“Mən bir erməni tərcüməçinin qəsdən yanlış tərcüməsinin qurbanı oldum” - VİDEO

13-04-2017, 13:05           
“Mən bir erməni tərcüməçinin qəsdən yanlış tərcüməsinin qurbanı oldum” - VİDEO
Xarici ölkələr heç də hər zaman turistlər üçün şirin röya olmur. Yeni ölkə, yeni insanlar, kəşf ediləsi məkanlar... Bura qədər hər şey gözəl olsa da, bəzi təhlükələri də yaddan çıxarmamaq lazımdır.

“Yeni Müsavat”ın bu yaxınlarda yekunlaşan Amerika yazılar seriyası oxucuların diqqətini cəlb edib. Redaksiyaya zəng edib, Amerika səfəri gerçəkləşdirmək üçün məsləhət istəyənlər, orada yaşamağın yollarını axtaranlar bəs deyincədir... Amma qanunları tam bilməmək, kiçicik bir texniki yanlışlıq belə sizə Amerikanın o biri üzünü göstərə bilər. Mart ayında San Fransiskoya səfər edən musiqiçi Samir Kazımovun nümunəsində olduğu kimi. Kiçicik bir texniki xəta onun yolunu Amerika türməsinə salıb. Özü də nə az, nə çox, düz 25 gün....

25 günlük Amerika məhbəs həyatından sonra Azərbaycana qayıdan S.Kazımovla yaşadıqları barədə danışdıq.

-Samir bəy, siz qısa müddət öncə Amerikada həbs görmüsüz. Amerikaya üçüncü səfəriniz olsa da, sonuncusunda Amerika sizi gülərüzlə qarşılamadı. Həbsinizin səbəbi nə idi?

-Səbəb miqrasiya haqqında qanunları dəqiqliyi ilə bilməməyim idi. Mənim viza tipim turist viza tipi idi. Mənə gömrükdə sual olundu ki, buraya gəlişinizin məqsədi nədir. Yanlışlıqla dedim ki, konsertə gəlmişəm, çıxış edəcəyəm. İzah etdim ki, Novruz bayramı ilə bağlı bizim milli adət-ənənələrimizdən irəli gələn qutlama tədbirlərində çıxış etmək üçün bura gəlmişəm. O zaman dedilər ki, demək siz bura pul qazanmaq üçün gəlmisiz. Burda əsas məsələ maddiyyatdır. Mən dedim ki, bizim cəmiyyətin təşkil etdiyi konsertlərdə bu günə qədər maddiyyat olmadığı üçün bu günə qədərki heç bir konsertdən mən gəlir əldə etməmişəm. Müğənnilər, musiqiçilər hətta kiçik bir məbləğdə də olsa, qonarar əldə etməyib. Sadəcə yol və qalmaq xərcləri ödənilib. Bunu desəm də, gördüm ki, Amerika milli-mənəvi dəyərlərə yox, qanunlara söykənən ölkədir. Onlara belə bir tədbirdə sırf milli təəssübkeşlik məqamlarına görə, qonararsız iştirak etdiyini inandıra, anlada bilmirsən. Sual verirlər ki, sən necə 20 saat uçuşda olursan, 13 min kilometr məsafə qət edirsən, təyyarə ilə gəlib çıxırsan Amerikaya və heç bir maddi umacağın da yoxdur? Bunu sıravi bir amerikana anlada bilərsən ki, biz xalqımızın milli adət-ənənələrini yaşatmaq üçün qonararsız bir tədbirdə iştirak etmək istəyirik. Amma qanunlar qarşısında bu məsələ bir qədər inandırıcı görünmür və şübhələrə səbəb olur. Qanunları qoruyan güc strukturları, gömrük xidməti əməkdaşlarına bunu anlatmaq mümkün olmadı.

-Oxuculara bir arayış verək. Siz sənətçisiz və San Fransiskoya da Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Novruz bayramı tədbirlərinə qatılmaq üçün dəvət olunmuşduz...

-Mənim turist vizam vardı. Məni ora dəvət edənlər də bunu bilirdilər. Mənim vizam açıqdır və mənim gəlişim üçün problem yoxdur deyə bilirdilər. Sonradan mənə orda başa saldılar ki, musiqiçilər, müğənnilər üçün başqa viza növü var. Mənim açıq turist vizam olsa belə, səfərimin məqsədi dəyişirsə, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etməliyəm və bildirməliyəm ki, 2 dəfə Amerikaya turist kimi getmişəm, bu dəfə musiqiçi kimi getməliyəm. P1, P2 və P3 tipli viza növləri var. Viza tipi dəyişsə idi, bütün bu problemlər yaşanmazdı.

-Bəli, getdiz Amerikaya. İlk problem San Fransisko aeroportunda yaşandı. Amma mən bilən siz elə təyyarədəcə sizə verilən blankı doldurmalı və o blankla gömrük xidmətinə yaxınlaşmalı idiz. Proses necə davam etdi, mərhələ-mərhələ anlada bilərsizmi?

-Bəli, o blankı təyyarədə doldurdum, gömrüyə yaxınlaşanda suallar yarandı. Çünki mənim qayıdış biletim mayın 31-ə idi. Mənsə burdan martın 11-də uçmuşam. Sual olundu ki, nə üçün qayıdış biletinizi bu qədər uzun müddətə almısız? Dedim ki, mən qayıdış biletimi Nyu Yorkdan almışam. Çünki məqsədim Nyu Yorku da gəzmək, dolaşmaqdır. Bu qədər vaxt da mənə gəzinti üçün lazımdır. Orda birinci xətt və ikinci xətt deyilən yerlər var. Birinci xətdə məndən soruşdular ki, siz Amerikadan nə vaxt çıxmısız axırıncı dəfə? Bilənlər bilir, bilməyənlər üçünsə arayış verim ki, Amerikadan çıxış möhürü vurulmur pasportda. Girişdə baxırlar ki, 1 illik vizan var. İki-üç sual verirlər, əgər cavabların qane edirsə, pasportuna 6 aylıq möhür vurulur. Qalmaq imkanı verir sənə. Əgər hansısa bir Azərbaycan vətəndaşı fikirləşirsə ki, mən ikinci dəfə də gedib, o yarım ildən istifadə edim, bu, yanlışdır. Hökmən orda 6 ay qalmaq lazım deyil. Bu, gələcəkdə Amerikaya qayıdışda sənə problem yarada bilər. Çünki adama sual edirlər ki, axı sən girişdə biletini göstərmisən ki, 20 gün sonra qayıdırsan. Nə üçün 6 ay qalırsan? 6 ay Amerikada qalmaq üçün də Amerikanın xərcləri Azərbaycanın xərclərindən qat-qat çoxdur. Qalmaq, yemək xərci və sair. Girişdə səndən soruşulsa ki, üstündə nə qədər pul var və sən bu suala “2 min dollar” deyə cavab verib, 6 ay qalmaq istədiyini desən, onlarda avtomatik olaraq şübhə yaranır ki, sənin burda işləmək və qazanc əldə etmək fikri var. Çünki sənin iş icazən olmayanda sən qeyri-leqal şəkildə işləyirsən, vergidən də yayınırsan. Bu isə cinayətdir.

-Və beləcə sizə sərhəddə bu sualı verdilər. Cavabınız şübhə doğurdu. Ardınca nə baş verdi?

- Soruşuldu ki, sonuncu dəfə Amerikada nə zaman olmusuz və nə zaman qayıtmısız? Cavab verdim ki, sentyabrın 28-də gəldim, yanvarın 13-də çıxmışam. Mənə dedilər ki, sistem bunu göstərmir. İzah etdim ki, bu, belədir. Mən başqa hardan gələ bilərəm ki? Dedilər ki, gömrükdəki ikinci xəttə keçim. Uzaq yol gələnlər bilirlər ki, 20 saat boyunca təyyarə səfəri edən adamın sonda durumu necə olur. Bu 20 saatlıq səfərdən sonra da 6 saat boyunca sorğu-sual başlandı. Bu müddət ərzində mənim pasportum, əşyalarım gətirildi. Sonra başqa bir əməkdaş tərəfindən sorğu-suala tutuldum.

-İngilis dilini mükəmməl səviyyədə bilirsiz? Özünüzü, fikrinizi ifadə edə bildinizmi?

- Bəlkə də ingilis dilini mükəmməl səviyyədə bilsəydim, fikrimi çatdıra bilərdim. Tərcüməçi istədim. Telefon vasitəsilə orda Tərcümə Mərkəzinə bağlandılar. Bildirdim ki, ana dilim Azərbaycan dilidir. İki dəfə bunu təkrarladım, başa düşmədilər. Sonra məcburən rus dili istədim. Bir qadın tərcüməçi təyin etdilər. Qadın dedi ki, mən özüm Bakıdanam. Sonra soruşdu ki, nə səbəbdən gəlmisiz? Bildirdim ki, San Oze şəhərində konsertdə çıxış edəcəm. Onları da qonorarsız çıxış edəcəyimə inandıra bilmədim. Sonra niyə sürücülük vəsiqəm olduğunu soruşdular. Dedim ki, piyada gəzməyi xoşlamıram. Amerikada da ictimai nəqliyyatdan istifadə çətindir. Bir dayanacağa getmək üçün 20-25 dəqiqəlik yol qət etməlisən. Üstəlik, maşın kirayə edəndə Amerika daxili səyahət də edə bilirsən. Los Ancelesə, Hollivuda getmək imkanın da olur. Maşın rahatdır. Mənə deyildi ki, siz əslinə qalanda Azərbaycanın beynəlxalq sürücülük vəsiqəsindən istifadə edə bilərdiz. Mənsə dedim ki, əgər bu sürücülük vəsiqəsi turistlərə şamil olunmursa, Amerika bu vəsiqəni verməsin də. Mən faktiki olaraq imtahan vermişəm Amerikada. Soruşdular ki, niyə tibbi sığortanız var? Bildirdim ki, səhhətimdə problem var. Daha öncə Amerikada olanda bir dəfə səhhətimdə yaranan problemə görə 14 min dollar ödədim. Cəmi bir gecəlik xəstəxanada qalmağıma görə. Mən də bunu ödəyə bilmədiyim üçün sosial müdafiəyə müraciət etdim və səhiyyə sığortası təyin etdilər.

-Samir bəy, bu detallar – sürücülük vəsiqəsi, tibbi sığorta, Amerikada uzun müddət qalmanız onlarda sizinlə bağlı hansı şübhəni yaratmışdı?

-Onlar dedilər ki, sizin burda qalmaq fikriniz olduğu üçün bütün bunları etmisiz. Mən də dedim ki, qalmaq fikrim olsaydı, birinci və ya ikinci dəfə gələndə burda qalardım. Ölkəmdə şükür Allaha, qazancım var, yaşayıram. Mənim ölkəm mənim üçün yaxşıdır.

-Sorğu-sual 6 saat davam etdi deyirsiz...

-Mən saata baxanda artıq məlum oldu ki, 10 saatdır ki, aeroportdayam. Tərcüməçi vasitəsilə onlara dedim ki, mən bu ölkəyə turist olaraq gəlmişəm, başqaları kimi qaçqın olaraq gəlməmişəm. Sonradan, mən artıq həbs olunandan sonra bu intervünün mətni mənə təqdim olunanda gördüm ki, dediklərimi tam tərsinə yazıblar. Guya mən bunlara demişəm ki, mən sizdən qaçqınlıq istəyirəm. Sonrakı mərhələdə mənə tutulan vəkil sübut etdi ki, ortada tərcümə xətası olub və mənim ana dilim rus yox, Azərbaycan dilidir. Sonra tərcüməçinin adına baxdım. Gördüm ki, Ladadır. Bu isə yüz faiz onun erməni olduğunu sübut edir. Məndən öncə də musiqiçilər olub ki, gömrükdə çalışan ermənilər onlara qarşı bu cür davranış sərgiləyiblər. Aeroportun baqaj yerində çalışan ermənilər çoxdur. Bir musiqiçinin alətini qəsdən sındırmışdılar. O insan yenidən gəlib burda musiqi aləti aldı. Mənim situasiyamda da əminəm ki, bu məsələ erməni tərcüməçinin qəsdən, bilərəkdən yanlış tərcüməsinə görə bu hala düşdü.

-10 saatlıq sorğu-sual nəticəsində siz öz durumunuzu heç kimə izah edə bilmədiz. Bunun ardınca dərhal sizi həbs etdilər?

-İki nəfər polis əməkdaşı gəldi. Sonra qoluma qandal vuruldu və tanımadığım yerə gətirildim. Sonradan məlum oldu ki, Martines deyilən yerə gətirilmişəm. Orada məhbusları müvəqqəti saxlayırlar və ordan bölüşdürülür. Bir gün orda qaldım, yenidən gecə ilə San Fransiskoya qaytardılar. Həmin vaxt mənim səhhətimdə də ciddi problemlər yarandı. Miqrasiya xidmətinin ofisindəki müvəqqəti saxlanma təcridxanasında saxlananda ürəkgetməm olub. Bu, epilepsiya ilə bağlı idi. Mənim daha öncə də bu problemim vardı. Amma səbəbini başqa cür bilirdim, Amerikada öyrəndim ki, səbəb başqa imiş. Ayıldım gördüm ki, xəstəxanadayam. 1 gün qaldım. Bütün müayinələr aparıldı, beyin tomoqrafiyası olundu. Həmin vaxt özümdə olmamışam. Amerikada insanı ölməyə qoymurlar. Məni ordan xəstəxanadan çıxardılar. Soruşdum ki, hara gedirik? Dedilər, Yuba şəhərindəki türməyə. San Fransiskodan 3 saatlıq məsafədə idi. Orda qəbul etmədilər. Dedilər ki, səhhəti ilə bağlı xəstəxanaya aparın, durumunu düzəldin, sonra gətirin. Yubaya gətirildim, paltarlarımı aldılar əlimdən.

-25 gün bu həbsxanada qaldız, hə?

-Bəli.

-Həbsxana günləriniz barədə danışa bilərik? Biz Amerika türmələrini filmlərdən görmüşük. Bəs real mənzərə necədir? Türmə şərtləri, orda verilən yeməklər, saxlanma şəraiti necə idi?

-Amerikanın özünəməxsus mətbəxi yoxdur. Fast fooddur onlarda əsasən. Orda iki tip türmələr var. Mən yerləşdirildiyim blokda miqrasiya qanunlarını pozmuş insanlar saxlanırdı. Mənim qaldığım türmədə bir günlük cəza iki gün sayılırdı. Burda gün üzü görmürsən. Başqa türmələr var ki, orda açıq hava var, məhbuslar çıxıb hava alır, top oynayırlar. Burda isə həkim nəzarəti altındasan, istənilən vaxt sənə müdaxilə edirlər. Bu hadisədən sonra mən iki dəfə ürəktutması keçirdim. Amma məhbusa hər hansı şiddət yoxdur.

-Təkadamlıq kamerada idiz?

-Yox, 50 nəfərlik. Hərənin öz yatağı var, ikimərtəbəli yataqlar.

-Daha çox hansı millətdən məhbuslar var idi?

-İki nəfər pakistanlı idi, bir nəfər eston vardı, bir nəfər də rus. Qalanları hamısı meksikalı idi. Onların içində insanlar vardı ki, Green Kardları olsa da, ölkədə hansısa cinayət edir. Cəza müddətləri bitən kimi miqrasiya xidməti tərəfindən götürülür türmədən və başqa bir türməyə göndərilir. Yəni, sən artıq arzuolunmaz şəxssən. Vətəndaş olsa, cəzasını çəkəndən sonra evinə qayıdar. Ordan da o insanlar vəkil tutur, məhkəmələrə müraciət edirlər.

-Bəs gündəlik rejim necə idi?

-Səhər saat 6-nin yarısında dururduq. Səhər yeməyi verirdilər.

-Nə olurdu menyuda? İri bir məcməyi və içində... nələr?

-Bəli, iri bir padnos, içində də 2-3 çeşiddə yemək olurdu. Sup, Meksika yeməyi olan burito, lavaşa bükülü ət, desert üçün pudinq, ya keks. Yanında sok gətirirdilər. Təbii şoklardan deyildi. “Paraşok” soku idi. Gündə 3 dəfə yemək verirdilər. Amma orda yemək haqda düşünmürsən.

-Məhbusun başqa hansı hüquqları olur? Telefonla zəng etmək, hamamdan istifadə...?

-Telefonla zəng etmək hüququn var. Sənin zəng etdiyin insan öz kartından balansına pul qoyur. Sən zəng edə bilirsən, dünyanın istənilən ölkəsinə. Həftədə iki dəfə sənin öz balansında pul varsa, siyahıya müvafiq olaraq özünə ərzaq sifariş edə bilirsən. Kakao, peçenye, kofe... Komissariat bunu sənə gətirir.

-Öz balansınızda pul olması üçün Azərbaycandakı yaxınlarınız pul köçürməli idi, ya necə?

-Xeyr, həbs olunan zaman mənim üzərimdəki pulu əlimdən alıb, hesabıma yatırdılar. O puldan istifadə edərək, içəridə sifariş verdiyim ərzaqları ala bildim. Amma telefonla danışmaq üçün iki nəfər dostum mütəmadi olaraq balansa pul qoyurdular ki, danışa bilək. Çünki bütün yaxınlarım məndən narahat idi.

- Açıq havanı heçmi görmədiz?

- O 25 gün ərzində mən iki dəfə açıq havaya çıxdım. Əslinə qalsa həftədə 3 dəfə məhbusları çıxarmalıdılar. Bəlkə də onlar məhbusları çıxaranda mən yatılı olmuşam, deyə bilmərəm. Amma açıq havaya çıxmaq necə idi? Uzun bir hasar idi, ancaq göyü görə bilirsən. Açıq hava şəraiti deyə bilməzsən buna. O da cəmi bir saat-saat yarım.

-Məhbus geyiminiz necə idi?

-Qırmızı rəngdə şalvar. Narıncı rəngdə geyinənlər seçilirdilər. Onları şüşənin o biri tərəfindən görürdük. Onlar Amerika vətəndaşları idi və yüngül-ağır cinayətlər törətmişlər idi. Amma nə məhbuslar, nə nəzarətçilər tərəfindən şiddət görmədik. Yeganə problem düşdüyün situasiyanın səbəbini anlamırsan. Orda cəmi bir rus məhbus vardı ki, o olmasaydı, yəqin mən dəli olardım. Adam nə qədər divarla danışar ki? Şok bir həftə davam etdi. Bir həftə sonra məhbuslar yaxınlaşdı və təsəlli verdilər ki, ən azı 1 aya çıxacaqsan. Burdasansa şahmat oyna, tennis oyna, başını qat.

-Bəs azadlığa çıxma prosesiniz nə zaman başladı?

-17 gün sonra vəkilin köməyi ilə miqrasiya xidmətinin əməkdaşı tərəfindən sorğuya gətirildim. Məndən üzr istənildi, hüquqlarım mənə izah edildi ki, siz bizdən belə şikayət edə bilərsiz. Çünki qanunsuz saxlanmısız. 48 saatdan sonra sizinlə görüşülməli idi, amma olmayıb. Mənə suallar oldu ki, burda qalmaq istəyirsizmi? Dedim ki, ölkəmə qayıtmaq istəyirəm. 5-6 dəfə mənə bunu təklif etdilər ki, qalmaq istəyirsizsə, nəzərə ala bilərik. Dedim, ölkəmdə heç bir problem yoxdur. Lap olsa belə, istəmərəm ki, ölkəmdən kənarda başqasına bu haqda şikayət edəsən. Bu gün dünyada yaşanılan hadisələri görəndə bir daha əmin olursan ki, Azərbaycandan gözəl, təhlükəsiz, sağ-salamat yer yoxdur.

-Amerikaya bir daha yolunuz düşəcəkmi? Yoxsa Amerika qapısı sizin üçün bağlanıb?

-Allah qismət edə bilər. Bir tədbir olar, dəvət olunaram, gedərəm. Amerika qapısı bağlanmayıb. Amerika demokratik bir dövlətdir. Hər kəs oranı turist kimi görə bilər. Oranı görmək istəyənlərə tövsiyyəm odur ki, səfirlikdə aldığı viza tipinə uyğun hərəkət etməlisən. Amerikaya düşən kimi sənə verilən sualları doğru-dürüst cavablandırmalısan. Turist kimi gəlmisənsə, təhsil, müalicə üçün gəldiyini deyə bilməzsən.

-Amerikada vətəndaşlar pozulan hüquqlarına görə fantastik məbləğdə kompensasiyalar udur. Sizin nümunənizdə də bu, realdır. 25 gün azadlığınızın məhdudlaşması faktına görə federal məhkəməyə müraciət edib, kompensasiya tələb edəcəksizmi?

-Xeyr. Yaşadıqlarımı unutmaq istəyirəm. Dəhşətli bir yuxu kimi qəbul edirəm. Bəlkə də Allah istədiyi bəndəsi kimi məni 25 gün qapalı bir yerdə saxlayıb, qorudu. Daha böyük pisliklərdən, təhlükələrdən.

-Yaşadıqlarınızı bir Amerika gündəliyi kimi qələmə almaq, kitab halında nəşr etmək istəyərsizmi?

-Yuba həbsxanasının tarixində orda qalan ilk azərbaycanlı mən olmuşam. Bütün yaşadıqlarımı.... yaza bilərəm....













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.