Heydər Əliyevin türkiyəli dostu: “Bəylər Əyyubovla Məmməd Xeyrullayeviç yanıma gəlmişdilər”
7-08-2017, 23:28
Açığını desəm, mərhum Prezident Heydər Əliyevin ailə dostu, “Özkaya” şirkətinin sahibi Osman Gezekerdən müsahibə almaq asan olmadı. İş adamı keçmiş xatirələrini və bu gün yaşadıqlarını danışacağı təqdirdə yanlış anlaşıla biləcəyindən, sanki hökumət yetkililərindən gileylənirmiş kimi başa düşüləcəyindən əndişə edirdi. Onun əsas əndişəsi isə söylədikləri fikirlərin müxalif qüvvələr tərəfindən sui-istifadə edilməsi ehtimalı ilə bağlı idi. Biz isə Azərbaycanın yaxın keçmişinə ekskurs etmək, müstəqillik yollarında atılan addımlara, çəkilən əziyyətlərə, qardaş Türkiyənin bu istiqamətdə bizə nə kimi dəstək verdiyinə nəzər salmaqda israrlıydıq.
Bu mövzunu ən yaxşı bilənlərdən biri isə Osman Gezeker əfəndiydi. Çünki, bu adam ölkəmizə ilk ciddi dəstək verən Türkiyə rəsmilərindən və Heydər Əliyevin ən yaxın dostlarından biriydi. Sözsüz ki, o, bütün xatirələrini və bu gün yaşadıqlarını bizimlə paylaşa bilməzdi. Bununla belə, Osman Gezekerin Azərbaycan xalqına verə biləcəyi hansısa mesajları vardı və bunun bizim vasitəmizlə ünvanına çatdırılmasından şərəf duyardıq.
Uzun dil-ağızdan sonra Osman bəyə niyyətimizin saf olduğunu, sadəcə yaşanan tarixi qələmə almaq istədiyimizi inandıra bildik. Həmsöhbətmizin yola gətirilməsində bəndənizin “Ağrıdağ” şeiri də mühüm rol oynadı. Azərbaycan-Türkiyə əlaqələrini ən çox arzulayan şəxslərdən olduğumu sübut etmək üçün söylədiyim bu şeiri dinlədikdən sonra Osman abi müsahibə verməklə razılaşdı. Amma bir şərtlə; müsahibə hazır olanda, onun gözdən keçirməsindən sonra yayımlanacaqdı. Əlbəttə ki, bunu Osman abımızın ən təbii haqqı olduğunu düşündüyümüzdən, biz də həmin şərtlə razılaşdıq.
“Özkaya” paslanmaz polad sənayesi məhsulları şirkətinin sahibi, dəyərli iş adamı Osman Gezekerin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Osman abi, istərdim ki, söhbətə mərhum Heydər Əliyevlə münasibətlərinizin necə yaranmasından başlayaq. Səhv etmirəmsə, 1991-92-ci illərdə Siz Qars vilayətinin əmniyyət müdiri idiniz. Rəsmi bir şəxsin SSRİ-dən hələ ayrılmayan məkanda, uzun illər Moskvada işləmiş bir siyasiylə qeyri-rəsmi əlaqələr qurması çətin olmadımı?
-Hər hansı bir hadisəyə qiymət vermək üçün, ilk növbədə, o gün yaşanan duruma baxmaq lazımdır. Durum dəyərləndirməsi etmədən atılan addımlara obyektiv qiymət vermək mümkün deyil.
Dediyiniz kimi, həmin vaxtlar mən Qars əmniyyət müdiri idim. Tam sərhədlərimizin o başında önəmli hadisələr yaşanırdı. Ermənilərin Azərbaycan türklərini qətliam etdikləri barədə məlumatlar alırdıq. Hər bir Türkiyə vətəndaşı kimi, mənim də bu hadisələrə laqeyd qalmağım mümkün deyildi. Xüsusilə asayişindən məsuliyyət daşıdığım vilayətin tam sərhədində yerləşən Naxçıvanda vəziyyət olduqca ağır idi. Aldığımız məlumatlara görə, dörd tərəfdən blokadaya alınan Muxtar Respublikanın ciddi sıxıntıları vardı. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikası üzərində Türkiyənin, Qars müqaviləsindən doğan qarantorluq haqqı var. Bu səbəbdən Türkiyə Naxçıvanda yaşananlara biganə qala bilməzdi. Amma hələ müstəqilliyi tanınmamış Azərbaycana Türkiyənin rəsmi şəkildə yardım etməsi SSRİ kimi nəhəng dövlətin daxili işlərinə qarışmaq kimi görünə bilərdi. Odur ki, dövlət iradəsi bu məsələlərə müdaxilə edə bilməsə də, şəxsi təşəbbüsləri anlayışla qarşılayırdı.
Üstəlik, Türkiyə rəsmiləri Moskvada sayın Heydər Əliyevlə görüşmüş, Iğdırla Naxçıvan arasındakı Dilucu məntəqəsində körpü salınması barədə razılıq əldə olunmuşdu. Məqsəd isə o idi ki, əgər Naxçıvan çətin vəziyyətdə qalarsa, Türkiyədən oraya hümanitar yardım göndərilsin...
-Maraqlıdır, deməli, Türkiyəylə Azərbaycan arasındakı yeganə quru əlaqəsi olan Dilucu körpüsünün salınması barədə razılığa Moskvada gəlinib. Böyük ehtimalla, Heydər Əliyevlə Türkiyə yetkililəri arasında keçirilən bu görüş Moskva tərəfindən də dinlənilirdi. Bəs, Moskva o zaman buna niyə göz yummuşdu?
-Moskva buna etiraz etməzdi. Əvvəla, körpü hümanitar məqsəd üçün salınırdı. İkincisi isə, bayaq dediyim kimi Moskva və Qars müqavilələrinə görə, Naxçıvanın qarantoru Türkiyə idi və indi də elədir; bu bölgə çətin vəziyyətdə qalarsa, Ankara ona yardım edə bilər. Həmin müqavilələrlə təsbit olunmuş bu haqqa SSRİ də hörmətlə yanaşmalıydı və yanaşırdı.
Qısası, Moskvada Heydər Əliyevlə keçirilən həmin görüşdə əldə olunan razılaşmanı yerinə yetirmək vəzifəsi ən çox Qars vilayətinin öhdəsinə düşmüşdü. Çünki o zaman hələ Iğdırın vilayət statusu yox idi və bu ilçəylə yanaşı, ətrafdakı 17 rayon da Qarsın tabeçiliyindəydi. Biz də, Qars rəhbərliyi olaraq, ələ düşən bu fürsətdən faydalanıb Naxçıvanla çoxdan arzuladığımız körpüləri (söhbət təkcə Dilucu körpüsündən də getmir) qurmağa çalışırdıq. Mərhum Heydər Əliyevlə ilk tanışlığımız da bu zaman başladı.
-Nə qədər Dilucu körpüsünün hümanitar məqsədlə salındığını desəniz də, hər halda bu körpünün daha dərin strateji əhəmiyyəti vardı...
-Əlbəttə. Dilucu tam dörd dövlətin birləşmə nöqtəsində yerləşir. Bir tərəfdən Türkiyə, bir tərəfdən Ermənistan, bir tərəfdən İran, bir tərəfdən isə Naxçıvan.
Üstəlik, Türk dünyasıyla inteqrasiya prosesində maraqlı olan Türkiyənin təkcə Naxçıvana və Azərbaycana yox, həm də Orta Asiyaya açılan yeganə quru qapısı Dilucu olacaqdı. Bilirsiniz ki, Türkiyəylə Azərbaycan arasında sadəcə 11 km-lik sərhəd var və Dilucu da həmin sərhəddə yerləşir. Biz də Atatürkün gələcək nəsillərə vəsiyyət etdiyi bir vədini reallaşdıracaq insanlar kimi bu körpünün salınmasında rol oynayır və bundan qürur hissi keçirirdik. Bilirsiniz ki, Atatürk çıxışlarından birində demişdi: “Bugün Sovyetler Birliği, dostumuzdur; komşumuzdur, müttefikimizdir. Bu dostluğa ihtiyacımız vardır. Fakat yarın ne olacağını kimse bu günden kestiremez. Tıpkı Osmanlı gibi, tıpkı Avusturya-Macaristan gibi parçalanabilir, ufalabilir. Bugün elinde sımsıkı tuttuğu milletler avuçlarından kaçabilirler. Dünya yeni bir dengeye ulaşabilir. İşte o zaman Türkiye ne yapacağını bilmelidir… Bizim bu dostumuzun idaresinde dili bir, inancı bir özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız”.
Mən böyük Atatürkün bizlərə verdiyi bu vədin, proqnozun reallaşdığını görür və onun necə bir dahi şəxsiyyət olduğunu daha yaxından anlayırdım. Üstəlik, tale məni Atatürkün bu böyük kəhanətini reallaşdırılmasında rol oynayan şanslı birisinə çevirmişdi. Sevinirdim ki, bir türk dahisinin ən böyük ümidini bir başqa türk dahisiylə birgə reallaşdırırıq. Dilucu körpüsünün salınmasında aldığım müqəddəs görəv məni bu siyasət nəhəngiylə, dahisiylə yaxınlaşdırdı. Ərsəyə gətirdiyimiz Dilucu körpüsü mənimlə Heydər Əliyev arasındakı şəxsi münasibətlərdə də sarsılmaz körpü saldı.
Biz lazım olan bütün sənədləri dərhal hazırladıq və Türkiyə tərəfindən sürətli bir şəkildə körpü çalışmalarını tamamladıq. Dilucu, Naxçıvan üçün bir nəfəslik idi, bir can, həyat körpüsü idi. Biz 1992-ci ildə “servis körpüsü” adlandırdığımız ilk körpünü inşa etdik. Orada gömrük qapısı quruldu. Bu çalışmaların içərisində-xaricində, bütün mərhələlərində isə mən yer aldım.
-Xatırlayıram ki, Dilucu körpüsü açılanda Türkiyədən xeyli adam Naxçıvana gəlmişdi. Naxçıvan bəlkə də tarixində ən çox qonağı həmin vaxt qəbul etmişdi.
-Bəli, “servis körpüsü”nü istidafəyə verəndə minlərlə, bəlkə də onminlərlə Türk vətəndaşı Naxçıvana keçmişdi. Çünki böyük bir tarixi hadisə yaşanırdı. Atatürkün vəsiyyəti, vədi, necə deyərlər, kəhanəti reallaşmış, uzun illər Türkiyədə və dünyada hər kəsin “dəmir pərdə” dediyi sərhədlər, faktiki, yox olmuşdu...
-Blokadada yaşayan Naxçıvana ilk böyük hümanitar yardım da Dilucu körpsü açıldıqdan qısa müddət sonra gəlmişdi. Yadımdadır, Ali Məclislə Nazirlər Kabinetinin qarşısında dayanan xeyli TIR vardı. Bu TIR-lar Naxçıvana təkcə yardım yox, həm də ümid və sevinc gətirmişdi.
-Xatırlayırsınızmı onu? Nə gözəl. Həmin yardımın təşkil edilməsində, söyləməsi ayıb olmasın, mənim də böyük xidmətlərim olub və onun unudulmaz tarixçəsi var. Bir gün Bəylər müəllim və ozamankı Naxçıvan Daxili İşlər naziri Məmməd Xeyrullayeviç Qarsa gəlmişdilər. Biz də onları qonaq etmiş və can qardaşlarımızla birlikdə olmağımızın şərəfinə ziyafət məclisi qurmuşduq. Qonaqlıqdan sonra dedim ki, qardaşlarım, siz indi Naxçıvana gedəcəksiniz. Mən də ağsaqqalım, dostum, mənəvi atam olan sayın Heydər Əliyevə sizin vasitənizlə bir hədiyyə göndərmək istəyirəm. Heydər Əliyevə nə hədiyyə etsəm, yaxşı olar? Bəylər Əyyubov da, Məmməd Xeyrullayeviç də çiyinlərini çəkdi. Dedilər ki, hədiyyə edəcəyim heç bir şeyi Heydər Əliyevə apara bilməzlər. Mən onları başa düşürdüm. Heydər Əliyev rəhmətlik, özünün məlumatı olmadan heç bir yaxınının nəyisə hədiyyə kimi qəbul etməsinə yaxşı baxmırdı. Mən də daxili telefonumla Heydər Əliyevə zəng etdim. Dedim ki, Cənab cümhurbaşqanım (Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olsa da, mən o zaman da ona “Prezidentim” deyirdim), Naxçıvandan bəzi qonaqlarım var. Bu gün onları yola salacağam. Sizə nə gətirmələrini arzu edərdiniz? Heydər Əliyev cavab verdi ki, şəxsi olaraq heç nə istəmir. Amma Naxçıvanda hümanitar vəziyyət çox ağırdır, Muxtar Respublikada sabah yeməyə bir tikə çörək belə, yoxdur. Əgər təcili sürətdə qida problemi həll olunmasa, Naxçıvan olduqca ağır vəziyyətə düşə bilər. Mənə bildirdi ki, imkanım çatsa, Naxçıvana ərzaq yardımı göndərilməsinə kömək edim. Elə bil, başıma qaynar su tökdülər. Mən Naxçıvanın ağır vəziyyətdə olduğunu bilirdim, amma durumun bu qədər kritik olacağını da təxmin etmirdim. Heydər Əliyevə söz verdim ki, sabah uzağı günortaya qədər Naxçıvana yardım göndərəcəyəm. Sonra telefonu yerə qoyub Bəylər müəllimə iradımı bildirdim ki, “bəs, bunu mənə niyə demirsiniz? Bəlkə mən heç Heydər Əliyevə zəng etməsəydim, Naxçıvan nə hala düşərdi? Biz burda yeyib içirik, Naxçıvan isə orda acdır. Bunu mənə Cümhurbaşqanım söyləyir. Siz niyə əvvəldən məni məlumatlandırmırdınız?” Mən bir daha əmin oldum ki, sayın Heydər Əliyevin məlumatı xaricində onun nümayəndələrinin hansısa danışıqlar aparması mümkün deyil. Heydər Əliyev şəxsiyyətinə hörmətim birə-beş artdı.
Mən Heydər Əliyevə axşam saatlarında zəng etmişdim. Əgər vəziyyətdən erkən xəbərdar olsaydım, daha rahat tədbir görərdim. İndisə sabaha qədər dövlət idarələrinin açılmasını gözləməliydim. Amma tələskənliyimdən Heydər Əliyevə də günortayadək yardımı çatdırmağa söz vermişdim. Artıq iş işdən keçmişdi və təcili tədbirlər görməliydim. Dərhal valiyə zəng etdim, vəziyyət barədə ona məlumat verdim.
O dövrdə Qarsın valisi Sıtkı Aslan idi. İndi o, Haqqın dərgahına qovuşub. Rəhmətliyə dedim ki, Naxçıvan acmış: “Orada 100 mindən artıq insan var. Onlar orda ackən, biz burda rahat otura bilmərik”. Vali dedi ki, nə düşünürsən? Dedim: “İzin versəniz, Qarsın 17 rayonu var (Iğdır və Ərdahan o zaman vilayət deyildi, Qarsa bağlıydı), həmin rayonların polis rəislərinə və jandarma komandirlərinə zəng edər, tapşıraram ki, çörək istehsalını 100-200 faiz artırsınlar. Əlavə hansı rayonda ehtiyatda nə qədər ərzaq varsa, səfərbər etsinlər, Naxçıvana göndərək”. Vali mənə dedi ki, “sən örfi-idarə (qanuna yox, adət-ənənəyə söykənən idarəçilik) elan etməkmi istəyirsən? Cavab verdim ki, əstəğfürullah, mənim örfi-idarə elan etmək yetkim yoxdur. Sadəcə, bir gerçəyi sizə ərz edirəm ki, ordakı ac qardaşlarımızı qurtarmaq üçün bunu etməyimiz lazımdır. Vali dedi ki, Osman, mən indiki vəziyyətdə bu məsuliyyətin altına girə bilmərəm. Dedim ki, əfəndim, sizin məlumatınız olsun, sabah-biri gün soruşdurma açılarsa, bildirərsiniz ki, bütün bunları məlumatım xaricində Osman Gezeker edib. Cəzası nə olacaqsa, mən çəkməyə razıyam. Əgər lazım olarsa, mən Naxçıvana edəcəyimiz yardımın, çörək pulunun əvəzini öz maaşımdan yavaş-yavaş ödəyərəm. “Olurmu”- dedi və aramızda bəzi söhbətlər keçdi. Mən indi rəhmətlik Sıtkı bəyi şükranla anıram. Bəlkə də heç kim o məsuliyyətin altına girməzdi. Demək ki, mən daha dəli, daha cəsur imişəm. Bu cəsarətim isə Naxçıvanı tanımağımdan qaynaqlanırdı. Dəfələrlə o bölgəyə getmiş, Muxtar Respublikanın necə sıxıntı içində yaşadığını bilirdim. Ona görə də bu məsuliyyətin altına girdim, rayonların bütün çörək zavodlarını çalışdırtdım. Sabah tezdən artıq Qars Əmniyyət Müdirliyinin önündə ərzaq yüklü 22-23 kamyon hazır idi.
(ardı var)
Söhbətləşdi: Heydər Oğuz