Rauf Arifoğlu: "Müxalifətin gücü hətta bir qəzetin redaktorunu gözdən salmağa da yetməz."

13-07-2015, 16:07           
Rauf Arifoğlu: "Müxalifətin gücü hətta bir qəzetin redaktorunu gözdən salmağa da yetməz."
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Hafta.az-a müsahibəsində son günlərin siyasi hadisələrinə münasibət bidirib, gələcək planlarından danışıb.

Müsahibəni təqdim edirik:

-“Yeni Müsavat” qəzeti ilə yanaşı, Müsavat Partiyasının da Azərbaycana dönüşü prosesində sizin böyük əməyiniz olub. Bu baxımdan necə oldu istefa vermək qərarına gəldiniz? Bəlkə istefa verməkdə məqsədiniz yeni siyasi təşkilat yaratmaqdır?

-Bu gün Müsavat Partiyasında heç bir fəaliyyətim yoxdur. Sadəcə olaraq, sıravi üzvlərdənəm. Doğrudan da Müsavat Partiyasının Azərbaycana dönüşü və bərpası prosesində rol almışam. Ancaq bu o demək deyil ki, daima həmin vəziyyətdə qalmalıyam. Paralel olaraq həm də, Müsavat Partiyasının mətbuat siyasətinə rəhbərlik etmişəm. Zaman irəlilədikcə gördüm ki, bu istiqamətdə həm partiyaya, həm də Azərbaycan ictimaiyyətinə daha çox fayda verirəm. Bu baxımdan ikinci istiqaməti seçdim. Yəni media fəaliyyətini. Sonuncu addımım isə seçimimdən qaynaqlanan prosesdir. Bunun isə uzun illər boyunca dəfələrlə anonsunu vermişəm. Artıq bu fikrimi həyata keçirmiş sayılıram. Hesab edirəm ki, sərhədlər müəyyənləşməlidir. Ölkənin aparıcı media quruluşunun rəhbəri postu, özü bir siyasi mövqedir. Dünyanın əksər sivil ölkələrində media rəhbərləri heç zaman partiyalı olmurlar. Hər hansı təşkilat yaratmaq iddiasında da deyiləm. Çünki bunu fiziki olaraq çatdıra bilmərəm. Belə ki, bir neçə sayta və yazılı mətbuata rəhbərlik edirəm. Yuxarıda qeyd etdiyim kimi bu sahədə qalmağım daha faydalıdır.

-Qarşıdan gələn parlament seçkiləri öncəsi ölkə müxalifətinin siyasi qüvvəsini necə qiymətləndirirsiniz?

-Hal-hazırda Azərbaycanın müxalif düşərgəsi arzu olunan vəziyyətdə deyil. Onlar pərakəndə haldadırlar. Demək olar ki, hərəkət yoxdur. Əsasən də toparlayıcı füqurlar və idealogiyalar zədələnib. Hər bir təşkilatın mərkəzləşdirdiyi idealogiyası olur. Yaxud da ciddi funksionerləri mövcuddur. Onların hamısı bu illər ərzində aşınmaya məruz qalıb. Yenilənmə prosesi də getmir. Buna görə də, hesab edirəm ki, seçki ərəfəsində ortada o qədər də ürəkaçan nəticə yoxdur. Düşərgələr arasında qüvvələri müqayisə etsək, müxalifətin gücü hətta bir qəzetin redaktorunu gözdən salmağa da yetməz.

-Burada siz Milli Şuranı nəzərdə tutdunuz?

-Öz iddialarına görə, Milli Şura müxalifətin önəmli kəsimi sayılır. Xeyli qüvvə orada cəmləşib. Şuranın hələ ki, gündəmində nə seçki var, nə də öz mandatı. Ətraflarında isə hər hansı bir fəaliyyət görsənmir. Bu qurum ancaq media orqanına müharibə elan edib və bunu davam etdirməklə məşğuldur. O da təbii ki, ciddi uğursuzluqla müşayət olunur. Bizim gündəlik işimiz sözlə işləməkdir. İnformasiya müharibəsi başlatmaq və ya yatırtmaq qeyd etdiyim kimi bizim işimizdir. Hiss edirəm ki, onlara bu çətindir. Hər kəs müşahidə edir ki, Milli Şurada ciddi şəkildə böhran yaşanır.

-Parlament seçkilərindən hansı gözləntiləriniz var?

-Parlament seçkilərində indiyə qədər iki dəfə iştirak etmişəm. Ancaq ikisində də hesab edirəm ki, qalib gəlsəm də seçilməmişəm. Belə bir halın olmasını daha istəmirəm. Buna görə də namizədliyimi vermək qərarına gələrsəm, çalışacam elə bir dairə seçim ki, orada Yeni Azərbaycan Partiyasının həyatı əhəmiyyətli namizədi olmasın. Hər hansı bir böyük nəticə gözləmirəm.

-Qarşıdan mətbuatın 140 illiyi gəlir. Mətbuatla bağlı hansı təklifləriniz var?

-İndiyə qədər müxtəlif təkliflər səsləndirmişəm. Onlardan həll olanı da olub, olmayanları da az deyil. Bizim baş direktorumuz Ələsgər Süleymanlı da bu günlərdə mətbuatda olan porblemlər barəsində məsələ qaldırdı. Həmin problemlər yayımla, qəzetlərin büdcə təşkilatlarına borcları, reklam siyasətinin dəyişməsi və sairə bu kimi faktorlarla bağlıdır. Bütün bunlar Azərbaycanda yazılı mətbuatı çətin hala gətirib.

-Azərbaycan cəmiyyətinin siyasətdən kənar olduğunu söyləyirlər. Ancaq qəzetlərin əksəriyyəti siyasətdən yazır. Sizcə burada normal olmayan nədir?

-Cəmiyyətdə siyasətə maraq misal üçün, on il bundan əvvəllə müqayisədə zəifdir. Bu da ictimai siyasi qəzetlərin tirajına təsir edir. Seçki kampaniyalarında adətən fəallıq yüksəlirdi. Bu dəfə isə o da yoxdur. Azərbaycan cəmiyyəti vaxtı ilə həddindən artıq siyasi olub. Qəzetlər tirajlarını bunun nəticəsində yığıb, həmin kütləyə xitab ediblər. İndi bəhs etdiyimiz auditoriya zəifləyib və siyasi səhnədən hərəkat anlayışı çıxıb. Ona görə də biz toplu oxucularımızı itirmişik. Bunu kompensasiya etməyin yollarını axtarmışıq. Hesab edirəm ki, tapmışıq. Həmin oxucunu saytlar vasitəsi ilə özümüzə geri qaytarmaqdayıq. Saytlarımızın vasitəsi ilə yığdığımız tiraj, yazılı mətbuatla müqayisədə bir neçə dəfə çoxdur. Yenə də siyasətlə maraqlananlar çoxdur. Ancaq onlar fəal deyillər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.