeti nəşr olunurdu və fəaliyyətə də həmin redaksiyada şöbə müdiri kimi başlamışam. Daha sonra müxtəlif vəzifələri icra etmişəm. Daha çox jurnalistika ilə bağlı sahələrdə işləmişəm. 2010-cu ildə şeyxülislam mənə böyük etimad göstərib və müsəlman dini idarələri tarixində ilk dəfə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini təyin edib. Bu addımı Azərbaycanda qadınlara verilən dəyər, qadın hüquqları sahəsində yeni bir mərhələ kimi dəyərləndirmək olar. Eyni zamanda bu İslamda qadına münasibətin göstəricisi sayılmalıdır. Bizim fəaliyyət sahələrimiz genişdir. İctimaiyyətlə əlaqələr, ailə, qadın, gənclərlə bağlı işlər üzrə məsulam. Mədrəsələrin, hazırda isə İslam Kolleci statusunu qazanan dini məktəblərin kuratorluğunu həyata keçirirəm.
– Fəaliyyətinizlə bağlı sahələrdə əsas çətinliklər nədən ibarətdir?
– Hər sahədə problem olur. Bizim də özünəməxsus problemlərimiz, daha doğrusu, problemdən çox görüləcək işlərimiz, planlarımız var, onları reallaşdırmaq üçün çalışırıq. Mən bu sahədə fəaliyyətə başlayanda Azərbaycanda (2010-cu il) qadınların rəhbərlik etdiyi 6 müsəlman dini icması var idi. Daha sonra həmin xanımlardan üçü rəhmətə getdi. Bu hal həmin sahədə fəaliyyətin azalmasına gətirib çıxardı. Qadın dini icmaları geniş xeyriyyəçilik, maarifçilik işləri aparır, sərgilər, müxtəlif tədbirlər təşkil edirdilər. Qadın dini icmalarının fəaliyyəti Azərbaycanda dini tolerantlığın müsbət göstəricidir.
Bundan başqa, dini məktəblərlə bağlı müəyyən işlərimiz var. “Şəbnəm” qızlar mədrəsəsində (hazırda İslam Kolleci) Azərbaycanın müxtəlif rayonlarından olan qızlar dini təhsil alır. Onların arasında gözdən əlil qızlar da çoxdur. Həmin qızlar üçün yaradılan şərait hər zaman diqqət mərkəzindədir, onların xüsusi dərsliklərini başqa ölkələrdən alırıq. Qızları dini məktəbə cəlb etmək yalnız dini təhsil almaq məqsədi daşımır, bu məktəb müəyyən əlilliyi olan qızlarımıza həm də psixoloji bir dəstəkdir.
– Kollec statusundan sonra məktəbin strukturunda dəyişiklik olacaqmı?
– Bütün dini məktəblərin, o cümlədən qızlar mədrəsəsinin fəaliyyəti daim QMİ-nin diqqət mərkəzindədir. Çünki onların hər biri özəl strukturu olan bir məktəbdir. Kollec statusu aldıqdan sonra hər bir məktəbin təhsil prosesində və digər məsələlərdə müəyyən dəyişikliklər də olacaq.
– Yeri gəlmişkən, ötən ay mövcud mədrəsələr də daxil olmaqla, dini bilikləri tədris edəcək məktəblərin sayı 10-a çatdırıldı və İslam Kolleci statusu aldı. Bu məktəblər Azərbaycan cəmiyyəti üçün nə qədər vacib idi və kolleclərdə təhsil hansı formada təşkil olunacaq?
– Azərbaycan müstəqilliyini qazandıqdan sonra Bakı İslam Universiteti fəaliyyət göstərməyə başlayıb və faktiki üç mədrəsəmiz olub. Bunlar Bakıda “Şəbnəm” qızlar mədrəsəsi, Şəkidə Hafizlik mədrəsəsi və üçüncüsü isə daha çox milli azlıqlar üçün nəzərdə tutulan Zaqataladakı Əliabad mədrəsəsi idi. Bu dini tədris ocaqlarında fəaliyyət bu günə qədər davam edir.
Yeni İslam Kolleclərinin yaradılmasına gəlincə isə bununla bağlı dövlət başçısı İlham Əliyevə müraciət etdik. Problemin mahiyyəti ondan ibarət idi ki, dünyada gedən kəskin radikallaşmanın fövqündə dura bilən, ölkəmizin tolerant və multikultural dəyərlərinə uyğun gələn və bölgəmizin dini ehtiyaclarını təmin edən tədris ocaqlarına ehtiyac yaranmışdı. Allah razı olsun, Prezident müraciətimizi nəzərə aldı və bu ilin mart ayında “İslam Həmrəyliyi İli” çərçivəsində müsəlmanlara çox böyük hədiyyə etmiş oldu. Naxçıvan da daxil olmaqla, 8 yeni kollecin yaradılması haqqında sərəncam verildi. Bu kolleclər yalnız Azərbaycan üçün deyil, bütün region, hətta Yaxın Şərq üçün çox önəmlidir. Amma sərəncamın verilməsi kolleclərin fəaliyyətə başlaması deyil. Həmin kolleclər bu il də, gələn il də fəaliyyətə başlaya bilər. Məktəblərin maddi-texniki bazası, daxili strukturu formalaşmalıdır. Bizim üçün məktəblərin yaradılmasına başlamağın özü artıq böyük addımdır.
Bu məktəblərin orta ixtisas təhsilli kollec statusu alması özü də bir nailiyyətdir. Kolleclərdə təhsilini tamamlayanlar istək üzrə ali təhsil ala bilərlər, yaxud işlə təmin olunacaqlar. Kolleclərdə təhsilin pulsuz olması nəzərdə tutulur.
– Həmin məktəblərdə dərs vermək üçün kifayət qədər savadlı kadr potensialı varmı və xaricdə dini təhsil alanlar bu kolleclərdə tədris edə biləcəkmi?
– Bizim ən böyük problemlərimizdən biri də Bakı İslam Universitetinin (BİU), eyni zamanda Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunlarını işlə təmin etmək idi. 1991-ci ildən BİU məzunlarının işlə təminatı prosesində problemlər yaşanırdı. Bir-iki nəfərin haradasa ilahiyyatçı kimi fəaliyyəti göstərici deyil. Bu baxımdan dini kolleclərin açılması məzunların işlə təmini üçün gözəl imkan yaradır. Digər tərəfdən bu kolleclər tələbələrin gedib xaricdə təhsil almasının və radikal cərəyanların təsiri altına düşməsinin qarşısını alacaq.
Xaricdə təhsil alanların bu məktəblərdə dərs deməsinə gəlincə isə onların arasındakı fərqi bilmək lazımdır. Bəziləri kortəbii, öz tapdıqları və ya tanıdıqları yolla xarici dini məktəblərə üz tutur, bəziləri QMİ-nin göndərişi ilə bakalavr, magistratura, doktorantura səviyyəsində təhsil almağa gedir. Xaricdə təhsil alanların hamısı eyni qrupa daxil deyil. Bu baxımdan kriteriyalarımıza müvafiq olan insanlar həmin kolleclərdə dərs deyəcəklər.
– Müəllim kimi fəaliyyət göstərmisiniz. Gənclərdə müşahidə etdiyiniz hansı hallar sizi daha çox narahat edir?
– Mən 2012-ci ilə qədər BDU-nun jurnalistika fakültəsində dərs demişəm. Hazırda müəllim kimi fəaliyyətim QMİ-nin təşkil etdiyi din xadimlərinin təkmilləşdirmə kurslarında və KİV nümayəndələri üçün keçirdiyimiz treninqlərdə reallaşır. Səmimi deyirəm, gənclər məni narahat etmirlər. Gənclərin potensialına inanıram, öyrənmək və yaratmaq həvəslərinə heyran qalıram. Məni narahat edən səbəb gənclərin gələcəkləri üçün yarada bilmədiklərimizdir. Mən istərdim ki, ölkəmizdə, cəmiyyətimizdə gənclər özlərini itirilmiş nəsil hesab etməsinlər, iş tapsınlar, ümidlə, inamla yaşasınlar. Son dövrlərdə, xüsusilə gənclər arasında baş verən, səbəbi aydınlaşmayan intiharlar məni narahat edir. Əgər psixoloji problem nədirsə, onun aradan qaldırılması, cəmiyyətin dəstəyi lazımdır. Bu problemlə bağlı cəmiyyət həyəcan təbili çalmalıdır. Biz effektiv olan vasitələrdən istifadə etməliyik. Gərək məktəblərə, universitetlərə gedək, gənclərin problemlərini bölüşək.
Mənim həmişə istəyim olub ki, təhsil sistemində dini bilikləri ehtiva edən bir fənn tədris olunsun. Biz orta məktəblərdə də dinlə bağlı fənnin tədrisi məsələsi üzərində uzun müddət işləmişik. Təhsil Nazirliyinə müraciətlərimiz olub, amma hələlik nəticə yoxdur. Ali təhsil müəssisələrinin humanitar fakültələrində bu fənnin tədrisi mütləqdir. Humanitar sahələr üzrə təhsil alanlar ünsiyyətə meyilli olurlar və onların nitqi başqalarına təsir etmək qüvvəsindədir.
– Bəzən gənclərin metroda, ictimai yerlərdə yol verdikləri davranışlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bugünlərdə metroda belə bir hal yaşanmışdı. Sizcə, cəmiyyətdə həm bu cür hərəkətlər, həm də bu hərəkətlərə qarşı reaksiyalar necə tənzimlənməlidir?
– Bəzi hadisələr kütləvi hal alanda ümumiləşdirilir və cəmiyyətin problemi kimi müzakirə olunur. Amma bu yaxınlarda metroda yaşanan hal problem deyil, zaman-zaman rast gəlinən hadisədir. Mənim gəncliyimdə də belə hallar var idi. O zaman daha çox parklara, bulvara üz tuturdular, indi metroda olub. Bu yeni bir şey deyil. Reaksiya məsələsinə gəlincə isə deyim ki, əxlaqi dəyərlərə üstünlük verən xalq olduğumuzdan müsəlman əxlaqında belə hadisələr xoş görülmədiyindən, təbii ki, bizdə də xoş qarşılanmayıb. Amma mənə elə gəlir ki, bu məsələni daha mülayim şəkildə, dava etmədən həll etmək olardı. Aqressiv münasibət kiçik hadisəni böyük problemə çevirib.
– Azərbaycanda boşanmaların sayı ilbəil artır. Fəaliyyət sahənizdə qadın, ailə məsələləri də yer aldığından bu məsələyə münasibətinizi də öyrənmək istərdim. Boşanmaların əsas səbəblərini nədə görürsünüz?
– Boşanma halı təkcə Azərbaycanda deyil, dünya miqyasında da çox geniş yayılmış və artan statistikaya malik ailə-məişət problemidir. Azərbaycan da dünyanın bir hissəsidir, qloballaşma prosesinin içindədir və bizim cəmiyyətimiz KİV vasitəsilə avropalaşmağa meyillidir. Əslində boşanma ənənələrin pozulması faktorudur. Əlbəttə səbəblər müxtəlifdir və hansı səbəbin çoxluq təşkil etdiyini nə statistik, nə də sosioloji tədqiqatlar baxımından dəqiq bilmirəm. Bizim hamımız bu problemdə baiskarı axtarırıq – iqtisadi problemlər, sevgi xəyanətləri, evsizlik, sonsuzluq, narkomaniya, alkoqolizm, qadına şiddət, hətta qaynana-gəlin münasibətləri və s. kimi hallar boşanma üçün səbəblər halına gəlib. Mən öz şəxsi müşahidələrimə və mülahizələrimə görə boşanma səbəblərinin təməlini və ya qaynağını tərbiyədə görürəm. Tərbiyə geniş məhfumdur, mənim nəzərdə tutduğum tərbiyə ailə, məktəb və dini tərbiyənin sintezini təşkil etməlidir.
– Boşanma faktorunda qadınların iqtisadi azadlığa nail olmasının rolu ola bilərmi?
– Bizim mühitimiz, cəmiyyətimiz üçün qadının iqtisadi azadlığının boşanmaya səbəb olması faktı real deyil. Olsa da, çox cüzi faiz təşkil edər. Çünki biz ailəyə bağlılığı prioritet kimi görən bir xalqıq. Ona görə də çox qazanan qadının ərindən boşanması halları az olar. Bizə qəbula gələn xanımlar arasında boşanma səbəbi kimi daha çox həyat yoldaşının narkoman olması, içki içməsi göstərilir. Təəssüf ki, indiki zamanda narkomaniya içkini üstələyir. Narkomaniya zamanənin bəlasıdır.
– Sizcə, dini baxış fərqindən dolayı ayrılanlar olurmu?
– Mən bu fakta mediada rast gəlmişəm ki, guya kimlərsə məzhəb fərqinə görə ayrılıb. Həyatda buna rast gəlməmişəm. Əgər belə bir şey varsa da, biz bunu çox ciddi şəkildə qınayırıq.
– Ötən illərlə müqayisədə cəmiyyətdə mənəvi aşınmanın çoxaldığını demək olarmı?
– Mən belə deməzdim. Cəmiyyət homogen toplum deyil və daxili proseslər də heç vaxt düz xətt üzrə inkişaf etmir. Bu mənada cəmiyyətdə aşınma prosesləri nə qədərdirsə, təşəkkül və artım prosesləri də o qədərdir. Ola bilsin ki, disbalans sizi qorxudur, amma cəmiyyət özü-özünü tarazlışdırmağı bacaran mexanizmdir.
Deməzdim ki, cəmiyyətimizdə mənəvi aşınma üstünlük təşkil edir. Maşallah olsun, elə gənclərə rast gəlirəm ki, onlara baxanda gələcəyə ümidimizin olduğunu düşünürəm.
– QMİ cəmiyyətimizdə milli-mənəvi dəyərlərin, dini baxışların formalaşması üçün hansı işləri həyata keçirir?
– Bizim idarə kimi də, dini kontingent olaraq da əsas işimiz təbliğatdır. Dini təbliğatın da mahiyyəti maarifləndirmədir. Biz istəyərdik ki, dini maarifləndirmə vasitəsilə insanlarda imanı artıraq, əxlaqi-mənəvi dəyərləri gücləndirək. Məsələn, son dönəmin narahatedici problemlərindən biri intiharlardır. İntiharların olmaması üçün insanlarda ilahi qanunauyğunluqlar haqqında təsəvvürlər olmalıdır. İntihar edən şəxs nə qədər böyük günah sahibi olduğunu, öz hərəkətindən sonra ailəsini necə pis vəziyyətə saldığını, uşaqlarının üzərində necə böyük bir mənəvi damğa qoyduğunu dərk etməlidir. Bu, cəmiyyət problemi ilə yanaşı, həm də dini problemdir. İntihar Allaha qarşı asilikdir. Böyük (kəbirə) günah anlayışına daxil olur. Allahın sənə əmanət etdiyi həyatı bitirmək Onun əmanətinə xəyanət etməkdir. Həzrəti peyğəmbər hətta ağır fiziki əzablar çəkən insanların da özünü öldürməsini caiz saymır. Dözümlü olmaq lazımdır. Çətinlikdən sonra hansı mərhələnin gələcəyini insan bilmir. Bəlkə Allah sənə daha gözəl həyat verəcək?! İntiharla insan Allahla olan rəhmət bağlarını kəsmiş olur. Mənə elə gəlir ki, bu məsələdə din adamlarının təbliğat potensialından istifadə etmək lazımdır.
– Onda dinlə bağlı sağlam məlumatların azlığının cəmiyyətdə problemlərə yol açdığını deyə bilərik?
– Azərbaycanda İslamla, dinlə bağlı istənilən qədər məlumat, ədəbiyyat, KİV-də verilişlər, saytlarda yazılar var. Yəni informasiyada kəmiyyət problemimiz yoxdur. Məsələ keyfiyyətdirsə, bunun da üzərində ciddi şəkildə işləyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Bizə radikallığa çağırmayan, məzhəb ayrı-seçkiliyinə, dinlərarası münasibətlərin pozulmasına yönəlməyən və İslamı doğru-düzgün təbliğ edən informasiya vasitələri lazımdır.
Təbii ki, xurafata, mövhumata meyilli insanlar hər bir cəmiyyətdə var. Biz 25 il əvvəl kommunist ideologiyasından azad olmuş gənc müstəqil dövlətik. İslami dəyərlərə qayıdışımız müstəqillik dönəmindən başlayır. Bu 25 il ərzində milli-mənəvi dəyərlərin bərpası sahəsində nail olduqlarımız Azərbaycanın miqyası üçün çox böyük işlərdir. Məscidlərin sayı 17-dən 2000-ə çatıb, mədrəsələr, İslam Universiteti açılıb, islami mövzuda qəzetlər, jurnallar nəşr olunub və s. Hesab edirəm ki, biz öz işimizi görmüşük, dövlətimiz də dini mühitdən yardımını heç vaxt əsirgəməyib. Ümid edirik ki, din-dövlət münasibətlərində Allahın köməyi ilə daha uğurlu inkişaf mərhələsinə girəcəyik.
– Bir müddət əvvəl dini televiziya kanalının yaradılması məsələsi gündəmə gəlsə də, Milli Televiziya və Radio Şurası qanunun buna yol vermədiyini açıqladı…
– Biz əlahiddə deyil, AzTV-nin bazasında dini mövzuları işıqlandıran bir kanalın fəaliyyətini istəyirdik. İstəyirdik ki, yalnız İslamla bağlı deyil, ölkədəki multikulturalizm mühitinin, tolerantlıq ənənələrinin təbliği ilə bağlı verilişlər olsun, Azərbaycandakı bütün dini konfessiyaların fəaliyyəti işıqlandırılsın. TV-nin işinə qarışmaq, ona nəzarət funksiyasını aparmaq istəyimiz yox idi. Belə bir kanalda dini-mədəni mövzulu müxtəlif verilişlər yayımlamaq, sənədli film, cizgi filmi, televiziya filmi də vermək olardı. İşləmək üçün çox imkanlar vardı. Niyyətləri olsa, yaxşı olar.
– Azərbaycan cəmiyyətini dindar və dindar olmayan kəsim qisminə bölmək nə dərəcədə düzgündür?
– Bu bölgünü kim aparıb? Ölkədə “Dini etiqad azadlığı haqqında” qanun var. Belə məsələlərin hüquqi cavabı həmin sənəddə əksini tapıb. Azərbaycan demokratik, dünyəvi ölkədir və həmin prinsiplərə əsaslanaraq bu ölkədə dindar da, ateist də eyni hüquqları daşıyır. Heç kimin digərinin imanına, əqidəsinə qarışmaq ixtiyarı yoxdur.
Dinə münasibətdə insanların fərqli görüşləri var. Sosiopsixoloqlar, psixoloqlar hesab edir ki, dinə gəlmənin 6 motivi mövcuddur. Hər kəsin öz məqsədi, niyyəti olur. Biri istəyir ki, daxili tənhalığından qurtulsun. Belə hallar daha çox xanımlar arasında müşahidə olunur. Din insana mənəvi sakitlik gətirir. Dərdlərini, problemlərini bölüşmək imkanı verir, insanı sakitləşdirir. Elə insan var ki, namaz qılmır, oruc tutmur, amma özünü dindar hesab edir. Çünki dinin əxlaqi məziyyətləri ona xoş gəlir. Bir qrup insan üçün din dünyanı dərk etmə vasitəsi, digəri üçün günahlarından təmizlənərək cənnətə daxil olmaq arzusudur. Hətta siyasi niyyətlərlə dinə gəlmə motivləri də var. Yəni dinə münasibətdə fərqli görüşlər hər zaman olub.
– Amma bəzən baş örtüyündən istifadə edən və etməyənlər arasında aqressiv müzakirələrin şahidi oluruq.
– Bu, şəxsi mədəniyyətdən asılı məsələdir. Kiminsə bu barədə təsəvvürləri məhdud ola bilər və s. Bu, ümumiləşdirilmiş göstərici ola bilməz.
– Müsəlman qadınların başlarını bağlamaları vacibdirmi və siz başınızın mövcud örtülmə forması ilə bağlı necə qərar vermisiniz?
– Hicab birmənalı şəkildə Allahın əmridir. Bizim dövlətimiz dünyəvi dövlət olduğundan konstitusiyamızda bu məsələlər demokratik insan hüquqları qisminə girir. Başı açıq gəzənə də, bağlı gəzənə də hörmət edirik. Mən dünyəvi bir mühitdən gəlmişəm və bura gələndə hicablı deyildim. Amma bura gəldikdən sonra idarənin nümayəndəsi, şeyxin müavini, qadın icmalarının təmsilçisi olduğumdan belə geyim tərzi seçmişəm. İdarəmizdəki qadınların baş geyimi bir-birindən fərqlidir. Bu da bizim demokratik üslubumuzdur.
– Qəmər xanım, dini biliklərinizi hansı kitablar vasitəsilə artırmısınız və bu gün Azərbaycanda bu cür materialların qıtlığı varmı?
– Mənim mənsub olduğum dövrdə və ailədə mütaliə həyat prioriteti sayılırdı. İslam ilə tanışlığım İqnati Kraçkovskinin tərcüməsində rusca “Qurani-Kərim” və o zamanlar əldən-ələ gəzən Anri Massenin “İslam” kitabı ilə başlayırdı. Mənim o vaxt 10-12 yaşım vardı. Sonra oxuduğum kitablar həddən artıq çoxdur, lakin mən sadəcə oxucu deyiləm. Müqayisəli və məntiqi təhlil əsasında mənim hər kitaba öz tənqidi münasibətim var. Hazırda Sankt-Peterburq şərqşünaslıq məktəbinin nümayəndəsi Nəsrin Ələsgərovanın sufizm haqqında yazdığı kitabı oxuyuram. Müxtəlif ədəbiyyatlar oxuyuram. Bəzən zərərlini də oxuyuram ki, başqası ilə müqayisədə ona münasibətim formalaşsın. Ona görə də dini biliklərimi formalaşdıran kitabları toplu halında təsəvvür edin.
Hesab edirəm ki, tək bir sahənin ədəbiyyatını oxumaqla dünyagörüşünü formalaşdırmaq olmaz. Bu gün müasir ilahiyyat elminə səmavi və qeyri-səmavi dinlər, dini kitablar, məzhəblər və təriqətlər arasındakı yaxınlığı və fərqi təhlil edə biləcək alimlər lazımdır. “Yasin” oxumaqla ilahiyyatçı olmaq artıq keçmişdə qalan mərhələdir.
– Bəzən deyirlər ki, “Quran” yalnız ərəb dilində oxunmalıdır.
– Doğrudur ki, tərcümə orijinalın effektini azaldır. Amma “Quran” elə bir kitabdır ki, peyğəmbər tərəfindən onun təfsirinə və tərcüməsinə izn verilib. Ərəb dilini bilməyənlər “Qurani-Kərimi” tərcümədə oxuyurlar. Əlbəttə, müqəddəs kitabı ərəb dilində oxumaq daha çox savabdır.
– Həcc ziyarəti əməlini cəmiyyətin kasıb təbəqəsi üçün hər hansı işlər görməklə əvəzləməyi doğru hesab edirsinizmi?
– Bu fikirlər cəmiyyətin bəzi məsələlərə populist yanaşmasının göstəricisdir. Həcc İslamın 5 əsas şərtindən biridir, xeyriyyəçilik isə hər bir müsəlmana məsləhət görülən müstəhəb əməldir. Bunlar fərqli anlayışlardır və bir-birini əvəzləyə bilməzlər. Sadəcə yaxşı olar ki, Həccə getmək istəyənlər və gedib gəlmiş hacılar imkan daxilində xeyriyyə fəaliyyəti ilə məşğul olsunlar, dinimizin gözəl əxlaqi xüsusiyyətlərini əməlləri ilə təbliğ etsinlər. Çox sayda adlarının çəkilməsini istəməyən hacılarımız var ki, geniş xeyriyyəçiliklə məşğul olurlar. Amma “Həccə getmə, mənə kömək et” məsələsi düzgün yanaşma deyil. Təkrar gedənlərin də müsəlman kimi niyyətinə və arzusuna qarışmaq haqqımız yoxdur. Belə fikirlərin ortaya çıxmasına dini bilgisizlik səbəb olur.
İlahiyyat alimlərinin fikrincə, İslamın beş əməlinin hamısı vacibdir. Yalnız zəkatla Həcc imkanlı şəxslər üçündür. Xeyriyyəçilik və ya yaxşı əməl üçün heç də varlı olmaq lazım deyil. Peyğəmbərin hədisində “Bir təbəssüm də sədəqədir” deyilir. Yetimin başına əl çəkmək, bir xurmanı iki yerə bölmək də şəfqət göstəricisi ola bilər.
– Şeyxüslamla ünsiyyətiniz hər gün olurmu və ən çox hansı məsələləri müzakirə edirsiniz?
– İdarəmizin öz iş rejimi var. Hər gün deyil, lazım olduqda, ehtiyac yarandıqda şeyxülislam ilə görüşürük. Müzakirə üçün kifayət qədər mövzular var.
– Şeyxülislam necə rəhbərdir, əməkdaşların fikirlərini, təkliflərini qəbul edirmi?
– Bir kəlmə ilə deyim ki, şeyxülislam çox müdrik insandır. Vəzifəsini, titullarını kənara qoyuram. O, bir həyat məktəbidir, böyük şəxsiyyətdir, yanlış olmayan, hər zaman düzgün qərarlar verməyi bacaran adamdır. Onunla işləmək özü şərəfdir. Bu, mənim səmimi sözlərimdir. Onu tərifləmək üçün demirəm, zatən təriflərin üzərində olan şəxsi keyfiyyətlərə malik insandır.
– QMİ-nin növbəti qurultayı nə zaman olacaq?
– Bu barədə məlumatım yoxdur. Aprelin 12-də “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti beynəlxalq konfransımız olacaq. Qurultay hələlik gündəlikdə deyil. Bu il bizim görüləcək çox işlərimiz var.
– QMİ “İslam Həmrəyliyi İli” çərçivəsində hansı işləri həyata keçirəcək?
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. “İslam Həmrəyliyi İli” Azərbaycan və dünya ictimaiyyəti tərəfindən böyük maraq və rəğbətlə qarşılanır, özəlliklə müsəlman ümməti bu müdrik qərara çox yüksək dəyər verir. Dövlətimiz tərəfindən hazırlanan “İslam Həmrəyliyi İli”nin tədbirlər planı ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi də İslam həmrəyliyi ili ilə bağlı Azərbaycanda və bir sıra ölkələrdə silsilə tədbirlər keçirməyi nəzərdə tutur. QMİ sərəncamdan irəli gələn məsələlərin mahiyyəti və tədbirin ümumdünya əhəmiyyətini geniş şərh etmək məqsədilə Azərbaycanın müxtəlif bölgələrində səlahiyyəti daxilində olan məscidlərdə və ziyarətgahlarda, eləcə də ictimai yerlərdə maarifləndirici tədbirlərin keçirilməsini nəzərdə tutur. Eyni zamanda Rusiya Federasiyasının Moskva, Ufa və Şimali Qafqazın Dərbənd şəhərlərində, Gürcüstanda, İran İslam Respublikasında, Türkiyə Cümhuriyyətində, Finlandiyada, İspaniyada və İSESCO təşkilatının dəvəti ilə Mərakeş Krallığında konfransların təşkili üçün hazırlıq işləri gedir. Bu tədbirlərdə tanınmış dövlət və din xadimləri, müxtəlif dini konfessiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak edəcəklər. Konfransların materiallarının kitab və broşür şəklində nəşr olunması, tədbirlərin geniş miqyasda media tərəfindən işıqlandırılması, video-filmlərin çəkilişi planlaşdırılır.