“350 manata müalicə alım ya ev tikdirim?" – Dünya çempionu od püskürdü

14-04-2017, 19:44           
“350 manata müalicə alım ya ev tikdirim?" – Dünya çempionu od püskürdü
Daha bir tanınmış yerli idmançı diqqətsizlikdən şikayətçidir. Belə ki, Avropa çempionu, hərbiçilərin və tələbələrin Dünya çempionu, bir çox beynəlxalq turnirlərin qalibi Rahib Bəylərov uzun müddətdir ki, Azərbaycan Boks Federasiyası tərəfindən heç bir kömək görmür.

14 ilini boksa qurban verən, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirmək üçün sağlamlığını fəda edən idmançı bu cür laqeydliyi anlaya bilmir.

Tanınmış idmançı Yeniçağ.az-a verdiyi müsahibəsində qurum daxilindəki qohumbazlıqdan, masaj edənin hakim postu tutmasından və pul yeyintisindən danışıb.

– Rahib bəy, uzun müddətdir ki, nə mətbuatda, nə də idmanda görünmürsüz. Haralardasız?

– Hər günüm işdə keçir. Hazırda FHN-nin xüsusi xilasetmə xidmətində çalışıram.

– İddialara görə, sizi idmandan uzaqlaşdıran səbəblər var. Doğrudan da kimə ya da nəyəsə görə sevdiyiniz idmanı tərk etmisiz?

– 14 dəfə Azərbaycan çempionu olmuşam. Avropa çempionu adını qazanmışam. Demək olar ki, boksa aid bütün turnirləri udmuşam. Hərbiçilərin Dünya çempionu və tələbələrin Dünya çempionuyam. Sizcə daha idmana davam etməyim üçün səbəb var? Onsuz da başa yumruq dəyməkdən ağıl lap az qalıb. Olan -qalanı da qorumaq qərarına gəldim (gülür)

– Eşitdiyimizə görə boksdan sizi uzaqlaşdıran səbəblər olub.

– Bu qədər nəticələrin qarşısında mənim və mənim kimi bir çox boksçunun məişət probleminin həllinə çalışmadılar, kömək edilmədi. Mən də idmanı atıb işləmək məcburiyyətindəyəm. Mənim çəkimdə olan hazırkı boksçuların nəticələrinə baxın heç nə yoxdur.

– Boksu tamamı ilə nə vaxtdan tərk etdiz?

– 2012-ci ildə son dəfə 81 kq. çəki dərəcəsində Azərbaycan çempionu oldum. Ümumilikdə isə 5 çəkidə çempion adını qazanmışam. 63, 67, 69,75, 81 kq. çəki dərəcələrində də çempion olmuşam.

– Azərbaycan Boks Federasiyası ilə əlaqəniz necədir?

– Heç bir maddi və mənəvi dəstək yoxdur. Tamamilə ilə bizi idmandan iyrəndirdilər. Amma biz köhnə boksçularla tez-tez görüşürük.

– Federasiyanın üzvləri ilə münasibətiniz necədir?

– Hər kəslə “salam-sag ol” var. 14 il bütün dünyada bayrağımızı qaldırdığım üçün mənə federasiyadan bayraq verdilər. (gülür)

– Azərbaycanda boksun bugünkü vəziyyəti sizi qane edir?

– Əlbəttə yox. Bu gün bizdə boks yoxdur. Olan hamısı kiminsə qohumudur, irəli çəkməyə çalışırlar. Hamısı Kəmaləddin müəllimin (ABF prezidenti Kəmaləddin Heydərovun- red.) pullarıdır. Federasiyadakılar da özününkülərə xərcləyir. Mən Federasiyadan razı olan bokscu tanımıram.

– Onlar kimdir?

– Hakimlər 30-a yaxındır. Hamısı yaltaqdırlar. Federasiya kimi tapşırırsa qalib o olur. Belə hakim olar? Masaj edənlər hakim olublar.

– Sizcə Azərbaycanda yerli boksçulara niyə bu qədər az yer verilir. Özümüzün M.Məcidov, L.Sotomayor kimi boksçularımız yoxdur?

– Onlarla mənim nəticələrimi müqayisə edin. Cavabı biləcəksiz. Mənim nəticələrimin yarısı qədər onlarda nəticə yoxdur.

– Sizin bir müddət əvvəl ev məsələniz vardı. Almaqda çətinlik çəkirdiz. Onun sonu necə oldu?

-14 illik əziyyətin qabağında mənə metronun “Xalqlar dostluğu” stansiyası tərəfdə tikilmiş binanın 12-ci mərtəbəsində ikiotaqlı, təmirsiz mənzil verdilər. Bu günə kimi hələ heç əhəng vurdura bilməmişəm. O ev sadəcə “kubik” və sementdən ibarətdir. Nə orada yaşaya bilirəm, nə də təmirinə gücüm çatır. Aylıq 350 manat maaşa işləyirəm. Bununla ailə saxlayım, boksdan qalan zədələrimi sağaldım, ya ev təmir etdirim?

– Probleminlə bağlı yenidən federasiyaya və ya aidiyyatı idman qurumlarına müraciət etməmisiniz?

– Min dəfə… Bizdəki federasiya ancaq göstəriş üçündür. Kömək edilməsi üçün gərək kiminsə qohumu olasan.

– Bəs Ağacan Abıyevlə münasibətiniz necədir? Axırıncı dəfə nə vaxt görüşmüsüz?

– Bir həftə əvvəl… Bir Ağacan müəllimdən razıyam, başqa hamı yalandır.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.