Sabiq sovet mütəxəssisi: "Bakıda ən böyük fəlakət məhz budur və bizi çox ağır nəticələr gözləyir"

11-10-2017, 11:25           
Sabiq sovet mütəxəssisi: "Bakıda ən böyük fəlakət məhz budur və bizi çox ağır nəticələr gözləyir"
Əzim Məsimov: “Abşeron yarımadasında qrunt suları deyilən şey yoxdur, hamısı yerüstü sulardır”

Son zamanlar yağıntı miqdarının artması ilə şəhərdə yaşanan xaotik vəziyyət, yolların asfalt örtüyünün çökməsi, bəzi qəsəbələrdə mənzilləri su basması paytaxt Bakıda durumun kritik olmasından xəbər verir. Mövzu ilə bağlı “Yeni Müsavat”ın qonağı olan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin I müavini vəzifəsində işləmiş Əzim Məsimov da problemin ciddiliyindən danışdı.

- Əzim müəllim, son yağışlardan sonra Bakı yenidən su altında qaldı. Bu dəfə ən qorxulu məqam avtomobil yollarının çökməsi, evləri su basması oldu. Sizcə, problemin başlıca səbəbi nədir?

- Bakının su altında qalmasının başlıca səbəbi kanalizasiya sisteminin yararsız halda olmasıdır. Kanalizasiya sisteminin iki hissəsi var: biri çirkli suların təmizlənməsi, ikincisi isə yerüstü yağış sularının axıdılması üçündür. Bizim hər iki sistem bu gün bərbad vəziyyətdədir. Birinci kanalizasiya sistemi 1986-cı ildə istifadəyə verilib. O tikintiyə mən rəhbərlik etmişəm və dövlət komissiyasının sədri olmuşam. Bu kanalizasiya sistemi köhnə “İnturist” mehmanxanasından başlayır, dənizkənarı bulvarla gedir, Zığ qəsəbəsindən çıxır. Zığ qəsəbəsində iki böyük nasos stansiyası var, onun vasitəsilə həmin sular Zığ yamacından Hövsan təmizləmə stansiyasına axır. Bu sistem yalnız şəhərin mərkəzi hissəsinin və “8-ci kilometr”, o cümlədən Bakıxanov qəsəbəsinin məişət çirkab sularını qəbul edir. Bu təmizləmə stansiyasının layihə gücü sutkalıq 1 milyon 200 min kubmetr idi. Mən o layihənin birinci hissəsini istifadəyə verəndə 400 min kubmetr təmizləmə gücündə idi, 200 min kubmetri də 2 il sonra təhvil verildi. Qalanını da hissə-hissə tikib istifadəyə vermək lazım idi. İndiki vəziyyət mənə məlum deyil, yəqin ki, 800 min kubmetr gücündə işləyir. Hövsanda həmin stansiyada təmizlənən su dənizə axıdılmalıdır. Onu da dənizin 7-8 kilometr dərinliyinə buraxırlar ki, həmin su dənizə qarışsın, sahil çirklənməsin.

- Kanalizasiya sistemi necə qurulmalıdır ki, məişət sularının axıdıldığı xəttə yağış suları daxil olmasın?

- Mənim rəhbərlik etdiyim dövrdə şəhərin müxtəlif yerlərində 11 kollektor tikildi və o sistemə birləşdirildi. Köhnə sistemlər də var idi ki, həm məişət sularını, həm də yağış sularını qəbul edirdi. Həmin sistemlər də qaldı. Bu gün kanalizasiya sisteminin nə şəkildə qurulduğu məlum deyil, ancaq düşünürəm ki, elə necə var idisə, elə də qalıb. Gözə görünən elə bir iş görülməyib. Yağış yağanda kritik anda həmin suları çirkab sularının axıdılması üçün nəzərdə tutulan kollektora birləşdirirlər, onlar da daşır və fontan vurub üzə çıxır. Digər bir səbəb isə odur ki, yol çəkiləndə yerüstü suları- yəni yağış sularını qəbul edən kanalizasiya sistemini çəkmirlər. Məsələn, Ziya Bünyadov küçəsinin çəkilməsinə vaxtilə mən rəhbərlik etmişəm, orada yağış sularının axması üçün kollektor qoyulmuşdu və su Böyükşor gölünə axıdılırdı. Yerüstü sular hansısa su mənbəyinə axıdılmalıdır, ya dənizə, ya da gölə axıdılmalıdır. İndi o ərazilər hamısı tikilib, böyük sahələr asfalt altında qalıb. Suyun getməyə yeri yoxdur, asfalt örtüyü olduğu üçün torpağa da çökə bilmir. Nəticədə su yollara yığılır və asfalt yararsız hala düşür. Milyonlarla manat pul xərclənir və bu yollar çəkilir, ancaq kanalizasiya sistemi quraşdırılmadığı üçün də qısa zamanda məhv olub gedir. Əsas səbəb odur ki, Bakıda yerüstü suların yığılması şəbəkəsi qurulmayıb.

“Su xətti çəkilən yerə kanalizasiya xətti çəkilmir, həmin suyun necə gəldi axıdılması da torpağı yuyur və sürüşməyə gətirib çıxarır”
- Bakını bu cür su basmasında qrunt sularının da payı varmı?

- Abşeron yarımadasında qrunt suları deyilən şey yoxdur. Hamısı yerüstü sulardır. Tikinti normalarında belə bir nüans var ki, hansı əraziyə su verilirsə, ona uyğun da paralel kanalizasiya şəbəkəsi yaradılmalıdır. Bizdə isə Abşeron yarımadasına su çəkilir, çünki bu, asandır. Kanalizasiya xətləri isə yaradılmır. Ona görə də Abşeron yarımadasını su basır, torpaqlar əlimizdən gedir. Biz kanalizasiya sistemini çəkmirik, guya qənaət edirik, ancaq böyük bir yaşam mənbəyi olan torpağı itiririk. Qəsəbə salınır, su çəkilir, asfalt çəkilir. Ancaq məişət və yağış sularının axıdılması üçün sistem yaradılmır. İnsanlar həyətlərində kanalizasiya quyuları qazırlar və çirkab suyunu oraya axıdırlar. Həm sular da haradasa başqa bir yerdə üzə çıxır.

- O zaman bu həm də sürüşməyə gətirib çıxara bilər, elə deyilmi?

- Sürüşmələrin səbəbi də məhz bu amildir. Hansısa ərazidə sürüşmə olarkən oraya Coğrafiya İnstitutundan, Geologiya İnstitutundan alim aparırlar, Ekologiya Komissiyasından mütəxəssis aparırlar ki, bunun səbəbini öyrənsinlər. Halbuki bunun səbəbi adidir. Su xətti çəkilən yerə kanalizasiya xətti çəkilmir, həmin suyun necə gəldi axıdılması da torpağı yuyur və sürüşməyə gətirib çıxarır. Su və kanalizasiya xətti paralel çəkilməlidir. Bakıda ən böyük fəlakət məhz budur və bizi çox ağır nəticələr gözləyir.

- 13 ünvanda kollektor tikintisi ilə bağlı Nazirlər Kabineti sərəncam verib və 14,7 milyon manat pul ayırıb. Bunlar reallaşsa problem həllini tapacaqmı?

- Xeyr, tapmayacaq. Çünki həmin kollektorlardan suların axıdılması üçün əsas magistral sistemlər tikilməlidir. Kanallar vasitəsilə yığılan su gəlib magistral xəttə birləşməlidir. Bu olmasa, hara birləşdiriləcək? Lokal olaraq haradasa kollektor qazmaq heç nəyi həll etmir. Bu kollektorları hazırlayırlar və gecə ikən heç kim xəbər tutmadan məişət suları xəttinə birləşdirirlər. Hesab edirlər ki, bununla da problem həllini tapdı. Necə ki, Hacıbala Abutalıbov bir dəfə televiziyada jurnalistlərə dedi ki, Binəqədidə su yığılıbsa, torpaqdan bir cığır açın çıxıb getsin, bunun üçün haray-həşir salmayın. Ancaq elə deyil axı. Binəqədi və “8-ci kilometr” qəsəbələrində yağıntı sularını yığmaq üçün bir xüsusi kollektor layihələnmişdi və tikilmişdi. Həmin kollektor Tofiq Bəhramov stadionunun yanından Zooparkın yanına qədər gəldi. 1400 millimetrlik boru idi. Ancaq onu eləcə yarıda torpağa basdırdılar və yarımçıq qaldı. Ancaq gərək dənizə qədər gələydi. Ona görə də həmin zonaların su aparan xətti yoxdur. Binəqədidə də kollektor tikib suyu göllərə vuracaqlar, həmin göllər də gəlib Biləcəridən, Xırdalandan çıxacaq. Həmin ərazilərdə su üzə çıxır. Problem layihə şəklində həll olunmalıdır. Yoxsa biz faciələrdən sığortalanmamışıq. Getdikcə vəziyyət daha da ağırlaşacaq.

“İkimərtəbəli binanı söküb yerində 16 mərtəbəli bina tikirlər, yəni əvvəlkindən 10 dəfə daha çox insan yaşayır. Ancaq yeni kanalizasiya xətti çəkmirlər, köhnə xətlərə qoşulurlar”
- Əzim müəllim, dediklərinizdən belə çıxır ki, kanalizasiya sisteminin çəkilməsi o qədər bəsit bir iş deyil. Bəs, sizcə, bu sahəyə nəzarət edən qurumların sistemli şəkildə Bakının bu problemini həll etmək potensialı varmı?

- Vaxtilə bizdə bir institut var idi - “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu. Belə bir institutun olması vacibdir. Kanalizasiya sistemi mürəkkəb bir işdir, onu kor-koranə şəkildə etmək olmaz. Haradasa sürüşmə olanda digər alimlər özünə hörmət edib gəlib orada səhv rəylər verməməlidirlər. Abşeron yarımadası səhra zonasıdır. Burada su yoxdur. Torpaq sürüşmələrinin səbəbi kanalizasiya sisteminin olmamasıdır. Bakıda olan bütün sürüşmələrin də səbəbi məhz su və insan faktoru idi.

Bakı məhz bu səbəbdən təhlükədədir. Mehdi Abbasov küçəsində baş verənlər hər yerdə təkrarlana bilər. Yeganə çarəsi odur ki, gərək su normal bir sistemlə yığılsın və ünvana - Xəzər dənizinə tökülsün. Yerüstü suların axıdılması üçün nəzərdə tutulan xətti çəkmək çətindir. Çünki bu gərək şəhərin relyefinə uyğun elə qurulsun ki, öz axını ilə gedə bilsin. Bundan başqa, bizdə yerin altında qədim kommunikasiya xətləri var. Artıq onların yerini çox adam bilmir, bilənlər də yoxdur. Kanalizasiya sistemi quranda gərək elə etsinlər ki, həmin xətlər zədələnməsin. Çətin işdir, ancaq bunu etmək olar.

-Sizin vəzifədə olduğunuz dövrdə Bakının hansı ərazilərində tikinti aparılıb?

- “8-ci kilometr” ərazisinin hündürmərtəbəli hissəsi mənim rəhbərliyimlə tikilib. Əhmədli qəsəbəsinin ərazisində o zaman qoyun otarırdılar, orada biz tikinti apardıq, abadlaşdırdıq. Oradan Zığ şosesinə kimi tikildi. Günəşli, Hövsan , Bakıxanov qəsəbəsinin, 9-cu mikrorayon, 4-cü mikrorayonun yüksəkmərtəbəli hissəsinin tikintisini mən aparmışam. Biz bütün işləri tikinti normaların uyğun aparırdıq. Mən Bakı Şəhər İcra Hakimiyyətində vəzifəyə gələndə Bakıda 9 milyon kvadratmetr mənzil var idi, mən işdən ayrılanda isə tam 18 milyon kvadratmetr mənzil sahəsi var idi. Bakı mənim dövründə iki dəfə böyüdü. O zaman tikinti layihə əsasında aparılırdı və layihədə nəzərdə tutulan hər şey tikilirdi. Doğrudur, sovet dövrünün tələblərinə uyğun aparılırdı, keyfiyyət aşağı idi. O zaman 1 kvadratmetr mənzil sahəsinin tikinti qiyməti 100 rubl idi. Buna baxmayaraq, demoqrafik tələbata uyun şəkildə qaz, elektrik, istilik və su ilə təmin olunmuşdu.

- Bakıda problemlərin artmasının bir səbəbi də demoqrafik vəziyyətin dəyişməsi ola bilərmi? Siz tikinti aparanda paytaxtda bu qədər əhali yaşamırdı...

- Bəli, əsas səbəblərdən biri də odur ki, Bakıda demoqrafik vəziyyət dəyişib. Neftçilər prospektindən tutmuş, Günəşlidə dağın başındakı əraziyə kimi hər yerdə tikintiyə mən rəhbərlik etmişəm, imza atmışam, tikilən obyektləri qəbul etmişəm. Bu ərazilər artıq o vaxt tikilib qurtarıb. O zaman biz ayrı-ayrı layihələr üçün bir neçə yerdə ərazi saxlamışdıq ki, gələcəkdə memarlıq üslubuna uyğun şəkildə orada hündürmərtəbəli binalar tikərik. İndi tikinti sahələrinin hamısı üç-dörd dəfə artıq tikilib. Şəhərdə yaşayan insanların sayı artıb, ona görə də sistem pozulub. Hər bir insanın yaşaması üçün 14 kvadratmetr torpaq lazımdır. İndi isə adambaşına 1 kvadratmetr də düşmür. İkimərtəbəli binanı söküb yerində 16 mərtəbəli bina tikirlər, yəni əvvəlkindən 10 dəfə daha çox insan yaşayır. Ancaq yeni kanalizasiya xətti çəkmirlər, köhnə xətlərə qoşulurlar. Nəticədə kanalizasiya xətlərinə normadan artıq su vurulur. Şəhər insan yaşaması üçün tikilir, ona görə də münasib olmalıdır. Hazırda şəhərin işlək bir baş planı yoxdur, xaotik şəkildə tikilir. Demoqrafik prinsiplər pozuldu. Halbuki şəhər nizamla tikilməlidir.

Nərgiz LİFTİYEVA,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.