1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."

18-09-2017, 09:52           
1995-ci ilin OMON hadisələrinin suçlusundan şok açıqlama - "Heydər Əliyev istəsəydi..."
Ötən həftənin çərşənbə axşamı günü professor Fərman Dəmirkol və iş adamı Sərdar Kavza ilə uzun və maraqlı bir söhbət etdik. İstanbulun Ataköy səmtində oturduğumuz çayxana bağlanmışdı, amma biz hələ də söhbət edirdik.

Fərman Dəmirkol Azərbaycanda mərhum Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dövrdə onunla birlikdə çalışmasından, həmin illərdə baş verən hadisələrdən danışırdı. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevə qarşı dövlət çevrilişi utopiyasının pərdə arxasını, Azərbaycandan mərhum Süleyman Dəmirəl tərəfindən özəl təyyarə ilə aparıldığı hadisənin arxasındakı Engin Alan paşa gerçəyini açıqlayırdı.

Bu söhbətimizdə deyilənlər tamamilə dost söhbətində söylənən sözlər idi. Söhbətimizin sonunda Fərman bəydən bu deyilənləri yazmaq üçün icazə istədim. O, heç tərəddüd etmədən dedi ki, mən bu fikirlərimi hər yerdə dilə gətirirəm.

Fərman Dəmirkol 1990-cı illərdə Azərbaycanda yaşanan hadisələri anladarkən, mən də 1991-ci ildə getdiyim Naxçıvanda gördüklərimi və sonra şahidi olduqlarımı dilə gətirirdim.

1991-ci ildə Naxçıvanda tanış olduğum mərhum Heydər Əliyevin böyük bir dövlət adamı, dünya siyasətini bilən görkəmli şəxsiyyət olduğundan, Azərbaycanın ilk milli ordusunun Naxçıvanda yaradıldığından, rusların Naxçıvanı tərk edərkən silah-sursatı aparmalarına Heydər Əliyevin icazə vermədiyindən, xalqın onu necə sevdiyindən danışırdım.

Fərman hoca eynilə belə dedi: “Heydər Əliyev istəsəydi məni məhv edərdi. Amma belə bir səbəb olmadı. Mənim gəlişimdən Engin Alan paşanın xəbəri var idi. Mənim guya çevriliş etmək istədiyimi o illərdə ABŞ-ın dəstəyi ilə Azərbaycana yerləşən və mənimlə təhsil mövzusunda fikir ayrılığı olan Fətullah Gülən (FETÖ) terror təşkilatı məqsədli şəkildə yaymışdı və lazımi yerlərə məlumatlar ötürmüşdü. Həmin illərdə bütün televiziya kanallarında, qəzetlərdə çıxışımı qadağan edib mənə fikirlərimi bildirmək şansı belə verməmişdilər. Mənim çevriliş etmək üçün topum, tüfəngim yox idi ki. Bu tamamilə şər-böhtan idi. Həmin böhtanın mərkəzi də FETÖ-cülər idi. Mən Heydər Əliyevin böyük dövlət adamı olduğunu Əbülfəz Elçibəyə də dəfələrlə söyləmişdim.

Bəzi insanlar hörmətli Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti olmasını tənqid edirlər, ancaq mən bunu yüksək qiymətləndirirəm. Mehriban Əliyeva milli duruşu olan bir şəxsiyyətdir. Azərbaycan dövlətinin daha da inkişaf etməsi, dünyada söz sahibi olması üçün belə şəxsiyyətlərə ehtiyacı var.

Məni indi müxalif düşərgədə görürlər. Ancaq mən hər zaman Azərbaycanın birlik və bütövlüyünün tərəfində olmuş, güclü bir Azərbaycan arzulamışam. Azərbaycandan qayıtdığım gündən bu günə qədər Azərbaycanın əleyhinə bir kəlmə söz də deməmişəm.

Dediyim kimi məni Azərbaycanın əleyhdarı kimi göstərənlər o illərdə qardaş ölkədə kök salan FETÖ-cülər idi. Fətullah Gülənçilər 1990-cı illərdə Azərbaycana gəlməyə başladı. ABŞ-ın sonsuz dəstəyini alan FETÖ dini və qismən milli motivlərdən istifadə edirdi. Yenicə müstəqilliyini qazanmış, KQB-nin yaratdığı xaosdan çıxmağa çalışan bir ölkənin FETÖ-nün gerçək üzünü görə bilməsi mümkün deyildi. FETÖ ilk məktəbini açanda türk dilində təhsil verəcəyini bildirmişdi. Buna icazə verildikdən sonra məktəbdə tədrisi ingilis dilində aparmaq istədilər. Mən buna qarşı çıxdım. FETÖ-cülər öz aralarında məni arzuedilməz şəxs elan etmişdilər.

Surət Hüseynovun Gəncədə başlatdığı qiyamdan sonra qardaş qanı tökülməsin deyə öz vəzifəsini buraxıb Naxçıvanın Kələki kəndinə gedən mərhum Elçibəydən sonra bir qarışıqlıq oldu. Bundan sonra hamımız gözləyirdik. Bu zaman Heydər Əliyev Bakıya qayıtdı və Prezident seçildi. Bu vaxt mənim Heydər Əliyevə qarşı sui-qəsd hazırladığım, çevriliş edəcəyim xəbərləri yayıldı. Məqsəd məni Azərbaycandan uzaqlaşdırmaq idi. Mənim oradan uzaqlaşmamı istəyən Heydər Əliyev deyildi. Məni sevilməyən adam edən FETÖ idi. Doğrusu, istədiklərinə də nail oldular.

Türkiyəyə qayıtdıqdan sonra mənim haqqımda çox sözlər deyildi. Özümü müdafiə etmədiyim, deyilənlərə cavab vermədiyim üçün bunları qəbul etmiş kimi göründüm.

Mən Azərbaycana öz başına getməmişdim. Nihat Çətinqaya qardaşım da eləcə. Biz Türkiyə Cümhuriyyəti tərəfindən göndərilmişdik. Mustafa Yenişəkər, Atilla Kaya və başqa dostlarımız da mərhum Alparslan Türkeşin tapşırığı ilə arada idilər. Əlbəttə, işin əslini bilməyənlər, Azərbaycanın müstəqilliyini, inkişafını istəməyənlər bizim haqqımızda yalan sözlər söyləmiş, məni inqilabçı, müxalif kimi göstərmişdilər. Bu qaralama mərkəzləri artıq deşifrə olub. Bölgənin parlayan ulduzu olan Azərbaycan artıq kiminsə dediyi sözlə deyil, dövlət siyasəti ilə idarə olunur. Türkiyə kimi Azərbaycan da bizim canımız, ciyərimiz, vətənimizdir”.

Əlbəttə, Fərman Dəmirkolun dedikləri yalnız bunlar deyildi. Ancaq qeyd aparmadığım üçün bunları yaza bildim.

Keçmişdə yaşanan və yalnış dəyərləndirmələrə səbəb olmuş hadisələrin gün işığına çıxması üçün qələmə aldığım bu yazıya mütləq ictimaiyyətin reaksiyası olacaqdır. İnanıram ki, bu yazı həm Türkiyədə, həm də Azərbaycanda böyük ilgi görəcək.

Cabbar Şıktaş,
İğdırda nəşr olunan “ Yaşıl İğdır” qəzetinin baş redaktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.